"HEYRATI"
TÖKÜLÜR YƏHƏRƏ BURDA
HİMNİMİZ HAQDA BİR
KAÇ KƏLMƏ...
Ölkənin
aparıcı qəzetlərindən biri guya Dövlət
Himninin dəyişdiriləcəyi ilə bağlı məlumat
yayıb. Guya ona görə yazıram ki, yəni ortada dəqiq
bir dəlil yoxdu. Və neçə gündür ki, dövri
mətbuatda siyasətçilərin, tanınmış bəstəkarlar
və sənətkarların, millət vəkillərinin bu məsələ
ilə bağlı fikirləri, açıqlamaları dərc
edilir. Yəni bir müzakirə mövzusuna çevrilib. Yəqin
hələ müzakirələr də bir müddət davam edəcək.
Ya rəsmi açıqlama gələnə qədər, ya da
həmkarlarım yorulanadək.
Dövlət
rəmzlərinə qayğı və bu rəmzləri
başımızın üstə tutmaq hər birimizin bir vətəndaşlıq
borcudur. Bu rəmzlərlə bağlı ara-sıra mən də
müəyyən fikirlərimi yazıram, xüsusilə də
Bayrağımız barədə. Çünki dəfələrlə
Bayrağımıza sayğısızlığın
şahidi oluram.
Bir dəfə
İran bizim bayrağımızı tərs
asmışdı, Azərbaycan mətbuatı ayağa
qalxmışdı. Amma bizim özümüz
Bayrağımıza nə qədər
sayğılıyıq?! Bununla əlaqədar əsəbi bir
yazı da yazmışdım: "O Dövlət
Bayrağıdır, cehizlik xalça deyil".
Hətta
dövlət tədbirlərində belə
Bayrağımızın düzgün
asılmadığının dəfələrlə
şahidi olmuşuq, həmin dövlət qurumlarının
adlarını da mən yazmışam. Təkrara ehtiyac yoxdur,
çünki bu mövzu Bayraqla bağlı deyil.
Amma
qanmayanlara bir daha qandırmaq borcumuzdur. Bayraq asılarkən
birinci göy rəng gəlir, ikinci qırmızı,
üçüncü yaşıl. Yəni birinci
türkçülük, din yox. Heç vaxt din millətdən
yuxarıda dayana bilməz. Amma təəssüflər olsun ki,
yaşılın birinci asıldığını,
çıxın, şəhərdə də görəcəksiniz,
mağazalarda da görəcəksiniz, müxtəlif şirkətlərin
binalarının təpəsində də görəcəksiniz
və eləcə də dövlət qurumlarının tədbirlərində
də. Belələri buna görə mütləq cəzalandırılmalıdı.
Yadınızdadırsa,
toylarda pulu zibil kimi ayaqlar altına atırdılar,
üstündə "Tərəkəmə"
oynayırdılar. Amma Azərbaycanın milli pulu yaranandan sonra
millət o pulun üstündəki rəmzlərə görə
və pulun özünün də dövlət atributu
olduğuna görə, öz dövlətinə və millətinə
sayğı əlaməti olaraq bu adəti
yığışdırdı. Millətə "sağ
ol" düşür.
Amma
Bayrağı tərsinə asanlar millətin özü deyil,
millətin ayrı-ayrı fərdləridi. Dediyim kimi, onlar da
cəzalanmalıdı.
Bəli,
Dövlət Himninin dəyişdirilib-dəyişdirilməyəcəyi
müzakirəyə çıxarılıb. İctimaiyyətin
yaxşı tanıdığı və qəbul etdiyi şəxslər
də bu barədə müxtəlif fikirlər söyləyirlər.
O fikirləri dövri mətbuatda oxuduğunuza görə təkrar
eləmirəm. Sadəcə olaraq, mən də öz
münasibətimi bildirmək istəyirəm.
Azərbaycan Sovet Sosialist Respublikasının Himnini
Üzeyir Hacıbəyov
yazıb. Sözləri də Səməd
Vurğunundur. İki ölməz
şəxsin ölməz
və möhtəşəm
əsəridir. Adamın qanını
coşduran, insanları
mübarizəyə səsləyən,
döyüşə səsləyən,
insanlara ruh verən "Heyratı"
muğamının üstündə
yazılıb.
