Minsk qrupu tənqid
obyektində
Hamı vasitəçilərdən
imtina istəyir
Dağlıq
Qarabağ probleminin çözüm yollarının
tapılması üçün BMT-nin göstərişi ilə
formalaşdırılan ATƏT-in Minsk qrupu neçə illərdir
ki, hansısa nəticə əldə etməyib. Bu nəticəsizliyin
kökünü ABŞ, Fransa və Rusiya formatında
axtaranlar hesab edirlər ki, ilk gündən Türkiyənin həmsədr
statusunda təsdiqinə nail olunmaması böyük
yanlışlıq olduğundan belə bir vəziyyətlə
qarşılaşılacağı da gözlənilən idi.
Ona görə də bu fikri bölüşənlər Minsk
qrupunun fəaliyyətinin hansısa nəticə verməyəcəyini
bəyan edir, ondan imtinaya çağırırdılar.
Hakimiyyət nümayəndələri isə əksinə, bir
çox hallarda ATƏT həmsədrlərinin fəaliyyətindən
razılıq edir, danışıqların davam etdirilməsində
rəsmi Bakının maraqlı olduğunu bildirirdilər. Amma son aylar
hakimiyyətin optimistliyinin yerini ATƏT-in Minsk qrupunu ciddi tənqid
əvəzləyib. Vasitəçilərin neçə illərdir
apardığı danışıqların heç bir nəticə
vermədiyini tez-tez gündəmə gətirən rəsmiləri
eyni zamanda Minsk qrupundan imtinanın zamanının
çatdığı ilə bağlı səsləndirilən
fikirlərini də intensivləşdiriblər.
Rəsmilərin son zamanlar bu məsələni nədən
tez-tez gündəmə gətirməsi maraq doğurmaya bilməz. Məsələyə
aydınlıq gətirmək üçün rəyini
öyrəndiyimiz siyasi ekspertlər də bunun səbəbini
vasitəçilərin hansısa irəliləyişə
nail olmamasında görürlər. Politoloq Elxan
Şahinoğlu Dağlıq Qarabağ məsələsi ilə
məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin
fəaliyyətinin hər kəsə bəlli olduğunu
bildirdi: "Hər şeydən əvvəl nəzərə
alınmalıdır ki, həmsədrlərin fəaliyyəti
göz qabağındadır, aparılan
danışıqlardan heç bir nəticə ortada yoxdur. Belə olan halda onların fəaliyyətindən
razı qalmaq mümkün
deyil. Regiona səfərlərin davam etməsi
fonunda real nəticə görünmür. Ortada "Madrid prinsipləri" planı var və
Azərbaycan onu qəbul edib. İndi rəsmi
Bakı ATƏT-in Minsk qrupunun həmin planı Ermənistana qəbul
etdirməsini gözləyir".
Onun sözlərinə görə əslində Minsk
qrupunun Azərbaycana səfər etməsinə ehtiyac yoxdur. Çünki Ermənistanla
məsələ həll olunmalıdır: "Təəssüf
ki, Ermənistanla hələ də bu məsələ həllini
tapmır. Bu mənada ATƏT həmsədrlərinin
tənqid olunması normal haldır. Sonuncu
səfər də artıq başa çatıb. Vasitəçilər həmişə olduğu kimi
bu dəfə də optimist açıqlamalar veriblər.
Amma Dağlıq Qarabağ məsələsinin
çözümündəki mövcud vəziyyətin
ölü nöqtədən dəyişəcəyini
düşünmürəm".
Politoloq
onu da deyir ki, bu il problemin həlli
üçün önəmlidir. Ona görə ki, növbəti
illər həm Ermənistan, həm də Azərbaycanda
seçki ili olduğundan hansısa dəyişiklik
gözləmək əbəsdir: "2011 Ermənistanda,
2012-ci il isə Azərbaycanda seçki ilidir və seçki
illərində də problemin həlli ilə bağlı,
ümumiyyətlə, heç bir irəliləyiş olmur,
proses dondurulur. Hakimiyyətin son vaxtlar Minsk
qrupunu tənqid etməsinə gəlincə, vasitəçilər
tənqid olunsa da bəs, alternativ nədir? Təxminən iki-üç ay əvvəl Milli Məclis
sədrinin müavini Ziyafət Əsgərov olduqca sərt
şəkildə Azərbaycanın müharibə
variantına əl ata biləcəyini bəyan etdi. Həmin vaxt cəmiyyətdə belə bir əhval-ruhiyyə
yarandı ki, Azərbaycan həqiqətən də müharibəyə
başlaya bilər. Amma Soçi
görüşündən sonra fikir verirsinizsə, müharibə
ritorikalarının sayı da azalıb. Çünki
bu asan deyil və əgər danışıqlar dalana dirənibsə,
bu o demək deyil ki, Azərbaycan mütləq müharibə
variantına əl ata bilər. Hər
şeydən əvvəl onun nəticələrinin necə
olacağı hesablanmalıdır. Belə
olan halda da bütün nəzərlər ATƏT-in Minsk
qrupunun fəaliyyətinə yönəlir və bütün
tənqid də onun üzərində cəmləşir.
