ƏBLƏH
Hekayə
Ən böyük axmaqlıq
bacarmadığın işin qulpundan yapışmaqdır.
Napoleon
Qapı astaca açıldı. Katibə
astanada göründü:
- Yanınıza gəlmək istəyən
var.
- Buyursun.
Orta boylu, dolğun, dümağ seyrək
uzun saçı səliqə ilə geriyə daranmış
yaşlı kişi kabinetə daxil oldu. Uzun, enli masaya tərəf
gəlib onu ayaq üstə qarşılayan həmyaşıdına
əl verdi:
- Salam, deyəsən tanımadın. Əbiləm
də, yadından çıxıb məktəb illəri?..
Onun əlindən tutub salamını
alan həmyaşıdı fikrə getdi və birdən sifəti
istehzalı təbəssümlə işıqlandı:
- Həə... Əbil,
bağışla, əvvəl tanıya bilmədim, yaman dəyişmisən.
- Elə sən də çox dəyişmisən.
O gün televizorda gördüm. Evdəkilərə dedim ki, məktəb
yoldaşımdır, on il bir yerdə oxumuşuq. İndi
adlı-sanlı alimdir, böyük elmi idarəyə rəhbərlik
edir.
O bu sözləri birnəfəsə
dedi, sonra köksünü ötürüb əlavə etdi:
- Allah səninkiləri də
saxlasın. Böyük nəvəm bic-bic
qımışıb soruşdu ki, ay baba, bəs sən? Nənəsi
mənim əvəzimə ikibaşlı cavab verib dedi ki, baban
vaxtında tanınmış yanğınsöndürən
olub, nə qədər ev-eşiyi, ailəni xilas eləyib
od-alovdan...
- Yanğınsöndürən?
- Hə də, o vaxt məktəbi sən
medalla qurtarandan sonra universitetə girdin,
tay-tuşlarımız institutlarda, texnikumlarda, peşə məktəblərində
özlərinə yer edə bildilər. Yadındadır də,
ölüm-zülüm 3-ü güc-bəlayla
alırdım. Atam da hey danlayırdı məni. Axır ki,
anam kişinin saqqızını oğurladı. Dedi ki, mal yiyəsinə
çəkməsə haramdır. Məgər sən
özün vaxtında əməlli-başlı dərs
oxumusan? İntəhası zirək tərpənib
yanğınsöndürənlər kursunu bitirmisən,
rütbə almısan, Allaha şükür neçə
vaxtdır orda müdirsən. Al yanına tifilini başı
qarışsın, görək axırı nə olur.
Dərindən ah çəkib
başını buladı:
- Axırı nə olacaq? Oldum əsil
yanğınsöndürən. Atam məni kursa göndərdi.
Candərdi bir təhər oxuyub rütbə aldım. Amma
yarışlarda mənə çatan tapılmırdı,
çempion olurdum...
- Hansı yarışlarda çempion
olurdun?..
- Yanğın söndürmək
üzrə idman yarışlarında sovetin vaxtında həmişə
birinci yer tuturdum, - köksünü ötürdü,- Onda
cavan idim, cəldlikdə mənə tay yox idi. İnsafən
babat dolanırdım, atam da görüm-baxım eləyirdi.
Kişi rəhmətə gedəndən sonra vəziyyətim
dəyişdi. Təzə müdir məni yola vermədi,
gözümçıxdıya saldı. Sonra da sovetin
çarxı döndü. Pensiyaya çıxdım. Qəpik-quruşnan
dolana bilmədim, əl atdım qələmə...
- Qələmə?..
- Hə də, mən elə sovetin
vaxtında yazırdım. Şeirlərim
"Yanğınsöndürən" divar qəzetində
çıxırdı. Ancaq qəzet-jurnallara yaxın
qoymurdular, mənim hesabıma yeyib-içir, zarafata salıb
deyirdilər ki, "apar bunları yığ rəhmətlik nənənin
sandığına". Mən də naçar qalıb
şeirlərimi qoyurdum qədim sandığımıza.
Atalara qurban olum, "saxla samanı, gələr zamanı"
- deyiblər. Sovet dağıldı, zaman gəldi.
Sandıqdakıları çap elətdirdim. Oldu qalın
şeirlər kitabı. Sonra fikirləşdim ki, zamanə dəyişib
daha köhnə qaydada yazmaq yaramaz. Başladım özüməməxsus
yeni üslubda azad şeirlər yazmağa...
- Sərbəst şeir demək istəyirsən?
