ONLAR VƏ MƏMLƏKƏTİMİZ

 

TÜRK DÜNYASININ ƏL KİTABI VƏ BİZLƏR

 

Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu bu keçdiyimiz illərdə çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az birtəhər səslənsə də təbliğatın bir çox sahələrində bunu təkrar-təkrar eşitməkdəyik.Yeni nəslin maarifçilik həyatı bizləri son dərəcə narahat etməkdədi. Kimsə kimsəni savadsız hesab eləmir, amma qələm sahiblərinin bir üstünlüyü var ki, onlar adətən elə insanlarla görüşürlər ki, sıradan insanların o adamlarla görüşməyə imkanı olmur və bu baxımdan mənim yeni başladığım yazı dizisində, seriyasında bir vaxtlar Türkiyədə yaşadığım illərdə görüşdüyüm insanların ÖZLƏRİ və MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq doğurmaya bilməz. Təbii ki, bu yazılara bəzən ara versəm də, yeni ildən həmin yazıların sırasını davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdi və bizim Məmləkətimiz haqqında nə fikirləşirlər və nə düşünürlər. Və ya nə düşünüblər? Tarix üçün çox maraqlı bir məqam olan bu Tanışlıq və Tanışlar yeni nəsl üçün daha maraq doğura bilər. Beləliklə, indiki qəzetçiliyimizin dili ilə desək, yeni proyektimiz ONLAR VƏ MƏMLƏKƏTİMİZ sizlərə təqdim olunur.

Adından göründüyü kimi, böyük bir dövr və böyük bir xalqın tarixini əks etdirən bu üçcildlik kitab Ankarada "Türk mədəniyyətinin Araşdırma institutu" tərəfindən çap olunub. Bir cilddən ibarət ilk nəşri hələ 1976-cı ildə işıq üzü görmüş bu kitab (çox təəssüf ki, bu zamana kimi Azərbaycan oxucularının həmin birinci nəşrdən xəbəri olmayıb- hər halda geniş oxucu kütləsi nəzərdə tutulur) bu dəfə təkmilləşdirilmiş şəkildə hər üç cildi çox nəfis bir tərtibatla, keyfiyyətli kağızda və yüksək zövqlə çap edilmişdir.

"Türk dünyasının əl kitabı"nın birinci cildində verilmiş ön sözdə oxuyuruq: "Türk Mədəniyyətini Araşdırma İnstitutu" 1961-ci ildən, yaradılan vaxtdan bu günə qədər yüzdən çox əsər çap etmiş və bu institutun keçirdiyi simpozium və konfransların mətnlərini yaymış, aylıq elm dərgiləri buraxmış, elm və mədəniyyət sahəsində müxtəlif çalışmalar aparmışdır. Oxucuların diqqətinə çatdırdığımız üç cilddən ibarət "Türk dünyasının əl kitabı" bu vaxta qədər çap olunan çalışmaların ən samballısıdır".

Kitabın ikinci cildində "Asiyanın türk dövlətləri", "Şərqi Avropa və dövlətləri", "Səlcuqlular dövləti", "Orta Şərqdə yaradılmış Türk dövlətləri", "İslami Türk dövlətləri", "Ondördüncü yüzildən sonra Orta Asiyada Türk dövlətləri", "Osmanlı imperatorluğu", "Türkiyə Cümhuriyyətinin tarixi" və ən sonra "Şimali Kipr Türk Cümhuriyyəti" fəsilləri var.

Kitabın ikinci cildi Türk dünyasının dil, mədəniyyət, sənət, məsələlərinə həsr olunub. Bu cilddəki Ural-Altay və Altay dilləri Türk ləhcələri və şivələri haqqında yazılar birinci bölümdə, İslamiyyətdən qabaqkı Türk sənəti, Anadolu Türk memarlığı, Türk çini sənəti, Türk miniatür sənəti, Türk xalq sənəti, Türk geramik sənəti, Türklərdə fəlsəfi mədəniyyət və Türk musiqisi fəsilləri isə ikinci bölümdə yer almışdır. Bütün bu yazılar tarixilik baxımından önəmli olan və bu günə qədər yaşaya bilən rəsmlər və başqa illüstrativ materiallarla müşayiət olunur. O cümlədən "İslamiyyətdən sonrakı Türk sənəti" bölməsində memarlıq abidələri haqqında yazıda Möminə Xatun məqbərəsinin bütöv bir səhifəni tutan rəsmdən başqa, Naxçıvanın Qarabağlar kəndindəki tarixi abidələrin də rəsmi verilib.

