ERMƏNİLƏR SİYAHIDAN SİLİNDİ...

 

Onlar əməllərinin qurbanına çevrildilər

 

Bu günlərdə mətbuatın diqqət mərkəzində olan məsələlərdən biri də işğalçı dövlətin, yəni Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın açıqlamasıdı. Bu açıqlama həm Rusiya mətbuatında, həm də mövcud internet saytlarında, eləcə də Azərbaycanın yazılı mediasında şərh edilməkdədi. Çünki sabiq prezident Ter-Petrosyan birmənalı olaraq Ermənistanın özünün öz qurbanına çevrildiyini dilə gətiribdi.

Məsələyə münasibət bildirən politoloqlar öz şərhlərində vurğulayırlar ki, həqiqətən bu gün Ermənistan çıxılmaz bir durumdadır. Hazırki Ermənistan rəhbərliyinin Robert Köçəryan siyasətini kor-koranə, özü də yarıtmaz bir şəkildə davam etdirməklə erməniləri uçurumun sonuna gətirib çıxarır. İndi iş o yerə gəlib çatıb ki, artıq ermənilər özləri təkcə iqtidarlarına qarşı deyil, həm də onları çıxılmaz vəziyyətə salan siyasilərə qarşı da kəskin etirazlarını bildirirlər. Ermənistan paytaxtında davam edən mitinqlərdə edilən çağırışların. Səsləndirilən fikirlərin bir ünvanı var. O da mövcud iqtidarın devrilməsi və ermənilərin düşdüyü vəziyyətdən çıxış yollarının tapılmasıdır.

Xatırladaq ki, Ter-Petrosyan öz açıqlamasında hələ 1997-ci ildə problemin həll etməyin mümkün olduğunu dilə gətirmiş və bildirimişdi ki, "razılaşmanın əldə edilməsində Qarabağ erməniləri və bir də mənim ətrafımda olan bəzi həmkarlarım imkan vermədi. Bu gün artıq onlar da başa düşürlər ki, Azərbaycanla indi əvvəlki tələblərlə, şərtlərlə danışmaq mümkün deyil". Sabiq erməni prezidentinin açıqlaması Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da diqqətini çəkib. Bu açıqlamaya münasibət bildirən səfir Rusiya mətbuatında verdiyi müsahibəsində xatırladıb ki, "iki tərəfin razılığa gəlməsini istəməyən qüvvələr var. Dünya dərk etməlidir ki, Azərbaycan tərəfi heç vaxt öz torpaqlarının itirilməsi ilə barışmayacaq". Bu kəskin və qəti mövqedən sonra Polad Bülbüloğlu onu da xatırladıb ki, Azərbaycanın həm iqtisadi, həm də hərbi cəhətdən imkanları daha böyük, insan resursları daha çoxdur. Yəni "biz doqquz milyonuq, onlarda isə əhali günbəgün azalır. Heç kim orada nə qədər əhalinin olması barədə dəqiq heç nə bilmir", - deyən Polad Bülbüloğlu xatırladır ki, Azərbaycan təkcə regionda deyil, həm də bütün dünyada özünün iqtisadi gücü, sabitliyi və xüsusilə böyük layihələrdə iştirakı ilə hansı imkanlara malik olduğunu həm sübut edir, həm də qəbul olunur.

Bu gün Ermənistandakı real vəziyyətlə və bu ölkənin iqtisadi durumu ilə bağlı məsələyə münasibət bildirən şərhçilər məsələyə daha böyük prizmadan nəzər yetirirlər. Politoloq Qabil Hüseynli vurğulayır ki, "Minilliyin çağırışı" proqramı çərçivəsində Ermənistanın bundan sonra yardım alması mümkün olmayacaq. Xüsusilə ona görə ki, mövcud Ermənistan iqtidarı və onun həyata keçirdiyi siyasət İrəvanı bu duruma gətirib çıxarıb.

Mətbuata açıqlama verən politoloq onu da bildirir ki, bu gün hər kəs tərəfindən maraqla qarşılanıb, həm də dəstəklənən "Minilliyin çağırışı" layihəsi xüsusi olaraq keçmiş sovet respublikaları üçün nəzərdə tutulub. Bu proqramın əsas məqsədi təbii ki, postsovet respublikalarını sülh, demokratiya, insan hüquqları sahəsində tərəqqi əldə etmək, vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək idi. Amma "üst-üstə bir milyard dollara yaxın vəsait əldə etmiş Ermənistan bu işlərin heç birini görmədi və nəhayət ABŞ əmin oldu ki, bu ölkədə yarım hərbi, yarım avtoritar rejim Rusiyanın bir quberniyası kimi fəaliyyət göstərir və heç vaxt qərb dəyərlərinə hörmət göstərməyəcək. Bu səbəbdən də "Minilliyin çağırışı" proqramını dayandırdı" - deyən Qabil Hüseynli xatırladır ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe onun gələcəyini sual altına salıb.

Ümumiyyətlə, bu gün regiondakı böyük layihələrdən kənarda qalan və hər gün də yeni daxili təlatümlərlə üz-üzə gələn Ermənistan özü öz gələcək taleyinə imza atıb. Bu imza isə təkcə Ermənistan iqtidarı üçün deyil, bütövlükdə erməni xalqı üçün çox acı bir taleyin gözlənildiyindən xəbər verir. Ən azı ona görə ki, böyük iddialara düşən, böyük Ermənistan yaratmaq istəyən işğalçı dövlət özünün keçmiş məkrli siyasətindən əl çəkmir və unudur ki, indi dünya yeni təfəkkürün, qloballaşmanın sürət götürdüyü bir zamanı yaşayır və həmin zaman da tarixi həqiqətlərə, ədalətə və beynəlxalq hüquqa söykənir. Təəssüf ki, bunu Ermənistan rəhbərliyi nə xatırlamır, nə də himayəsinə sığındığı Rusiyanın diqtəsi ilə xatırlamaq istəmir. Amma bütün hallarda ağrı-acını böyük iqtisadi-siyasi böhranı ermənilər yaşamalı olacaq. Bu qaçılmazdır.

  

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 21 aprel.- S. 2.