- Yox canım, o da köhnəlib, mən
tamam fərqli yazıram, heç kimi yamsılamıram. Təzə
çapdan çıxan kitabımı sənə hədiyyə
gətirmişəm. Buyur, oxu gör necə yazıram.
Kitabı vərəqləyib tələm-tələsik
nəzərdən keçirən həmyaşıdı
narazı halda başını buladı:
- Bu nədir, başdan-ayağa söz
yığını, ah-vaydır ki. Yaralı balam, ay balam, bəlalı balam, uyyy, eyyy, ay canım eyyy, yemədin fisincan, can, can, ox aman, ay dadi-bidad. Aman-aman, ay dadi-bidad. Aş, Əş, Laş, Ləş, Mış, Miş, Balıq, Xalıq. Mən müntəzəm mütaliə edirəm, amma belə biabırçılığa rast
gəlməmişəm.
- Sən riyaziyyatçı alimsən,
ədəbiyyat, xüsusən
poeziya başqa aləmdir. İndi təzə üslubda,
formalarda yazırlar.
Mənimki lap təzədir. Köhnə sovetdənqalma tənqidçilər
də çaş-baş
qalıblar mənim yeniliklərim qarşısında.
Əslində burada təəccüblü
bir şey yoxdur. Mən yenilikçi şair
Əbil Yanar olaraq şəxsən özümün, həmçinin
taleyin amansız burulğanında çabalayan
qəhrəmanlarımın daxili aləmini, könül duyğularını,
ürək çırpıntılarını,
həyəcanlarını tərənnüm
edirəm.
- Çox qəribədir...
- Sənə qəribə gəlsə də, mən öz şeirlərimi sinədən avazla deyəndə alqışlardan
qulaq tutulur. Hələ çox hörmətli məclislərdə qəşş
eləyib, gözləri
yaşarıb uğunanları
demirəm.
- Məclislərdə?
Tamadalıq eləyirsən bəyəm?
- Yox canım,
tamada toylarda olur. İndiki hay-küylü toylara
sığışdırmıram mən nə özümü, nə də sözümü.
Ancaq və ancaq sanballı, imkanlı, necə deyərlər qaz vurub qazan dolduran,
pula pul deməyən iş adamlarının sayılıb seçilənlər
məclisinə masabəyi
kimi məxsusi dəvət olunuram. Çox-çox imkanlıların ad günlərinin, yubiley mərasimlərinin ləzzəti
olmaz mənsiz. Özləri
belə deyirlər.
Sağ olsunlar, yaxşı da yola salırlar. Mən də nəyim var qoyuram ortaya,
bütün yaradıcılıq
potensialımı cani-dildən
nümayiş etdirirəm.
Yadında olar, məktəb
səhnəsində nələr
eləyirdim. İndi əlbəttə,
tamam başqa səviyyədə məclisi
ələ alıram, qardaş canı hamısının matı-qutu
quruyur, elə bil ovsunlayıram. Xüsusən səbəbkarın özünü, yaxınlarını
bir tərif eləyirəm ki, hamısı mat-məəttəl
qalır. Doğrudan
da gərək adamın qabında ola, istedad
başqa şeydir. Allaha min şükür, ev-eşiyim,
balalarım, dolanışığım
öz yerində, bu tərəfdən də şairliyim. O gün Quşqonmazbəyli
cənablarının yubiley
təntənəsində...
- O kimdir elə?
Təəccüblə
qaşlarını çatdı.
- Necə yəni kimdir? Məşhur
iş adamıdır. Bilirsən nə qədər
daşınmaz əmlakı var? Göydələnləri, əyləncə
mərkəzləri, şadlıq sarayları, növbənöv
maşınları yağ içində...
- Yəqin dədə-babadan
varlı-karlı olub...
- Yox, canım. Sovet zamanında kolxoz sədri
işləyib ucqar Quşqonmazlı kəndində. Dedikcə
səfalı yerdir, elə bil cənnətdir dağlar
başında, meşələr arasında. Keçmişdə
oranın adlı-sanlı bəyi 37-nin güdazına gedib.
Kolxoz qurulanda həmin bəyin çobanını sədr
qoyublar.
- Hə, aydın oldu.
- Keçmişdə nəsilbənəsil çobanlıq
edən kolxoz sədrinin də soyadı Çobanov olub. Sovet dağılanda dəyişdirib
eləyib Çobanbəyli.
