SABİR NURİDƏN GÜLHÜSEYN HÜSEYNOĞLUNA EHTİRAMLA

 

Müasir Azərbaycan ədəbiyyatında Gülhüseyn Hüseynoğlu adlı bir ünvan var. Görkəmli nasir, 1 nömrəli müşfiqşünas və gözəl müəllim kimi tanıdığımız bu şəxs ən uzunömürlü yazıçılarımızdandır. Ömrünün 88-ci payızına doğru yol gedən Gülhüseyn müəllim hələ də yazır-yaradır. Onun başı çox bəlalar çəkib, qırxıncı illərin sonlarında, artıq bir gənc nasir kimi parlaq istedadını ortaya qoyanda Azərbaycanın müstəqilliyi şüarını səsləndirənlərdən biri olub və buna görə də üç silahdaşı ilə birgə həbs olunub. Stalinin şəxsiyyətə pərəstiş kultu cilik-cilik olandan sonra qayıdıb doğma Bakıya, çox keçmədən yenə də ədəbi aləmdə öz sözünü deməyə başlayıb. Onun bu dünyada ən çox sevdiyi sənətkar Mikayıl Müşfiq olub. Müşfiq yolunda nələr eləməyib Gülhüseyn müəllim? Kitablarını çap etdirib, onun şeirlərinin hər bir sətrinə qayğı və məhəbbətlə yanaşıb, çalışıb ki, Müşfiqi olduğu kimi xalqa qaytarsın. Müşfiq və onun yaradıcılığı haqqında onlarla məqalə yazıb, yubileylərinin keçirilməsində ən fəal təşkilatçı olub, bu böyük şairin sənət dünyasından monoqrafiya yazıb.

Gülhüseyn Hüseynoğlu gözəl povestlərin, hekayələrin və mənsur şeirlərin müəllifidir. Onun hekayə və povestləri lirik-psixoloji nəsrimizin inkişafında mühüm rol oynayıb. "Nigarançılığın sonu" adlı hekayəsini mən bu janrın XX əsrdəki ən gözəl nümunələrindən biri hesab edirəm. Amma Gülhüseyn Hüseynoğlunun adı çəkiləndə ilk növbədə, MƏNSUR ŞEİR yada düşür. O, bu janrın Azərbaycan ədəbiyyatında yaradıcısıdır.

Mərhum şair-publisist Sabir Nuri Turkelin "Mənsur şeirlər ustası" kitabı Gülhüseyn Hüseynoğlunun bu janrda yazıb-yaratdığı əsərlərə həsr edilib

İstəyirəm bir neçə kəlmə də Sabir Nuri Türkel haqqında söz açım.

Ədəbiyyatda bir qisim insanlar var ki, onların heç bir təmənnası olmur. Onlar ancaq böyük ədəbiyyata heç olmasa kiçik bir töhfə vermək üçün bütün ömürləri boyu çalışırlar. Dəxli yoxdur, kimsə onların əməyini qiymətləndirsin, ya qiymətləndirməsin, onlar bir kimsənin tərifinə, ya tənqidinə məhəl qoymayıb yazıçılıq işini davam etdirirlər. Belə insanlardan biri də Sabir Nuri Türkel idi. Mən onu tanıyırdım. Abırlı, mədəni bir kişi idi. Müxtəlif qəzet və jurnallarda onun şeirləri, publisistik məqalələri çap olunurdu. Ömrünün son illərində G.Hüseynoğlunun mənsur şeirləri və ümumən yaradıcılığı barədə namizədlik dissertasiyası yazırdı. Dissertasiyanı yazıb bitirdi, amma amansız ölüm imkan vermədi ki, onu elmi şuraya təqdim etsin.

