Erməni
mövqeləri "bombardman" edildi
Azərbaycan-Türkiyə birliyi
qarşısında Sərkisyan diplomatiyası aciz qaldı
AŞPA-nın
yaz plenar sessiyasında işğalçı Ermənistan tərəfinin
mövqeləri sözün həqiqi mənasında
darmadağın edildi. Son vaxtlar daxili gərginlik yaşayan və
bunu cəbhə xəttindəki həyasızlıqla
kompensasiya etməyə çalışan Sərkisyan
hökuməti Azərbaycan-Türkiyə birliyi tərəfindən
"bombardman" edildi.
Ermənilərin törətdiyi
insanlıq faciəsi
Sessiyada
ilkin olaraq 9 yaşlı Fariz Bədəlovun Ermənistan
silahlı qüvvələri tərəfindən qətlə
yetirilməsi ilə bağlı yazılı bəyanat qəbul
olundu. Yazılı bəyanatı AŞPA-nın müxtəlif
ölkələrdən olan 20-dən artıq üzvü
imzaladı. Bəyanatda bu il martın 8-də Ağdam rayonunun
Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu
öz evlərinin həyətində oynayan zaman erməni
silahlı qüvvələri tərəfindən snayperlə
hədəf alaraq qətlə yetirilməsinin beynəlxalq
hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı,
bir insanlıq faciəsi olduğu göstərilir: "Ermənistan
Silahlı Qüvvələrinin atəşkəs rejimini
tez-tez pozaraq işğal etdiyi Azərbaycan bölgələrində
qurduqları mövqelərdən dinc azərbaycanlıları
snayperlə hədəfə almasının artması beynəlxalq
hüquqa zidd olmaqla yanaşı, Ermənistanın AŞ
qarşında üzərinə götürdüyü
öhdəliklərə, AŞ PA-nın 1416 saylı Qətnaməsinə
tamamilə ziddir və münaqişənin tənzimlənməsinə
dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə
aparılan danışıqlar prosesinə zərbədir".
Faş olan aeroport xülyası
AŞ
PA-nın yaz plenar sessiyası çərçivəsində
Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində
aeroport tikintisini dayandırmağı tələb edən
ayrıca yazılı bəyanat da qəbul olunub. Sənəddə
Ermənistan tərəfindən işğal etdiyi Azərbaycan
torpaqlarında, işğal altında olan Dağlıq
Qarabağ bölgəsində aeroport tikintisinin həyata
keçirilməsinin bütün beynəlxalq hüquq
normalarına zidd olduğu vurğulanır və rəsmi
Yerevandan onun tikintisini dayandırmaq tələb olunur: "Ermənistan
işğal etdiyi Azərbaycan torpaqlarında, işğal
altında olan Dağlıq Qarabağ bölgəsində
bütün beynəlxalq hüquq normalarına zidd olaraq,
aeroport tikintisini həyata keçirir. Rəsmi Yerevanın bu
addımları beynəlxalq hüquq normaları ilə
yanaşı, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın
işğal olunmuş ərazilərinin azad edilməsinə
dair 4 qətnaməsinə, Ermənistanın AŞ
qarşısında üzərinə götürdüyü
öhdəliyə və AŞ PA-nın qəbul etdiyi 1416
saylı qətnaməyə tamamilə ziddir. Azərbaycanın
işğal olunmuş ərazilərində aeroport tikintisinin
həyata keçirilməsi Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə
dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə
aparılan danışıqlar prosesinə də böyük
bir zərbədir. Bütün bunları nəzərə
alaraq, AŞ PA Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında aeroport inşa etmək addımını qətiyyətlə
pisləyir."
Türkiyə baş nazirindən sərt
bəyanat
Sessiyada
erməni mövqeyinə son sərt zərbə Türkiyə
Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğandan
gəldi. Ərdoğan Avropa Şurası Parlament
Assambleyasının yaz sessiyasında
çıxışı zamanı səsləndirib. Ərdoğan
erməni nümayəndələrinin türk-erməni
protokolları, Dağlıq Qarabağın ön şərt
kimi irəli sürülməsi, Qarsdakı abidənin
sökülməsi qərarı ilə bağlı
suallarını cavablandırıb. Onun sözlərinə
görə, sərhədlərin açılması və ya
bağlı qalması məsələsində Ermənistan
xalqının hüquqlarının qorunması ilə
bağlı Türkiyənin öz düşüncəsi və
öhdəlikləri var.
Ərdoğan
deyib ki, 2009-cu ilin oktyabrında Sürixdə Ermənistanla
protokolların imzalanmasının əsas məqsədi məhz
Dağlıq Qarabağ münaqişəsinin həllinə
yardım etmək olub: "Öncə bu addımların
atılması lazımdır. Belə olan halda biz sərhədləri
açmağa hazırıq. Bu səbəbdən biz Minsk
Qrupu həmsədrlərini davamlı olaraq öz vəzifələrini
yerinə yetirməyə səsləyirik. Amerika, Fransa və
Rusiya bu vəzifəni yerinə yetirdiyi vaxt çözümə
nail ola bilərik. Lakin onlar bu addımları
atmadığı halda təbii ki, çətinliklərlə
qarşılaşacağıq". Ərdoğan bir daha
bildirib ki, Türkiyədə 70 min erməni vətəndaşı
var. Bundan əlavə, 40 min erməni isə Türkiyədə
qanunsuz olaraq yaşayırlar: "Biz onları ölkəmizdən
çıxarıb Ermənistana yollamırıq. İstəsək
göndərə bilərik. Niyə? Çünki imkansız
olduqları üçün Türkiyəyə üz tutublar.
Onlar indi də Türkiyədədirlər. Bəlkə
bunları da bilmirsiniz. Bunları bilmənizi istəyirəm.
Protokolları imzalayarkən buradakı problemlərin həllini
tapmaq üçün belə bir addım atdıq. Mən də
görüşlərin bəlli nöqtəsində
iştirak etdim. Lakin Ermənistan rəhbərliyinin bu nöqtədə
erməni diasporuna münasibətdə bir qorxu keçirtdiyini
görürəm. Bizim isə kimsədən heç bir
qorxumuz yoxdur. Əgər Ermənistan hakimiyyəti diasporaya
qarşı qorxunu ata bilsə, bu işi həll etmək daha
da asanlaşacaq. Bu edildiyi anda həmən sərhədlər
də açılar, problemlərin həlli də sürətlə
irəliləyər. Bizim Ermənistana qarşı kin və
nifrətimiz yoxdur. Bunu da xatırlatmaq istəyərdim".
Baş nazir ortaya konkret mövqe qoyub": Açıq deyirəm,
dost və qardaş Azərbaycanın haqqını,
hüququnu Ermənistana yedirtmərik".
Bir
sözlə AŞPA-nın son iclası bütün cəbhə
boyu erməni diplomatiyasının məğlubiyyəti kimi
yadda qaldı. Zaman artıq bu qələbənin hərbi
müstəviyə keçirilərək Azərbaycan
torpaqlarının azad olunmasına doğru gedir.
Çingiz
Ədalət.- 2011.- 19 aprel.- S. 3.