Xələf Xələfov:
"Dövlət başçılarının son Bakı sammiti
gələcək tərəqqi üçün
zəmin yaradır"
"Dövlət
başçılarının son Bakı sammiti gələcək
tərəqqi üçün zəmin yaradır". APA-nın məlumatına
görə, bu fikirləri
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə
işçi qrupun iclasında çıxışı
zamanı deyib. Onun sözlərinə
görə, tərəflər Xəzərdə təhlükəsizliyin
təmini, ekoloji problemlərə
müştərək yanaşma,
həmçinin hövzə
ehtiyatlarının birgə mühafizəsi kimi
məsələlərdə ortaq məxrəcə gəlirlər.
Rusiya
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar
üzrə səfiri Aleksandr Qolovin isə xatırladıb ki,
Xəzərətrafı dövlət rəhbərlərinin
növbəti zirvə görüşü Moskvada baş
tutacaq və bu sammitə sanballı sənədlər
hazırlanmalıdır. İran prezidentinin Xəzər məsələləri
üzrə xüsusi nümayəndəsi Məhəmməd
Mehdi Axundzadə qeyd edib ki, "indi prezidentlər bizdən
daha çox nəticə gözləyirlər". İran rəsmisinin
sözlərinə görə, dövlət
başçıları cari ilin sonuna kimi Xəzərin
hüquqi statusuna dair konvensiyanı hazır görmək istəyirlər.
İclasda
çıxış edən Qazaxıstan və Türkmənistan
təmsilçilər isə son Bakı sammitinin qərarlarını
yüksək qiymətləndirərək növbəti zirvə
görüşünün məhsuldar olmasının
işçi qrupun fəaliyyətindən asılı olduğunu
deyiblər. Qazaxıstan xarici işlər nazirinin müavini
Sarbay Kayrat Xəzərin hüquqi statusuna dair konvensiyanın
hazırlanması üzrə işçi qrupunun növbəti
iclasının yayda Qazaxıstanda keçirməyi təklif
edib. Lakin Rusiya təmsilçisi Aleksandr Qolovin prezidentlərin
sammitinin Moskvada keçiriləcəyini xatırladaraq
işçi qrupun da iclasını məhz Moskvada keçirməyə
dair təklif irəli sürüb. İclasda
çıxış edən natiqlər prezidentlərin
Moskvada keçiriləcək növbəti sammitinə kimi
konvensiya layihəsini razılaşdırmaq üçün səy
göstərəcəklərini vurğulayıblar.
Xatırladaq
ki, bu gün Bakıda Xəzərin hüquqi statusuna dair
konvensiyanın hazırlanması üzrə işçi
qrupun iclası başlayıb. Azərbaycan, Rusiya,
Qazaxıstan, İran və Türkmənistan rəsmilərinin
qatıldığı iclasda konvensiya layihəsinin
razılaşdırılması, həmçinin prezidentlərin
Bakı sammitində qəbul etdiyi protokol qərarların
icrası müzakirə olunur.
Ədalət.- 2011.- 27 aprel.- S. 2.