Nisbətən savadlı
yaxın qohumu onu başa salır
ki, çobandan bəy olmaz, soyadını kəndimizin
adına tutaş elə, yəni Quşqonmazbəyli
yazdır. Ağlına batır, tərcümeyi-halını,
anket sənədlərini
yerli-dibli dəyişdirir.
Özü də məqamında
fürsəti fövtə
vermir, zirək tərpənir, vaxtilə sədrlik etdiyi kolxozun təsərrüfatını,
torpaqlarını, texnikasını,
fermasını özəlləşdirir.
Sonra da orada yığdıqlarını
şəhərdə xırıd
eləyir, olur varlı-karlı, yetərincə
imkanlı iş adamı. Canına sağlıq, mən
də onun xoş damarını tutmuşam, yaman şöhrətpərəstdir, ölur tərifçün.
Haqqında kitab yazıb
mədh eləmişəm
onu, xanımını,
uşaqlarını, əsil-nəcabətini.
- Necə var elə yazmısan?
- Eh, sən də elə bil zamanə
adamı deyilsən. Yazaydım ki, babası acın biri olub,
onun-bunun heyvanını otarıb? Özü necə deyib elə
də nəzmə çəkmişəm: yəni bəy nəslindəndir,
var-dövlətli babası sovetin qəzəbinə
düçar olub. Özü çox çətinliklərdən
çıxıb, maneələri dəf edib. Axır ki, haqq
yerini tapıb. Ölkənin müstəqilliyə
qovuşmasında xidmətləri olub.
- Bir sən deyilsən, indi belə
yazanlar az deyil. Amma məni təəccübləndirən odur
ki, bu ağ yalanları necə uydurursan?
- Ay qardaş, hansı zamanədə
yaşayırsan, bilmirsən ki, indi çox şeyi pul həll
eləyir, bağlı qapıları açır? Nəşriyyata
tapşırdı, xaricdən ipək kimi kağız gətizdirdi
kitabı üçün.
- Hansı nəşriyyatdır o?
- Mənim yaxın dostumundur. "Zirvə"
qoyub adını. Elə özü də zirvədədir həmişə,
yaman zirəkdir. Sən deyən savadı yoxdur, ancaq
bütün janrlarda əsərlərini çap elətdirir:
hekayələrini, povestlərini, romanlarını. Pyeslərini də tamaşaya qoydurur.
- O da sənin
kimi yazır?
- Yox, canım,
heç mənim kimi yaza bilər?
Dedim ki, elə savadı-zadı yoxdur. Amma nə olsun,
bacarır - yazdırır.
- Yazdırır? Kimə?
- Birdi-ikidi bəyəm? İndi o qədər yazar
var ki, çoxu
günorta durur acından. Ona görə ki,
yazdıqlarına qonorar,
haqq vermirlər.
Belə şeylər qaldı keçmişdə. Ancaq mənim
naşir dostum o barədə səxavətlidir,
bəs qədər verir ki, onunçün
yaxşı yazsınlar,
adı çıxsın,
şöhrətlənsin. Hələ bu harasıdır, özünə yubiley keçirmək, yazıçı-dramaturq
kimi mükafat almaq istəyir.
- Həyasızlığa
bax bir...
-Belədir də, savadı yox, qələm tuta bilmir, xam
xəyala düşür,
ucuz şöhrət axtarır. Ancaq mən binəva
gecə-gündüz yazıb-yaradıram,
di gəl ki, qiymət verən yoxdur. Axır ki, Quşqonmazbəyliyə
üz vurdum, ağız açdım bu barədə. Sağ olsun, sözümü yerə salmadı, dedi ki, xərcini çəkərəm nə
qədər lazım olsa. Ancaq hörmətli
bir adam
tap, yuxarıda sözü
keçən olsun. Mən də gəldim sənin yanına ki, amandır elə bil ölmüşəm,
yerdən götür,
yuxarıya him elə.
- Məən?!
- Əlbəttə,
adlı-sanlı alimsən,
səlahiyyətin, hörmət-izzətin,
sözünü yerə
salmazlar. Mən
də borclu qalmaram, səndən elə kitab yazaram ki...
- Sən ünvanı səhv salmısan, kitabın, mədhiyyən mənə
lazım deyil. Kimə yarınırsan, masabəylik
eləyib başını
necə dolandırırsan,
özün bilərsən,
mənə dəxli yoxdur. Ancaq madam ki, yanıma
gəlmisən, məsləhətimə
qulaq as.
- Buyurun, eşidirəm sizi! - o, keçmiş məktəb yoldaşına
ilk dəfə cəm
şəklində, qəribə
həyəcanla müraciət
etdi.