Minsk qrupu da real bir iş görmədiyinə görə,
onlardan böyük bir nəticə gözləməyə də
dəyməz".
Digər
bir tərəfdən də Rusiyanın rolunu da nəzərə
almağın zəruri olduğunu vurğulayan ekspert qeyd edir
ki, faktiki olaraq Moskva təkbaşına vasitəçiliyi ələ
alıb: "Bu yaxınlarda rusiyalı rəsmi ekspert bu məsələnin
həllinin Rusiyadan asılı olduğunu və Rusiyanın da
onunla məşğul olacağını bildirdi. Belə bir açıqlamaya rəsmi Bakı isə
aydınlıq gətirmədi. Əgər
problemin həlli ilə yalnız Rusiya məşğul
olacaqsa, onda həmsədrlik institutu nəyə
lazımdır? Digər bir tərəfdən
də əslində elə görüntü də ondan ibarətdir
ki, Rusiya ortadadır. Son ilyarım ərzində
Rusiya prezidentinin vasitəçiliyi ilə 4-5 görüş
keçirilib. 3-4 ildir ki, nə ABŞ, nə
də Fransada hansısa bir görüş təşkil
olunmayıb. Halbuki onlar digər həmsədr
dövlətləri təmsil edirlər. Azərbaycan
hakimiyyəti ATƏT həmsədrlərini tənqid edərkən
təkcə Rusiyanın vasitəçiliyindən razı
qaldığını elan edir. Bu ziddiyyəti
isə anlamaq o qədər də asan deyil".
"Müharibə
ritorikası daxildə ictimai dəstəyi almağa, yoxsa
problemin həllində vasitəçilik edən dövlətlərə
səyləri artırmaq baxımından mesaj olaraq gündəmə
gətirilir"-sualına gəlincə, E.Şahinoğlu
deyir ki, bu çağırışların daxili ictimai dəstəyi
almaq üçün mesaj olaraq
ünvanlandığını iddia etsək, onda bu fikrin hər
dəfə təkrarlanması fonunda müharibə
sözünün ucuzlaşdığını görərik:
"Çünki neçə illərdir bu fikirlər səsləndirilir,
amma müharibə başlanmır. Belə olan
halda insanlar da "əgər müharibə başlanmayacaqsa,
onda bu fikirləri səsləndirmək nəyə
lazımdır"-sualını verirlər. Xaricə yönəlik mesaj da hansısa ciddi nəticəni
verə bilməz. Əksinə, daha
çox əks nəticələrə gətirib
çıxarır. Çünki biz daim
bu məsələnin müharibə ilə həll oluna bilməyəcəyi,
belə olarsa vəziyyətin daha da kəskinləşəcəyi
ilə bağlı xaricdən təzyiqlər
görürük. Ona görə də
hesab edirəm ki, müharibə
çağırışları nə daxildə, nə də
xaricdə hansısa effekti vermir. Gürcüstanın
nümunəsində biz bunu gördük. 2008-ci
ildə Gürcüstan Cənubi Osetiyaya daxil olub orada vəziyyətə
nəzarət etməyə çalışdı. Bu hadisəyə kimi heç vaxt Gürcüstan rəsmiləri
həmin bölgəyə nəzarət üçün belə
bir addım atacaqlarını dilə gətirməmişdilər.
Doğrudur, müsbət nəticə əldə
edə bilmədilər, amma bir gün içərisində
onlar bunu etdilər. Bu mənada əgər
Azərbaycan müharibə ehtimalını
düşünürsə, onda bunu dilə gətirməməlidir.
Hərəkətə keçib dünyanı
fakt qarşısında qoymaq lazımdır. Amma müharibə ehtimalının böyük
olduğunu da düşünmürəm".
Politoloq Zəfər
Quliyev son vaxtlar rəsmi səviyyədə ATƏT-in Minsk
qrupunun tənqid olunmasının səbəbini
danışıqlarda hansısa nəticənin əldə
olunmamasında axtarmağın düzgün olduğunu
vurğulayır: "Belə bir mövqenin hiss olunması yeni
məsələ də deyil. Bu onu göstərir ki, həqiqətən
də Azərbaycan istədiyi irəliləyişə nail ola bilmir. Eyni zamanda da bu məsələdə
Azərbaycanın elə bil ki, əl-qolu bağlıdır.
