ƏFRASİYAB BƏDƏLBƏYLİ...
MUSİQİMİZİN DÜNƏNİ,
BU GÜNÜ VƏ SABAHI
"Tarixə
yazılıb bu ad, bu soyad"... "Əbədidir məhəbbətin,
əbədi"... Əfrasiyab Bədəlbəylinin
çox yaxın sənət və həyat dostu Rəfiq Zəka
Xəndanın onun 60 illiyinə həsr etdiyi şeirdən gətirdiyimiz
bu sətirləri maestronun həyat-yaradıcılığına
epiqraf seçmək olar.
1907-ci il, aprelin 19-da anadan olub. 70 illik
ömrünü Azərbaycan musiqi mədəniyyəti və
incəsənətinin
inkişafına və təbliğinə həsr edib. Bu şərəfli həyat-yaradıcılıq
yolunda musiqimizə yeniliklər, nailiyyətlər, tərəqqi
və şöhrət qazandırıb. Əməkdar
incəsənət xadimi, Xalq artisti fəxri adları ilə,
onlarla orden və medalla, yüzlərlə fəxri fərmanla
təltif olunub. Amma düşünmək olar ki, hələ
gənclik illərindən ona hamılıqla ünvanlanan və
bu sözün əsl yüksək dəyərini ehtiva edən
"MAYESTRO" xitabı Ə.Bədəlbəylinin xalqa və
onun mədəniyyətinə xidmət yolunda
qazandığı ən ali fəxri
addır.
Bəstəkar, dirijor, musiqişünas-alim, musiqi tənqidçisi
və publisisti, muğamşünas,
musiqi şərqşünası, musiqi təbliğçisi,
tərbiyəçisi və maarifçisi, musiqi-ictimai xadim,
jurnalist, dilçi. Ə.Bədəlbəyli belə
çoxşaxəli yaradıcılıq və fəaliyyətə
malikdir. Bu məqaləmizdə isə yalnız bəstəkar
və dirijor kimi fəaliyyətinin bəzi məqamlarından
bəhs edəcəyik.
Əfrasiyab Bədəlbəylinin ilk bəstəkarlıq
addımları dram tamaşalarına yazdığı musiqi
ilə başlayır. Onun bəstəkarlığa teatrda qədəm
qoyması sonrakı illərdə yaradıcılığına, janr,
mövzu və üslub seçiminə, professional fəaliyyətinə
əsaslı təsir göstərir. Ə.Bədəlbəylinin
bəstəkarlıq fəaliyyəti teatrla
başladığı kimi, teatrla davam etmiş və teatrla da
bitmişdir. Söhbət əlbəttə, bəstəkarın
yazdığı operalardan və baletlərdən, son əsərləri
olan "Söyüdlər ağlamaz" operasından və
"Xoreoqrafik freskalar"dan, çoxsaylı dram tamaşalarına
bəstələdiyi musiqidən, balet və operalara yazdığı librettolardan, Azərbaycan Teatr Cəmiyyətinin
üzvü
olmasından, Avropa, rus, gürcü bəstəkarlarının
operalarını dilimizə tərcümə etməsindən,
tənqidi-publisist fəaliyyətində
operalara və opera problemlərinə aid çoxsaylı məqalələr
yazmasından gedir. Maraqlıdır ki, Ə.Bədəlbəylinin
dirijorluq fəaliyyəti də məhz teartda
başlamış və teatrda davam etmişdir. Musiqili teatr Ə.Bədəlbəylinin həyat-yaradıcılıq
bioqrafiyasının "əsas mövzusu"dur, ana xəttidir,
təyinedici meyarıdır.
