BURA VƏTƏNDİR

 

Gözəllik yarışı

 

Elə ki Zaqatalanın ilahi gözəlliyindən hələ doymamış Katex çayı üzərindəki körpüyə çatırsan və buradan da qonşu Balakən rayonunun ərazisi başlayır, indi də başqa bir gözəlliyə qovuşursan, başqa bir sehrə düşürsən. Vətən gərçəkdən şirin bir nəğməyə bənzəyir. Bilirsiniz, necə xoşdur Qaxın, Zaqatalanın, Balakənin bir-biri ilə müasirlik, gözəllik yarışına girməsi? Burada söhbət hansısa birincilik iddiasından getmir. Burada Vətən torpağının gündən-günə çiçəklənməsi, gözəlliyi ümumi təntənəsi, sevinc doğuran nə varsa bir-birini tamamlaması şərtdir. İnsanlar bunları arzulayır, bu amaclar uğrunda çalışır, yaşayırlar.

... Katexi keçdikdən sonra rahat yol səni son illər tamam dəyişmiş gözəl və əzəmətli Balakən şəhərinə aparır. Əgər bu yola ilk dəfə çıxmısansa, qoy sənə bələdçilik edim. İndiyədək bəlkə 100 belə səfərim olub. Yolun sağ tərəfindəki qarlı dağlar doğmaca yurd yerlərimizdir. Dağıstana qədər beləcə sıralanıb. Sol tərəfdə göz işlədikcə uzanan yaşıl düzəngah Alazan vadisinin bir yaxasıdır, o tərəfdə Gürcüstandır.

 

İki xarici dövlətə açılan qapı

 

... Yəni Balakən ölkəmizin xaricə açılan bir şimal-qərb qapısıdır, çox yaxın məsafədə iki dövlət ilə sonuncu sərhəd rayonudur. Belədə əsas coğrafi və digər vacib faktlara da diqqət yetirək. Əhalisi 91 min nəfərdən çox, ərazisi 923 km2 olan Balakən rayonunun Baş Qafqaz silsiləsinin cənub yamaclarında və Alazan-Həftaran vadəsində yerləşir. Rusiya Federasiyası yəni Dağıstanla dağ sərhədi boyunca bəzi zirvələrin hündürlüyü 3500-4000 metrə çatır. Rayonun ərazisində Balakən, Mazım, sərhədlərindən isə Katex və Qanıx (Alazan) kimi gur sulu çaylar axır. Palıd, fıstıq vələs və başqa ağaclarla zəngin olan minlərlə hektar meşələri var. Fauna zənginliyini də göstərmək lazımdır. Balakən xüsusilə dağ keçiləri və nadir köpkərləri (qarapaça) ilə məşhurdur.

 

Balakən qartalları

 

Həm də "Balakən qartalları"...

İfadəni xüsusiləşdirməyim səbəbsiz deyil. Balakən dağlarının zirvələri qartalların oylağıdır. Tur və qartal bu yerlərin əsas təbiət simvolikasıdır. Ancaq balakənlilər daha çox Vətən uğrunda döyüşmüş, yaralanmış, şəhid olmuş igid övladlarını birləşdirən məşhur "Balakən qartalları " batalyonu ilə fəxr edirlər. "Balakən qartalları"nın Qarabağ döyüşlərindəki rəşadəti xatirələrdə əbədi qəhramanlıq dastanına çevrilib.

 

Modern şəhər

 

... Bayaqki fikrimə qayıdıram. Balakən rayonu haqqında söhbət açarkən onun mərkəzinin, Balakən şəhərinin son illər necə inkişaf edib dəyişildiyini, müasirləşdiyini görməsən inanmazsan. Şəhər girəcəyindən başlayaraq hər bir tikilinin, həm yerli xüsusiyyətlərə uyğunlaşdırılması, həm modernləşdirilməsi ilkin olaraq insanda ruh yüksəkliyi yaradır. Əzəmətli sosial-inzibati binaların yeni ucaldılmış cox mərtəbəli evlərin fonunda dağ keçisi, şahə qalxmış at heykəlləri dağlı məişətinə məxsus olmaqla muzey eksponatlarını xatırladan kompozisiyalar səni qətiyyən çaşdırmır, əksinə müasir şəhər mədəniyyətindən, təbii modernist axtarışlardan xəbər verir. Biz bütün bunlar barədə Balakən rayon icra hakimiyyəti başçısının müavini Mehparə Nuriyeva ilə xeyli söhbət edir, müqayisələr aparırıq.

