Regional tədbir
keçirildi
Azərbaycan İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tovuzda
"Regionlarda sahibkarlığın inkişafına dövlət
dəstəyi" mövzusunda tədbir keçirib. Nazirlikdən
"APA-Economics"ə verilən məlumata görə, Gəncə-Qazax
iqtisadi rayonunda fəaliyyət göstərən 300-dək
sahibkarın iştirak etdiyi tədbirdə iş adamları
üçün güzəştli kreditlərdən istifadə
mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair
treninq keçirilib, metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın
inkişafı siyasəti şöbəsinin müdir
müavini Elçin İbrahimov ölkədə həyata
keçirilən məqsədli dövlət
proqramlarının regionların inkişafında xüsusi əhəmiyyətini
qeyd edib, onların uğurlu icrası nəticəsində qeyri-neft
sektorunun inkişafının sürətləndiyini,
regionlarda sahibkarlığın inkişafına dövlət
dəstəyinin sistemli şəkildə həyata
keçirilməsinin iqtisadiyyatda özəl bölmənin
rolunun artmasında rolunu diqqətə çatdırıb.
İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax
regional bölməsinin müdiri Arzu Hacıyev isə məqsədli
dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi istiqamətində iqtisadi regionda
görülmüş işlər, həyata keçirilməsi
nəzərdə tutulmuş tədbirlər barədə məlumat
verib.
Öz növbəsində SKMF-ın
icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti,
güzəştli kreditlər hesabına bölgələrdə,
o cümlədən Gəncə-Qazax iqtisadi rayonunda həyata
keçirilən layihələr barədə tədbir
iştirakçılarına məlumat verib və bildirib ki,
SKMF müvəkkil kredit təşkilatları vasitəsilə
2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq
subyektlərinin 384 investisiya layihəsinin maliyyələşdirilməsinə
29,3 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə
əsaslanan 27 böyük və iri həcmli investisiya layihəsinin
(5 müasir çörək istehsalı müəssisəsinin,
6 soyuducu anbar kompleksinin, südlük istiqamətli cins
heyvandarlıq kompleksinin, 2 müasir istixana kompleksinin, 2 süd
məhsullarının istehsalı müəssisəsinin, 3
quşçuluq təsərrüfatının, 2 ət
emalı (kəsim sexi), bitki mənşəli qida
yağları istehsalı, quru meyvə istehsalı, mebel
istehsalı, kağız və karton məmulatları
istehsalı, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı
məhsulları istehsalı müəssisəsinin
yaradılması üzrə layihələrin) maliyyələşdirilməsinə
24,9 mln. manat və 357 kiçik həcmli investisiya layihəsinin
maliyyələşdirilməsinə 4,4 mln. manat güzəştli
kredit verib.
Tədbirdə həmçinin müvəkkil
kredit təşkilatları vasitəsilə Tovuz və ətraf
rayonlarda fəaliyyət göstərən 31 sahibkarlıq
subyektinə 402 min manat güzəştli kredit verilib. Bu
kreditlər hesabına 62 yeni iş yerinin yaradılması nəzərdə
tutulur.
Ədalət.-
2011.- 16 aprel.- S. 9.