Bəstəkarlıq
və dirijorluq fəaliyyətini teatrdan başlaması
heç də təsadüfi deyildi: O dövrdə
Ü.Hacıbəylinin klassik professional musiqinin təməlini
opera ilə qoyması, muğam-operalar və musiqili komediyalar
yazması, M.Maqomayevin yaradıcılığında
operanın əsas yer tutması, dövrün operaya olan tələbatı,
geniş kütlələrin professional musiqiyə opera vasitəsilə
maraq göstərməsi. İkincisi, 1920-ci illərdə
Ə.Bədəlbəyli Dövlət Türk Musiqi Texnikumu ilə
yanaşı, Bakı Teatr texnikumunda da oxumuşdur. Teatr təhsili, dövrün görkəmli səhnə
ustaları ilə, Cəfər Cabbarlı ilə yaxın
ünsiyyəti, onun ilk bəstəkarlıq yolunu teatrla bağlayan səbəblərdən
idi. Başqa bir əsaslı səbəb
ailədən gəlirdi. Əfrasiyabın
atası - dövrünün maarifçi ziyalısı Bədəlbəy
Bədəlbəyov həm də musiqi istedadına malik idi,
Şərq konsertlərində, bəzi muğam-operalarında
iştirak edirdi. Əfrasiyab uşaq
yaşlarından atası ilə dram, opera tamaşalarına
gedirdi. Həm də ailənin yaxın çevrəsi -
qardaşı Şəmsi, əmisi Əhməd Ağdamski, doğma
qohumları Üzeyir bəy, Zülfüqar bəy,
Ağalar Əliverdibəyov bilavasitə teatra, operaya bağlı insanlar
idilər. Nəhayət, Ə.Bədəlbəyli
musiqi bəstələyənə qədər "Leyli və
Məcnun" və digər operalar
haqqında maraqlı məqalə və resenziyalar yazmaqla, zənnimizcə,
artıq özünün bədii maraq dairəsini də
müəyyən etmişdi. Bu
mənada, onun bəstəkarlığa teartla qədəm
qoyması təbii və məntiqli idi.
Ə.Bədəlbəylinin 1928-ci ildə Cəfər
Cabbarlının "Od gəlini" əsərinə bəstələdiyi
musiqi teatrın kollektivi və tamaşaçılar tərəfindən
müsbət qarşılanır. İlk uğuru onu daha
da ruhlandırır. 1920-30-40-cı illərdə
C.Cabbarlının "Sevil", "Almaz", "1905-ci ildə",
"Yaşar", "Solğun çiçəklər", A.Afinegovun
"Qorxu", M.F.Axundovun "Hacı Qara", "Müsyo
Jordan", H.Cavidin "Knyaz", "Səyavuş",
S.Vurğunun "Xanlar", "Fərhad və Şirin",
M.S.Ordubadinin "Dumanlı Təbriz" və b. dram
tamaşalarına musiqi yazır. Eyni zamanda,
1928-1932-ci illərdə teatrın musiqi bölməsinin rəhbəri
işləyir.
1930-cu ildən Ə.Bədəlbəylinin
yaradıcılıq bioqrafiyasında yeni və uğurlu bir mərhələ
başlayır. Dövlət Opera Teatrının dəvəti
ilə 1930-cu ilin mayından "türk operalarının
dirijoru" kimi fəaliyyətə başlayır. Azərbaycan
operalarına dirijorluq etməsi onun gələcək
professional məramını və yaradıcılıq
mövqeyini müəyyənləşdirir...
Ə.Bədəlbəyli
iki il ərzində dirijorluq təcrübəsini
və nüfuzunu bir qədər də artırmağa nail
olur. Bununla belə, musiqi təhsilini davam etdirmək
arzusu onu daim düşündürür. 1932-ci
ildə Moskva Dövlət Konservatoriyasında prof. K.Saracevin
dirijorluq sinfində təhsil almağa başlayır. Qısa müddətdə bir neçə əsər də bəstələyir.
Lakin təhsilini davam etdirə bilmir. Arxiv sənədləri
belə deməyə əsas
verir ki, bir il sonra respublikanın hökumət
rəhbərliyi onu təhsilindən ayırıb Bakıya
çağırır və məsul tapşırıq
verir. Rus bəstəkarı R.M.Qliyerin
"Şahsənəm" operası üçün o,
C.Cabbarlı ilə birlikdə operanın librettosunu yenidən
işləyir və əsərin yeni redaktədə
tamaşaya qoyulmasında iştirak edir. Bu
xidmətinə görə gənc bəstəkar Mərkəzi
İcraiyyə Komitəsi tərəfindən "Fəxri fərman"la
təltif olunur.
