Soydaşlarımızın
təşkilatlanmasında diaspor fəaliyyəti
Dünyanın
müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların
bir araya gəlməsi türklərə qarşı neçə
əsrlərdir ermənilərin formalaşdırmış
olduğu vəziyyətin dəyişdirilməsində
mühüm rol oynaya bilər. Bu mənada bir neçə
ildir başlanılan iş sayəsində həmyerlilərimizin
birləşməsi özünü göstərməkdədir.
Hər keçən gün daha da intensiv hal almaqda olan bu
prosesin daha da sürətlənəcəyi birmənalıdır.
Müxtəlif ölkələrdə yaşayan hər bir azərbaycanlının
diasporumuzun bir zərrəsi olaraq öz potensialını bir
amal uğrunda istifadə etməsi artıq aksioma kimi qəbul
edilməkdədir. Əlbəttə ki,
soydaşlarımızın bir arada birləşməsinə
diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar
öz töhvəsini verməkdədir.
Fəaliyyəti
ilə daha çox diqqəti cəlb edən diaspor təşkilatı
olaraq Dünya Azərbaycanlıları Konqresinin (DAK) rolu bu məsələdə
əvəzsizdir. 1997-ci ildə Amerikada yaradılan DAK-ın əsas
məqsədi dünyada yaşayan azərbaycanlıların
insan haqlarını və hüquqlarını müdafiə
etmək, öz tarixi ərazilərində yaşayan azərbaycanlıların
mənəvi, mədəni, siyasi mübarizələrini dəstəkləmək,
yaşadıqları ölkələrdə
soydaşlarımızın milli adət-ənənələrini,
mədəni irslərini qoruyub saxlamalarına yardım
göstərmək, müstəqil Azərbaycanın beynəlxalq
əlaqələrinin genişləndirilməsinə
çalışmaqdır.
Təşkilatın
Nizamnaməsində də qeyd olunur ki, hər bir təşkilat
üzvü yaşadıqları ölkələrin ictimai
siyasi həyatında yaxından iştirak etməli, Azərbaycanı
təmsil edərək həqiqətlərimizi dünyaya
çatdırmalıdır. Bununla yanaşı DAK dünyanın
müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan cəmiyyətləri ilə,
eləcə də türk xalqlarının və digər dost
diaspor təşkilatları ilə əlaqələr yaratmaq və
birgə layihələr həyata keçirmək, ana dilinin və
milli mədəniyyətin gənc nəslə öyrədilməsi
niyyətilə lazımi işlər aparmaq, milli-mənəvi
sərvətlərimizin öyrənilməsini və təbliği
imkanlarını genişləndirmək, kütləvi
informasiya vasitələri təsis etmək, ədəbi
irsimizi xarici dillərə çevirərək yaymaq məqsədini
də daşıyır.
Xatırladaq
ki, Belçikanın Brüssel şəhərində baş
ofisi yerləşən DAK-ın Ali orqanı qurultaydır. Təşkilatın
İdarə Heyəti 17 nəfərdən ibarətdir.
Onların 5-i Azərbaycan, 4-ü MDB, 8-i isə Amerika, Kanada,
Türkiyə və Avropadan olur.
Qeyd
edək ki, ən böyük diaspor təşkilatlarından
biri hesab olunan DAK tarixi torpaqlarımız olan Borçalı,
Dərbənd, Qərbi və Cənubi Azərbaycan problemlərinin
qaldırılması və orada yaşayan
soydaşlarımızın haqlarının qorunması və
Qarabağ problemi və Xocalı soyqırımı ilə
bağlı işlər həyat keçirir, bu istiqamətdə
tədbirlər, layihələr təşkil edir. Prioritet məsələlərdən
biri də Cənubi Azərbaycanın istiqlalıdır. Cənubi
Azərbaycan məsələsi isə təşkilatın
xüsusilə diqqətdə saxladığı zəruri
problemlərimizdən biridir.
Təşkilatın
azərbaycanlıların yaşadığı 30-dan artıq
ölkədə nümayəndəlikləri yaradılıb.
Baş ofisinin yanında isə Avropa Xüsusi Nümayəndəliyi
fəaliyyət göstərir. Həmçinin təşkilatın
biri Almaniyada, digəri isə Azərbaycanda olmaqla iki
aparatı mövcuddur. Təşkilat əsasən
Bakı-Almaniya-Brüssel istiqamətlərindən idarə
olunur. Missiyası xaricdə yaşayan
soydaşlarımızı bir araya gətirmək olduğundan,
təmsil etdiyi qurumun fəaliyyəti də Avropada daha
genişdir. DAK təşkilat olaraq İsveçdə
qeydiyyatdan keçib və iki həmsədrdən biri də
baş ofisin yerləşdiyi Brüsseldə fəaliyyətini
davam etdirir. Onu da qeyd edək ki, azərbaycanlıları bir
araya gətirməklə yanaşı, DAK fəaliyyətini
Avropada daha geniş qurmaqla demokratiyanın məkanı
sayılan dövlətlərin diqqətinə Azərbaycanla
bağlı məsələləri çatdırmaq niyyəti
güdür. Avstriya,
İsveçrə, İsveç, Belçika, Rusiya,
Gürcüstan, İngiltərə, Amerika parlamentlərində,
Birləşmiş Millətlər Təşkilatında və
bir çox beynəlxalq təşkilatlarında müxtəlif
görüşlər keçirir, Azərbaycanın taleyüklü məsələləri,
Xocalı, Qarabağ, Cənubi Azərbaycan və xaqımıza qarşı törədilən
haqsızlıqları qaldırır.
