Azərbaycan - Şərqlə Qərb arasında önəmli körpü

 

Ötən həftə Azərbaycanda daha bir mühüm əhəmiyyətli tədbir keçirildi. Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməklə dünyanın nəzərlərini özünə cəlb etməyi bacardı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan bu nüfuzlu tədbirdə dünyaya önəmli mesajlar səsləndi.

Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti barədə danışdıq.

- Firudin müəllim, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünya üçün, özəlliklə də, tədbirə ev sahibliyi edən Azərbaycan üçün əhəmiyyətini necə xarakterizə etmək olar?

- Öncə onu deyim ki, Azərbaycan paytaxtında yüksək səviyyədə keçirilən və işinə uğurla yekun vurulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həqiqətən də çox əhəmiyyətli bir tədbir idi. Forumun coğrafiyasına, miqyasına, tərkibinə nəzər salanda onun həqiqətən də necə önəmli bir tədbir olduğunu görmək olar. Beş qitəni əhatə edən forumda 100-dən çox ölkə təmsil olunurdu. Nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik edən şəxslərin, xarici ölkələrin mədəniyyət nazirlərinin, ictimai-siyasi xadimlərin, elm adamlarının və tanınmış media quruluşlarının təmsilçilərinin iştirakı forumun əhəmiyyətindən xəbər verir. YUNESKO, İSESKO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub mərkəzi tərəfdaş qurumlar kimi tədbirin təşkil olunmasında mühüm rol oynadılar. Nüfuzlu "Evronews" kanalı forumun əsas informasiya təminatçısı qismində çıxış etdi. Bir məsələni də xüsusi qeyd etmək yerinə düşər. Forumun tərəfdaşları olan həmin beynəlxalq təşkilatlar müxtəlif platformadan çıxış edir, məsələlərə baxışları bəzən bir-biri ilə uzlaşmır. Bu təşkilatların Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir araya gəlmələri xüsusi əhəmiyyətə malikdi və yəqin ki, bütün dünyada anlaşma mühitinin formalaşmasına böyük töhfə verəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanda deyil, həm də dünya səviyyəsində mühüm bir hadisə oldu. Mübaliğəsiz və tam cəsarətlə demək olar ki, Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısı olmasaydı, ölkəmizdə belə bir nəhəng beynəlxalq tədbirin keçirilməsi mümkün deyildi. Azərbaycan prezidenti İlham Əliyev cənabları və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın forumun işində iştirakı və onların dərin məzmunlu çıxışları beynəlxalq tədbirin gedişinə xüsusi ahəng verdi. İstər prezident cənab İlham Əliyev, istərsə də Mehriban xanım Əliyeva öz çıxışlarında forumun tribunasından bütün dünyaya önəmli mesajlar səsləndirdilər. Təsadüfi deyil ki, forumun gedişindəki çıxışlar məhz bu mesajlar və qarşıya qoyulan hədəflər ətrafında oldu.

Mədəniyyətlərarası dialoq anlayışına son dövrlər bir çox beynəlxalq səviyyəli sənədlərdə tez-tez rast gəlinir. Son zamanlar təkcə Avropada deyil, bütün dünyada baş verən siyasi proseslər bu anlayışı daha da aktuallaşdırıb. Çox təəssüf ki, dünyada hələ də siyasi münaqişələr davam edir, ekstremizm və dini dözümsüzlük hallarına rast gəlinir. Buna görə də mədəniyyətlərarası dialoqa nail olmağın xüsusi əhəmiyyəti var. Mədəniyyətlərarası dialoq artıq daim inkişaf edən bir prosesə çevrilməkdədir. Çünki bu gün Avropada güclü miqrasiya prosesləri baş verir. Müxtəlif mədəniyyətlərə, tarixi köklərə malik insanlar burada məskunlaşmağa başlayıblar. Bu üzdən də fərqli mədəniyyətlər arasında dialoqun əldə olunmasına böyük ehtiyac yaranıb. Dialoq isə yalnız hər iki tərəfin buna marağı və xoş niyyəti olduğu zaman reallaşır. Məhz bu zaman dözümsüzlük aradan qalxır, digər mədəniyyətlərə, dinlərə xoş münasibət ön plana keçir. Bunun əksi baş verəndə isə bütün bəşəriyyətin əziyyət çəkdiyi hallar önə çıxır. Ekstremizm, dini dözümsüzlük üçün bir növ münbit şərait yaranır.