İşlərini tamamladıqdan sonra Leninqrada təhsil
almağa göndərilir. 1934-1938-ci illərdə
Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi
texnikumunun bəstəkarlıq şöbəsində
(B.İ.Zeydmanın sinfində) təhsil alır. Eyni zamanda Leninqrad Dövlət Opera və balet
teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi
ilə həmin teatrda dirijor asisstenti işləyir və təcrübə
toplayır. Aldığı təhsil, bilik və təcrübə
ilə yanaşı Leninqradın zəngin musiqi həyatı,
simfonik və kamera konsertləri, opera və baletlər,
ünsiyyətdə olduğu musiqi ictimaiyyəti gənc Əfrasiyabın
bəstəkar və dirijor kimi professional səviyyəsini daha
da yüksəldir, onun ümumi professional musiqiçi mədəniyyətinə
müsbət təsir göstərir. Leninqrad musiqi texnikumunun Ə.Bədəlbəyliyə
təhsil haqqında verdiyi 1938-ci il, 18 iyun
tarixli attestatın bu texnikumun qeydiyyat kitabındakı nömrəsi
"1021"-dir. Attestatda onun bəstəkarlıq şöbəsində
bəstəkar ixtisası aldığı
yazılmışdır. Bu sənəddə Ə.Bədəlbəylinin
musiqi və ictimai fənlər üzrə yekun qiymətləri
də göstərilmişdir: ixtisas - əla, musiqi tarixi - əla,
solfecio -yaxşı, harmoniya - yaxşı, polifoniya
-yaxşı, forma təhlili - əla, fortepiano - yaxşı,
alətşünaslıq - əla, instrumentovka - əla.
Yeri gəlmişkən, Ə.Bədəlbəyli müəllimi
B.Zeydman ilə uzun illər səmimi yaradıcılıq
ünsiyyəti saxlayır və yaxın dostluq münasibətlərində
olur. Maraqlıdır ki, Ü.Hacıbəyli Bakıya
qayıdan Ə.Bədəlbəylinin təşəbbüsünü və
təqdimatını nəzərə alaraq, B.Zeydmanı Azərbaycan
Dövlət Konservatoriyasında bəstəkarlıq
ixtisasından dərs verməyə dəvət edir. Professor B.İ.Zeydman 20 ildən artıq müddətdə
Q.Qarayevlə, C.Hacıyevlə yanaşı Azərbaycanda
professional bəstəkar kadrları yetişdirir, hətta demək
olar, müəllim kimi öz məktəbini yaradır.
Onun sinfini bitirənlər arasında F.Əmirov, C.Cahangirov, A.Rzayev,
S.Ələsgərov, E.Nəzirova, Ş.Axundova kimi görkəmli
bəstəkarları xüsusi qeyd etmək olar...
Ə.Bədəlbəyli
1938-ci ildən etibarən ömrünün sonuna kimi M.F.Axundov
adına Dövlət opera və balet teatrında dirijor və
baş dirijor vəzifələrində işləyir. Bu dövr ərzində Ə.Bədəlbəyli Azərbaycan,
Avropa, rus, digər ölkə bəstəkarlarının
opera və baletlərinin Azərbaycan səhnəsində
qoyulmasında və yaşamasında peşəkar dirijor kimi
yaxından iştirak edir. 1950-ci illərdə
hadisəyə çevrilmiş əsərlərin - F.Əmirovun
"Sevil" operasının və Soltan Hacıbəyovun
"Gülşən" baletinin premyeraları da Ə.Bədəlbəylinin
dirijorluğu ilə həyata keçir.
