"SÖZÜM, SƏNİ AXTARIRAM"

 

(Dəmir Çeşməlinin şeirləri haqqında)

 

Dəmir Çeşməli... Bu adda istedadlı bir şairi mənə bir vaxtlar-iki min dördüncü ildə əziz dostum, mərhum şairimiz Səyavuş Sərxanlı tanıdıb. Səyavuş dedi ki, yaxşı qoşma, gəraylı oxumaq, o qoşma və gəraylılarda Tovuzun, Qazaxın, Şəmkirin saz-söz dünyasını duymaq istəyirsənsə, Dəmirin şeirlərini verim. Böyük məmnuniyyətlə onun bir neçə şeirini "Azərbaycan" jurnalında çap elədik. İndi isə D.Çeşməli iki şeir kitabının müəllifidir. "Hələ ki, yaz ümidim var"-bu, onun ikinci kitabıdır və mən istəyirəm ədəbi aləmdə, qəzet və jurnal səhifələrində o qədər də görünməyən bu şairi sizə tanıdım.

 

Ovcumda olanım sənin,

Olanım-qalanım sənin.

Başına dolanım sənin,

Başın sağ olsun, ay Vətən.

 

Nə vermişdin, nə almısan,

Boyum üstə ucalmısan.

Kim deyir ki, qocalmısan,

Yaşın sağ olsun, ay Vətən.

 

Göz qoymuşuq gözümüzə,

Çoxmu döydük dizimizə.

Qaya düşdü izimizə,

Dağın sağ olsun, ay Vətən.

 

Könlüm yenə səni arar,

Qopsa tufan, yağsa da qar.

Hələ ki, yaz ümidim var,

Qışın sağ olsun, ay Vətən.

 

Vətənə həsr olunan yüzlərlə, minlərlə şeirlər var. Dəmirin "Ay Vətən" şeiri onlardan biri. Səmimiyyəti ilə seçilir bu şeir. Dəmirin bütün qoşma gəraylıları belə səmimi təsir bağışlayır. Tovuz bölgəsində dünyaya göz açan, uzun müddət ədliyyə orqanlarında xidmət edən, hal-hazırda Bakı Yeyinti Sənayesi texnikumunda müəllim işləyən Dəmirin şeirə, ədəbiyyata marağı uşaqlıqdan eşitdiyi, illər boyu ruhunda yaşatdığı saz havalarından, aşıq mahnılarından, bir özünün poeziyaya vurğunluğundan gəlir. Qarabağlılar üçün deyirlər ki, "ağlatsan birini Qarabağda sən, Muğamat üstündə ağlayacaqdır", Tovuzda, Qazaxda, Şəmkirdə dünyaya gələnlər üçün isə saz-söz-aşıq kəlmələri müqəddəsdir. Dəmir Çeşməlinin şeirlərində o bölgənin sazlı-sözlü havacatını hiss edirsən. Ancaq bütün bunlar bir yana. Bilirik ki, hər əlinə saz alan, oxuyan da AŞIQ sayıla bilməz hər qoşma, gəraylı yazan da ŞAİR olmaz. Ona görə Dəmir Çeşməlinin şeirlərindən söz açarkən şeirin, poeziyanın meyarları ilə qiymət verək.

Bəri başdan deyim ki, Dəmir Çeşməlinin adını çəkdiyim şeir kitabında yaxşı nümunələrlə müqayisədə nisbətən zəif təsir bağışlayan şeirlər də var. Bu haqda yazının sonunda yığcam da olsa, söz açacağam. Amma əvvəlcə onun üzünü ağardan, bir şair kimi sevdirən nümunələrdən söz açım. Bizim poeziyada Dağ həmişə ucalıq, möhtəşəmlik timsalı olub. Eyni zamanda Dağ gözəllik tablosu kimi şeirlərdə vəsf edilib. Dəmir də dağlara şeir həsr edib və onun "Dağlara-dağlara" gəraylısında bir həsrət, bir nisgil çağlayır:

 

Göylərə qərq olub gözüm,

Buludlar göydə bir düzüm,

Yerə dikilib göy üzüm,

Enim dağlara-dağlara.

 

Tənhalıq boyuna düşüb,

Qar fəsli yayına düşüb,

Hələ ki, oyuna düşüb,

Dönüm dağlara-dağlara.

 

Gələn gələr, gedən ötər,

Ayrılıq ölümdən betər.

Tanrı desin: haçan yetər-

Ünüm dağlara-dağlara.

 

Bu yerdə izim var deyin,

Gəlməyə üzüm var deyin.

Ay Dəmir, sözüm var deyin,

Mənim dağlara-dağlara.

 

Dağlarından ayrı düşmüş bir dağ adamının dərdindən yaranıb bu şeir. Dəmirin şeirlərində bax, beləcə xalq poeziyasından süzülüb gələn çalarlar çoxdu və deyim ki, Dəmir Çeşməli bu çalarlara yeni məna verməyə can atır. Ümumiyyətlə, bu kitabda dağlara, həmçinin təbiətə həsr edilmiş şeirlər az deyil və hiss olunur ki, o, daha çox təbiətin təsvirini deyil, öz hisslərinin, duyğularının təbiətlə bağlılığını əks etdirməyə cəhd edir.

 

Başına qar ələnibdir,

Köksü qəmə köklənibdir.

Yaman yerdə təklənibdir,

Dözüm bəsdi o dağlara.

 

Elə bu misralarda da Dağla İnsan arasında bir bənzəyiş hiss edirsən. Amma mənim fikrimcə Dəmirin "Dağlar" şeiri onun bu silsilədən olan şeirləri içərisində xüsusilə seçilir:

 

Xəyalım tək düzüm-düzüm,

Başı qarlı uca dağlar.