Sabir Nurinin sağlığında "Sözlü dünyam", "Təfəkkür inciləri", "Ömürdən yarpaqlar" və s. kitabları nəşr olunub. Türkiyədə də bir kitabı işıq üzü görüb. O, şeirlərində sadə və səmimi bir dillə Azərbaycan təbiətinin gözəlliklərini vəsf edirdi, Vətən sevgisindən söz açırdı, ana məhəbbətindən danışırdı, tarixi keçmişimizin şanlı səhifələrini vərəqləyirdi, bir ağsaqqal kimi gəncliyə xeyir-dua verirdi, hamımızı düşündürən Qarabağ faciəsindən yazırdı-bir sözlə, poeziyamızın bugünkü tematikası onun şeirlərində də özünəməxsus yer tuturdu. Ancaq Gülhüseyn Hüseynoğlu yaradıcılığına həsr etdiyi monoqrafiyası onun yaradıcılığının son akkordu və zirvəsi oldu.

Sabir müəllimin bu kitabı bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi: kitabda Gülhüseyn Hüseynoğlu kimdir? sualına təfərrüatı ilə cavab tapırıq. Onun keçdiyi təlatümlü ömür yolunu, qəmi sevincindən çox olan günlərini, aylarını səhifələyirik. İkincisi; Gülhüseyn Hüseynoğlunu mənsur şeir ustası kimi tanıyırıq. Yəni mənsur şeirin bədii formalar içərisində hansı xüsusiyyətləri ilə özəlliklər qazandığını öyrənirik. Üçüncüsü; G.Hüseynoğlunun nəsr yaradıcılığı haqqında təsəvvürlərimiz genişlənir. Dördüncüsü: onun bir pedaqoq kimi uzun illər səmərəli fəaliyyəti də gözlərimiz önündə canlanır, "Gülhüseyn müəllim" obrazı "Müəllimlər müəllimi" obrazı ilə qoşalaşır. Beşincisi; qarşımızda bir Müşfiq fədakarı da canlanır. Kitabı oxuyub qurtarandan sonra isə mən Sabir Nuri Türkeli Gülhüseyn müəllimə, Gülhüseyn müəllimi Müşfiqə bağlayan mənəvi tellərin səbəblərini aradım və belə qənaətə gəldim ki, onları bir sevgi işığına toplayan qüvvənin adı SÖZdür, bu sözün cazibəsini yaradan isə Ədəbiyyatdır.

Söhbətimə kitabın ikinci fəslindən başlamaq istəyirəm. Fikrimcə, bu, birinci fəsil olmalıydı. Çünki mənsur şeir janrının yaranması, inkişaf tarixi ilə fəsildən sonra Gülhüseyn Hüseynoğlunun elmi-pedoqoji fəaliyyəti bədii nəsri barədə danışmaq ardıcıllığı pozur. Kitab gələcəkdə nəşr olunarsa, bu fəsil dəyişikliyə ehtiyac var.

Məlumdur ki, Gülhüseyn Hüseynoğlu ədəbiyyata müharibə illərində gəlib. 1944-cü ildə, "Ədəbiyyat qəzeti"ndə çap olunan "Ana" hekayəsi o zaman bir çox ustad sənətkarlar tərəfindən rəğbətlə qarşılanmışdı. Mir Cəlal müəllim sonralar bu haqda belə yazacaqdı: "Yadımdadır, ilk dəfə Natəvan adına klubda oxunan, sonra "Ədəbiyyat qəzeti"ndə çap olunan "Ana" hekayəsi o zaman bizim hamımızın xoşuna gəldi. Müzakirə zamanı, xalq şairimiz Səməd Vurğun bu əsərdən ağız dolusu danışdı, onu əsl poeziya nümunəsi adlandırdı, müəllifin istedadına yüksək qiymət verdi". Sonra Gülhüseyn Hüseynoğlu müharibə mövzusunda " kələğayı" hekayəsini yazdı. 1946-cı ildə isə "Bənövşə əfsanəsi" mənsur şeiri meydana gəldi beləliklə, həmin tarixdən başlayaraq mənsur şeir forması Azərbaycan ədəbiyyatında özünə yer tapdı. Sabir Nuri G.Hüseynoğlunun ilk yaradıcılıq təşəbbüsləri ilə bağlı bütün bu faktları oxucuya çatdırır.

