"YAZIÇI"

 

Artıq ədəbi ictimaiyyət, eləcə də qəzetimizin oxucuları ölkənin söz məkanında özünü kifayət qədər təsdiq etmiş, necə deyərlər, oturuşmuş xüsusi buraxılışı olan "Yazıçı"nı vaxtaşırı tanıyır və mütaliə edə bilirlər. "Oğuz eli" qəzetinin ayrıca buraxılışı olan "Yazıçı" özünün hər sayını tanınmış, sayılıb-seçilən, doğum günləri qeyd olunan qələm adamlarına həsr edir. "Yazıçı"nın bu sayı isə qısa ömür yaşasa da, mənəvi həyatını davam etdirən, hər şeiri, hər misrası ilə ürəkləri fəth edib yaddaşlarda yaşayan Əli Kərimə həsr edilib.

 

Qatarlar dayananda,

Təyyarələr enəndə,

Məncə, bitməyir səfər,

Səfərdəsən yenə də.

İnsan dünyaya bənzər,

Səfərdədi əbədi.

 

"Yazıçı"nın üz qabığında dərc edilmiş bu misraların müəllifi də elə Əli Kərimdir. Xalq şairi Rəsul Rzanın yazdığı kimi, "Əli Kərim az bir ömür sürdü. Lakin indi onun qoyub getdiyi irsə baxanda təəccüb eləyirsən ki, az müddətdə nə qədər böyük, nə qədər geniş sahədə fəaliyyət göstərmək olar".

Bəli, qısa ömründə neçə-neçə ömrə bərabər yaradıcılıq nümunələri ortaya qoymuş və şeirlərinin böyük əksəriyyəti dillər əzbəri olan Əli Kərim yazırdı:

 

Həsrətin araya atdı

dağ, dərə,

Sönən işıq oldun,

batan səs oldun.

Qayıt, mənim gülüm,

qayıt bu yerə,

Ey mənim istəyim,

nə gəlməz oldun!

 

yaxud:

 

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan,

Mənsə səni sevirəm,

Susuzluğun od vurub

Köz kimi yandırdığı

Dodaq su sevən kimi.

O isə səni sevir,

Rahatca bardaş qurur

-Kabab üstə sərin su

Pis olmaz-deyən kimi.

 

Doğrudan da ədəbi nümunələri rəngarəng, zəngin fikir yüklü olan Əli Kərim təkcə öz dövrünün, öz yaşıdlarının şairi olmadı. O bütün zamanlar üçün yazdı və bütün zamanlarda da oxunacaqdı. "Yazıçı"nın xüsusi buraxılışında xalq yazıçısı Anarın, xalq şairi Fikrət Qocanın, Xəlil Rza Ulutürkün, Əkrəm Əylislinin, Vaqif Bayatılı Önərin, Ramiz Rövşənin, Ələkbər Salahzadənin, Vaqif Yusiflinin, Tofiq Hacıyevin, həmçinin Əli Kərimlinin həyat yoldaşının, övladlarının və digər oxucularının ürək sözləri, arzuları əks olunubdur. Şəkillərlə daha rəngarəng görünən "Yazıçı" artıq oxucuların ixtiyarına verilib. Baş redaktoru Azər Abdulla olan "Yazıçı" necə deyərlər, bu dəfə də bir oxucu kimi məni sevindirdi və düşünürəm ki, oxucular onu maraqla qarşılayıb və sevə-sevə oxuyacaqlar.

 

 

Ədalət.- 2011.- 16 aprel.- S. 21.