Əbədi yaşayanlar
Onlardan biri də Riad Əhmədovdur
Torpaqlarımız hələ də işğal
altındadır. Şəhidlərimizin ruhu hələ də
vətənimizin üzərində rahatlıq tapmadan
dolanmaqdadır. Prezidentimizin
apardığı xarici və daxili siyasət ölkənin
iqtisadi və sosial rifahına özünün müsbət təsirini
göstərir. Qarabağ və Qarabağ ətrafı
torpaqların Ermənistanın təcavüzündən
danışıqlar yolu ilə azad olunması istiqamətində
ardıcıl işlər görülməkdədir.
Ölkənin Ali Baş Komandanı dəfələrlə
ictimaiyyətlə görüşdə deyib: "Əgər
ermənilər torpaqlarımızı sülh yolu ilə azad
etməsə, onda hərbi
yolla azad edəcəyik. Biz buna
inanırıq". Bu inama prezidentimizin cəsarətli
çıxışı, vətənpərvərliyi və
onun Ümummilli Liderimizin həm fiziki, həm mənəvi həm
də siyasi varisi olması əsas verir. Ordumuz
Ali Baş Komandanın hücum əmrini gözləyir. Bu əmr inanırıq ki, Qarabağ uğrunda gedən
döyüşlərdə şəhid olmuş oğul və
qızlarınızın ruhlarının rahat olması deməkdir.
O şəhidlərimizin ki, özlərinin qısa, lakin mənalı
ömürləri ilə tarix yazıblar, qəhrəmanlıq
məktəbi yaradıblar. Gələcək nəsillər
üçün and və inam yeri olublar.
Mən elə oğullarımızın biri haqda - Azərbaycanın
Milli Qəhrəmanı, cəsur və savadlı zabit,
yaxın dostum olmuş Riad Fikrət oğlu Əhmədovdan bəhs
edəcəyəm.
Qısa tanışlıq
Riad Fikrət oğlu Əhmədov 1956-cı ilin dekabr
ayının 20-də Bakıda ziyalı ailəsində anadan
olmuşdur.
O, 1972-ci ildə Bakı şəhər 134 saylı orta məktəbi
bitirib, indiki Bakı Dövlət Universitetinin hüquq
fakültəsinə qəbul olmuşdur. Ali təhsilini
başa vurduqdan sonra, 1976-cı ildən 1981-ci ilədək Ədliyyə
Nazirliyində hüquq məsləhətçisi vəzifəsində
çalışmışdır. Riadın
sərhədçi olmaq arzusu onu Minsk Ali Hərbi Məktəbinə
gətirib çıxarmışdır. O bu məktəbdə
təhsilini uğurla başa vurduqdan sonra vətənə
qayıtmış və Dövlət Təhlükəsizlik
Komitəsində əks-kəşfiyyatçı kimi fəaliyyətə
başlamışdır. Riad Əhmədov Milli
Ordunun yaradılmasında da yaxından iştirak edib. 1989-cu ildən isə o Qarabağın
ayrı-ayrı bölgələrində olub və
döyüşlərdə fəal iştirak edirdi.
Mənim onunla ilk
tanışlığım
Bu 1990-cı ilə təsadüf edir. Həmin il
noyabr ayının 18-də Şuşa rayonunun azərbaycanlılar
yaşayan Göytala kəndini müdafiə edərkən ermənilər
tərəfindən ağır yaralandım, kəndi demək
olar ki, itkisiz müdafiə etdik. Erməniləri
ağır itkiyə məruz qoyduq. Mən
Bakı şəhərində həmin döyüşlərdə
aldığım yaralardan müalicə olunarkən Riad xəstəxanaya
mənim yanıma gəldi. Tanışlıq verib
bildirdi ki, DTK-də işləyir və mənim
yaralanmağımı mətbuatdan bilib "Gəlib sənə
baş çəkməyi özümə borc bildim" -
dedi. Bizim onunla dostluğumuzun təməli
buradan qoyulub. Hətta mən xəstəxanada müalicə
olunan zaman Riad vəziyyətlə tanış
olmaq üçün Şuşaya
gedib-qayıtmışdır. Mənimlə
yenidən görüşdü. Mənə
ürək-dirək verərək deyirdi ki, müalicən
başa çatsın səninlə Şuşaya dönəcəyəm,
dediyi kimi də etdi. Biz onunla Şuşaya
qayıtdıq. O, bir neçə gün orada qalıb,
bütün əməliyyat şəraitini öyrənib, vəziyyətin
gərginliyini yuxarı orqanlara
çatdıracağını bildirdi. O, gənc olmasına
baxmayaraq, artıq özünü təsdiq etmiş dərin hərbi
biliyə və döyüş taktikasına malik olan zabit idi.