70-80-ci
illərdə Azərbaycan Sovet Sosialist Respublikasının
yeni Konstitusiyası qəbul olunanda Himnin sözləri
çox cüzi, nəzərə çarpmayacaq dərəcədə
redaktə edildi. Redaktəni də Bəxtiyar Vahabzadə ilə
Hüseyn Arif eləmişdi. Bu redaktədən sonra Himnin
müəllifi təkcə Səməd Vurğun deyil, Bəxtiyar
Vahabzadə ilə Hüseyn Arif də göstərilirdi. Redaktə
məsələsinə qayıdacağıq.
Qonşu
Rusiyada da Putin hakimiyyətə gəldikdən sonra Dövlət
Himni dəyişdirildi, əski Sovetlər
İttifaqının Himni yenidən bərpa olundu. Putin bunu
insanlarda nostalji duyğular oyatmaq üçün elədi,
yoxsa adı Sovetlər, əslində isə Rusiya
İmperiyası olan imperiyanın hələ ölmədiyini,
yaşadığını və yaşayacağını
dünyaya bəyan etmək üçünmü elədi, day
onu mən bilmirəm, Putin bilər, bir də Allahı.
Və
yaxud qonşu Gürcüstanda Saakaşvili hakimiyyətə gəldikdən
sonra 1918-ci ildə müstəqilliklərini elan etdikdən
sonra qaldırdıqları bayrağı yendirdi və
gürcü xalqının daha qədimlərə söykənən
bayrağını ucaltdı. Yəni belə misalları
çox çəkmək olar. Çünki mən nə
Bayrağımızın, nə də Himnimizin dəyişməyinin
tərəfdarı deyiləm.
Müasir
Himnimizin müəllifi Üzeyir Hacıbəyov, sözləri
də Əhməd Cavadındır. Amma bir məsələ də
var ki, şeirin müəllifinin Əhməd Cavad olması da
mübahisəlidir, mən yenidən həmin mübahisəyə
qayıtmaq istəmirəm. Bu, ədəbiyyat tədqiqatçılarının
işidir.
Məsələn,
belə bir fikir söyləyirlər ki, hər iki əsərin
müəllifi Üzeyir Hacıbəyovdur və toxunmaq olmaz. Təbii
ki, toxunmaq olmaz. Əslində bizdə iki din var. Biri peyğəmbəri
Məhəmməd (ə.s.) olan İslam, biri də Peyğəmbəri
Üzeyir Hacıbəyov olan İslam dini kimi qanımıza,
canımıza hopmuş Azərbaycan musiqisi. Yəni bunlara toxunmaq günahdı.
Amma bir məsələ var ki, Üzeyir Hacıbəyovun Azərbaycan
Sovet Respublikasına yazdığı Himn Xalq Cumhuriyyətinə yazdığı Himndən
daha mükəmməldi,
daha möhtəşəmdi. (Qətiyyən ağlınıza
gətirməyin ki, Azərbaycan Sovet Respublikasının Himninin
bərpa olmasını
istəyirəm, sadəcə
özümün subyektiv
bildiyim həqiqəti
söyləyirəm).
Çünki
Azərbaycan Sovet Respublikasının Himnini yazanda Üzeyir
Hacıbəyov daha geniş dünyagörüşə malik
idi, daha geniş musiqi elminə malik idi və əvvəlki illərə
nisbətən daha müdrik idi. "Leyli və Məcnun"
da Üzeyir Hacıbəyovundu, "Koroğlu" da.
"Koroğlu"nun "Leyli və Məcnun"dan dəfələrlə
möhtəşəm bir əsər olduğunu kim dana bilər?
Xalq
Cümhuriyyəti qurulanda adından və millətindən
başqa heç nəyi yox idi, Allahın bir ali məktəbi
belə, bir texnikumu belə. Sıfırdan
başlamışdı hər şeyi. Dövlət
qurumları yaratmaq, nazirliklər yaratmaq, icra strukturları
yaratmaq, dövlət rəmzlərini yaratmaq, sərhədlərini
müəyyənləşdirmək, bir tərəfdən də
Qarabağda ermənilərlə savaşmaq, Gəncədə
Qatır Məmməd kimi gədələrin
üsyanını yatırtmaq, Bakıda və başqa
bölgələrdə bolşeviklərin bayrağı
altında ermənilərin törətdikləri
soyqırımların qarşısını almaq, bir yandan da
rusların göndərdiyi 9-cu, 11-ci vəhşi diviziyalarla
vuruşmaq. Əliyalın, necə 90-cı ildə olduğu
kimi. Və təbii ki, hər şeyi ürəkləri istədikləri
kimi qurub-yaratmağa vaxt çatmırdı, bir az tələsiklik
vardı. Heç vaxtları da çatmadı.
