YAĞMUR
ÇİÇƏKLƏRİ
Torpaq
üçün yaz yağmurları axarlı, baxarlı,
xeyirli-bərəkətli olur. Onlar əvvəl-əvvəl çölləri,
talaları yaxşıca yuyur, çimizdirir,
ağırlığını, uğurluğunu
dağlara-daşlara uçurur. Sonrasa gül-çiçək
toxumları kimi səpilməyə başlayır.
Şair
təbiətləri bircə fəslə
sığınıb qala bilməyir. Nəsimidə iki cahan
yerləşə bildiyi halda bir cahana
sığmadığı kimi, onun şair xələfləri
də dolub boşalmaq üçün bir fəslə
sığışa bilmirlər. Yaz-qış, yay-payız
buludlana və öz poetik incilərini səpə bilirlər.
Qələm
dostlarımın hər təzə kitabını onların
poetik göyqurşağına
bənzədirəm. Yağışdan-yağmurdan çıxmış şeir
əzabkeşlərinin təntənəsi hesab edirəm.
Qarşımda
belə qövsü-qüzehlərdən biri də
alışıb yanmağındadır: Telman Dəmir, -
"Bir ömrün yağmurundan" müəllifin poeziyaya
ilk addım səslərini eşidənlərdənəm.
Haqqında, nadir adamlara uğur diləyən Əli Kərimin
"Azərbaycan gəncləri"ndə xeyir-duasını
da oxumuşam. (Unudulmaz Əlinin həmin diləkçəsi
təmtaraqlı təriflərdən deyil, məsuliyyətə
çağırışdan ibarət idi. Balaca bir yazıda o
Gənc Telman Dəmirin poetik mənzərəsini yarada
bilmişdi; "Telmanın misralarının çoxunda hələ
sözlər bir-biriylə qonşu olmaq istəmir".
Şeir səfərbərliyinə Əli
çağırışı get-gedə öz bəhrəsini
vermiş, sözləri qonşu edə-edə, onları poetik
evciklərə yerləşdirə bilmişdi).
Ustad
şairləri şeirimizin
böyük nəhrlərinə bənzədə bilsək,
kitabdan-kitaba inkişaf edən şairin bu mərhələsini
də axtarışlarının davamı saya bilərik. Bunu
bir növ kitabın redaktoru Xaliq Rəhimlinin sözləri də
təsdiqləyir: Müasir poeziya nəhrində Telman Dəmirin
öz qolu var. Telman
Dəmir qolu bir kimsəyə yarınmadan minnətsizcə
axır və çağladıqca da durulur, saflaşır.
Şairlərin
yaradıcılığı bir növ onların poetik tərcümeyi-halıdır.
Əvvəlki kitablarından fərqli bu dəfə müəllif
özünü oxucuya daha yaxından, necə var elə,
olduğu kimi göstərməyə çalışır.
Bu da
ilk şeirindən başlayır. Haqsızlığa
düçar qaldığı qürbət ömrü
keçirdiyi Ural dağlarından öz əks-sədasını
verməyə başlayır:
Qürbət ömrü, -
bu yaşam ha deyil,
günlərdən çox
qurutmaqdı
bircə payızı yaşamaq,
yaşayıb, vaxt saraltmaqdı.
Qürbət ömrü, -
üzüntü , göynək
kimidi
görünməz alt paltarı, -
sarı köynək kimidi.
Həmişə
çəkdiyi ağrılara, acılara baxmayaraq,
üzündən gülüşü, gözündən
inamı əskik etməyən Telman bu dəfə oxucularla
görüşünü hüznlə başlayır. Onun
qürbət silsiləsinin dərd tutumu get-gedə
çoxalır, ağırlaşıb qara daşlara, qayalara
çevrilir. Hər şeirində həmin çilənin, əzabın
bir çalarını görür, bir adını
eşidirik onlardan biri də Vətən yetimliyi adını
alır. Telman bütün bunları öz ömrü-günü
ilə bağlamaqla kifayətlənmir. Onları bəşəri
dərdlərlə paralelləşdirir, ümumiləşdirir:
Daşların ən
ağırıdı
Demə, Vətən yetimləri
İçəridə gecə-gündüz
Quzu mələr, qüzü mələr.
İndi bildim Nazim Hikmət
Nələr çəkmiş,
Nələr, nələr
Çox
deyiblər böyük ədəbiyyat, böyük
ağrılardan yaranır. Zaman sənətkarları dəlik-deşik
eləyib, ney kimi çalır. Bunlar, həmin əzabları
yaşayanların yaradıcılığından əyani
şəkildə, poetik mənzərəsiylə
göründükdə inanmaq olur. Nazim Hikməti Türkcəsində
yaşasaydı iyirminci yüz ilin mavi gözlü div şairi
Vətən yetimliyinə məhkum olmasaydı yəqin ki,
tamamilə başqa əhval-ruhiyyəli şair olacaqdı.
Halbuki Nazim Hikmət yaradıcılığından ona xətt
kimi qürbət ağrısı keçdi. Öz sözləriylə
desək, onda bir qovaq ürpərdi, harada olsa səsi gəldi,
mühacirliyindən bəri. Gah dənizə dönüb
Üsküdarının ayaqlarına yetmək, gah da bir ceviz
ağacı kimi Gülxanə bağında bitmək istədi.
Təəssüflər olsun ki, Anadolusunda sonralar qara
torpağa əyilib, alnının tərini silib, tək bir
qovaq əkəmmədi.
