Mir Cəfər
Bağırov haqda kitab
yazan yazıçı sensasion
faktlar açıqlayır
"Cavidi Mir Cəfər
qoruyurdu"
Teyyub Qurban üzdə olmayan
yazıçılardandır. Amma gördüyü işlərin
onun adını ictimai-fikir tarixində yaşadacağı
şəksizdir. Azərbaycan tarixinin ən az araşdırılmış
sahəsi ilə məşğul olan Teyyub müəllim uzun
müddətdir ki, arxivləri araşdıraraq Mir Cəfər
Bağırovun həyatı və mühitiylə
bağlı son dərəcə ilkin faktları üzə
çıxarıb və "Düşmənlərindən
güclü şəxsiyyət" kitabını yazıb.
Əməkdaşımız Teyyub
Qurbanla görüşərək bir sıra qaranlıq məqamlara
aydınlıq gətirməyi xahiş etmişdir.
- Teyyub müəllim,
sizin Mir Cəfər Bağırov haqqında
yazdığınız kitabı oxudum və o kitabda uzun
müddət Azərbaycana rəhbərlik etmiş bu ziddiyyətli
şəxsiyyətin törətdiyi əməllərə
haqq qazandıra biləcək bir dəlilə rast gəlmədim.
Sizcə, ona haqq qazandırmaq olar?
- Bilirsiniz, siz görünür, mənim
kitabımı diqqətlə oxumamısınız, bu
kitabın nəşrindən sonra Mir Cəfər
Bağırovun məhkəmə prosesi ilə bağlı
yazdığım yazıları isə ümumiyyətlə
oxumamısınız. 1918-ci ilin martında Quba
qırğınları zamanı Mir Cəfər
Bağırov daşnaklara qarşı döyüşüb.
Mən bunu özümdən demirəm, faktlar bunu deyir. O,
Müsavat Partiyasının üzvü olmasa da
müsavatçılara, Xalq Cümhuriyyətinə həmişə
rəğbətlə yanaşıb. Müsavatın
üzvü olsaydı, 37-ci ildə onun özünü də
güllələyərdilər. O, "Hümmət"çi
olub və Nərimanovla birgə mübarizə aparıb.
- Xalq
Cümhuriyyəti dövründə Mir Cəfər
Bağırov nə işlə məşğul idi?
- 28 maydan sonra Mir Cəfər
Bağırov Nəriman Nərimanovla birgə Həştərxanda
olub. 1921-ci ildə Azərbaycana gəlib və Nərimanovun əmrilə
Azərbaycan Fövqəladə Komissiyasının rəisi təyin
edilib, sonra bu qurum Siyasi İdarəyə çevrilib.
1926-cı ilə qədər, Kirovun dövründə onun
dörd vəzifəsi vardı. Nazirlər Sovetinin sədr
müavini, Rüşvətxorluğa Qarşı Mübarizə
İdarəsinin rəisi, Fövqəladə Komissiyanın rəisi
və Çəyirtkələrlə Mübarizə İdarənin
rəisi olub. Həmin dövrdə Azərbaycanın müxtəlif
bölgələrində sovet hakimiyyətinə qarşı
üsyanlar qalxırdı, həmin yerlərə hər dəfə
Mir Cəfər Bağırovu göndərirdilər.
Üsyana başçılıq edən bəylərlə, kəndlərin
böyüklər ilə təkbətək, silahsız
görüşüb onları yola gətirib. Bu da bacarıq və
cəsarət tələb edir. Kirovdan sonra Azərbaycana
üç il Levon Mirzəyan rəhbərlik edib. O vaxt Mirzəyan
Mir Cəfər Bağırovu Azərbaycandan qovubmuş.
Bunlardan xəbəriniz varmı? 1928-ci ildə həmin bu Mirzəyan
Bakı Dövlət Universitetini bağlatdırır. Guya ki,
bu Müsavat Partiyasının qalığıdır, ləğv
edilməlidir. 1932-ci ildə Mir Cəfər Bağırov Azərbaycana
qayıdır, Nazirlər Sovetinin sədri təyin olunur və
1934-cü ildə Bakı Dövlət Universitetinin yenidən
açılmasına nail olur.
Bu gün bir adam çıxıb bu
faktı dilinə gətirmir. Abel Məhərrəmov o gün
televizorda danışır, oxu atıb yayını gizlədir,
universitetin yenidən açılmasının səbəblərinə
aydınlıq gətirmir. Axı bu tarixdir, qardaş. Bunu
heç cürə danmaq, gizlətmək mümkün deyil.
- Gəlin
"37 repressiyası"nın
üzərində dayanaq.
Mir Cəfər Bağırovu ən çox bu məsələdə
ittiham edirlər.
29 min ziyalımızın məhv edilməsində siz kimləri günahkar sayırsınız?