Səhifə sayına və tutumuna görə üçüncü cild daha samballı və genişdir. Üçüncü cild bütünlükdə Türk dünyasının ədəbiyyatına həsr olunub. Ayrıca olaraq qeyd etməliyəm ki, 778 səhifəlik bu cild 4 bölümdən ibarətdir.

"Türk ədəbiyyatı" bölümündə türk dastanlarından tutmuş XIX əsr divan ədəbiyyatına qədər bir dövr əhatə olunur və bu əhatə çərçivəsində Türk dastanları, İslamdan qabaqkı Türk ədəbiyyatı, Qaraxanlılar dövrünün türk ədəbiyyatı, Xarəzm-Qıpçak, Cığatay, ayrıca Qıpçak ədəbiyyatı və müxtəlif əsrlərdə (XIX yüzilə qədər) Divan ədəbiyyatı haqqında geniş bilgilər var.

İkinci bölüm "Türkiyədə xalq ədəbiyyatı" adlanır. Burada qısaca desək dini ədəbiyyat, saz şairləri, ağılar, laylalar, əfsanələr, misallar, atalar sözləri və başqa ədəbi janrlar, növlər haqqında çox tutarlı bilgi və araşdırmalar vardır.

Üçüncü bölüm isə "Yeni Türk ədəbiyyatı" adlanır.

Nəhayət, dördüncü bölüm Türkiyədən uzaqlarda yaşayan Türk xalqlarının ədəbiyyatına həsr olunub.

Bu bölməyə Kıprıs Türk ədəbiyyatı, Qərbi Türk ədəbiyyatı, Bolqarıstan Türklərinin ədəbiyyatı, AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI, İraq Türklərinin ədəbiyyatı sonra ayrıca olaraq XIX və XX əsrlərdə Azərbaycan ədəbiyyatı (bunların müəllifləri: Əhməd Cəfər oğlu, Yavuz Akpınar və yenə də Yavuz Akpınardır) və sıra ilə əski Sovetlər birliyində yaşayan türkdilli xalqların ədəbiyyatı barədə söhbət açılır.

Yeri gəlmişkən, bu cilddə Azərbaycan Türklərinin ədəbiyyatına aid səhifələrə diqqət yetirəndə yazıların qeyri bitkinliyi, araşdırıcıların məhdud bilgilərə malik olduğu həmən gözə çarpır.

Qeydlərimizin informatik yönlü olduğunu nəzərə alıb, bu fəsil haqqında geniş bəhs etməyəcəyəm. Lakin Azərbaycan ədəbiyyatının necə təqdim olunduğunu qeyd etməyi lazım bilirəm: 15-16 əsrlər, 17-18 əsrlər, elə bu bölümdə kiçik bölüm kimi "Aşıq ədəbiyyatı", "Klassik ədəbiyyat", "18 əsr ədəbiyyatı" və "Modern Azərbaycan ədəbiyyatına keçid dövrü" kimi başlıqlar var.

Nəhayət, "XIX və XX əsrdə Azərbaycan ədəbiyyatı" bölməsi gəlir. Bu bölümdəki kiçik başlıqlar belədir: "Ümumi bir baxış", "Azərbaycanda yeniləşmə hərəkatları", "XIX əsrin əvvəlində Azəri ədəbiyyatı", "XIX əsr və Şimali Azərbaycan ədəbiyyatı", "Cənubi Azərbaycan ədəbiyyatının doğuşu", "XIX əsrin ikinci yarısında Azəri ədəbiyyatı", "XX əsrdə Azəri ədəbiyyatının Sovet dövrü" və "XX əsrdə Cənubi Azərbaycan ədəbiyyatı".

Bütün bu bölümlərdə sırayla ən önəmli ədəbi şəxsiyyətlərin adları ümumi olaraq çəkilməkdədir.

Daha tanınmış ədəbi şəxsiyyətlər Mirzə Cəfər Topçubaşı, Mirzə Kazım Bəy, Abbasqulu Ağa Bakıxanlı, Qüdsi, Mirzə Şəfi Vazeh, Qasım Bəy Zakir, İsmayıl bəy Qutqaşınlı, M.F.Axundzadə, Seyid Əzim Şirvani, N.B.Vəzirli, Cəlil Məmmədquluzadə, Ü.Hacıbəyli, H.Cavid, C.Cabbarlı, (ad və soyadları olduğu kimi verirəm T.A) haqqında nisbətən geniş məlumat verilib.