Himnimiz
də həmin dövrün məhsuludu, amma bütün
bunlara baxmayaraq, Üzeyir Hacıbəyov bu işin öhdəsindən
şərəflə gəldi. Üstündən 70 il
keçsə də bu Himn unudulmadı. Millətin ruhunda,
qanında yaşadı.
Sovetlər
dönəmində belə bir fikir də dolaşırdı
ki, əslində Üzeyir Hacıbəyov "Koroğlu"
üverturasını Xalq Cümhuriyyətinə Himn yazmışmış.
Və millətin əksəriyyəti Üverturanı
Cümhuriyyətin Himni kmi qəbul edirdi, sevirdi, sayğı
göstərirdi və Üvertura səslənəndə də
ayağa qalxırdılar.
Bu da
bir faktdır ki, Üvertura nəinki canlıları, hətta
məzarda yatanları da qaldırmağa, döyüşə
aparmağa qadir bir əsərdir.
Bəzən
şəhidlərimizi də Üverturanın sədaları
altında dəfn edirdik.
Vaqif
Bayatlının bir şeirində deyilir ki:
Ölsək,
ayaq üstə
basdırın bizi.
Atla,
avtomatla basdırın bizi.
Döyüşlər
təzədən başlana bilər.
Biz də
şəhidlərimizi kəfənə deyil, Üverturaya
sarıyıb dəfn edirdik ki, böyük Üvertura
çalınanda ayağa qalxsınlar, bizimlə bir yerdə
Üverturanın sədaları altında
Bayrağımızı ən uca zirvəyə, Cıdır
düzünə sancsınlar.
Və
bu gün də harda Üvertura çalınırsa məclisdəkilər
ayağa qalxır. Sanki Üzeyir Hacıbəyov əlini atıb
adamın yaxasından yapışır və deyir, qalx
ayağa millətin oğlu, döyüş zamanıdı,
yatmaq zamanı deyil.
Yəni
məndən asılı olsaydı Üverturanı Dövlət
Himnimiz kimi qəbul edərdim. Amma Himn ayrı-ayrı fərdlərin
arzusuyla, istəyiylə deyil, millətin iradəsi ilə qəbul
olunur. Millətin iradəsi ilə də Himnimiz qəbul olunub.
Amma
Himnin sözlərinin həqiqətən redaktəyə
ehtiyacı var. Yuxarıda qeyd etmişdim ki, Azərbaycan Sovet
Respublikasının Himninin sözləri redaktə olundu. Və
redaktə edənlər də müəllif kimi göstərildi.
Bugünkü
Himnimizin sözləri də redaktə olunub, özü də
Vaqif Səmədoğlu tərəfindən. Amma Vaqif Səmədoğlunun
adı müəllif kimi göstərilməyib. Göstərilməliydi,
ya göstərilməməliydi, bu mənim səlahiyyətimdə
deyil!
Vaqif
müəllimlə də bu barədə bir neçə dəfə
söhbətimiz olub. Sözlərdə müəyyən
uyuşmazlıq olduğunu söyləmişəm. O da
razılaşıb, tək onunla yox, bir çox ziyalılarla
bu barədə söhbətim olub, onlar da
razılaşıblar. Vaqif müəllimdən soruşanda ki,
bunu niyə redaktə etmədiz. Dedi ki, sözün
düzü, şeirin üstündə çox işləməkdən
qorxdum. Dedim, fikirləşərlər ki, Azərbaycan Sovet
Respublikasının Himninin sözləri atasına məxsus
olduğuna görə Vaqif qısqanclıq edir.
İndi
gəlin həmin uyuşmazlığa diqqət edək.
HÜQUQUNDAN KEÇƏN ƏSGƏR
Azərbaycan
dilində və ya elə türk dillərində
"hüququndan keçmək" anlayışı
varmı, özü də Vətən yolunda, millət yolunda?
Hər
bir vətəndaşın hüquqları var. Təhsil
hüququ, evlənmək hüququ, işləmək
hüququ, demokratik hüquqları. Bəli, insan bu
hüquqlarından keçə bilər. Oxumuram və ya evlənmirəm,
özüm bilərəm, heç işləmirəm də sənə
nə borc, indi də Sovet hökuməti yoxdu ki, işləməyəni
tüfeyli adıyla həbs eləsinlər.