Hardan sizdə belə dözüm,

Sinəsi qan qoca dağlar

 

Dəmir dağları tərənnüm eləyəndə obrazlı ifadələrə də müraciət edir:

 

Uca dağ başına enən buludlar,

Göylərin zirvəyə duman payıdır.

Dağların qoynunda dinən bulaqlar,

Zirvənin dərəyə ümman payıdır.

 

Dəmirin bir şair kimi düşüncə tərzi aşıq şeiri-xalq poeziyası ilə müasir şeir mədəniyyəti arasında gəzinir. Forma qədimdir, amma şeirin içindəki məna təzəliyilə seçilir. Məsələn, aşıq şeirində-xalq poeziyasında "ağladım" ya "ağlaram" rədifli nümunələrə çox rast gəlmişik. Dəmirin "Ağladım" rədifli qoşması isə onlardan tamamilə seçilir:

 

Qayıtdım o yerə,

döndüm o yurda,

Getdiyin yollara

baxdım ağladım.

Leysan göz yaşımdı,

axırdı burda,

Arxanca sürünüb, axdım,

ağladım.

Sənə dost demişdim,

sirdaş olmadın,

Şaxtada gül açdın,

yaza qalmadın.

Məni anlamadın,

yada salmadın,

Neynəyim?

Qaraymış bəxtim ağladım.

 

Durnalar dönmədi,

payız həsrətim,

Ay yerə enmədi,

ulduz həsrətim,

Məhəbbətim susdu,

o qız həsrətim,

Həsrətin köksümə

sıxdım ağladım.

 

Dəmirin qoşma və gəraylılarının bir çoxu formaca seçilir. Belə ki, çox zaman o, birinci bənddə ilk üç misranı qafiyələndirir (halbuki, ikinci və dördüncü misralar qafiyələnməlidir), birinci bəndin dördüncü misrasını isə bütün digər bəndlərin sonuncu misrasında təkrar edir. Qoşma və gəraylının bu tipinə az-çox təsadüf etmək olur.

 

Yol gedirəm, sonu bağlı,

Gecəsi qaralı-ağlı.

Vətən qızı, vətən oğlu,

Vətən deyə çağır məni.

 

O dağı ad elə mənə, O buzu od elə mənə. Sən məni yad elə mənə, Vətən deyə çağır məni. Fikir var, şairin hissi, duyğusu məlum. Amma eyni misranın bütün bəndlərin sonunda səslənməsi bir çox nümunələrdə poetik effekti azaldır. Yaxşı olar ki, Dəmir qoşma və gəraylının formasında "dədə-baba" qaydasına əməl eləsin. Necə ki, bir çox şeirlərində əməl eləyir.

 

Dünyanın nəfəsi

niyə təngiyir?

Ağrısı, acısı,

yükü bilinmir.

Qaməti ucalmır,

boyu ləngiyir,

Çöhrəsi saralır,

kökü bilinmir?..

 

Dünyanın sağımı,

solumu yoxdu?

Tutan əli,

vuran qolumu yoxdu?

Bu yoldan savayı

yolumu yoxdu?

Dərini, dayazı,

təki bilinmir.

Çayları bulanır,

suyu durulmur,

Özülü sökülür,

soyu qurulmur,

Düşməni görünmür,

dostu qorunmur,

Pozulub tərəzi,

çəki bilinmir.

 

Dəmir Çeşməlinin şeirlərini mövzuca seçmək, bölgüləmək fikrində deyiləm. Şairin öz işidir nədən yazmaq. Təbii ki, hər bir şair onu düşündürən, narahat edən suallara şeirləri ilə cavab axtarmağa çalışır. Onu dünyanın qlobal məsələlərindən tutmuş bir çiçəyin, bir gülün gözəlliyi, zərifliyi də, müharibələrdən tutmuş könlün, qəlbin sevgi duyğularınacan hər şey maraqlandırır. Dəmir Çeşməlinin şeirləri də bu baxımdan rəngarəngdir. Amma onun qoşma və gəraylılarında daha çox həsrətini çəkdiyi dağlar, uşaqlıq illəri, sevgi anları (məhəbbətin acısı, şirini, sevinci, əzabı), bir də dünyaya, insanlara, doğulduğu torpağa, Vətənə münasibətidir. Bütün bu mövzular bir şairin şeirlərinin tematikası üçün kifayət edər.

Öncə dedim ki, Dəmir Çeşməlinin şeirlər kitabında yaxşı nümunələri ilə müqayisədə nisbətən sönük görünən şeirləri də var. Məsələn, "Köçkünlük dərli" şeiri yaxşı misralarla başlayır, amma şeir cəmi iki bənddən ibarət olduğundan mövzu öz həllini tapa bilmir. Eyni fikri "Yönü yoxdur" şeiri barədə də söyləmək olar. Bir də onu deyim ki, Dəmirin bir çox şeirlərində içdən gələn sızıltılar, dərdlə yoğrulan hıçqırtılar olsa da, bunlar çox zaman şeirdə poetik cazibə kəsb eləmir, daha doğrusu, dərdin poeziyasına çevrilməyib elə sızıltı, hıçqırtı olaraq qalır. Dəmir ənənəvi "bənövşə" mövzusuna müraciət edib, amma təzə, orijinal bir BƏNÖVŞƏ obrazı yarada bilməyib. Bunları deməkdə məqsədim odur ki, Dəmir Çeşməli həmişə söz üstündə əssin. Onun şeirlərinin birində belə bir misra var: SÖZÜM, SƏNİ AXTARIRAM. Bu yolda Dəmir Çeşməliyə uğurlar arzulayıram!

  

  

Vaqif YUSİFLİ

 

Ədalət.- 2011.- 16 aprel.- S. 19.