ÖZ OXUCUSU OLAN NƏRİMAN HƏSƏNZADƏ

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli şair, istedadlı dramaturq, publisist, mahir pedaqoq Nəriman Həsənzadə 1931-ci il 18 fevralda Akstafa rayonunun Poylu stansiyasında anadan olmuşdur.

Nəriman Həsənzadə yazır ki, 1964-cü ildə Mir Cəlal müəllim mənə səmərəli qayğı göstərdi, aspiranturaya girməyimə və müdafiə etməyimə xeyirxah köməyini göstərdi. "Mir Cəlal müəllim oğlu Arif Paşayevə veriləcək evi mənə verdirdi. Mən bu günə kimi həmin mənzildə yaşayıram".

Akademik Mirzə İbrahimov Nəriman Həsənzadəni Yazıçılar İttifaqında şeir şöbəsinin müdiri təyin edir, ona səmimi qayğı göstərir. Nəriman Həsənzadə onun etimadını yüksək səviyyədə doğruldur, məsuliyyətli işləyir, istedadlı sənətkar və gözəl mütəxəssis kimi tanınır.

1955-ci ildə aspiranturaya qəbul olmuş, prof. Mir Cəlal Paşayevin rəhbərliyi ilə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almış və dosent elmi rütbəsinə layiq görülmüşdür.

Lirik şair Nəriman Həsənzadə insanın lirik dünyasını gözəl ifadə edir. Ona görə ki, şairin lirikası safdır, bulaq suyu kimi durudur, məhəbbət çələngidir, cənnət yuxusudur.

İnsan bu cənnət yuxusunda Navat xalanın təndirdə bişirdiyi çörəkdən qüvvət alır.

Fridrix Engels gözəl demişdir: "Son səkkiz yüz ildir poeziya məhəbbət ətrafında fırlanır". N.Həsənzadənin əsərlərinin əsas ideyası Vətənə və xalqa saf məhəbbətdən ibarətdir. Onun əsərlərində xalqlar dostluğu, yer üzərində sülhün təsirli bədii ifadəsi verilir. Əsərlərinin məzmun və ideyası zəngindir, oxucuya tərbiyəvi təsir bağışlayan sənət inciləridir. Onun əsərlərində Məhsətilər, Nigarlar, Həcərlər dərin məhəbbətlə xatırlanır və tərənnüm edilir. Poeziyasında gözəllik, zəriflik, incəlik oxucunu düşündürür, onun qəlbini pərvazlandırır.

N.Həsənzadə lirikasında prinsipialdır, həyat hadisələrini canlı təsvir və tərənnüm edən, ümumxalq məhəbbəti qazanan sənətkardır. Ona görə ki, poeziyasında estetik fəlsəfi fikrin obrazlı və dərin ifadəsi, Vətənə və xalqa məhəbbət sevgisi, həyat eşqi çox qüvvətli verilir, oxucuya yüksək əxlaqi keyfiyyətlər aşılayır.

Nəriman Həsənzadə mənalı ömrünü sənətə qurban verən, gözəlliyi, zərifliyi, səmimiyyəti, Vətənə və xalqa misilsiz məhəbbəti tərənnüm edən sənətkardır. Şair iftixarla deyir:

 

Bir insan ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün.

 

Nəriman Həsənzadə zəngin mənəviyyatı ömür-gün yoldaşı Sara xanımı qəlbində yaşadır və yazır:

 

Yaş ötüb, saça dən düşüb,

Dağlara duman, çən düşüb,

Sarasız ev kökdən düşüb.

 

Ona görə ki, Sara xanım müqəddəs məzarda əbədi cənnət yuxusuna uyumuşdur. Dillərdə əzbər olan "Apardı sellər Saranı", "Bir ala gözlü balanı" misraları könüllərin parlaq zirvəsində qalmışdır.

Qanlı fələk, həm də kələkdir. Navat xalanın çörəyində Fərəh adlı qəhrəman olan Sara xanımı fələyin kələyindən həkim Həmidə xanım da ala bilmədi: Sara xanım deyir:

 

Gedin deyin Nərimana,

Sıxır məni xəstəxana,

Xəstəxana batıb qana,

Aparır sellər Saranı,

Eşitsin ellər Saranı.

 

Nəriman Həsənzadə "Sənsiz" şeirində deyir ki, "Mən çıxmışdım kimsəsizlər içindən, qaldım yenə kimsəsizlər içində". Bu şeir ömürün göz yaşları və alovlu qəlbin qanı ilə yazıldığına görə oxucunun varlığını sarsıdır, Sara xanımın cənnət bağından, tabutda uzanıb heykəlləşən, mələkləşən, əbədi ziyarətgahından gələn səsini eşidən Nəriman Həsənzadə deyir:

 

Əhdi-peyman bağladığım,

Ağlayanda ağladığım,

Gözüm üstə saxladığım

Ayaq altda torpaq oldu

 

Nəriman Həsənzadənin tarixi mövzuda yazdığı "Atabəylər" və "Pompeyin Qafqaza yürüşü" tarixi dramları "Nəriman" və "Zümrüd quşu" adlı sənədli poemaları nadir sənət inciləridir.

Tarixçilər tarix yazır, Nəriman bədii təfəkkürünün, fitri istedadının köməyi ilə hadisələri canlandırır, sənət inciləri yaradır:

 

Nəriman Həsənzadə deyir:

 

Yaş ötüb, saça dən düşüb,

Dağlara duman-çən düşüb

Sarasız ev kökdən düşüb.

 

Həqiqətdir ki: "Dünya bir yandan boşalır, bir yandan dolur". Ancaq Sarasız ev səliqə-səhmandan düşsə , şairin kamanı-ilhamı kökdən düşmür.

Bu şeirlər şairin tərcümeyi-halını zənginləşdirir. Həmin şeirlər şairin yamaqlı palto geyindiyini, təzə ayaqqabı həsrəti çəkdiyini, pulsuzluqdan tramvaya minə bilməyib vağzala bacısı evinə piyada getdiyini və şəhərdə nə qədər əziyyət çəksə də, gəncə və gəncəliləri unutmadığını göstərir:

 

Bir də təkrar elə "məhlə" sözünü,

Doğmalıq eşidim, ay dost səsindən,

Gəncə ləhcəsini, "lələ" sözünü,

Bəlkə heç Gəncəyə dəyişmərəm mən.

Burda qərib oldum bu dəfə qərib,

Qəriblər tapşırır, sən ol həmdəmim!

Gəncədə yas düşüb bir evdə, qərib,

O, evdə toyumu çalıblar mənim.

 

Nəriman Həsənzadənin "Nəriman", "Zümrüd qüşü", "Atabəylər", "Pampeyin Qafqaza yürüşü" əsərləri ədəbiyyatımızın qızıl fondunda layiqli yer tutur. Onun "Navat xalanın çörəyi" povesti gözəl sənət incisidir, əziz ananın zəngin bədii çələngidir.

Fitri istedadlı şair, dramaturq, publisist, mahir pedaqoq Nəriman Həsənzadəni səksən illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, şərəfli bədii yaradıcılığında və səmərəli əmək fəaliyyətində parlaq uğurlar arzulayırıq.

 

 

Abbas Səmədov,

Filologiya və pedaqoji

elmləri doktoru,

professor

 

Ədalət.- 2011.- 21 aprel.- S. 6.