Azərbaycanın ilk professional dirijor
üçlüyündə - Niyazi, Ə.Bədəlbəyli,
Əşrəf Həsənov - onun da adı və xidmətləri
vardır. Ə.Bədəlbəyli
yarım əsr davam edən dirijorluq fəaliyyəti Azərbaycanda
opera və balet musiqisinin, musiqili teatrın inkişafında və təbliğində,
dünya klassiklərinin teatrın repertuarına daxil
olmasında, Azərbaycanın musiqi əlaqələrinin
genişlənməsində böyük və öncül rol
oynamışdır. Ə.Bədəlbəylinin
dirijorluq fəaliyyəti opera və balet sənətinin
inkişaf yolunda mühüm bir mərhələyə
çevrilmişdir.
Təəssüf ki, indiyə qədər Ə.Bədəlbəylinin
yaradıcılığına dair bəzi məqalə və
araşdırmalarda müəyyən yanlışlığa yol verilib. Məsələn,
onun 1930-cu illərdə yalnız operalara dirijorluq etməsi barədə
fikir həqiqətə uyğun deyil. 1930-cu
illərin konsert həyatını tədqiq etdikdə bir
sıra yeni və maraqlı faktlar aşkarlamışıq.
Məlum olur ki, Ə.Bədəlbəyli dirijor
kimi simfonik konsertlər də vermişdir.
Bakı Soveti və Radio komitəsinin təşkil etdiyi
7-ci simfonik mövsümdə Ə.Bədəlbəylinin
dirijorluğu ilə üç
simfonik konsert keçirilmişdir. Bu konsertlərin musiqi
tariximiz üçün bir maraqlı faktoloji dəyəri də
bundadır ki, üç konsertdə
əsərləri Ə.Bədəlbəylinin dirijorluğu ilə
Leninqrad Dövlət filarmoniyasının simfonik orkestri ifa
etmişdir. Konsertlər üzərində
dayanaq.
1). 1933,
21 avqust, Müdafiə evi. Konsertin proqramı:
1-ci hissə. N.Myaskovski - XII simfoniya.
2-ci hissə. N.Rimski-Korsakov - "İspan kapricciosu"; Borodin -
"Knyaz İqor" operasından "Qıpcaq rəqsləri";
A.Spendiarov - "Almast" operasından Marş.
2). 1933,
23 avqust, Müdafiə evi. Konsertin proqramı:
1-ci hissə. A.Spendiarov- "Üç palma" simfonik poeması,
"Krım eskizləri" (II), "Almast" operasından
Marş.
2-ci hissə. A.Spendiarov - "Krim eskizləri" (I);
M.M.İppolitiv-İvanov - "Qafqaz eskizləri";
A.Spendiarov - "Almast" operasından "Qızların rəqsi",
"Oğlanların rəqsi"; "İrəvan eskizləri".
3).
1933-cü, 26 avqust, Müdafiə evi. Bu konserti Ə.Bədəlbəyli
görkəmli sənətkar Bülbülün
iştirakı ilə vermişdir. Konsertin
afişasında "Simfonik konsert" ilə yanaşı
"Türk musiqi gecəsi" sözləri də
yazılmışdır. Bu isə, həmin
konsertin yalnız Azərbaycan bəstəkarlarının
simfonik əsərlərindən ibarət olması ilə bağlı idi.
Konsertin proqramı:
1-ci hissə. A.Zeynallı - "Fraqmentlər; Aysberq - "Türk
rapsodiyası"; Refatov - "Rəqs"; Yablonko - "Odlar
yurdu" operasından Cəfərin ariyası.
2-ci hissə. Ü.Hacıbəyov - "Koroğlu" operasından ariya,
"Komsomolçu qiz"; A.Zeynallı - "Sual";
A.Mailyan - "Səfa" operasından ariya; Şikəstə
və türk xalq mahnıları; A.Spendiarov - "Hicaz",
"Ənzəli"; Əfrasiyab - "28 aprel"
marşı.
Bu konsertlər musiqişünaslar üçün bir
sıra yeni faktlar verir. Məsələn, son konsertin proqramından
göründüyü kimi, Ü.Hacıbəylinin 1933-cü
ildə üzərində işlədiyi "Koroğlu"
operasından ariya (operadan ilk musiqi nümunəsi) ilk dəfə
bu konsertdə Bülbülün ifasında səslənmişdir;
A.Spendiarovun simfonik orkestr üçün iki pyesi məhz
türk, yəni Azərbaycan musiqisi kimi təqdim olunmuşdur.