O zamanlar mən Şuşa rayon polis idarəsinin
rəis müavini vəzifəsində
çalışırdım. Riadın
Qarabağ və Ermənistanla həmsərhəd olan digər
rayonlarında ezamiyyətdə olması və bir çox
böyük əməliyyatlarda iştirak etməsi onun
xüsusi təcrübəyə malik olmasından xəbər
verirdi. Qısa zaman kəsiyində o, həm
yerli özünümüdafiə batalyonunun
döyüşçüləri, həm polis əməkdaşları,
həm də yerli əhali arasında böyük hörmət
sahibi olmuş və onların rəğbətini
qazanmışdır. O, bütün görüşlərində
düşmənlərdən çəkinməməyə,
döyüşə hazır olmağı hamıya tövsiyə
edirdi. Riad hamının doğmasına
çevrilmişdir.
Mən şəhid dostumun haqqında bildiklərimin,
şahidi olduqlarımın və eşitdiklərimin
hamısını qələmə alsam bir yazıya
sığışdıra bilmərəm. Bütün
bunlar üçün bir neçə kitab yazmaq lazım gələr
ki, yaxınlarda bu da özünün müsbət həllini
tapacaq.
O,
Şuşaya gəldiyi zaman Sovet hökuməti hələ
dağılmamışdır. Məlum
olduğu kimi Riad böyük və mühüm orqanın əməkdaşı
idi. Lakin onda olan milli ruh bunu arxa plana
keçirmişdi. Riad Əhmədov millət
yolunda, vətən yolunda məşhur jurnalist, Milli Qəhrəman
Salatın Əsgərova Qaladərəsi kəndində qətlə
yetirildikdən sonra onun nəşrinin erməni
quldurlarından alınıb Bakıya gətirilməsində
Riad Əhmədovun böyük xidmətləri olmuşdur.
O, həmişə bizimlədir
Yuxarıda qeyd etdiyim kimi, Riad həmişə
döyüş üçün doğulduğunu qeyd edir və
münaqişə bölgələrinə könüllü
olaraq gəlirdi. Ona mane olanlar var idi. İstəmirdilər
Qarabağa ezam olunsun. Çünki onun hər
gəlişi Azərbaycan döyüşçülərinin
hansısa əməliyyatda uğurlu
çıxışı ilə başa çatırdı.
Məhz ona görə də onu bu əməliyyatlardan
uzaq saxlamaq istəyirdilər.
Bir dəfə o, mənə Bakıdan zəng etdi. Təcili
Bakıya gəlməyimi xahiş etdi. "Məni
Bakıdan buraxmırlar" - dedi. Onu da xahiş
etdi ki, onunla görüşəcəyimi heç kəsə
deməyim. Təcili Bakıya gəlib
onunla vədələşdiyimiz yerdə
görüşdük. O, bir nəfər rus millətindən
olan zabitlə məni tanış etdi.
Bildirdi ki, bu adam peşəkar, ağır
topatıcısı olan zabitdir. Əfqanıstanda
xidmət edib, çox böyük təcrübəyə
malikdir.
Mən həmən zabitlə gizlin olaraq Şuşaya
qayıtdım. "Qırad" qurğusundan və
toplardan ermənilərə güclü zərbələr
endirdik. Düşmənin çoxlu sayda
canlı qüvvəsi və texnikası məhv edildi. Bir müddətdən sonra Riad mənimlə yenidən
telefon əlaqəsi yaradıb bildirdi ki, rəhbərlik rus
zabitinin onun vasitəsilə Şuşaya getməsini bilib və
onu işdən kənarlaşdırıblar.
Riad Əhmədov işdən kənarlaşdırıldıqdan
sonra da dəfələrlə Şuşaya gəldi və bir
çox əməliyyatlarda iştirak etdi.
Ölüm ondan qorxurdu
Riad Əhmədov dəfələrlə ölümlə
üz-üzə gəlmişdir. Sanki ölümün
özü də ondan qorxurdu. Döyüşün
qaynar nöqtələrində olurdu. Çəkinmədən
döyüşçüləri arxasınca aparırdı.
