2010-CU İLİN YUBİLEYLƏRİ "TƏDQİQLƏR"DƏ

 

Sənin adın nədirsə, şöhrətin də odur

 

(F.Kafka)      

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri f.e.d. M.Mirzəliyevanın redaktorluğu ilə 1988-ci ildən nəşr olunan "Tədqiqlər"in son nömrəsini böyük həvəslə oxudum və bu jurnal haqqında təəssüratlarımı ictimaiyyətimizlə bölüşməyi qərara aldım. Əlbəttə, cəsarət edirəm.

Əslində, nə vaxt bu jurnalı yalnız tanıdığım elm xadimlərinin yazılarını nəzərdən keçirmək məqsədilə əlimə almışamsa, sonunda birinci səhifədən axırıncı səhifəyə qədər oxuyub bağlamışam. Bu dəfə də belə oldu, bir qədər də artıq. Əsl estetik zövq aldım.

Jurnalın bu sayı yubileyi qeyd olunan şərəfli ömür yolu keçmiş dilçi, alim, şair və tanınmış ədəbiyyat nümayəndələrinə həsr olunmuşdur.

AMEA-nın müxbir üzvü f.e.d. prof.N.Cəfərov öz unudulmaz müəllimləri, görkəmli dilçi alimlər: prof. M.Hüseynzadə və prof. Ə.Abdullayevin yubileyləri münasibətilə (M.Hüseynzadə-110, Ə.Abdullayev-90) əziz xatirələrini məhəbbətlə qələmə alaraq, bu humanist insanları- tələbələrinə ata qayğısı göstərən böyük pedaqoqları tanımayanlara da tanıtdırdı. Nizami müəllimin hər sətrinin arxasından elmin zirvəsini fəth etmiş bu insanlara qarşı böyük minnətdarlıq, nəvaziş hissi duyulur. Bütün bunlar qroteksdən kənar, sezilən bir səmimiyyətlə ifadə olunmuşdur.

Unudulmaz xalq şairi, ədəbiyyatımızın metri, dövlət xadimi və doğma ana dilimizin ən böyük təəssübkeşi olmuş Rəsul Rza haqqında hörmətli akademik A.Axundovun odlu-alovlu məqaləsini oxumağı hamıya tövsiyə edirəm. Hörmətli ziyalılar, dilçi və dilçi olmayanlar! Xüsusən də gənclər! Böyük vətəndaş- şairin ana dilimizin təmizliyi uğrunda "repressiyalardan cəmi bir il ötmüş"- 1938-ci ildə hansı şəraitdə və hansı tribunalardan necə cəsarət və hünərlə mücadilə etdiyinin şahidi olun.

A.Axundov şairin Azərb.SSR Ali Sovetinin 1956-cı ilin 20 avqustunda keçirilən iclasında dediklərini oxuculara belə çatdırır: "Dilimizi hər cür təcavüzdən qorumaq lazımdır. Ona gündəlik praktiki işimizdə daha artıq yer vermək, onun daha geniş dairədə işlənməsi üçün lazım olan bütün şəraiti yaratmaq lazımdır" ("Tədqiqlər", 2010, ¹2, s.18).

"Tədqiqlər"in digər səhifələri də mötəbər alimlərə-şəxsiyyətlərə və onların ömür yollarına həsr edilmişdir.

AMEA-nın müxbir üzvü f.e.d. prof. T.Hacıyevin ünlü dilçi- dialektoloq prof.Abdulla Vəliyev və onun qızı - hal-hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışan, dilimizin orijinal tədqiqatçısı sayılan, hamının hörmətini qazanmış f.e.d. Kamilə Vəliyeva haqqındakı yazısı oxucularda böyük maraq doğurur.

Jurnalı oxuduqca 70 yaşı tamam olmuş, ömrünü elmə həsr etmiş Kamilə xanıma böyük sevgi və məhəbbətdən doğan məqalələr də diqqəti cəlb edir. Bunların hər biri onun mənəvi aləminin təqdimatı kimi təsir bağışlayır.