Məlum sürgündən qayıtdıqdan sonra G.Hüseynoğlu bütün diqqətini ədəbi və pedaqoji fəaliyyətə yönəldir. Əllinci illərin sonlarında onun "Geoloq qız", "Xeyirxah", "Bir ömrün çıraqları", "Etiraf", "Qibtə" hekayələri, "Ata", "Müjdəçi", "Abdulla Şaiqin xatirəsinə" mənsur şeirləri, "Xəzərin qoynunda" sənədli povesti və bir sıra oçerkləri çap olunur. Daha sonra isə onun oxucular arasında böyük şöhrət qazanan "Nigarançılığın sonu" hekayəsi meydana gəlir. S.Nuri bu hekayədə iki sevən gəncin tarixçəsini izləyir. Hekayə lirik axardadır, müəllif Mustafanın və Nazəninin sevgisini, onların könül çırpıntılarını elə təsvir edir ki, oxuyub qurtarandan sonra deyirsən: "Bax, əsl sevgi belə olar". S.Nuri akademik Bəkir Nəbiyevdən sitat gətirir: "Bu hekayəni kiçik povest də adlandırmaq olar. Onun əsas qəhrəmanlarının xarakteri əsərdə aydın cizgilərlə işlənmişdir".

S.Nuri G.Güseynoğlunun hekayələrini xas olan bir xüsusiyyəti də nəzərə çarpdırır-bu da müəllifin bir çox hekayələrinin həm də novella səciyyəsinə malik olmasıdır. Belə ki, yazıçı "Nigarançılığın sonu", "Etiraf", "Xeyirxah", "Cığallıq" və s. hekayələrində hadisələri və insan talelərini təsvir edərkən oxucularını intizarda saxlayır, hekayənin sonuna qədər oxucular da nigarançılıq hissi keçirir, əsərin necə bitəcəyini səbirsizliklə gözləyirlər.

Sabir Nuri G.Hüseynoğlunun bir nasir kimi fərdi üslubundan da söz açır. Və bu sırada, ilk növbədə, onun bədii dili üzərində müşahidələrini oxucuya çatdırır. O yazır: "Xalq yazıçısı Mirzə İbrahimov deyir: "Yazıçının silahı dildir. Onun dili nəinki mənalı, həm də gözəl olmalıdır. Gülhüseyn Hüseynoğlu nəsrinin dili həm gözəl və mənalı, həm də sadə və poetikdir. Odur ki, hadisələrin izahı inandırıcı və valehedicidir. Yazıçı seçdiyi mövzuların hamısına eyni həssaslıqla yanaşır, onları özünəməxsus ustalıqla işləyir. Məzmunun oxucu tərəfindən asanlıqla qavranılması üçün bir-birindən fərqli, bir-birindən düşünülmüş ədəbi priyomlar işlədir".

Tədqiqatçı, G.Hüseynoğlunun "Yaşıl təpə", "Adam istəsə", "Xəzərin qoynunda", "Yana-yana" povestlərindən də söz açır. Amma təəssüf ki, bu əsərlər barədə söhbəti geniş və əhatəli deyil.

Kitabda əsas diqqət G.Hüseynoğlunun mənsur şeirlərinə, onların mövzusuna, ideya-bədii xüsusiyyətlərinə və poetikasına yönəldilmişdir. Eyni zamanda müəllif dünya ədəbiyyatında mənsur şeir janrının yaranması və inkişaf tarixinə də diqqət yetirir. Oxucular üçün də maraqlı olsun deyə, kitabdan bəzi faktları nəzərə çatdıraq.

"Mənsur şeir" terminini ədəbiyyata ilk dəfə görkəmli fransız şairi Aloiziyus Bertran (1807-1841) gətirmişdir. Onun "Qaspar qaranlıqda" ümumi başlığı altında mənsur şeirləri məlumdur. Bertrandan təxminən iyirmi il sonra fransız şairlərindən Şarl Bodler (1821-1867) və Artur Rembo (1854-1891) da mənsur yazmışdır. Rus ədəbiyyatında mənsur şeirin yaradıcısı İ.S.Turgenev (1818-1883) olmuşdur. Hind ədəbiyyatında mənsur şeir canrının Robindranat Taqor (1861-1941), türk ədəbiyyatında Xalid Ziya və Uənab Səhabəddin kimi görkəmli nümayəndələri vardır.

