Ağdam ağrısı

 

Dərdimin ən varlı şəhəri Ağdam,

Dərdimin ən ağır qəhəri Ağdam.

Olaram sinənin sipəri Ağdam,

Səni Qaradamca qorumamışam.

 

Düşmən tapdağında inləyən Ağdam,

Həsrəti ünümü ünləyən Ağdam.

Bayquşlar səsini dinləyən Ağdam,

Sənə qumrulartək yaramamışam.

 

Qurbandı ömrümün hər anı Ağdam,

Yolunda verərəm bu canı Ağdam.

Yağı yetirəndə yaranı Ağdam,

Qanlı köynəyimlə sarımamışam.

 

Qayıdar o əzəl günlərin Ağdam,

O muğam, o qəzəl günlərin Ağdam.

Başlanar o gözəl günlərin Ağdam,

Mən ki, o günlərsiz yarımamışam.

 

Həziyəm, qoynuna gələ bilmirəm,

Neyniyim, ürəkdən gülə bilmirəm.

Sənə qovuşmamış ölə bilmirəm,

Qocalıb, qartalıb, qarımamışam.

 

 

Tanrı kölgəsi

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə

 

Gecə - gündüz həsrətimə söz olub,

Yanıb - yanıb köksümdəcə köz olub.

Ürəyimdə uzun, incə iz olub

Qarabağın hər yurdu, hər bölgəsi.

 

Boğazından çıxardacaq dərini,

Tanı millətimin igidlərini.

Göstərdi Mübariz öz hünərini –

Mənim ölkəm qəhramanlar ölkəsi.

 

Xain, kəsilmisən yurduma qənim,

Dağılacaq başım üstdən bil, çənim.

Qamçılama kölgəsini Vətənin,

Tanrı kölgəsidir, Tanrı kölgəsi.

 

 

Fikrət zirvəsi

 

Duyğuları çıraqlarla dərdləşib,

Yaza - yaza varaqlarla dərdləşib.

Qoşqar kimi o dağlarla dərdləşib,

Başına qar yağıb Fikrət Sadığın.

 

Ağ saçlı tarixdi, tarix heykəli,

Şairdi, könlündə dünya dikəlir.

Fırçası nurlanıb rəssam çəkəli –

Qaşına qar yağıb Fikrət Sadığın.

 

Bir bax, Ağ qayadan ağ işıq gəlir,

Bir ağ dərviş gəlir, ağ aşıq gəlir.

Dağlara, daşlara yaraşıq gəlir,

Daşına qar yağıb Fikrət Sadığın.

 

Yaz gəlib, qoxuyur nərgiz, bənövşə,

Soyunub ağ kürkü həm dağ, həm meşə.

Fikrət zirvəsində qışdır həmişə,

Qışına qar yağıb Fikrət Sadığın.

 

Qəlbini oğlunun qəmi yandırır,

Gözünü yaşının nəmi yandırır,

Görəndə tanımır... məni yandırır –

Huşuna qar yağıb Fikrət Sadığın.

 

 

Duyğuların göz yaşı

 

Mənə doğma bacım qədər əziz olan Flora xanım Xəlilzadənin "Yuxularım" adlı şeirlər kitabını birnəfəsə oxudum. Könlüm söz çeşməsindən doymadı. Dönüb - dönüb bir oxudum...

Şairə bacımın yağı tapdağında inləyən ana kəndi Urud kimi ağır bir itki ünvanlı, əhli - ürfanlı "Vətən nəğmələri" anadillərin səsi qədər könlümü kövrəltdi, ruhumu göynətdi. Könlümün sazında bir Urud dilləndi "Urfanı bir Urud" !

Bu azmış kimi, kitabın üzündə rəssam fırçasıyla qəmli - qəmli işlənmiş, Flora xanımın göz yaşlarıyla süslənmiş portretinə baxanda duyğularıma göz yaşı çiləndi.

 

Ağrındı, acındı, qəmindi Urud,

Könlündə ən kövrək simindi Urud.

Atandı, anandı, kimindi Urud?

Kim sənə çox gördü bu meyli, bacım?

 

Vətənsiz oxuyan quşları gördüm,

Gözündə göynəyən yaşları gördüm.

Urudsuz ömründə qışları gördüm,

Ay ömrü guzeyli, güneyli bacım.

 

Əksinə baxıram köksüm dağlanır,

Dərdli gözlərinə ürəyim yanır.

Axan göz yaşından dağlar boylanır,

Dağlar sevdalısı, a Leyli bacım.

 

O dağları yuxularda gəz, dolan,

Çəmənindən çiçəyini üz, dolan.

Dərdin alım, dərdli - dərdli az dolan,

Dərdini mən çəkim bir xeyli, bacım.

 

Həziyəm, bacımtək həyan da sənsən,

Dərdimi dərdintək duyan da sənsən.

Dərdi göz yaşınla yuyan da sənsən,

Dərdi duymayandan gileyli bacım.