Ona görə ki, müharibə
variantını nə həmsədrlər, nə də
bütövlükdə ATƏT qəbul etmir və müharibə
variantı ilə bağlı daim diplomatik formada həm
Bakını, həm də İrəvanı hədələyir.
Müharibənin hər iki ölkə
üçün olduqca fəlakətli nəticələr verəcəyi
bildirilir. Lakin sülh yolu ilə problemin
çözümündə hələlik ciddi dəyişikliklər
baş vermir".
Onun qənaətincə,
buna daha geniş kontekstdən baxanda digər məqamlar da
üzə çıxır: "Eyni zamanda Azərbaycan rəsmilərinin
də son vaxtlar antiqərb ritorikasını gücləndirdiyini
görmək olur. Bu da onunla bağlıdır
ki, daxildə gedən proseslərdə rəsmi Bakı Qərbin
qərəzli mövqedə dayandığını, hakimiyyətə
qarşı obyektiv olmadığını, müxalifəti dəstəklədiyini
düşünür. Ona görə də
Qərbə, beynəlxalq təşkilatlara qarşı son
dövrlərdə belə bir mövqe nümayiş etdirilir.
Aydındır ki, bir dövlət olaraq belə
mövqe müsbət heç nə vəd etmir. Eyni zamanda Azərbaycanın iqtidarı
üçün də bu mövqe uğurlu sayıla bilməz.
Hər halda bütün məsələlərin
həllində Azərbaycan iqtidarı Qərblə, beynəlxalq
qurumlarla əməkdaşlığa məcburdur. Həm Dağlıq Qarabağ problemi, həm də
sosial iqtisadi məsələlərlə bağlı kompleks
şəkildə Azərbaycan hakimiyyəti istər-istəməz
olduqca sıx şəkildə
beynəlxalq aləmlə bağlıdır. Belə olan halda bu formada tənqidi fikirlərin səsləndirilməsi
məqbul sayıla bilməz".
Siyasi şərhçinin sözlərinə görə
bu mövqe bir tərəfdən Dağlıq Qarabağ məsələsində
irəliləyişlərin olmaması ilə əlaqəlidirsə,
onda iqtidarı anlamaq mümkündür. Amma eyni zamanda
onu da yaddan çıxarmaq olmaz ki, bu məsuliyyəti təkcə
ATƏT-in Minsk qrupu daşımır. Bu məsuliyyəti
münaqişəyə cəlb olunmuş hər iki tərəf-həm
Ermənistan, həm də Azərbaycan neçə illərdir
davam edən danışıqlarda heç nəyə nail
olmadıqları üçün daşıyırlar:
"Belə olan halda məsuliyyəti tamamilə ATƏT-in
üzərinə atmaq o qədər də düzgün deyil. Digər bir tərəfdən də Dağlıq
Qarabağ məsələsinin ortadan qaldırılmasında
hələlik başqa variant da yoxdur. Neçə
illərdir Minsk qrupunun hazırkı formatının başqa
bir formatla dəyişdirilməsi ilə bağlı fikirlər
səsləndirilir. Yaxud da BMT səviyyəsində məsələyə
yenidən baxılması məsələsi gündəmə
gətirilir, lakin bütün bunlar hələ də söz
olaraq qalmaqdadır. Real olaraq
problemin həlli ATƏT-in Minsk qrupuna tapşırılıb
və onların birbaşa iştirakı ilə
danışıqlar prosesi də getməkdədir. Bu danışıqlar prosesində də
yaxşı, yaxud da pis hansısa variant hələ ki, yoxdur və
ona görə də danışıqlar davam etdirilməlidir.
Ya da ki, nə qədər riskli olsa da Azərbaycan
danışıqları dayandırıb rəsmi şəkildə
konkret olaraq bəyan etməlidir ki, bu cür
danışıqları qəbul etmir".
Belə
olan halda onun sözlərinə görə məsələ
ya müharibə yolu ilə həll olunmalı, ya da ATƏT-in
qarşısında kəskin mövqe qoyulur ki, yeni
baxışlar, yeni yanaşmalar ortaya qoyulmalıdır:
"Amma rəsmi Bakı bunu da etmir, çünki bu da rəsmi
Bakı üçün risklidir. Ona görə
də mütəmadi olaraq tənqidi fikirlər səsləndirilir.
Lakin zaman keçdikdən sonra yenidən
prezidentlərin görüşü, yenidən hansısa
optimist impulslar verilir. Beləliklə, biz
proseslərin belə bir formada davam etdiyini müşahidə
etməli oluruq".
Gültəkin
Ədalət.- 2011.- 23 aprel.- S. 6.