Bu döyüşçülərimizə böyük ruh verdi. Ona inanırdılar. Bir hadisəni heç unuda bilmirəm. Azərbaycanlılar yaşayan kəndlərin vəziyyətini
öyrənmək üçün Laçın rayonu ilə
həmsərhəd olan kəndlərə getmişdik.
Vertolyotda Şuşa rayon Partiya Komitəsinin I katibi, rəhmətlik
Vaqif Cəfərov, rayon rəhbərliyinin digər məsul
şəxsləri - rəhmətlik Mikayıl Gözəlov,
prokuror Ələddin Ələsgərov, Milli Qəhrəman,
tele-jurnalist Alı Mustafayev, Riad, mən və digər əməkdaşlarımız
var idi. Şuşaya qayıdanda Turşsu kəndinin
üzəri ilə uçarkən ermənilər vertolyotumuzu
vurdular. Vertolyot yerə
çırpılsa da, hamımız salamat qaldıq. Sanki, Tanrının bir əli gizlincə bizim
üstümüzdə idi, haqq tərəfi haqlı olaraq
qoruyurdu. Bu hadisədən sonra mən Riada
bildirdim ki, Bakıya qayıtsın, çünki onun ezamiyyə
müddəti bitmişdi. Lakin o: "bu ağır
zamanda mən sizi tərk etmərəm" - dedi, -
"qalıb sizinlə birlikdə vuruşacağam".
Daşaltı əməliyyatının
daş altında qalan sirləri
Respublikada siyasi vəziyyət gərginliyi ilə son həddə
çatmışdır. Ayaz Mütəllibovun
hakimiyyəti çökmək üzrə idi, hakimiyyəti əldə
saxlamaq üçün mütləq hansısa bir uğurlu əməliyyatı
həyata keçirmək lazım idi. Elə
bu səbəbdən də Riad Əhmədovu Müdafiə
Nazirliyinin əks-kəşfiyyat idarəsinə dəvət
etmişdilər. Onun döyüş təcrübəsindən,
peşəkar kəşfiyyatçı olmasından bəhrələnmək
lazım idi. Hələ 1991-ci ildə erməni
yaraqlılarının mühüm strateji dayaq məntəqələrindən
biri olan Çaykəndin azad olunmasında Riad Əhmədov
xüsusilə fərqlənmiş, misilsiz qəhrəmanlıq
göstərmiş və igidliyinə görə yüksək
mükafata layiq görülmüşdür. O, Əfqanıstan
müharibəsi veteranlarından ibarət
döyüşçüləri ətrafına
toplamış və hərbi əməliyyatlarda qəhrəmanlıq
göstərmişdir.
Riad 1992-ci ilin yanvar ayının 22-də yenidən
Şuşaya göndərilir. Bu dəfə MN-nin əks-kəşfiyyat
idarəsinin polkovnik-leytenantı R.Əhmədov öz dəstəsi
lə "Daşaltı əməliyyatında" iştirak
edəcəkdi. O, yanvar ayının 25-də axşam
saatlarında polis idarəsinə gəldi, çox səmimi
görüşdük, əməliyyatla bağlı söhbətimiz
oldu, hər ikimiz bu qənaətdə idik ki, bu əməliyyatı
tələsik həyata keçirmək olmaz. Bunun
üçün ən azı bir ay hazırlaşmaq
lazımdır, lakin bu yuxarıların
tapşırığı idi, əməliyyat mümkün qədər
tez olmalı idi. Oldu da. Yanvarın 26-da baş tutan əməliyyat əslində
baş tutmadı, süquta uğradı. Riad
Əhmədovun rəhbərlik etdiyi dəstə ermənilərin
çoxlu sayda canlı qüvvəsini məhv etsə də, əməliyyatın
tələsik və uğursuz hazırlanması bizim məğlubiyyətimizlə
başa çatdı. Mənim igid dostum vəzifəsini,
rütbəsini itirməkdən qorxmurdu. O, təmsil
etdiyi orqanın bölgəyə ezam olunmuş səlahiyyətli
və cavabdeh işçisi kimi yox, əsl
döyüşçü kimi fəaliyyət göstərib,
millətinə xidmət edirdi. Münaqişələrin
baş verdiyi, döyüşlərin qızışdığı
bölgələrdə olurdu, başqaları kimi ezamiyyət
müddətini daldada, tələm-tələsik başa vurub
rahat ev-eşiyinə qayıtmırdı. Həmişə
deyərdi: "Mənim indi bir məqsədim var, ermənilərə
qarşı vuruşub onlara öz yerlərini göstərmək,
torpaqlarımıza uzanan çirkli əlləri kəsməkdir".
