"Dəyirmi masa" keçirildi
Azərbaycan
Jurnalist Qadınlar Assosiasiyası aprel ayının 18-də
Beynəlxalq Mətbuat Mərkəzində 9 yaşlı Fariz
Bədəlovun qətlə yetirilməsinin qırxıncı
günündə günahsız qətlə yetirilmiş
şəhidimizin timsalında ermənilər tərəfindən
20 il müddətində sərhəd bölgələrində,
Qarabağda vəhşicəsinə
öldürülmüş azyaşlı vətəndaşlarımızın
hüquqlarının tapdanmasının müzakirəsinə
həsr edilmiş dəyirmi masa keçirdi.
Dəyirmi
masada millət vəkilləri, jurnalist qadınlar,
ziyalılar, ictimai xadimlər iştirak etdilər. Tədbirə
sədrlik edən Azərbaycan Jurnalist Qadınlar
Assosiasiyasının prezidenti Sevil Yusifova bu hadisəni atəşgah
dövründə ermənilər tərəfindən
atılmış növbəti vandalizm kimi qiymətləndirdi.
Və indiyə kimi ermənilər tərəfindən qətlə
yetirilmiş uşaqların ruhunu bir dəqiqəlik sükutla
yad etməyi təklif etdi. Sonra S.Yusifova bildirdi ki, Azərbaycan
torpaqlarının 20 %-ni işğal altında saxlayan Ermənistan
Respublikası və onun təcavüzkar silahlı qüvvələrinin
hərbçiləri azyaşlı uşaqlara yönəlik
bu cür amansız qətl faktları ilə insanlığa,
bəşəri dəyərlərə, humanizm prinsiplərinə
düşmən olduqlarını bir daha dünyaya sübut
etdilər. "Ancaq bizi təəssüfləndirən odur
ki, dünyanın gözü qarşısında baş verən
bu qanlı olaylara, məsum uşaqlara qarşı aparılan
vandalizm siyasətinə özlərinə "demokratik
don" geyindirən qərb hələ də siyasi qiymət
verməyib. Nüfuzlu beynəlxalq uşaq təşkilatları
da doqquz yaşlı Farizin qətlə yetirilməsini indiyə
kimi qınamayıblar. Bu ikili standartlar həmin dövlətlərin
demokratik düşüncə tərzlərindən uzaq
olmalarını ortaya qoyur".
Tanınmış
publisist, filologiya elmləri namizədi Sona Vəliyeva qeyd etdi
ki, 9 yaşlı Farizin atəşkəs zamanı
öldürülməsinə göz yumursa,
qarışmırsa, o zaman Qərb, dünya arenası Azərbaycanın
heç bir daxili işinə qarışmasın. "20 ildə
qaçqınlarımız oldu, körpələr, gəlin
qızlar öldürüldü. Bu ağrıları ürəyimizə
salıb dözdük. Bu, müharibənin qanunundur. Ancaq atəşkəs
zamanı məqsədyönlü şəkildə 9
yaşlı oğlanın öldürülməsi artıq
müharibə qanunu deyil". S.Vəliyeva Azərbaycan
reallıqlarının dünya ictimaiyyətinə
çatdırılmasının yeni metodlarının
tapılmasını, təbliğat vasitələrinin yenilənməsini
olduqca vacib sayıb.
Dəyirmi
masaya qatılan digər qonaqlar- redaktorlar, yazarlar bu hadisəni
dəhşətli fakt kimi qiymətləndirdilər və tədbirin
sonunda hazırlanacaq bəyanata öz təkliflərini verdilər.
Daha sonra dəyirmi masada bəyanat
oxundu.
Ədalət.- 2011.- 19 aprel.- S. 3.