Oxucuların diqqətini bir məsələyə də yönəltmək istərdim. Həm İlham Əliyev cənabları, həm də Mehriban xanım Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışları zamanı multkulturalizm məsələsinə da toxundular. Bu gün multkulturalizm bir çox ölkələrdə var. Həmin ölkələrdə müxtəlif dinlərə, mədəniyyətlərə malik insanlar dinc, anlaşma şəraitində yaşayırlar. Çox təəssüf ki, bəzi hallarda multkulturalizmin əleyhinə yönələn proseslərə də rast gəlirik. Bu gün dünyanın inkişafı üçün multkulturalizm daha doğru yoldur. Çünki multkulturalizm ekstremizmin, dini dözümsüzlüyün aradan qalxmasına kömək edir, müxtəlif köklərə və dünya görüşünə malik olan xalqlar arasında dözümlülük və sülh şəraiti yaradır.

- Azərbaycandakı tolerantlıq bu gün dünya dövlətləri üçün nümunə göstərilir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişində ölkəmizin bu sahədəki təcrübəsi xüsusi qeyd edildi...

- Ölkəmiz tolerantlıq ənənəsi olan qədim bir məkandır. Azərbaycanda tarixən müxtəlif dinlərə, mədəniyyətə malik xalqlar dinc və yanaşı yaşayıblar. Bir-birlərinə qarşılıqlı anlaşma nümayiş etdirən bu konfenssiyalar və millətlər arasında heç vaxt dini zəmində qarşıdurma baş verməyib. Tarixdən qaynaqlanan tolerantlıq ənənəsi son illər daha da inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi-iqtisadi uğurlarımızda bu amilin də öz payı var. Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar dinc və yanaşı yaşayır, ölkəmizin uğurlarına öz töhfələrini verirlər. Azərbaycan dövləti təkcə məscid və ziyarətgahların deyil, digər dinlərə məxsus kilsə və sinaqoqların qorunmasına, bərpasına da xüsusi diqqət ayırır. Forum ərəfəsində Bakıda dövlət vəsaiti ilə dağ yəhudilərinin yeni sinaqoqunun istifadəyə verilməsi buna bariz nümunədi. Təsadüfi deyil ki, bu gün Azərbaycandakı tolerantlıq mühiti dünyaya nümunəvi model kimi təqdim olunur. Forum iştirakçıları da bunu əyani şəkildə gördülər. Azərbaycan bu gün həm Avropa Şurasının, həm də eyni zamanda İSESKO-nun üzvü olan yeganə dövlətdi. Ölkəmiz Qərblə Şərq arasında önəmli bir körpüdü. Azərbaycan bu çox mühüm missiyanı uğurla həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun birinci dəfə məhz Bakıda keçirilməsi uğurlarımıza dünya səviyyəsində verilən yüksək qiymətin bariz nümunəsidi.

- 2011-ci il ölkəmizdə "Turizm ili" elan olunub. Azərbaycanda dini turizmin inkişafı üçün münbit şərait var...

- Turizmin inkişafı dövlətimizin prioritetlərindən biridi. Çünki turizm həm dövlətin tanınmasına, təbliğinə kömək edir, həm də yaxşı gəlir gətirir. Deməli iqtisadi və siyasi əhəmiyyət kəsb edən bir sahədi. Azərbaycan prezidenti "2010-2014-cü illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı"nı imzalayıb. Bu sənədə əsasən müxtəlif layihələrin icrasına başlanılıb. Layihələr turizmin müxtəlif növlərini əhatə edir. Dini turizmin inkişafı üçün də müəyyən işlər görülür və görülməkdədi. Bayaq qeyd etdiyim kimi, Azərbaycan ərazisində qədim tarixə malik dini abidələr, ziyarətgahlar var. Qonşu ölkələrdən və digər dövlətlərdən insanlar həmin yerlərə böyük maraq göstərirlər. Təəssüf ki, bəzi hallarda infrastrukturun vəziyyəti müasir standartlara cavab vermir. Bu problemi həll etmək üçün dövlət tərəfindən ardıcıl işlər həyata keçirilir. Respublikamızın regionlarında infrastruktur layihələrinin genişlənməsi istiqamətində uğurlu addımlar atılır. İnfrastruktur məsələlərinin həllinə nail olmaqla bizim ziyarətgahlara İslam ölkələrindən turistlərin axınını təmin edə bilərik.

  

  

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2011.- 16 aprel.- S. 5.