Fərhad Bədəlbəyli:
"Müğənni, biznesmen, polis olmaq istəyirlər,
çünki qəhrəmanlar
bu gün bunlardır"
Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının rektoru, pianoçu, xalq
artisti Fərhad Bədəlbəylinin Kulis.az-a müsahibəsi
- Musiqi Akademiyasına yenidən
Üzeyir bəyin adını bərpa etdirdiniz. Məsələ
necə öz həllini tapdı?
- Təmirdən
sonra dövlət başçısı bura gəldi, mən
də ona izah etdim ki, bu ocağın özülünü o
qoyub, Üzeyir bəyin adını da
daşımalıdır, yoxsa paradoks vəziyyət
yaranır. Prezident həmin gün də fərman verdi ki,
Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adı bərpa
olunsun. Məncə bu informasiyanı ona verən yox idi,
yaxşı ki, bura gəldi məlumat verdik.
- Amerikada Üzeyir bəyin
romanslarını Fidan və Xuraman Qasımovalarla birgə ifa
etmisiniz, xarici tamaşaçı inana bilməyib ki, bunlar Azərbaycan
bəstəkarlarının romanslarıdır?
- Təkcə
Üzeyir bəyin yox, Fikrət Əmirovun, Asəf
Zeynallının, Tofiq Quliyevin romanslarını ifa etdik,
inanmaq istəmirdilər ki, müsəlman ölkəsində
romans janrı belə inkişaf edib. Romans elitar janrdır.
- İndi romans yazan yoxdur...
-
Çətindir, əruzu bilmək lazımdır, romans yazmaq
üçüm hərtərəfli bəstəkar
olmalısan. Diringi (ara mahnısı-kulis.az) yazmağa nə
var
- Bəstəkarlar bunu bir az da maddi
çətinliklə əlaqələndirirlər ki, ciddi musiqi
yazmaq üçün maddi təminat lazımdır?
- Bəyənmədiyim
Sovet vaxtı ciddi musiqi yazan bəstəkarlara diqqət
vardı. Bir ay göndərirdilər istirahətə,
bütün şəraiti də yaradırdılar ki, yaz.
İndi kim yaradır o şəraiti. Şou-biznesdə
çalışanların hamısı özfəaliyyətlə
məşğuldu. Romans yazmaq hər bəstəkarın da
işi deyil
- İndi musiqi təhsili də əvvəlki
səviyyədə deyil.
- Təhsil
sistemi tamlıqda necədirsə, musiqi təhsili də onun bir
qoludur. Cəmiyyətin bir qolu da təhsildir, cəmiyyət dəyişir,
təhsil də dəyişir. Biz musiqi ilə peşəkar səviyyədə
məşğul olurduq, amma tarixi, ədəbiyyatı da
öyrənirdik. Xarici ölkələrdən gələn həmkarlarımız
bizə həsəd aparırdılar ki, sizdə təhsil hərtərəflidir.
Bülbül adına məktəbdə bizə tarixi elə
keçirdilər ki, elə bil tarixçi idik. İndiki
uşaqlar heç Heraklı, Zevsi tanımırlar. Amerikada
çox tanınmış bir professor var, prezidentləri kimdir
bilmir, ancaq insanın orqanlarında əməliyyat etməyi
bilir. Sovet İttifaqında akademik təhsil çox yüksək
səviyyədə idi. Adi peşə məktəblərində
peşəkar dülgərlər, çilingərlər, fəhlələr
hazırlanardı, indi evləri tikənlərin tikintidən xəbəri
yoxdur. Yalandan daşı daş üstə qoyurlar.
İxtisaslı fəhlə sinfi yoxdur. Hər sahədə
özfəaliyyətdir. Jurnalistikada bu yoxdur? Əlbəttə
var. O qədər qeyri-peşəkar məqalələr
çıxır ki. Rusiyanın özündə də belədir.
Qəhrəmanlar banditlərdir. Hamı bir-birini aldadır,
kriminal hadisələr hər addımda baş verir. Bizdə də
elədir. Altında xarici maşını var, adamın
üstünə çıxır, nəzərə almır
ki, bura maşın yeri deyil, burda sürmək olar, ya yox. Mədəniyyət
yalnız musiqi deyil axı, davranış qaydaları da mədəniyyətdir.
- Hər sahədə qeyri-peşəkarlara
meydan vermək, qanmazı başa keçirib səlahiyyət
sahibi etmək adama elə gəlir ki, sərhəd
rayonlarına sürünənləri gətirib buraxıb,
sonra da adını ilanların hücumu qoymaq kimi bir təxribatdır?
- Mən
sizinlə tam razıyam. Əgər istəyirik ki, gələcək
nəsil təhsilli, vətənpərvər olsun, bununla
xüsusi məşğul olmaq lazımdır. Bu böyük
problemdir, sonumuz görünmür. Bədii əsərlər,
filmlər, hərtərəfli təbliğat maşını
işləməlidir. Sovet vaxtı necə Lenin haqqında
filmlər çəkirdilər və o işləri peşəkarlar
edərdilər. Əksəriyyəti yalan, əfsanə də
olsa, sən demə heç Qış sarayına
hücum-filan olmayıb, amma...
- Amma gözəl əfsanə
idi..
- Bəli,
peşəkar əfsanə idi, ona görə də
hamımız qəhrəman olmaq, kosmonavt olmaq istəyirdik. Bu
gün heç hərbçi olmaq istəyən uşaq
yoxdur, müğənni, biznesmen, polis olmaq istəyirlər,
çünki qəhrəmanlar bu gün bunlardır.