F.e.n. Şəkər Orucovanın sevgi ilə qələmə aldığı "Məqsədin böyüklüyü və ona çatma dərəcəsi" başlıqlı məqaləsində prof. K.Abdullanın yaradıcılıq yoluna işıq salınmış və 60 illik yubilyarı oxuculara yeni prizmadan tanıtdırmağa nail olmuşdur.

Hörmətli oxucular! Mən son dərəcə maraqlı olan bu jurnalın baş redaktoru f.e.d., prof. Məhəbbət Mirzəliyeva haqqında söz açmaq istərdim. Məhəbbət xanımın 1984-cü ildə dostu və məsləkdaşı olan prof. K.Abdullanın yubileyinə həsr etdiyi məqaləsini oxuduqda mən özümçün yeni bir M.Mirzəliyeva kəşf etdim..."Könlümdə bir yuva qurmuşam əbədi sevgidən. Orada ocaq qalamışam ürəyimin odundan, alovundan..." ("Tədqiqlər", 2010, ¹2, s.116). Bu sətirləri, bütövlükdə məqaləni oxuduqca əsl dost sədaqətinin nə olduğunu yəqin edirsən. O, özünün digər kolleqaları f.e.n. Etibar İnanc və f.e.n. Vahid Zahidoğlu haqqında da eyni yanğı ilə söz açır.

M.Mirzəliyevanın rəhbərlik etdiyi şöbədə xeyli gənc dilçi alimlər çalışır. Bunların çoxu Məhəbbət xanımın yetirmələridir. O, öz ömrünü çıraq kimi bu gənclərin yoluna tutmaqdan çəkinmir. Bunların əksəriyyəti bacarıqlı, istedadlı gənc qızlardır. Filologiya elmləri üzrə fəlsəfə doktorları Aynel Məşədiyeva, Elnarə Əliyeva, Qətibə Mahmudova, Təranə Şükürova, Gülnarə Əliyeva və b. Jurnalın bu sayında onların da müxtəlif beynəlxalq elmi konfranslardakı çıxışlarından, görüşlərindən, aldıqları təəssüratlardan söz açılır. Bu gənclərin səsinin müxtəlif beynəlxalq simpoziumlardan gəlməsi, kitablarının təqdimatı, ümumiyyətlə, alim kimi ərsəyə gəlmələri M.Mirzəliyevanın əməyidir.

M.Mirzəliyevanın ümman xidmətləri qarşısında bu tədqiqatçıların damcı-damcı, zərrə-zərrə dilçilik xəzinəsinə verdikləri töhfələr, onların dünya şöhrətli alimlər tərəfindən qiymətləndirilməsi, şübhəsiz ki, gəncləri dilçilik elminin geniş tədqiq edilməsi yolunda yeni-yeni nailiyyətlərə ruhlandıracaqdır. Elə bu özü böyük azərbaycançılıqdır.

Böyük işlər görülürkən onların əsas hərəkətverici qüvvəsi olan Məhəbbət xanım pərdə arxasındadır. Xeyr, xeyr, mən qətiyyən mübaliğə etmirəm. Bütün bu işləri o sadəcə öz vicdani borcu hesab edir. Xeyirxahlıq onun mənəvi xarakterinin maksimasıdır.

M.Mirzəliyevanın tərtib etdiyi, hər nömrəsinin ərsəyə gəlməsində, sözün əsl mənasında, can qoyduğu "Tədqiqlər" jurnalındakı fəaliyyəti təqdirəlayiqdir. Sözsüz ki, bu, gənclərin elmi inkişafına böyük təkan verir. Ümidvaram ki, ölkəmizin ziyalı təbəqəsini zəngin informasiya ilə təchiz edən, əlimizdə olan "Tədqiqlər", 2010, ¹2 jurnalın son nömrəsi olmayacaq.

 

 

Səkinə Əliyeva,

yazıçı publisist

 

Ədalət.- 2011.- 21 aprel.- S. 6.