Sinəsi dastan dolu
Şair Həzi Həsənlinin şeir dünyası
Son vaxtlar şeir
oxumağa heç ürək etmirdim. Hətta mənə
bağışlanan şeir
kitablarını da belə vərəqləməyə
həvəsim olmurdu.
Yalnız köhnədən tanıdığım şairləri
oxumaqla kifayətlənirdim.
Bilirsinizmi niyə? Söz adlı
sərvətə olan
səlib yürüşü
onu elə yazıq kökə salıb ki, bu urvatsızlaşan varidatın ağlar gününə dözümüm
qalmayıb. Nə qədər
yazsaq da, desək də, fərq etmir. Heç bir bədii məzmunu, ədəbi əhəmiyyəti olmayan,
ancaq söz yığımından ibarət,
cəfəngiyyatla, sürüşkən
qafiyələrlə dolu
kitabların müntəzəm
surətdə çapı
davam etməkdədir.
Mənəvi dünyamızın açarı olan sözün bu qədər yazıqlaşması
və naşı əlində qova çevrilməsi həqiqətən
bağışlanmazdı. Böyük şairimiz Məmməd Araz demişkən indi şeir yazmaq, siqaret çəkməkdən asan
olub.
Elə
bu səbəbdən də mənə bağışlanan
şeir kitablarını belə vərəqləmək istəmirdim.
İlk dəfə bu inadımı ötən il Əbülfət
Mədətoğlunun şeirləri qırdı. Onun bir
misrası diqqətimi çəkdi: "Bəxtəvər ipək
qurdları, ölür evinin içində". Dəhşətə
gəldim. Qürbətin ağrısını, Vətənin
həsrətini adi tapıntı ilə nə dərəcədə
dərindən ifadə etmək mümkün imiş.
Amma bu inad yenə də göyərdi. Çünki Əbülfət kimiləri
elə də çox deyil. Yazı stolumun üstündə qalaqlanmış
kitablar var. Nə oxuya bilirəm, nə də... Vallah, əsl makulaturadı.
Qəfil
bir təsadüf məni təzədən bu üzücü düşüncələrdən xilas etdi. "Ədalət" qəzetinin
16 aprel sayında Həzi Həsənlinin şeirlərini oxudum.
Şairin yurd həsrəti
ilə yoğrulmuş
şeirləri varlığımı
titrətdi. Elə bil
məni ildırım
vurdu. Nə vaxtsa bu şair
də mənə kitab bağışlamışdı...
Həzinin köksündəki Qarabağ
dərdi sinəmə
sancıldı. "Ağdam" adlı şeiri qara günə düşmüş bu qədim şəhərin
əzəl günlərini
- muğamlı, qəzəlli
günlərini mənə
xatırlatdı. İlk dəfə
Ağdamda olduğum gün gözlərimin önünə gəldi.
Elə bil ruhumu dara
çəkdilər. Düşmən
tapdağında inildəyən
Ağdamın dərdini
görün Həzi necə dilə gətirir:
Dərdimin ən varlı şəhəri,
Ağdam,
Dərdimin ən ağır qəhəri,
Ağdam.
Olaram sinənin sipəri Ağdam,
Səni Qaradamca qorumamışam.
Həzi
Həsənli yurd niskilindən qovrulan yaralarımıza sanki
öz şeirləri ilə məlhəm qoymaq istəyib.
"Duyğuların göz yaşı" adlı bir
şeirində isə ömrümdə qışa,
gözümdə yaşa dönən ana yurdum Uruda ağı
deyib. Bu şeiri mən qırıq-qırıq oxudum.
Çünki hər bənddən sonra nəinki kövrəlir,
ağlayır, hönkürürdüm. Şair
qardaşımın dərdimə söz şərikliyi məni
əzaba saldı. Bu ağsaçlı, təvazökar,
iddialardan uzaq, başını aşağı salıb,
öz yazı-pozusu ilə məşğul olan qələm
sahibinin sinəsində nə boyda ürək
döyünür. Duyğuları necə zərif,
sözü necə təsirlidir.