Müvəqqəti
qürbət ömrü Telman Dəmirin şeirlərinin
hamısından boy göstərir,
ağrı-acılarının poetik mənzərəsinə
çevrilir. Onları oxuyarkən Damcılı
bulağının sal daşları, çardaxlı
qayaları gözümün önünə gəldi. Təbiətin
möcüzəsi daşları, qayaları su süzgəcinə,
necə deyərlər su saatına döndərə bilib.
Telmanın qürbət şeirlərinin hamısından belə
ağır damlalar fışqırmağındadır:
Ona dözmək də olmayır
Dəvə oğlu, dəvə
kimi
Yeyir içini, başına
Görünməyən nüvə
kimi
Qürbət bizim beynimizdə,
Qürbət bizim çiynimizdə,
Yaşayırıq,
Daşıyırıq,
Dərdlə dolu heybə kimi.
Müəllif
şeirlərinin çoxunu qələmə alarkən bəlkə
represiya qurbanlarımızı, onların ağsaqqalı dahi
Cavidi gözü önünə gətirmişdi:
Yolçusunu yandırmada
Qışda belə təndir
yollar,
Çox ömrü dustaq eyləyib
Dövrlənib kəndir yollar.
Görünür
o illərdən qalma komalar, baraklər dəyişməyibmiş,
bircə sakinlərindən başqa. Telman
fırçasıyla, qələmiylə küskün yerlərin
mənzərəsini belə yaradır:
Hər koma bir qış yuvası,
Bir qəfəs, bir quş
yuvası
Umüdə uçuş yuvası
Üstündən sazım
asılı.
Yaralı şir mağarası,
Dərdli şair mağarası
Bir sinəylə dağ arası
Ömürlər dağlarla
qazılı.
Ümumiyyətlə,
qürbət şeirləri bir şairin sarıya çəkilişi,
payız yaşamıdı. Amma Telman Dəmir öz xəzan
yarpaqlarını poetikləşdirib. İndi onlar bir növ
kitablar arasında qalmış gülləri, yarpaqları
xatırladır. Həmin şeirlərin hər biri onun
ömür-gün kitabı arasındakı sarı
yarpaqlardı.
Qürbət
şeirlərinin birində Telman, Uraldan çay kimi axıb
doğma yerlərə çatmaq istəyirdi. Sonrakı
şeirlərindən arzusuna çatdığı bəlli olur. Artıq onu Türyanruk. Doğma yerlərin
abı-havası, gülü-çiçəyi ilə
yaralarına sanki məlhəm qoymaq istəyir.
Bulaqlardan göz al sən,
Lalələrdən göz al sən
Yan, yan, Qəmərvan,
Can, can Qəmərvan.
Bu dəfə
doğma yerlərə yetkin yaşda, bitkin qələmlə
döndüyündən şair qayıtdığı mövzuları
da yeni poetik rəng çalarlarıyla bəzəyə bilir.
Onların hamısından doğma yerlərə məhəbbətin
bir az da artdığı boy göstərir.
Türyançay
Gümüşlə yazılı
Bu yerlərin baxtına
Dönübdü su vaxtına
Türyançayın su, Qəmərvanın gül vaxtına
düşdüyü zamanda sanki öz
uşaqlığını da görə bilir:
Moruq yığan uşaqların
Əlləri cırmaqlı,
qanlı
Axı böyürtkanların
Yanı, böyrü tikanlı
Onlar maşınlara
Moruq işığı
yandırıb
Neçəsini dayandırıb
Dönürlər yol basa-basa
Moruq pulunu çoxu kitaba verir
Heyf, min heyf
Biri də papirosa.
Ümumiyyətlə,
şeirə gəlməmişdən onun zəhmət, əziyyət
tərəfini görə bilənlər, həmin
dolayları, aşırımları keçənlər kəmiyyət
üçün yazmırlar. Bir şeir ovçusuna
dönüb elə hey dörd-həndəvərə gözlərini
tuşlayırlar. Poetik anları görə bilib ürəklərinin
süzgəcindən keçirəndən sonra ortaya
çıxarırlar. Mənə elə gəlir ki, şeirlər
belə bir məsuliyyətdən yaranıb. Onların
hamısı əzabkeş bir şair yağmurunun təbii
çiçəkləridi. Mən də redaktor kimi kitabı
oxucu mühakiməsinə buraxıram.
Telman
Dəmir şeirləri gəncliyimdən onu
tanıdığımdan məni ötən, Əli Kərimli,
Sərdar Əsədli günlərimə qaytardı. Bu
şeirlərdən onların ruhu da göründü. Şəhərdə
məskunlaşmağımızda hamımızın
xeyirxahı olmuş Azad Talaşoğluya bir dəfə sual
vermişdim.
- Ən
çox hansı musiqiylə təsirlənmisiz?
- Əli
Kərimli cənazəsi üstə çalınan kaman məni
doğram-doğram edib.
Axı
Əli vəsiyyət etmişdi ki, üstündə bir kaman
çalınsın, dostların biri də şeir oxusun.
Şeirlə musiqinin möcüzəsiylə oynamağa dəli
bir ümidi var idi.
Bu
sözləri Azad deyə bilərdi. Kaman çalanı o gətirmişdi.
Qürbətdən
qayıdanda Telmandan soruşmuşdum. Ən ağır
günün hansı olub.
-
Yük maşının üstə əlinin tabutunu
Göyçaya apardığım gün.
Bunu
Telman Dəmir deyə bilərdi. Bakıdan Göyçaya kimi
yük maşını üstə Əli Kərimin canlı
məzar daşına o çevrilmişdi.
Vaqif Nəsib
Sarıhüseynoğlu
Ədalət.- 2011.- 19 aprel.- S. 6.