Londondan gələn Bakılı qız

 

Gənc rəssam Kəbirə Əliyeva doğma şəhərinə "Zərdüştün izi" ilə qayıtdı

 

Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda gənc rəssam Kəbirə Əliyevanın fərdi sərgisi açılıb. Kəbirə xanım sərgiyə maraqlı ad seçib - "Zərdüştün izi".

Biz də bu xəbərin izi ilə sərginin nümayiş etdirildiyi məkana üz tutduq.

 

Bakı-London-Bakı.

Bu qızda istedad varkı...

 

Paytaxtın mərkəzində yerləşən "Yeni Gallery" sərgi salonunda gerçəkləşən açılış mərasimindən bəhs etməzdən öncə səbəbkarı yaxından tanıyaq. Kəbirə Əliyeva 1982-ci ildə Bakıda doğulub. Cəmi üç yaşı olarkən şəkillər çəkməyə başlayır. Körpə qızdakı bacarığı vaxtında duyan Kətanə Qazı Şərifova onun Bakıdakı uşaq rəsm qalereyasında məşğul olmasına şərait yaradır. Kəbirə müəlliməsinin etimadını doğruldur. Artıq altı yaşında fərdi sərgisini açır. Bu fakt ona öz sərgisi ilə sənətsevərlərin görüşünə gələn ən gənc rəssam titulunu qazandırır. Kəbirə Əliyeva bu uğurundan dörd il sonra daha bir fərdi sərgi ilə diqqət çəkməyə nail olur, yaşıdları arasında keçirilən beynəlxalq sərgilərdə iştirak edir, ilk mükafatlarını qazanır.

Böyüdükcə rəsm çəkmək həyatının ayrılmaz parçasına çevrilir, həm biologiya, həm də incəsənət üzrə ali təhsil alır. Doğma Bakıdan kənarda yaşadığı illərdə də rəsm çəkməkdən yorulmur. Türkiyədə, İngiltərədə sərgiləri nümayiş etdirilir. Son illər Londonda yaşayan Kəbirə xanım öz əsərləri ilə doğma Azərbaycan mədəniyyətini təbliğ edir. Birləşmiş Krallığın müxtəlif şəhərlərində, İsveçrədə əsərləri sərgilənən istedadlı rəssamın əl işləri şəxsi kolleksiyalarda saxlanılır.

 

"Zərdüştün izi"ni görənlər

 

Artıq yazının bu yerində Londondan doğma Bakıya qayıdan Kəbirə Əliyevanın yeni sərgisinin açılışı barədə yazmaq olar. Bakı İncəsənət Mərkəzinin rəhbəri Rəfael Gülməmmədlinin qısa təqdimatından sonra söz demək istəyənlərə şərait yaradıldı. Mərasimə toplaşanlarla ilk sevincini bölən sənətşünaslıq doktoru Kübra Əliyeva oldu. Kübra xanım gənc rəssamın yaradıcılığına qısa nəzər saldı: "Kəbirənin əsərləri sona çatdırılmamış hekayələrin səhnəsini canlandırır, onların gedişatının dəqiq xəritəsini təqdim edir. Rəssam hekayəni tamamlamağı tamaşaçının öhdəsinə buraxır. Azərbaycan ruhu Kəbirənin əsərlərində dərin kök salıb. Rəssam öz əsərləri ilə tamaşaçını dərindən düşünməyə vadar edir.

Sərgiyə "Zərdüştün izi" adının seçilməsi təbiidir. Zərdüştlük inancının izlərinə Azərbaycanda bu gün də rast gəlmək mümkündü. Papirus üzərində çəkmək seçimi təsadüfi olmayıb. Qamışdan olan kağız bu sərginin füsunkar qəhrəmanlarına daha çox müəmma verir, onlara keçmişin ətrini qaytarır".

Xalq rəssamı Arif Hüseynov gənc həmkarını təbrik edənlərə qoşuldu. Bakıda sərgi açdığına görə Kəbirənin cəsarətli olduğunu dedi: "Elə rəssamlar var ki, xarici ölkələrdə sərgi açsalar da Bakıda oxşar addım atmaq istəmirlər. Çünki Bakı tamaşaçısı çox tələbkardı. Bakıda sərgi açmaq rəssamdan cəsarət istəyir. Kəbirə xanım Londonda və digər şəhərlərdə əsərlərini təqdim etməklə yanaşı doğma Bakıda da sərgi açdı. İstedadını və cəsarətini ortaya qoydu".

Naşir Eldar Ağamalov Kəbirənin boya-başa çatdığı mühiti sərgiyə gələnlərin diqqətinə çatdırdı: "Kəbirə Bakıda yaradıcı insanların yaşadığı bir binada böyüyüb. Valideynləri tanınmış sənətkarlara dostluq edib. Belə bir mühitdə yetişən Kəbirənin bu gün istedadlı rəssam kimi tanınması əslində təəccüblü deyil".

Sonra qonaqlar Londondan Bakıya əlidolu gələn Kəbirə Əliyevanın əsərləri ilə baş-başa qaldılar. "Zərdüşt hekayətləri", "Həyat ritmləri", "Günəşin tutulması", "Atəşin nəfəsi", "Cəngavər qız", "Səcdə", "Qürub vaxtı" , "Narşərab ruhu" və digər rəsm əsərləri Kəbirə xanımın yaradıcılığı barədə dolğun təsəvvür yaratdı.

Sərgi aprelin 24-dək davam edəcək. Məncə "Zərdüştün izi"nə baxmağa dəyər.

 

 

ETİBAR

 

Ədalət.- 2011.- 22 aprel.-S. 6.