Bu
şairi oxumaq üçün içimdə bir ehtiyac duydum.
Yadıma düşdü ki, beş-gün öncə mənə
və iş yoldaşıma oğlundan kitabını göndərmişdi.
Axtardım... Tapa bilmədim. Kimsə yazı masamın
üstündən götürmüşdü. Hər kimdisə,
əcəb eləyib. Kitab oxumaq üçündür. Mən
də onun hərəkətini təkrar etdim. İş
yoldaşımın kitabını icazəsiz, filansız
götürüb oxumalı oldum.
Öncədən
söyləyim ki, Həzi Həsənlinin şeirləri mənə
ulu sözün ölmədiyini, yaşadığını,
var olduğunu bir daha anlatdı. Yuxarıda dediyim kimi müəllifin
elə şeirləri var ki, onu sadəcə oxumaqla
ötürmək mümkün deyil. Məni
hönkür-hönkür ağlatdı. Özümə gələndə
yenə də Məmməd Arazın bir fikrini
xatırladım. Kövrəklik olmayan yerdə heyrət, heyrət
olmayan yerdə kəşf yoxdu. Bax bu kövrəlmək mənə
bu şairi kəşf etdirdi. Həmişə belə olur.
Mehribanca salamlaşdığımız, nə var, nə yox
sualı ilə bir-birimizdən əhval tutduğumuz
insanların mənəvi dünyasından poetik aləmindən
xəbərimiz olmur. Çox vaxt aramızdakı insanın
necə istedadlı olduğunu ya bilmirik, ya da
görmürük. Bəzən də bunu etiraf etməyə
gücümüz çatmır.
Publisistikasını
bəyəndiyim, amma poeziyasından bu vaxta qədər mükəmməl
xəbərim olmayan Həzi Həsənli sən demə
çox sevdiyim şairlər var ki, onların sırasında
dayanmaq haqqına malikdir.
Həzi
Həsənli ötən əsrin 80-ci illərində ədəbiyyata
gəlib. Bakıda, İstanbulda universitetlər bitirib.
Böyük Britaniyanın "Britaniya evi"ndə ingilis
dili üzrə təhsil alıb. Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvüdür. "Kəhər at nalı neylər?..",
"Düşüncənin yaşı", "Ömür
körpüləri", "Siz, ey sevdiklərim..."
adlı kitabların müəllifidir.
Həzi
Həsənli gəncliyindən üzü bəri üzləşdiyi
itkilərin önündə mərd, kişi kimi
dayanmağı bacarsa da, həzin misralar ömrünün
şamı olub. Şeirlərindəki mükəmməllik
müəllifin sözlə necə işlədiyini, dərdlə
necə döyüşdüyünü xəfifcə dilə
gətirib. Atasının, anasının,
bacı-qardaşının əbədi gedişləri
şeirlərinin sarı siminə çevrilib. Bu azmış
kimi sinəsinə övlad dağı da çəkilib.
Oğlu Yılmazın xatirəsinə həsr etdiyi şeiri -
yox bu adi şeir deyil. İndiyə qədər eşitmədiyim
ata ağısıdı:
Yaşıl otlar yaz gecəsi,
Solmaz başına dönüm.
Oğul atasınnan qabaq,
Ölməz, başına
dönüm.
Dünyasını
vaxtsız dəyişmiş qələm dostu Məmməd
Nazimoğlu kitablarının birinə yazdığı
ön sözdə Həzini "batmannan dərd çəkən
və bu dərdi heç kimlə bölüşməyən"
insan adlandırıb. Həzini oxuduqca duydum ki, özündən
öndəki şairlər kimi, bu müəllif də
kağızdan, qələmdən heç bir sirrini gizlətməyib.