- Günahkar sovet imperiyası, konkret desək,
Stalin idi. 1937-ci il avqust ayının 5-də SSRİ NKVD-si qərar
çıxarır, həmin qərara üç nəfər
imza atır. SSRİ daxili işlər naziri Yejov, Stalin və
Mikoyan.
- Qərar nədən
ibarət idi?
- Qərarda yazılmışdı ki,
müsavatçılar, ittihadçılar, sosial-demokratlar,
hümmətçilər, eyni zamanda menşeviklər və
daşnaklar güllələnməlidir. Onlar bir sinif kimi ləğv
edilməlidirlər. Radikallar güllələnir, digərləri
isə sürgün olunur. M.C.Bağırov bu işə
qarışa bilməyib. Bilirsiniz, o dövrü anlamaq üçün
gərək özün şahid olasan. Mənim 75 yaşım
var, Stalinin hökmranlıq dövrü mənim yeniyetməlik,
gənclik çağlarıma təsadüf edir, mən o illəri
yaşamışam. Hüseyn Cavidin Mir Cəfər
Bağırova məktubları var, bu məktublarda
özünü onlardan qorumağı xahiş edir. Hüseyn
Cavidin yaşadığı bina dövlət idarəsinə
məxsus olub. Həmin binada bir neçə ailə yaşayırmış,
onların hamısını oradan çıxarıblar.
H.Cavid M.C.Bağırova məktub yazır ki, xahiş edirəm
məni buradan çıxarmayasınız, buradan Xəzər
görünür, mən də baxıb ilham alıram.
M.C.Bağırov da ona həmin mənzildə yaşamağa
icazə verir. Axı Mir Cəfər kimisə xilas etmək
iqtidarında deyildi. Bunu başa düşmək
lazımdır. 1937-ci ildə əmr çıxandan sonra Mir Cəfər
Bağırov buna müdaxilə edə bilmir. Amma Üzeyir
Hacıbəyovu, Mikayıl Rəfilini qoruyub. O cümlədən
Mir Mövsüm ağanı qoruya bilib, onun da adı
siyahıda var imiş. Ona görə Mir Cəfər Moskvaya
Stalinin qəbuluna gedib və ondan sonra Mir Mövsüm
ağadan əl çəkiblər.
- Deyilənə
görə, Səməd Vurğunu da o qoruyub. Bu barədə
nə deyə bilərsiniz?
- Səməd Vurğun heç bir
partiyanın üzvü olmadığına görə onu
qorumağa da ehtiyac yox idi. Amma Səməd Vurğunun,
Süleyman Rüstəmin, Məmməd Rahimin Mikayıl
Müşfiqə qarşı şeirləri var, onu millətçi
adlandırıblar. 1930-cu ildə ermənilər Azərbaycana
rəhbərlik edən zaman qərar çıxıb ki, tar
yad bir ünsür kimi ləğv edilsin. Süleyman Rüstəm
dərhal yazdı ki, "oxuma tar, sevmir səni proletar". Səməd
Vurğunun əmiləri Müsavat Partiyasının üzvləri
idilər. Onun həbs edilməməsi möcüzə idi. Məhkəmədə
Rudenko Mir Cəfərdən soruşdu ki, niyə Səməd
Vurğunu həbs etmək və öldürmək istəmisiniz?
O dedi ki, əgər istəsəydim, bunu edərdim. Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində 1950-ci il fevral ayının 2-sində DTK sədri
Stepan Yemelyanov tərəfindən M.C.Bağırova göndərilmiş
məxfi məktub saxlanılır. Məktubda məlumat verilir
ki, Səməd Vurğun İngiltərədə olarkən
professor Vladimir Minorski ilə tanış olmuş, onun Azərbaycan
Elmlər Akademiyasına ünvanlanmış məktubunu əlbəəl
Akademiyanın prezidenti Musa Əliyevə
çatdırmışdır. DTK əməkdaşları bu
adamın "antisovet ünsür" olduğu haqda dəqiq
arayış tərtib etmişdilər. M.C.Bağırov Səməd
Vurğunu yanına çağırıb yüngülvari tənbeh
edib və onu sovet DTK-nın hörümçək torundan
xilas edib. Yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirəm.
Bu yaxınlarda Vaqif Səmədoğlunun bir müsahibəsini
oxudum. O deyir ki, Mir Cəfər mənə dedi ki, atan
içir, dayın da küpünə girir, həm də
qabandan danışır. Vaqif düz danışmır. O
gözəl şairdir, "Bəxt üzüyü" də
əladır, xoşum gəlir. Amma Mir Cəfərə lətifə
yaraşmır. Mir Cəfərin işi-gücü
qurtarmışdı, Vaqiflə ora-bura gedirdi? Deyir ki, Mir Cəfərin
cibində şüşə vardı. Mir Cəfər bəyəm
"alkaş" idi? Onun araq içən insanlardan heç
xoşu gəlmirdi. Bu, Vaqif Səmədoğlunun şair təxəyyülündən
başqa bir şey deyil. Gopa basmaq olmaz. Tarix zarafatı sevmir.