Leninqradda təhsilini başa vurandan sonra - 1938-ci ilin
"yay simfonik mövsümü"ndə də Ə.Bədəlbəyli
bir sıra konsertlər vermişdir. Onlardan biri ilə tanış olaq:
1938-ci il, 15 sentyabr, Azərbaycan Dövlət Filarmoniyası.
Konsertin proqramı: P.Çaykovski - VI simfoniya; M.Maqomayev -
"Nərgiz operasının Uverturası; P.Çaykovski -
"Yatmış gözəl" baletindən suita;
Rimski-Korsakov - "İspan kapricciosu".
Məlum olduğu kimi, Ə.Bədəlbəyli 1930-31-ci
illərdə, həmçinin 1940-cı və 1960-cı
onilliklər də simfonik əsərlərə dirijorluq
etmiş, konsertlər vermişdir. Beləliklə, Ə.Bədəlbəyli
Azərbaycan musiqi tarixinə həm də görkəmli
simfonik dirijor kimi daxil olmuşdur və maestronun dirijorluq fəaliyyəti
Azərbaycan simfonik musiqisinin inkişafı və təbliği ilə
sıx bağlıdır.
1930-1970-cı illərdə yazdığı əsərlər Ə.Bədəlbəyliyə
bir bəstəkar kimi böyük uğur və şöhrət
qazandırır. "Bütün hakimiyyət sovetlərə"
simfonik poeması, "28 aprel" marşı (1930), simfonik
orkestr ücün "Təntənəli marş" (1930),
"Miniatürlər" simfonik poeması (1931), uşaqlar
üçün birpərdəli "Tərlan" baleti
(1939), "Qız qalası" baleti (1940), simfonik orkestr
üçün balet suitası (1943), "Nizami"
operası (1948), "Xalqın qəzəbi" operası
(B.Zeydmanla birgə, 1941), xalq çalğı alətləri
orkestri üçün "Simfoniyetta" (1954),
"Söyüdlər ağlamaz" operası (1971), Nəsimiyə
həsr olmuş "Xoreoqrafik freskalar", Nəsiminin
sözlərinə vokal-xoreoqrafik poema (1973-1974), "Lenin
oratoriyası" (1974), dram tamaşalarına
yazdığı musiqi və b. əsərlər müəllifini
Azərbaycan musiqi tarixinə öz üslub dəsti-xəttinə
malik olan istedadlı və maraqlı bəstəkar kimi daxil
edir. Bu üslub isə bəstəkarın milli
musiqi dilinə, xalq musiqisi və muğamlara elmi-nəzəri
və praktik bələd olması, Ü.Hacıbəylidən
dərs alması, milli bəstəkarlıq üslubunun
formalaşmasına və inkişafına olan yaradıcı
marağı əsasında qərarlaşmışdır.
Ə.Bədəlbəylinin bəstəkarlıq fəaliyyətindən danışarkən, onun librettoçu
kimi fəaliyyətini də qeyd etmək vacibdir. Çünki
Üzeyir Hacıbəylidən sonra öz əsərlərinin,
eləcə də başqa bəstəkarların əsərlərinin
librettosunu yazan ikinci bəstəkar məhz Ə.Bədəlbəyli
olmuşdur. Təsadüfi deyil ki, bəstəkarın
adı musiqi tariximizə istedadlı, məhsuldar və
görkəmli librettoçu kimi düşmüşdür.
