"YAZDIQLARIM"

 

Öncə bir məqamdan başlayım. Haqqında yazdığım bu kitab artıq bir neçə aydır ki, stolumun üstündədi və demək olar ki, vaxtaşırı onu vərəqləyir, gözdən keçirir, hətta ayrı-ayrı səhifələrini təkrar-təkrar oxuyuram. Bu məndə kitaba olan sevgidən başqa, həm də imzasına, şəxsiyyətinə hörmət etdiyim insanlara olan sevgidən doğan bir istəkdi, maraqdı, ən vacibi isə daxili tələbatdı. Yəni mən Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Nüsrət Kəsəmənlinin, Ramiz Rövşənin, eləcə də digər şairlərimizin - Anarın, Elçinin, Əkrəmin nəsr əsərlərini əlimdəki işi bir kənara qoyub məmnuniyyətlə oxumaqdan zövq alıram. Kim necə baxır-baxsın özü bilər, dəyərli, gərəkli sözü oxumaq, onun aurasında yaşamaq mənim üçün çox xoşdu.

O ki qaldı Flora Xəlilzadəyə, Flora xanımın imzasını lap çoxdan tanıyıram. Amma onunla şəxsi tanışlığım, qardaş-bacı doğmalığım Flora xanımın "Azərbaycan" qəzetində fəaliyyətə başlaması dövrünə təsadüf edir. Məhz həmin dövrdə bir nəşriyyatda yerləşən redaksiyalarımızın yaratdığı imkan bizi qiyabi tanışlıqdan doğma, isti münasibətlərə gətirib çıxardı. Təbii ki, burada böyük şairimiz Məmməd Araz faktoru da var. Və mən də Məmməd müəllimin poeziyasının vurğunlarının, onun ətrafında olanları xüsusilə fərqləndirməyə çalışmışam. Özü də bu xüsusilik sevgidən irəli gəlir.

İndi qarşımda olan "Yazdıqlarım" kitabı Flora xanımın nəşr ediləcək yeddi cildliyinin ilk sayıdı. Bu kitaba qədər mən onun bir neçə əsərini oxumuşam və hətta mənə onlar müəllifin avtoqrafları ilə də bağışlanıb. Bəri başdan onu da etiraf edim ki, Flora xanım mənimlə bağlı, mənim şeirlərimlə, yaradıcılığımla əlaqədar olaraq çox ürəkdən, çox səmimi və bəlkə də dəyərindən bir az artıq səviyyədə isti, candan-qandan gələn yazılar yazıb, fikirlər söyləyibdi. Həmin yazılardan ikisi də məhz yeddi cildliyin ilk cildində yer alıbdı. Ona görə də mən bu kitab barəsində yazmamışdan öncə kimlərin nə düşünəcəyini də nəzərə almışam.

Deməli, "Yazdıqlarım" Azərbaycanın çox böyük yazıçısı, AYB-nin sədri, xalq yazıçısı Anarın ön sözü ilə başlayır. Bu ön sözdə çox isti bir şəkildə vurğulanır ki, "bu kitabı vərəqlədikcə müəllifin AYB haqqında dedikləri görkəmli şair və yazıçılarımızla bağlı duyğuları məni də uzaq keçmişə apardı". Bəli, bu kitabda adamı həqiqətən də çox-çox uzaq ellərə aparan, xatirələrlə, keçmişlə üz-üzə qoyan məqamlar var. Şəxsən mən bu gün dünyasını dəyişmiş, amma bir vaxtlar hətta salam verib halını soruşmaq üçün özündə cəsarət tapa bilmədiyim, amma görüşlərinə uça-uça getdiyim, əsərlərini sevə-sevə oxuduğum qələm adamları ilə bağlı yazıları oxuduqca ruhən o illərə qayıdıram.

Təbii ki, kitabda bu günün yazıb-yaradan söz adamlarına da, bu günün ədəbi problemlərinə də, ümumiyyətlə, bu günün sözünə də olan münasibət həm məqalələrdə, həm müsahibələrdə, həm də publisist düşüncələrdə kifayət qədər əks olunub.

"Adiloğlu" nəşriyyatı tərəfindən ötən ilin sonlarında əməkdar jurnalist, millət vəkili Bəxtiyar Sadıqovun redaktorluğu ilə çap olunmuş və böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda zaman anlayışı ortadan qaldırılıb. Bütün yazılar, bütün təqdimatlar bu günün gerçəkliyinə çevrilib, oxucunun həmsöhbəti kimi onunla qarşı-qarşıya gətirilib. Bax, elə istər dünyasını dəyişmiş ədəbiyyatımızın böyük cəfakeşləri barəsində, istər şəhid həmkarlarımız haqqında, istərsə də bu gün də qələmi ilə sözə, ədəbiyyata, xalqa xidmət edənlər haqqında yazılarda da Flora Xəlilzadə bir məqamı, bir ana xətti əsas götürüb. O da hamının canlı, hamının əbədiyaşar həmsöhbət olmasıdır. İnanın ki, bunu bütün səmimiyyətimlə deyirəm. Flora xanımın "Yazdıqlarımın" birinci cildində bütün sözlər kimi, bütün fikirlər kimi onların arxasında duran insanlar canlıdı, yaşayır və oxucunu da düşündürən mükalimələrlə çıxış edirlər. Yəni hər kəs fikir söyləyir, hər kəsi düşündürür. Elə Flora xanımın arxa üz qabığında dediyi kimi, "bütün ömrüm boyu balıq üçün yox, xalq üçün yazdım". Deməli, əziz Flora xanım, dəyərli həmkarım, sevimli bacım. Balığın bilmədiyini xalq bu gün də olmasa, sabah biləcək. Mən də buna inanıram. Sizə uğurlar olsun.

  

   

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 23 aprel.- S. 20.