- Teyyub müəllim,
Mikayıl Müşfiq də heç bir partiyanın
üzvü deyildi. Onu xilas etmək olmazdımı?
- Bilirsiniz, yenə deyirəm, güllələnmə
qərarı veriləndə Mir Cəfərdən
soruşmayıblar ki, kimi güllələyək, kimi saxlayaq.
Bəlkə bunu da bilmirsiniz ki, 37-ci ildə onun
özünü də həbs ediblər, 10 gün ev
dustağı olub.
- Bağırovun özünü?
- Əlbəttə. Onu SSRİ
prokurorunun müavini Mattuleviç həbs etdirib. 1938-ci ildə
daxili işlər naziri postuna keçən Beriya onu həbsdən
azad etdirib. Bu faktı sənədlər də təsdiqləyir.
Onu bir də ona görə ittiham edirlər ki, Böyük Vətən
müharibəsi illərində bir gecədə 56 min azəri
gəncinin məhvinə səbəb olmuşdur. Əvvəla,
56 min deyil. Heç bir təcrübəsi olmayan 60 min gənc
bir gecədə müharibəyə səfərbər edildi və
onlar həlak oldular. Amma bu qurban bahasına Mir Cəfər
Bağırov həmin gecə Azərbaycandakı yerli əhalinin,
aborigen türklərin köçürülməsinin
qarşısını aldı. O vaxt SSRİ rəhbərliyində
belə bir qorxu vardı ki, Azərbaycan əhalisinin əksəriyyəti
türkdür, bunları parçalamaq lazımdır. Üstəlik,
Mikoyan Stalində türklərə qarşı
inamsızlıq yaratmışdı. Belə yüksək
göstərici ilə Mir Cəfər Bağırov Stalinin
fikrini dəyişə bildi və bütöv bir xalqı
deportasiyadan xilas etdi. Çoxları onun rütbəsini də
bilmir. İkinci Dünya Müharibəsi qurtarandan sonra ona
general-polkovnik rütbəsi verilmişdi.
- Teyyub müəllim,
axı Mir Cəfər Bağırov məhkəmədə
öz günahlarını etiraf etmişdi. Demişdi ki, mənim
xalqım qarşısında o qədər günahlarım
var ki, məni güllələmək azdır, məni tikə-tikə
doğramaq lazımdır.
- Xeyir, belə şey olmayıb.
Anarın "Cavid ömrü" filmində də bu səhvə
yol verilib. O filmdə uydurma şeylər çoxdur. 1937-ci ilə
qədər Mir Cəfər Hüseyn Cavidi bütün təhlükələrdən
qoruyub. Mən Yazıçılar Birliyində Anara sual verdim
ki, necə olur, Hüseyn Cavidə 8 il iş verilir, Əhməd
Cavad isə güllələnir? Axı Hüseyn Cavid qat-qat Əhməd Cavaddan
güclü şair idi. Ona görə ki, qərarda
yazılmışdı ki, müsavatçılar güllələnməlidir.
Əhməd Cavad Müsavat Partiyasının üzvü idi, o
güllələnməli idi. Cavid isə partiya üzvü
deyildi. Bu məqam filmdə öz əksini tapmayıb. Bu bir,
ikincisi, Mir Cəfər məhkəmədə başqa cür
deyib, gedib stenoqramı bir də diqqətlə oxuyun. O deyir ki,
əgər mənim günahım varsa, məni güllələmək
azdır, məni tikə-tikə doğrayın. Mən 1997-ci
ildən arxivlərdə araşdırmalar aparıram. Mir Cəfər
mövzusu mənim üçün gün kimi aydındır.
Sonra deyirlər ki, onun oğlunun adı Volodya olub. Xeyir,
oğlunun adı Cahangir olub. O da Böyük Vətən
Müharibəsində şəhid olub, qəbri də Yasamal qəbiristanlığındadır.
Moskvadan Mir Cəfərə
zəng olunub ki, oğluna Sovet İttifaqı Qəhrəmanı
adını veririk, o isə xahiş edib ki, ona bu adı verməyin.
Cahangirə "Lenin" ordeni veriblər. İkinci oğlu
Cen isə heç vaxt musiqi məktəbində oxumayıb, bu
da Vaqif Səmədoğlunun uydurmasıdır. O, Tiflisdə hərbi
məktəbdə, sonra isə Moskvada Jukov adına Aviasiya
Akademiyasında təhsil alıb. Cen professor, elmlər doktoru
olub, onu 1994-cü ildə Moskvada ermənilər şampan
şərabının içinə zəhər tökərək
öldürüblər.
- Teyyub müəllim,
son dərəcə maraqlı faktlar söylədiniz.
Müsahibəyə görə sağ olun.
- Siz də sağ olun.
Ədalət.- 2011.- 16 aprel.- S.
16.