O, özünün məşhur "Qız qalası" və
"Tərlan" baletlərinin, "Söyüdlər ağlamaz"
operasının, R.Qliyerin "Şahsənəm",
B.Zeydmanın "Qızıl açar"
operalarının, "Gülən adam" baletinin, T.Quliyevin
"Sənin bircə sözün" müziklinin, Ə.Abbasovun
"Qaraca qız" baletinin, S.Ələsgərovun
"Bahadur və Sona", R.Mustafayevin "Aydın" operasının libretto
müəllifidir. Maraqlıdır ki, Ə.Bədəlbəylinin
öz sonuncu operasına yazdığı libretto
Moskvada Ümumittifaq opera librettoları müsabiqəsində
ikinci yerə layiq görülmüşdür. Bunlarla yanaşı, Ə.Bədəlbəyli azərbaycanlı
tamaşaçının operaya marağını daha da artırmaq məqsədilə
bir çox məşhur klassik operaları dilimizə ekviritmik
tərcümə etmişdir.
Ə.Bədəlbəylinin bəstəkar
yaradıcılığının mərkəzində
"Qiz qalası" baleti dayanır. Yaxın və Orta
Şərqdə bu janra ilk müraciət edən professional bəstəkar
məhz Ə.Bədəlbəylidir. Ə.Bədəlbəyli
Azərbaycan və ümumən Şərq professional musiqi incəsənətində
ilk balet yazmaqla, bu janrın təməlini qoymuşdur. "Qız qalası" Azərbaycanda balet
janrının və musiqisinin gələcək
inkişafı üçün çox uğurlu bir başlanğıca çevrilmiş,
eyni zamanda Azərbaycanda balet musiqisinin yaranması və
inkişafı yolunda ilk bəstəkar təcrübəsi
rolunu oynamışdır. Baletin
partiturasına, musiqisinə tar, zurna və dəf alətlərinin
daxil edilməsi əsərin maraqlı xoreoqrafik-bədii
ideyalarından olmaqla yanaşı, tembr səslənməsi və
fakturası baxımdan da maraq doğurur.
Başlıcası,
Üzeyir bəy operada olduğu kimi, Ə.Bədəlbəyli
də balet janrında ilk olaraq Qərb-Şərq
xoreoqrafiyasının, musiqi düşüncəsinin sintezini
yaratmış, onların bədii əlaqələndirilməsinə
nail olmuşdur.
Əsərin
premyerası 1940-cı il, aprelin 18-də təqdim edildi. Gülyanaq rolunun ilk ifaçısı və bu
obrazın uzun illər bənzərsiz yaradıcısı Azərbaycanın
prima-balerinası, balet xoreoqrafiyasının və sənətinin
inkişafında böyük xidmətləri olan SSRİ Xalq
artisti Qəmər Almaszadədir. "Qiz qalası" tez bir
zamanda tamaşaçı rəğbəti qazanaraq,
özünün daimi professional uğuruna nail ola bildi, Azərbaycan musiqisində əbədi
imzasını qoydu. Xatırladaq ki, 1940-cı
ilin aprel ayında Ü.Hacıbəyli "Pravda" və
"Kommunist" qəzetlərində balet haqqında
xüsusi məqalələr yazmışdır. Bu məqalələr balet haqqında ilk resenziyalardan
biri kimi musiqi tariximiz üçün çox qiymətlidirlər.
Dahi bəstəkar rus dilindəki məqaləsində
"Qız
qalası"nı "bizim milli incəsənətin inkişaf
tarixində yeni səhifə açan ilk Azərbaycan
baleti" adlandırmışdır. "Yaxşı
başlanğıc" məqaləsində isə gənc
müəllifinin uğurunun bir səbəbini də xalq
musiqisini dərindən bilməsilə əlaqələndirmişdir:
"Əfrasiyabın "Qız qalası" ilə belə
müvəffəqiyyət qazanmasının əsl səbəbi
odur ki, o, xalq musiqisi yaradıcılığını
çox gözəl bilir. Bu isə opera və
ya balet yazmaq istəyən gənc üçün vacib şərtlərdən
biridir. Çünki yalnız bunu bildikdə
xalqla ümumi bir dildə, onun öz dilində danışmaq
mümkündür. Bundan başqa, Əfrasiyab
ümumi musiqi kulturasını da güclü öyrənir".