 

 

***

 

Bir aşığam yol üstündə,

Tazənəm yox tel üstündə.

Bülbül ötər kol üstündə,

Mən hardayam, yurdum harda?

 

Sənin qəlbin daşdı, daşdı,

Mənim şeirim gözüyaşlı...

Yurdum - yuvam hey savaşlı,

Mən hardayam, dərdim harda?

 

Mənə ögey olan dünya,

Söhbəti çiy olan dünya,

Namərdi bəy olan dünya,

Mən hardayam, mərdim harda?...

 

 

***

 

Gecə şirin yuxuda da

Mən yatıram oyaq kimi.

Yoxluğun yandırır məni

Yanıram hey çıraq kimi.

 

Hoyuma elim yetişməz,

Dilinə dilim yetişməz,

Telinə əlim yetişməz

Sığal çəkim daraq kimi.

 

İçin - için küllənirəm,

Gözyaşımda göllənirəm.

Nə danışıb dillənirəm,

Dərd içimdə soraq kimi.

 

Fələk məni çəkir dara,

Canımda sağalmaz yara.

Necə dözüm intizara?

Biçir məni oraq kimi.

 

Çoxalırmı dərdi - sərin,

Dərdimnən təklənən pərim?

Ürəyimdir şah əsərim,

Hey yazıram varaq kimi.

 

 

***

 

Yellər kimi ötən günlər

Yüyənsiz bir kəhər imiş.

Şirin - şirin ötən dillər

Bilirsən nətəhər imiş?

 

Axşam olar, qarışar şər,

Gecəyarı dərd yetişər.

Hardan bilsin yatmış bəşər

Şair könlü şəhər imiş?

 

Şair qəlbi incə olur,

Mən bilirəm - necə olur.

Nə gecəsi gecə olur,

Nə səhəri səhər imiş

 

Yenməz onu qorxu - hədə,

Mərd kişidir o hər vədə.

Köksünə dağ çəkən zədə

Gələn qəza - qədər imiş.

 

Məskənidi uca dağlar,

Telli saza könül bağlar

Həzini ovudan çağlar

Bala batmış zəhər imiş...

 

 

Pozmayın adımı siyahılardan

 

Siz, ey vicdanını pula satanlar,

Siz, ey namusunu itə atanlar.

Taya kölgəsində ittək yatanlar,

Pozmayın adımı siyahılardan.

 

Mən əvvəl dilləndim, əzəl danışdım,

Gördünüz dinəndə qözəl danışdım.

Guya sizdən ötrü "qəzəl danışdım"?

Pozmayın adımı siyahılardan.

 

Niyə aranızda şair qəribdi?

Mənim ki, haqqımı Tanrı veribdi,

Şair ürəyidi, axı zərifdi,

Pozmayın adımı siyahılardan.

 

Gülün şairlərə, ölüncə gülün,

Xalqın sərvətini, malını bölün.

Söz də müqəddəsdi, qələm də bilin,

Pozmayın adımı siyahılardan.

 

 

Ay Vətən

 

Elə keçib gedək ipək yolları,

Bizə həsrət qalsın ana qolları.

Torpağa can verək, öpək yolları,

Vətən dedik bu torpağa, ay Vətən

 

Torpaq dilə gəldi, daş dilə gəldi,

Yuvası dağılan quş dilə gəldi.

Nə qədər gözlərdə yaş dilə gəldi,

Kimdi baxan ağlamağa, ay Vətən?!

 

Açdı ağ çiçəklər... al qana döndü,

Ağ atlı oğlanlar aslana döndü.

Şəhidlər ölmədi, dastana döndü,

Dastan sığmaz min varağa, ay Vətən.

 

Anam Qarabağın hər qarışında

Yuyular qanımız yaz yağışında.

Torpağın qoynunda, yer ağuşunda

Ahın getdi çox uzağa, ay Vətən.

 

Mən heyranam şəhid verən millətə,

Ulu Tanrım, necə dözək zillətə?

Şəhidlərdə qeyrətə bax, qeyrətə,

And içiblər bu bayrağa, ay Vətən

 

Mələklər çarpışır şeytanla, şərlə,

Barışmıram bu biganə bəşərlə.

Hərlə, qoca tarix, çarxını hərlə,

Qayıdarıq Qarabağa, ay Vətən.

 

***

 

Qoşulduğum ləpələri,

Çırpıldığım təpələri.

Qəlbimdəki qəlpələri

Danandan sevmişəm səni.

 

Hörüklərin şahmar olub,

Eşqin mənə qahmar olub.

Heykəlini memar olub

Yonandan sevmişəm səni.

 

Köklənib qəm havasına,

Gedib könlüm davasına.

Mən ki, eşqin yuvasına

Qonandan sevmişəm səni.

 

Doğmam sənsən, yadım sənsən,

Suyum sənsən, odum sənsən.

Mələk kimi qadın sənsən –

Qanandan sevmişəm səni.

 

 

Həzi Həsənli

 

Ədalət.- 2011.- 16 aprel.- S. 20.