Mənsur şeir nədir? "Lirik və epik xüsusiyyətlərin müştərək, birgə halında iştirak etdiyi, həm də insanın daxili, hissi aləmini qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm şərtlərindən uzaq, təbii, ritmik nəsr dililə yığcam yazılan əsərlərə mənsur şeir adı verirlər" (bu sitatı S.Nuri M.Cəlal və P.Xəlilovun "Ədəbiyyatşünaslığın əsasları" kitabından götürüb).

Azərbaycan ədəbiyyatında isə qeyd etdiyimiz kimi, mənsur şeirin yaranması G.Hüseynoğlunun adı ilə bağlıdır.

 

Bir kiçik nümunə gətirək:

 

Axar suya baxıram.

Şeh damlası kimi şəffaf,

şırıldaya-şırıldaya axan suya!

Axır, axır.

Baxıram, ürəyim axır.

Axar suya baxıram Könlüm,

ruhum, qolum-qanadım açılır.

Axar suya baxıram.

Uzaq, uzaq yollar,

məsafələr qısalır.

Ümid çoxalır.

Axar suya baxıram.

Ömür mənalanır,

fikirlər qol-budaq atır, şaxələnir.

Axar suya baxıram.

Axır, axır..

Axar su durğunluğu sevməz.

Sevirəm axar suyu, sevirəm!"

 

Bax, G.Hüseynoğlunun mənsur şeirləri beləcə qısa, yığcam, həm də fikir, ideyaca mənalıdır. S.Nuri onun mənsur şeirlərinin hər biri barədə məlumat verir. Lakin bunlar təkcə məlumat xarakteri daşımır, o, həm də mənsur şeir ustasının hər yazısını şərh edir. Tematik bölgünün rəngarəng olduğu, yazıçının real həyatımızın müxtəlif məsələlərinə müraciət etdiyini vurğulayır. Yəni sübut edir ki, hekayələrində və povestlərində olduğu kimi, mənsur şeirlərində mövzu məhdudluğu yoxdur.

Bu mənsur şeirlər öncə qeyd etdiyimiz kimi əksərən çox qısa və yığcamdır. Amma onlarda fəlsəfi fikirlər taparsan. Yenə bir nümunə: "Hara baxırsan çiçəkdir. Çiçək...

Arılar, kəpənəklər, çəyirtkələr, saysız-hesabsız böcəklər ruhoxşayıcı, mətedici, rəngarəng çiçəklər arasında belədən eləyə uçuşurlar. Çiçəkdən-çiçəyə qonub şirə sorur, qidalanırlar..

Bəs sonra, sonra bütün bu kəpənəklər, çəyirtkələr, bu müxtəlif böcəklər aldıqlarının əvəzində nə verəcəklər, bal arısı nə?!

Və birdən-birə bal arısı nəzərimdə o qədər böyüyür, o qədər böyüyür ki, heç bir ölçüyə sığmır.

Dahilər də belədir. Eynilə".

G.Hüseynoğlunun "Mücrü" adlı bir mənsur şeiri var ki, o əsər elə S.Nurinin də yazdığı kimi, Azərbaycan mənsur şeirinin şedevrlərindən biridir. Bu mənsur şeir öz aşıladığı məzmuna, ideyaya görə bir roman materialının ən yığcam formasıdır. Və təsadüfü deyil ki, sovet dövründə K.Fedin-görkəmli yazıçı bu əsəri yüksək qiymətləndirmişdi.

...Bu yerdə yazıya nöqtə qoyur, Sabir Nuri Türkelə "ruhu şad olsun" deyirəm, Gülhüseyn müəllimə isə uzun ömür arzulayıram.

 

 

Vaqif YUSİFOĞLU

 

Ədalət.- 2011.- 23 aprel.- S. 19.