MİNLƏRLƏ CAN QURBAN OLDU,
SİNƏN HƏRBƏ MEYDAN OLDU,
HÜQUQUNDAN KEÇƏN ƏSGƏR
Əslində
bu Vətən üçün, bu millət üçün əsgər
bir daha ona verilməyəcək dünyanın ən şirin
neməti - canından keçir.
Niyə
"ÖZ CANINDAN KEÇƏN ƏSGƏR" deyil,
"HÜQUQUNDAN KEÇƏN ƏSGƏR"? Dilçilərimiz
desinlər görək, Azərbaycan dilində belə bir ifadə
varmı?
Və
çox ciddi bir cümlə də var Himndə.
Himnin
əvvəlində və sonunda deyirik ki:
SƏNDƏN ÖTRÜ CAN VERMƏYƏ
CÜMLƏ HAZIRIZ,
SƏNDƏN ÖTRÜ QAN
TÖKMƏYƏ CÜMLƏ QADİRİZ!
Amma
Himnin ortasında məsuliyyəti atırıq gənclərin
üstünə, balalarımızın,
övladlarımızın üstünə.
NAMUSUNU HİFZ ETMƏYƏ,
BAYRAĞINI YÜKSƏLTMƏYƏ
CÜMLƏ GƏNCLƏR
MÜŞTAQDIR
Niyə
"gənclər", bu millətin namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə atalar və babalar
müştaq deyil, bizlər müştaq deyilik?!
Əslində
bu belə olmalıdır:
NAMUSUNU HİFZ ETMƏYƏ,
BAYRAĞINI YÜKSƏLTMƏYƏ
CÜMLƏ MİLLƏT
MÜŞTAQDIR!
Müzakirəyə
qoşulanların belə bir fikrini də oxudum ki, guya Himndə
Osmanlı ifadələri var. Yəqin ki, bunu
"hazırız" və "qadiriz" sözlərinə
istinad edib deyirlər. Əslində "ız; iz" şəkilçisini
təkcə Osmanlılar deyil, əsrin əvvəlində Azərbaycan
türkləri də işlədiblər. Sonralar Sovet
dilçilərinin dilimizin üstündə apardıqları
"cərrahiyyə əməliyyatı" zamanı
"ız; iz"i bizim dilimizin Osmanlı türklərinin
dilindən ayırmaq üçün kəsib atıblar.
Bu
şəkilçilər də bizim dilimizə aiddir.
"Mən
gəlirəm. Sən gəlirsən. Onlar gəlirlər. Siz gəlirsiniz.
Biz gəlirik". Elə "Biz də gəliriz də". Dil
belə tələb edir. Niyə "Siz gəlirsiniz, biz gəlirik"?
Elə "Biz də gəliriz" də.
Himn
dəyişiləcəkmi? Himni dəyişdirmək istəyirlərmi?
Mən də o Parlamentdə oturmuşam, belə bir şey
eşitməmişəm. Bir qəzetin reytinq xatirinə,
müzakirələr xatirinə qaldırdığı bir məsələ
kimi baxıram buna. Və qəzet istəyinə də nail
olub. Oxucuları maraqlandıra bilib. Bu, qəzetçinin
özünün qələbəsidi. Amma belə bir qələbə
də həmin məsələni qaldıran qəzetə
lazım deyildi.
İndi
görəcəksiz lap bu yaxınlarda başqa bir mövzu
ortalığa atılacaq: "Pullar dəyişilir,
üstündə kimlərin şəkli olacaq" və yaxud
bir millətçi də məsələ qaldırdı ki,
Bayrağımızı dəyişək,
Ağqoyunluların bayrağını gətirək (adına
quzu kəsim. Millət də dövlətinin adını qoyun
qoyarmı?), ya Qaraqoyunluların, ya nə bilim Tomrisin, yaxud da
Şah İsmayılın.
Qəzetlərdə
belə mövzular müzakirəyə çıxarılanda
təəccüblənməyin. Bizdən asılı deyil,
birdən mövzu qıtlığı olur.
Və
nədənsə yadıma böyük Nüsrət Kəsəmənlinin
"Cəngi" şeirindən bir misra düşdü:
Qan
deyil,
"Heyratı"
tökülür yəhərə burda!
Və
sonda. Xahiş edirəm, mənim yazımı müzakirə
eləməyin.
Aqil ABBAS
Ədalət.- 2011.- 23 aprel.- S. 1,
3.