Avropa
ölkələri ilə yanaşı, DAK türkdilli dövlətlərlə
də əlaqələrin intensivləşdirilməsinə
önəm verir. Türkiyənin diaspor təşkilatları
ilə bütün sahələrdə sıx əməkdaşlıq
özünü açıq şəkildə göstərir.
Eyni zamanda digər türk dövlətləri olan
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanla da
müxtəlif istiqamətlər üzrə əlaqələr
qurulur. Həmçinin də Şimali Kipr Türk
Respublikası ilə prezident, baş nazir və parlament səviyyəsində
DAK əlaqələri genişləndirməkdədir.
Təşkilatın
ölkə nümayəndəlikləri fəaliyyət
göstərdiyi ölkələr üzrə səlahiyyətli
orqan sayılır. Bu nümayəndəliklərsə
ən azı 10 nəfər azərbaycanlının DAK-a fərdi
üzv, yaxud ən azı iki Azərbaycan təşkilatının
kollektiv üzv olduğu ölkələrdə
yaradılır. Eyni zamanda DAK-ın daim yenilənən
d-a-k.org adlı veb səhifəsi də fəaliyyət
göstərir. Bu saytda Azərbaycan haqqında bütün məlumatlar,
Qarabağ problemi, Xocalı faciəsi, Cənubi Azərbaycan məsələsi və
bir çox önəmli xəbərlər, informasiyalar yerləşdirilir.
Burda Azərbaycanın parçalanması, Dərbəndin,
İrəvanın itirilməsi, Borçalı və Zəngəzur
azərbaycanlılarının köçürülməsi,
Qarabağın işğalı, ümumilikdə işğal
edilmiş torpaqlarımız, Rusiyada və Gürcüstanda
olan tarixi torpaqlarımız, Ermənistandakı türk
toponimləri barəsində geniş məlumat, tarixi
faktları oxumaq olar. Qeyd olunan məsələlərdən bəhs
edən ayrıca linklər də yaradılıb. Saytda diaspor
sahəsində baş verən hadisələrə də yer
ayrılır. Dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən diaspor təşkilatlarının
fəaliyyəti işıqlandırılır. Eyni zamanda
video xəbərlər, sənədli filmlər, İrandakı mövcud
rejimin xalqımıza qarşı törətdiyi
haqsızlıqlar və azərbaycan üçün önəmli
olan hadisələr də yer alıb. Şübhəsiz,
saytın fəaliyyət göstərməsi
DAK-a məqsədlərinə çatmaqda köməklik
göstərir. Çünki burada tarixi həqiqətlərimiz,
ermənilərin xalqımıza qarşı törətdiyi
bir sıra önəmli məsələlər barəsində
ətraflı məlumatlar əksini tapır. Digər bir tərəfdən də
saytın fəaliyyət istiqamətlərindən biri xarici
dövlətlərdə yaşayan, diaspor həyatında fəal
iştirak edən soydaşlarımıza informasiya köməkliyi
göstərməkdir. Belə xəbər saytlarının
çox olması, Azərbaycan haqqında geniş məlumatların
yerləşdirilməsi diasporçularımızın fəaliyyətində
çətinlikləri aradan qaldırır.
Bütün
bu müsbət məqamlarla yanaşı, qarşıya qoyulan
missiya ilə bir araya gəlməyən proseslər də təşkilatın
daxilində özünü göstərdi. Qeyd edək ki,
1997-ci ildə yaradılan təşkilat 2005-ci ildə DAK
adlı iki qurum fəaliyyət göstərməsi ilə nəticələnib.
Onlardan birinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza
Xeşti rəhbərlik edib. Sonradan Məhəmmədrza
Xeştinin rəhbərlik etdiyi DAK adını dəyişərək
Demoktatik DAK adlandırılıb. Daha sonra isə hər iki təşkilata
birləşməyi təklif etsələr də ikinci DAK-a rəhbərlik
edən Qulamrza Səbri Təbrizinin zamanında təşkilatın
adını dəyişdirərək Dünya Azərbaycanlılarının
İnformasiya Mərkəzi adlandırılıb. Hazırda həmin
təşkilat fəaliyyətini davam etdirir.
Yeri
gəlmişkən bildirək ki, qarşıdan Dünya Azərbaycanlılarının
3-cü qurultayının keçiriləcəyi gün
yaxınlaşır. Əvvəlcə qurultayın
keçirilməsi mart ayında nəzərdə tutulsa da,
sonradan vaxt dəyişdirilərək iyul ayına təyin
edildi. Xatırladaq ki, DAK-ın 2010-ci ilin dekabr ayının
24-də Almaniyanın Bonn şəhərində keçirilən
XI Qurultayında yeni rəhbərlik və həmsədrlər
seçilib. Hazırda təşkilata Sabir Rüstəmxanlı
və Cənubi Azərbaycandan olan Firidun Pərvizniya rəhbərlik
edir.
Nilufər
Ədalət.- 2011.- 21 aprel.- S. 3.