- Sən vaxtilə yaxşı yanğınsöndürən olmusan,
pensiyaya çıxandan
sonra guya azad üslubda şeirlər, poemalar, kitablar yazırsan. Özünə də təxəllüs götürmüsən:
Yanar, Əbil Yanar.
- Bəli, elədir.
- Ayıbdır, bacardığın işin
qulpundan yapış, xam xəyallara düşmə.
- Nə xəyal, içim qaynayır mənim, qələmimi yerə qoya bilmərəm.
- Onda təxəllüsünü
dəyiş. Oxucular da
bilsinlər ki, cızma-qaraların müəllifi
hansı ağlın,
qabiliyyətin yiyəsidir.
Məsələn, sənə
yaraşan bir təxəllüs deyim: Əbləh, adına
da tutaş: Əbil Əbləh! Gör necə səslənir. Oxucu da bilsin ki, özünü şair sayan əbləhin biridir.
- Təhqir eləyirsən məni, necə yəni Əbləh...
...Ərinin əsəbi halda dediyi
sözləri qulağı alan arvadı mətbəxdən
özünü hövlnak yataq otağına saldı. Gözləri
yumulu əl-qolunu ölçə-ölçə yuxuda kiminləsə
öcəşdiyini görüb onu yavaşca silkələdi:
- Nə olub, ay Əbil, nə
görmüsən yenə yuxuda?
O yarıyuxulu döyükmüş
gözlərini arvadına dikib duruxdu:
- Gör mənə nə deyir o, - kal səslə
şikayətləndi.
- Kimdir o, nə deyir axı? - qadın
soruşdu, sonra sakit, mülayim səslə məsləhət
verdi,- sən hələ yarıyuxulusan, ayıl, özünə
gəl, de görüm yuxuda kiminlə dalaşırdın.
Gözlərini ovuşdura-ovuşdura
özünə gəlib fısıldadı:
-Yaxşı ki, yuxuymuş, yoxsa
bağrım çatlardı, - ani olaraq fikrə gedib
mızıldandı,- köhnə məktəb
yoldaşımı gördüm yuxuda, o gün televizorda
gördük ha, bax, onu. Dedim ki, alimsən, vəzifən var,
kömək elə, mənə şair kimi mükafat versinlər.
Boyun olmadı.
Nə fikirləşdisə,özlüyündə
qəti qərara gəlibmiş kimi dedi:
- Gərək bu gün gedəm
yanına onun, aşkarda xahiş-minnət eləyəm.
Kömək eləyər yəqin, köhnə məktəb
yoldaşı kimi. Axı, yuxunu tərsə yozurlar...
Arvadı ərinin sözünü
ağzında qoydu:
- Getmə, yoxsa yuxun çin olar. Deyirlər,
çox düz, təmiz, ədalətli insandır, əsil
ziyalıdır. Rüşvət almır, nahaq iş
görmür, sözünü adamın gözünün
içinə deyir. Olmadı elə, oldu belə, bir söz-zad
deyər, pərt olarsan. Həm də o, bir az köhnə
fikirli adamdır. Sən yeni üslubda yazırsan, başa
düşməz səni.
- Düz deyirsən, bu zalım oğlunu
elm qaxac eləyib. Əvvəldən necə düz-düznəqulu
idisə, elə indi də elədir. Mənə deyinən ay əbləh,
onun yanına niyə gedirsən. Allah canını salamat eləsin
Quşqonmazbəylinin. Nə qədər istəsəm əsirgəyən
deyil.
- Düz eləyirsən, kimdən əskiksən,
axı? Sənin o, musiqi kimi səslənən şeirlərin
var ey...
- Hansını deyirsən? O "Can-can fisincan",
- deyən ərinin sözünü ağzında
qoydu:
- Yox, yox, "Təndirimdən
çörək çıxdı. Çörəyim var pendirim yox. Çünki pendirim suda qaldı, islandı zay oldu. Təndirim hey, pendirim hey, daley, daley,
daley".
Arvadı ona
heyran-heyran baxdı:
- Şeir deyil ey, musiqidir, musiqi. Həm
şairsən, həm bəstəkar, mükafatı sənə
verməyib, kimə verəcəklər?!
Ərinin yazdıqlarını oxuyub əzbərləyən
arvadının sözləri canına yağ kimi
yayılıb onu elə sevindirdi ki, yuxusu da yadından
çıxdı.
Əlövsət
Bəşirli
Ədalət.-
2011.- 16 aprel.- S. 18.