1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti
və ədəbiyyatı ongünlüyündə balet Moskva
xoreoqrafları, balet ifaçıları, musiqişünaslar
tərəfindən maraqla qarşılanmış,
haqqında müsbət rəylər bildirilmişdir. Baletə
tamaşa edən Nazim Hikmət də mətbuatda müsbət
rəy və təəssüratlarını
yazmışdır.
Ə.Bədəlbəylinin bəstəkar
yaradıcılığından danışarkən, musiqi
ictimaiyyətinə və musiqişünaslara bu barədə
bəzi yeni faktları ilk dəfə təqdim etməyi lazım
bilirik. Arxiv materiallarında Ə.Bədəlbəyliyə
məxsus olan, lakin adları indiyə qədər heç yerdə çəkilməyən
əsərlər ilə qarşılaşmışıq.
Düşünürük ki, bu yeni faktlar, Ə.Bədəlbəylinin
həyat-yaradıcılığının tədqiqi, XX əsr
Azərbaycan musiqisi tarixinin və simfonik musiqinin öyrənilməsi
baxımdan elmi əhəmiyyət daşıyırlar.
Araşdırma zamanı müəyyən etmişik ki, Ə.Bədəlbəyli
simfonik orkestr ücün "Azərbaycan" "Bayatı
Şiraz", "Heyratı", "Yallı",
"Qaytağı" adlı əsərlər bəstələmişdir.
Bunlardan "Bayatı Şiraz" 1930-cu ilə
aiddir və müəllifin 1931-ci ildə yazdığı
"Miniatürlərlə" tematik və orkestrləşdirmə
baxımdan yaxındır. Lakin əsərin
yalnız hissələri
qalmışdır, partiturası tam olaraq əldə
olunmamışdır. Hər halda, Ə.Bədəlbəylinin
simfonik orkestr ücün "Bayatı Şiraz" adlı əsərinin
ifa olunması faktdır. Üstəlik əsərin
eyni adlı muğamdan ibarət olması müəllifin
"simfonik muğam" janrına müraciətini və ya
muğamları simfonikləşdirməsini təsdiqləyir.
1943-cü ildə yazdığı
"Heyratı" rapsodiyası eyni adlı zərbi-muğamın
simfonik orkestr üçün işlənməsidir. İlk dəfə Ü.Hacıbəyli "Leyli və
Məcnun" operasında "Heyratı" zərbi-muğamından
sitat gətirsə də, bu nümunə əsasında
simfonik orkestr üçün ayrıca bir əsər məhz
Ə.Bədəlbəyli tərəfindən
yazılmışdır. "Azərbaycan"
1935-ci ilə aiddir, eyni adlı müasir xalq rəqsinin orkestr
üçün işlənməsidir. İlk
dəfə xalq rəqs melodiyaları əsasında simfonik
pyeslərin yazılmasına M.Maqomayevin
yaradıcılığında rast gəlinir, lakin bu işin
davamı ilə, görünür, Ə.Bədəlbəyli
məşğul olmuşdur. Bəstəkarın
"Yallı" və "Qaytağı" simfonik rəqsləri
isə uyğun xalq rəqslərinin xarakterinə, ritminə və
tempinə əsaslansa da, müəllifin orijinal əsərləridirlər.
Bundan başqa, Ə.Bədəlbəyli
özünün 11 xalq mahnısının notundan ibarət
"Azərbaycan el mahnıları" əlyazma toplusu da tərtib
etmişdir. Bəstəkar bir neçə xalq mahnı və rəqsini
fortepianoda çalmaq üçün işləmişdir.
***
Musiqi - öz kecmişindən ayrılmayan, öz tarixinə
dayaqlanan və bu dayaqlar üzərində yaşayıb, gələcəyə
doğru irəliləyən
incəsənətdir. Bu mənada XX əsr musiqi tariximizin və
müasir musiqi mədəniyyətimizin əsas
sütunlarını yaradan şəxsiyyətlərdən
biri də məhz Ə.Bədəlbəylidir.
Ariz ABDULƏLİYEV,
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
baş müəllimi
Ədalət.- 2011.- 20 aprel.- S. 7.