Şuşa,
Kərkicahan, Meşəli, Kosalar, Çəmilli, Xəlfəli,
Malıbəyli, Quşçular, Nəbilər və digər
yaşayış məntəqələrinin hamısı ilə
qısa bir müddətdə tanış
olmuşdur. Polislə birlikdə bu ərazilərdə
aparılacaq əməliyyatları müzakirə edib və
bütün döyüşlərdə öndə olurdu.
Dəfələrlə olmuşdur ki, ezamiyyət
müddəti bitdikdən sonra da rəhbərlik ilə telefon əlaqəsi
saxlayıb ezamiyyə müddəti artırardı ki, növbəti
döyüş əməliyyatlarında iştirak etsin.
Rus kəşfiyyatı onu izləyirdi
Riadla bağlı bəzi real faktları qeyd etmək
yerinə düşərdi. 1991-ci ilin yayında bəzi
məlumat daxil oldu ki, ermənilər yaşadıqları
Göytala, Kirov, Yeksaux, Qaladərəsi kəndlərində
Ermənistandan gələn silahlılar var və onlar azərbaycanlılara
qarşı terror aktı hazırlayırlar. Riadla birlikdə əməliyyat planı
hazırladıq. Tez bir zamanda həmin kəndlərdə
geniş miqyaslı reyd keçirdik. Ermənilərdən
külli miqdarda
döyüş sursatı müəyyən edib
götürdük. Ən
başlıcası isə həmin əməliyyat nəticəsində
Ermənistandan gələn vertolyotu, 25 nəfər erməni yaraqlısı
ilə birlikdə girov götürdük. Eyni
zamanda çoxlu sayda silah-sursat, Azərbaycan ərazilərinin
xəritələrini əldə edib qənimət
götürdük. Vertolyotu Şuşaya
çətinliklə də olsa, endirə bildik, çünki
mənim, Riadın və digər əməkdaşlarımızın
da mindiyi vertalyotu ermənilər
Ermənistana qaçırmaq istəyirdilər.
Ayaz Mütəllibov tələb etdi
1991-ci ilin iyul ayında ermənilər 2 nəfər azərbaycanlını
girov götürmüşdülər. Riadla
görüşüb birlikdə əməliyyat planı
hazırladıq, elə həmin gün 2 nəfər ermənini
girov götürdük. Bu çox
böyük qalmaqala səbəb oldu. Rus kəşfiyyatı
bunu Riadla mənim birgə hazırladığımız əməliyyat
planı nəticəsində həyata keçdiyini öyrənmişdi.
Hər ikimiz dövlətin məsul
işçiləri idik və qanunla biz asayişi qorumalı
idik. Həmin dövrdə respublikaya rəhbərlik
edən Ayaz Mütəllibov da erməni girovlarının
tezliklə azad olunmasını tələb edirdi. Lakin biz ermənilərin 2 azərbaycanlı girovun
başına gətirdiklərinə adekvat cavab verdik.
Kərkicahan kəndinin müdafiəsi zamanı da belə
analoji hadisə
baş vermişdi. Ermənilər rus havadarlarının
xeyir-duası ilə kəndə hər tərəfdən
hücuma keçmişdi. Qızğın
döyüşlər getdi. Ermənilər
xeyli canlı qüvvə və texnika itirdi. Döyüş
zamanı 2 nəfər erməni yaraqlısını əsir
götürdük. Ruslar təkidlə
onları azad etməyimizi tələb edirdi. Riadın xüsusi təkidi ilə ermənilər tərəfindən
girov götürülmüş azərbaycanlılarla erməniləri
dəyişmək istəyimizi onlar rədd etdi və biz də
analoji addımlar atdıq.
Silahımız yox idi
Qarabağda Arkadi Volskinin rəhbərliyi altında
xüsusi komitə fəaliyyət göstərirdi. Tərəflərin
münaqişə şəraitində yaşamaması, hadisələrə
nəzarət etməsi, tərəflər arasında sülhə
nail olmaq missiyasını bir tərəfə qoyub, ermənilərə
havadarlıq edən bu komitə azərbaycanlılara
qarşı çox kəskin bir mövqe tutmuşdur. İş o yerə çatmışdır ki, ermənilərin
silahla təmin olunmasına şərait yaradan volskçilər,
əksinə azərbaycanlılardan ov tüfəngini belə
yığışdırmışdılar. Onlar Azərbaycan polislərinin tabel silahlarını
da müsadirə etmişdilər. Şuşa
polisi demək olar ki, əliyalın qalmışdır. Riad Əhmədov özünəməxsus olan tabel
silahını - qısalüləli avtomatı əməkdaşlarımıza
vermişdir ki, bu silahdan bütün əməliyyatlarda istifadə
olunurdu.
