Azərbaycana sevgilərlə...

 

Handan Kayaköküdən şeir kitabı və rəsm sərgisi

 

Handan xanım Kayakökü qəlbində Azərbaycan sevgisi gəzdirən insanlardan biridi. İctimai fəaliyyətinə nəzər salanda, yazdığı şeirləri oxuyanda və çəkdiyi rəsm əsərlərinə baxanda bunu duymamaq mümkün deyil. 1932-ci ildən fəaliyyət göstərən Ankara Klubu Kadın Kollarının sədri Handan Kayakökü haqq savaşında həmişə Azərbaycanın yanındadı.

 

Mübariz qadın, incə ruhlu şair, istedadlı rəssam...

 

Bu günlərdə növbəti dəfə Bakıya səfər edən Handan xanım fərdi sərgisində əl işlərini sənətsevərlərə təqdim etdi. Azərbaycandakı dostları, məsləkdaşları da ona maraqlı hədiyyə hazırlamışdılar. Handan Kayakökünün Bakıda ilk şeirlər kitabı işıq üzü gördü.

Hər iki əlamətdar hadisənin təşkilatçılarından biri- Universitet Təhsilli Qadınlar Cəmiyyətinin sədri Tamam Cəfərova şairənin "Mavilerim tunada saklı" kitabında Handan xanımı belə xarakterizə edib: "... Handan Kayakökü həyatımda özüm üçün kəşf etdiyim sözün əsl mənasında böyük, qeyri-adi İNSAN, mübariz QADIN, sadiq DOST, özəl bir dünyası olan ŞAİRƏ, rənglərlə danışan RƏSSAMdır...

... Onun yaradıcılığında söz, rəng və musiqi notları kəsişir. Handan Kayakökünün şeirlərini oxuduqda gözlərinin önündə rəngli tablolar canlanır, rəsmlərinə baxdıqda isə orada şeir və musiqini duyursan...

Handan Kayakökünün şeirləri rəngli olduğu kimi, həm də musiqilidir. Hər şeirin öz notu var.

Handan xanımın şeirlərindəki qadın obrazları mübariz insanlardır. Bu da onun xarakterindən gəlir. Handan Kayakökü şair olmaqla yanaşı qadın azadlığının mübarizəsinə qalxan mübariz xanımlardan biridir. Onun şeirlərində cəfakeş, övladlarını sonsuz məhəbbətlə sevən, mehriban ana obrazı ilə mübariz, cəsarətli, özgür qadın obrazı kəsişir. O, təkcə ədəbiyyatda yox, gündəlik həyatda da qadını fəal, mübariz bir insan kimi görmək istəyir.

 

Dokunmayın bu kadın onuruma

Yıkılmaz duvarları yıkar

Onulmaz acıları yaşarım

 

("Kadınım ben" şeirindən)

 

Handan Kayakökünün şeirlərində doğulub böyüdüyü torpağa, Türkiyəyə olan sevgi ilə ata, babaların vətəni Krım torpaqlarına olan sevgi kəsişir. Və Böyük, Bütöv Türk dünyası olur "kəsişmə nöqtəsi"!

Azərbaycanla Türkiyənin "kəsişmə nöqtəsi"dir Handan Kayakökünün Azərbaycanda işıq üzü görən bu şeir kitabı..."

 

Barış, ədalət çağrışları və "İstanbulda lalələr"

 

Ana, şairə və rəssam Handan xanım şeirlərində dünyaya çağırış edir. Barış və ədalətin təntənəsinə çalışır. İraqda, Əfqanıstanda, Fələstində, Balkanlarda axıdılan qanların durdurulmasına nail olmaq amacı ilə səslənir. Handan Kayakökü Azərbaycanı sevən bir insan kimi xalqımızın Qarabağ, Xocalı dərdi barədə şeirlər yazır. Bu şeirlərdə üzləşdiyimiz ədalətsiz müharibənin gətirdiyi faciələri göstərir. Onun "Ölü bebekler destanı", "Üçüncü sahifa haberi", "Sokakın cocuğuna" kimi şeirlərini həyəcansız oxumaq mümkün deyil.

Müəllifin Bakıda çap olunan "Mavilerim tunada saklı" şeirlər kitabı "İndiqo" mətbəəsində hazırlanıb. "Lider Qadınlar" İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı kitaba ön söz yazıb. Məlahət xanım bu kitabı Türk dünyasının birliyini və möhtəşəmliyini özündə əks etdirən bir nümunə adlandırıb: "...Handan xanımın kitabı dünya insanını qorumağa səslənişlə yanaşı, türk xalqlarının öz möhtəşəmliyini dünyaya tanıtmaq naminə birləşməsinə, bir yumruq olmasına çağırışın və buna inamın təntənəsidir. Tarixi bir, kökü bir, dili bir, dini bir olan türk xalqlarının amalının, gücünün də bir olması bu günümüzün, tarixi reallığın tələbidir..."

"Lider Qadınlar" İctimai Birliyinin və "Universitet Təhsilli Qadınlar" Cəmiyyətinin ərsəyə gətirdiyi kitab Handan Kayakökünün rəsm əsərlərindən ibarət sərgisinin açılışında təqdim olundu. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonuna toplaşanlar Handan xanımın "Allah", "Allahın 12 adı", "İstanbulda lalələr" və digər əsərlərini maraqla qarşıladılar.

  

  

E.Cəbrayıloğlu

 

Ədalət.- 2011.- 19 aprel.- S. 6.