- Fərhad Bədəlbəyli bu
yönümdə nə edə bilər, bəlkə əliniz
çatan, ününüz yetən bütün yuxarı mərtəbələrdə,
tribunalarda siz bunları desəniz eşidilər?
-
Deyirik, nazirliklərdə, Ramiz Mehdiyevin qəbulunda demişəm,
mətbuatda deyirəm. Mədəniyyət kanalı
açılanda da dedim. İndi şükür ki, Cəmil
Quliyev ciddi mədəniyyət verilişləri verir, köhnə
tamaşalardan göstərirlər. O tamaşalar çox səviyyəli
işlərdir. "Hicran"ı atam qoymuşdu Musiqili
Komediya Teatrının səhnəsində anşlaqla
keçirdi. İndi nə hazırlayırlar teatrlarda?
- Arif Məlikovun "Məhəbbət
əfsanəsi" səhnəyə qoyulmur, deyirlər, bizim
opera səhnəsində kadrlar yoxdur?
- Elə
bir problem var. Bizim xoreoqrafiya məktəbində peşəkarlar
yoxdur ki, peşəkar kadrlar hazırlasınlar. Sovet vaxtı
orda yəhudilər, ruslar kadrlar hazırlayardılar. Bizimkilər
öz qızlarını balet məktəbinə qoymurlar. Bununla
da məşğul olmaq lazımdır. Necə ki, xaricdən
futbolçular gətiririk, elə də peşəkar sənətkarlar
gətirmək lazımdır. Ciddi sənət heç vaxt
pul gətirmir, onun arxasında dövlət vəsaiti
durmalıdır. Ya BƏƏ kimi ciddi sənətdən əl
çəkməliyik, ya da sadəcə məşğul
olmalıyıq. Biz ki, BƏƏ deyilik, bizdə ciddi sənətin
tarixi var, məktəbi var, davam etdirmək lazımdır.
Bizim dramaturgiyamız var, "İblis", "Dəli
yığıncağı" gözəl nümunələrdir,
klassik musiqimiz var.
- Yeri gəlmişkən, o əsərlər
də indi teatr səhnəmizdə yoxdur. Deyirlər imkan
yoxdur, amma 60-cı illərdə həmin imkan olub.
-
60-cı illər Azərbaycan incəsənətinin intibah
dövrü olub. İndi böyük problemlər məngənəsindəyik.
Qəribə də burasındadır ki, indi tənqid edirsənsə
düşmənə çevrilirsən. Müəllimim
deyirdi ki, konsertdən sonra qohum-əqrabanı dinləmə,
onlar səni tərifləyəcəklər, sən bir yəhudi
tap onun fikrini dinlə. Tənqid cəmiyyətin lokomotividir.
Bizdə ya tərif var, ya da təhqir.
- Bu hal da kütləvi xarakter daşıyır. Bir dövr siyasətə
qoşulmaq istədiniz,
amma iclaslardan birində Xudu Məmmədov sizin qollarınız üstündə
dünyasını dəyişdi
və siz anladınız ki, siyasət çirkin oyundur. O vaxtdan sonra yenidən siyasətə qoşulmaq fikrinə heç düşmədiniz?
- Mən
Qarabağ icmasının üzvüyəm, sadə
qarabağlı kimi iştirak edib sözümü deyirəm.
Siyasətlə gərək peşəkarcasına məşğul
olasan, mənim yerim deyil. Xarici ölkələrdə oluruq,
indi qərara almışıq ki, bütün Avropanı gəzib
həyasızlıq edək, çünki ermənilər həyasızcasına
atdığı addımlar sayəsində dünyaya səslərini
çatdırırlar. Onlarda həyasızlıq peşəkar
səviyyədədir. Biz isə abırlı tərpənməklə
heç nə əldə edə bilmirik. Qənirə
Paşayeva sessiyada hayasızlıq elədi, yaxşı
iş gördü. O, deputatdır, mən sadə Qarabağ vətəndaşıyam,
deyirəm ki, mənim evimi əlimdən alıblar. Bu fəaliyyət
ən müqəddəs fəaliyyətdir. Qarabağla
bağlı məsələlərdə nə dövlət
adamı, nə müxalifət, nə də siyasətçi
olmaq yox, sadə vətəndaş kimi birləşmək
lazımdır. Hər görüşdən sonra gərgin
yorğunluq hiss edirəm, hər görüş bir mübarizədir.
Qayıdıb kabinetə içmək istəyirəm, çünki
onlar bir söz deyirlər, başa düşürəm ki,
aldadırlar bizi, uzadırlar vaxtı. Neynəyək, hegemon
ölkələrdir, Azərbaycanın taleyi belədir, qərbdə
düşmən, şimalda düşmən, cənubda
düşmən, hamısı da bizdən nefti qoparmaq
üçün yola verirlər. Liviya hadisələrindən
sonra siyasətdən əsaslı surətdə zəhləm
getdi. Nə qədər ikili standartlarla hərəkət etmək
olar. Mənim üçün mədəniyyət daha
yaxındır. Din də böyük silahdır. Ondan da istifadə
etmək üçün dini lider lazımdır. Bizi din də
birləşdirmir. İrandan Qarabağa benzin
daşıyırdılar, sürücülər
hamısı ordakı azərbaycanlılar idi. Bilə-bilə
ki, bunlar o yanacaqla Şuşanı işğal edəcəklər
necə onlara yanacaq verə bilirsiniz. Xristianlar
bir-birini daha
yaxşı tutur.
Ədalət.- 2011.- 19 aprel.- S. 8.