Yerli özünümüdafiə batalyonunun silahla təmin
olunmasında da, Riad Əhmədovun xüsusi rolu var idi. Mən onunla
qısa bir zaman kəsiyində Gürcüstana gedib oradan xeyli
silah-sursat alıb gətirdik və
döyüşçülərimizə payladıq. Eyni zamanda çoxlu sayda hərbi geyimlər alıb
gətirmişdik ki, bu da döyüşçülərimizin
vahid bir formada fəaliyyət göstərməsi
üçün çox böyük önəm daşıyırdı.
Cəsur zabit, mətin döyüşçü, vətənpərvər
insan olan Riad Əhmədov bu döyüşdə qəhrəmancasına
həlak oldu.
Göstərdiyi misilsiz qəhrəmanlığına görə
Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 07 iyul tarixli 833
saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı"
adına layiq görüldü.
Heç kəs unudulmur, heç nə yaddan
çıxmır
Bakıdakı 203 saylı orta məktəb şəhid
qardaşımın, əziz dostum Riad Əhmədovun
adını daşıyır. Bəli, belə
insanlar unudulmur. Çünki onların
keçdikləri qısa, lakin mənalı həyat yolu əslində
bir məktəbdir. Və nə yaxşı ki, Riad kimi
oğullarımızın adları əbədiləşdirilir.
Gələcək nəsillər, sabahın
müstəqil gəncləri, yeniyetmələri bu qəhrəmanların
həyat yolu ilə maraqlanır, öyrənib, onlar kimi vətənə,
millətə layiq övlad olacaqlar. Bu
gün müstəqilliyini ikinci dəfə əldə
etmiş torpaqların 20 faizi hələ də işğal
altında olan vətənimiz üçün bu
taleyüklü bir məsələdir. Biz
gənclərimizə Riad kimi qəhrəmanların ruhunda
böyüməyi tövsiyə etməliyik. Onlara vətəni, milləti sevməyi, lazım gələrsə
onların uğrunda ölməyi bacarmağı öyrətməliyik.
Respublika hüquq-mühafizə orqanları Riad Əhmədovla
fəxr etməlidir və gənc əməkdaşlara onun qəhrəmanlığı,
keçdiyi döyüş yolları barədə mütəmadi
təbliğatlar aparılmalıdır. Gənclərimiz
bilməlidirlər ki, bir yolumuz var, o da - Riad Əhmədov və
digər qəhrəmanlarımızın mənfur
düşmənlərdən qisaslarının
alınmasıdır. Biz həmişə
döyüşə hazır olmalıyıq.
Son vaxtların bəzi ürəkbulandıran hadisələri
mənə bunları deməyə əsas verir. Mitinq adı
altında gəncləri küçələrə
çıxarmaq, pozucu, qanqaraldıcı hadisələrə
rəvac vermək əslində düşmən dəyirmanına
su tökmək kimi bir şeyidir. Həmin
insanlar gənclərimizə vətəni necə sevməyi,
necə qorumağı öyrətməlidirlər. Başa salmalıdırlar ki, bu gün Azərbaycan
üçün taleyüklü məsələ
torpaqlarımızın erməni işğalından azad
olunmasıdır. Bunun üçün də
Azərbaycan gənci Ali Baş Komandanın çoxdan gözlənilən
əmrini gözləyir. Küçələrə
çıxıb nümayiş edən, mitinq keçirən
o gənclərin də yeri həmin gənclərin
yanındadır. Necə ki, Riad Əhmədov
kimi gənclərimiz bu vətənə canlarını qurban
veriblər. Qoy bəzi dırnaqarası
siyasi liderlər buna fikir versinlər. Başa
düşsünlər və ətrafındakılara başa
salsınlar ki, vətən uğrunda ölmürlər, onlar əbədi
yaşayacaqlar, Riad Fikrət oğlu Əhmədov kimi.
Vahid Bayramov
Ədalət.- 2011.- 27 aprel.- S. 6.