Sinəsi dastan dolu şair könlünü böyük məhəbbətlə
sözə verib. Onu oxuduqca doymaq bilmirsən. Layla qədər
şirindi. İstər-istəməz o pak, müqəddəs
günlərə dönürsən. Elə bil ki, bir ovuc suyu
olan bulağın gözündən, dağların
qarından, bənövşənin şehindən, təndir
çörəyinin ətrindən, beşikdə
mışıldayan körpənin nəfəsindən,
doğmalarının "can" kəlməsindən,
babaların öyüdündən, nənələrin
oxşamasından gəlir onun misraları. Bu qədər
doğma, bu qədər məlhəm və yaxındır
adama. Onun şeirlərini oxuyanda elə bil
özün-özünlə söhbət edirsən. Adam ruhi
bir aləmə, iç dünyasına qapanır. Bir məsələyə
də sevinirəm ki, uzun illər şəhərdə
yaşamasına, işləməsinə baxmayaraq onun
poeziyasındakı səmimiliyə, şirin dilə
ütülü, sürüşkən ifadələr yol
tapmayıb. Elə bil ki, Həzi bütün bu şeirlərinin
hamısını doğulduğu yurdda, ocaq başında, təndir
qırağında, çay kənarında, dağların ətəyində,
cığırlarda, izlərdə, təbiətin
zümrüd qoynunda kağızlara naxışlayıb:
Yaylağım gül-güldü,
çəmən-çəməndi,
Oylağım dil-dildi, gül yasəməndi.
Çaylağım, bulağım
həmən-həməndi –
Yarpızı
qırçınlı, donnu Faxralım.
Doğma
obasına həsr etdiyi bu şeirdə özünü
qınayan müəllifin misraları adamı xeyli
düşündürür:
Ağgünlü kəndimə
qıyıb getmişəm,
Arsız şəhərlərə
uyub getmişəm.
Kimin umuduna qoyub getmişəm –
A qayım, a qədim, ünnü
Faxralım.
Bu
danlağın arxasında el-oba məhəbbəti durur.
Cavabı özündə olan sualların ahəngində
doğma ocağa bağlılıq əbədiləşir.
Həzinin
yaxın qohumuna ünvanladığı "A Anaxanım"
adlı poetik naməsi mənə xalq şairi Məmməd
Arazın "Bacım Gülsümə məktub"
şeirini xatırlatdı. Yurd sevgisi, torpağa
bağlılıq etibarlılıq diqqətimi çəkdi.
Ata yurdunda qalan qadının pərişanlığı
şairin duyğularını elə günə salır ki,
doğma yerlərin havası onun yaxasından yapışaraq
sanki hesabat istəyir: "Ey igid, sən hara getdin?" Bax bu həzin
gileylər, sorğular şairi köz üstə qovrulan qor
kimi sızladır. Bu qəhərin mayasında isə böyük
Vətən məhəbbəti dayanır. Bu mənada Həzinin
"Kəndim" şeiri də çox təbii və səmimidir:
Səni Kremilə dəyişmərəm
mən,
A mənim kərməli, təzəkli
kəndim.
"Ağ ev" ağ olsa da,
üzü qaradı,
Ağüzlü, ağ
günlü - bəzəkli kəndim.
Gözəldi,
deyilmi?
Şairin
bütün şeirlərində qəribə bir həzinlik
var. Bəzən müəllifin öz adının Həzi
olması da mənə qəribə gəlir. Söz adamı
belədir, hər kəlmədə, hər işində bir məna
axtarır. İlahidən gələnə bir işarət
tapır. Yəqin bu da Allahın işidir. Bəndəsinə
həzin misralar yazacaq istedad bağışlayır, o biri tərəfdən
də valideynləri öz övladlarına gələcək
fəaliyyətinə uyğun ad qoyurlar. Həzi həzin
şeirlər yazır... Qələmi iti olsun.
Flora XƏLİLZADƏ,
yazıçı-publisist
Ədalət.- 2011.- 21 aprel.- S. 7.