"MİNGƏÇEVİR LEYSANI"

 

Əyalətdə yaşayıb böyük ədəbiyyat yaratmaqla, daha doğrusu, böyük ədəbiyyata xidmət etməklə məşğul olan kifayət qədər qələm adamlarımız var. Ümumiyyətlə, bütün zamanlarda əyalətlərdə ən ucqar kəndlərdə belə yaşayıb bir-birindən maraqlı ədəbi nümunələr yaradan qələm adamları olub və həmin ənənə bu gün də davam edir. Bu heç də ədəbi mühitdən kənarda qalmaq deyil, kənardan ədəbi mühitə yeni nəfəs yeni hava gətirməkdir.

Bu gün Azərbaycanın əksər bölgələrində ədəbi məclislər fəaliyyət göstərir. Hətta Yazıçılar Birliyinin bölgələr üzrə qurumları da fəaliyyət göstərir.

Bu mənada Mingəçevirdə fəaliyyət göstərən Yazıçılar Birliyinin Mingəçevir bölməsi öz ətrafına cəm etdiyi yaradıcı qüvvələrlə birlikdə ədəbiyyatımız üçün yeni imzalar, yeni ədəbi nümunələr ortaya qoyur. Həmin ədəbi nümunələr isə təkcə paytaxt mətbuatında deyil, həm də AYB-nin Mingəçevir bölməsinin ədəbi-bədii jurnalı olan "Mingəçevir leysanı"nda da vaxtaşırı dərc edilir.

Bu ədəbi-bədii jurnal Mingəçevir bölməsinin jurnalı olmaqla yanaşı, həm də öz səhifələrində Azərbaycanın müxtəlif guşələrində yaşayan, həmçinin paytaxtda yazıb-yaradan müəlliflərə də yer ayırır. Təbii ki, bölmənin üzvləri jurnalda daha geniş təbliğ və təqdim olunurlar.

"Mingəçevir leysanı"nın sonuncu sayı baş redaktorun "İl ayrıcından gələn səs" yazısı ilə başlayır. Poeziya bölməsində Zakir Ağdamlı, Bəsti, Qüdrət Məmmədov, Elşən Əziz, İsmayıl İmanzadə və digərlərinin şeirləri, nəsr bölməsində isə Svetlana Məcidova, Fəxrəddin Əziz, Günel Əliyeva, Gülnarə Dünya və digərlərinin hekayə və povestləri, publisistika bölməsində isə İsmayıl Mərcanlı, Ramiz İsmayılov, tənqid və ədəbiyyatşünaslıq bölümündə Kifayət Əliyeva və Məmməd Mərzilinin yazıları işıq üzü görübdü. Həmçinin jurnalda "İstedad sorağında" rubrikası altında Günel İbrahimova barəsində məlumat verilməklə əl işləri təqdim edilib. Son səhifəsini kitab köşkünə həsr edən jurnal burada Rafiq Tağızadənin, Azər Turanın, Məmməd Mərzilinin yeni kitabları barəsində yeni anatasiyalar dərc edibdi.

Jurnalda Azərbaycan prezidentinin Mingəçevirə ötən ilki səfərindən müəyyən məqamları özündə əks etdirən fotolar da dərc edilibdi. Zənnimcə, jurnalın bu sayı da maraqlı yazıları ilə oxucuları sevindirəcək.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 16 aprel.- S. 21.