Çağdaş ədəbiyyat haqqında bilgilərə gəldikdə Mirzə İbrahimov, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Hüseyn Mehdi, Mir Cəlal, İmran Qasımov, Sabit Rəhman, Ənvər Məmmədxanlı haqqında bir neçə cümləlik ayrıca qeydlər var. Sonra isə günümüzün ədəbi adları və şəxsiyyətləri sadalanır, 60-cı illərdən bir az öncə və 60-cı illərdən sonra ədəbi aləmimizin mənzərəsinə nəzər yetirilir, ayrıca olaraq İlyas Əfəndiyev, İsmayıl Şıxlı, barədə danışılır, Sabir Əhmədov, Gülhüseyin Hüseyinoğlu, Əzizə Cəfərzadə xatırlanır.

60-cı illərdən sonrakı dövrdə İsi Məlikzadə, Yusif Səmədoğlu, Fərman Kərimzadə, Əkrəm Əylisli, Sabir Azəri, Elçin, Anar (adların sırası kitabda olduğu kimidir -T.A.) kimi yazıçıların adlarına rast gəlirik.

Anar və Elçin barədə az da olsa ayrıca bəhs edilir.

Günümüzün Azərbaycan qadın şairləri Nigar Rəfibəyli və Mirvarid Dilbazi haqqında məlumatlardan sonra şairlərdən Fikrət Sadıq, Əli Kərim, Məmməd Araz, Vaqif Nəsib, Abbas Abdulla, İsa İsmayılzadə, Eldar Baxış, Vaqif Bəhmənli anılır. Çox təəssüf ki, bu sırada Fikrət Qoca kimi gözəl bir şair unudulmuşdur.

"Türk dünyasının əl kitabı" bir neçə il öncə çap olunsa da, həqiqətən bir əl kitabı (onu da qeyd edim ki, çəkicə çox ağır olan bu cildləri masaüstü kitab adlandırmaq daha münasib idi) kimi çox dəyərli və əvəzsizdir.

 

KİTABA ÖN SÖZDƏN :

 

Oxuculara təqdim etdiyimiz dörd cilddən ibarət TÜRK DÜNYASI ƏL KİTABI bu barədə ən samballı və ən tutumlu olmaqla çox həcmlisidi.

Bu kitabın ilk nəşri bir cild olaraq 1976-cı ildə buraxılmışdı. Türkiyədə və ondan uzaqlarda, xüsusilə türk Cümhuriyyətlərində böyük bir ehtiyacla qarşılanan və tələb olunan kitab, qısa bir zamanda satıldı. 1992-ci ildə ikinci dəfə nəşr olunan həmin kitab eynən o illərdəki kimi yenə də çox maraqla qarşılandı.

İnstitutumuzun Elm Kurulu (şurası T.A.) o kitabı qarşıdakı illərdə hazırlanacaq "Əl Kitabı"na bir başlanğıc və bir istiqamətverici düşüncədən həyata keçirmişdi. Ancaq kültür tariximizin zənginliyi ilə məsələlərinin geniş planlılığı bizim bu məqsədimizə sadiq qalmamıza mane oldu. Araşdırmaların nəyinsə daha çox, nəyinsə daha az kimi görünməsi məqsədimizin daha geniş bir amaca ulaşmasına zəmanət verdi.

Yəni biz heç də əvvəlki məqsədimizdən və amalımızdan qıraqda iş görmürük. Dil və tarix kimi sahələrdə asan dəyişməyən bilgilər ilk nəşrimizdəki halında saxlanılmaqla 1990-cı illərdən sonrakı dünyada meydana gələn dəyişikliklər özəlliklə Türk dünyasında təsirli oldu və bu geniş türk dünyasına təzədən baxılmağı tələb etdi. Bu üzdəndir ki, nüfus, statistik və xəritələrdə dəyişmə göstərən məsələlər yenidən ələ alınması gərəydi. Amma biz hələlik bu dəyişikliyi sadəcə Türkcənin ədəbi aləmində göstərə bildik. Bu üzdəndir ki, öncəki nəşrlərdə bir cild olan ədəbiyyat bölümü, bu nəşrdə iki cildə başa gəldi. Təbii ki, biz bunu da kifayət hesab etmirik və düşünürük ki, hələ bu nəşrin də əhatə edə bilmədiyi bir çox ədəbi hadisələr var. İnstitutumuz tərəfindən 12 cilddə nəzərdə tutulan külliyyat halında düşünülən kitablar bir cilddə birləşərək seçilmiş bir ƏL KİTABI kimi yayınlanacaq.

 

 

Tofiq Abdin

 

Ədalət.- 2011.- 23 aprel.- S. 15.