 

Dövlət məmurunun səmimiyyəti

 

Bir məsələni xüsusi vurğulamaq lazım gəlir. Mehparə xanım mətbuatı müntəzəm izləyən və jurnalistikaya ciddi münasibət bəsləyən dövlət məmurlarındandır. Bizim qəzetə də xüsusi rəğbətlə yanaşır. Mən bunu söhbətimiz zamanı Mehparə xanımın uğurlarımızla yanaşı bəzi nöqsan və çatışmamazlıqları da diqqətə çatdırdığı zaman bir daha hiss etdim. Sanki bir ekspert kimi hər şeyi səmimi və peşəkarcasına söyləyirdi. Çox sevindim...

Və yadıma qəzetimizin yaxın dostu, bir vaxtlar rayonun ən yüksək vəzifələrində çalışmış Ruqiyyət xanımın sözləri düşdü: "Balakəndə "Ədalət" qəzeti çox sevilir və oxunur. Xüsusilə qadın oxucularınız çoxdur..."

... Mehparə Nuriyeva ən azından "Region" səhifəsi ilə bağlı yolumuzu gözləyirmiş. Onun qənaətinə görə qəzetimiz müxtəlif layihələr sırasında ən uğurlu iş aparır. Verdiyimiz səhifələrdən regionların inkişafı dolğun və oxunaqlı şəkildə təqdim olunur, diqqəti cəlb edir. Bütün bunlar bir jurnalist olaraq məni çox sevindirdi. Üstəlik Mehparə xanımın hətta 2-3 il bundan əvvəl yazdığım köşələrdən də söz salması, bəzilərini adbaad xatırlaması məni narahat edən bir çox şeyləri unutdurdu da.

Başçının müavini ilə rayonun sosial- iqtisadi inkişafında Dövlət Proqramının necə böyük rol oynadığı, proqramların icrası zamanı ümumrayon fəallığı barədə müəyyən fikirlər bölüşürük. Qəbul olunmuş birinci Dövlət Proqramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Balakənə 2 səfəri olub. Birinci səfərində bir sıra mühüm obyektlərin təməlini qoyan Prezident, ikinci səfəri zamanı nəzərdə tutulan bütün tədbirlər üzrə yerinə yetirilmiş işlərlə maraqlanmış, yeni tikilmiş obyektlərin açılışını etmişdir.

 

 

Balakənliləri qürurlandıran səfərlər

 

Ötən il iyulun 8-də Balakənə üçüncü səfərini edən ölkə başçısı "2009-2013-cü illərdə regionların sosial inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilində rayonda görülmüş işlərlə tanış olaraq tapşırıqlarını verib. Prezident eyni zamanda tikililərin təməlqoyma mərasimində və istifadəyə verilmiş yeni obyektlərin açılışlarında iştirak edib.

2010-cu ildə rayonda ümumi məhsul buraxılışı 116,4 milyon manat təşkil etmişdir. İl ərzində 48,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 6,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 28,4 milyon manatlıq tikinti işləri görülmüşdür. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 41,6%, sənayenin xüsusi çəkisi 5,7% olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 33,4% artmışdır. Pərakəndə əmtəə dövriyyəsi 97 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.

Tikinti, quruculuq və abadlıq işləri eləcə də aqrar sahənin və sənayenin inkişaf etdirilməsi tədbirləri 2011-ci ildə də uğurla davam etdirilir. Dövlət Proqramının icrası ilə əlaqədar bütün istiqamətlərdə fəallıq nəzərə çarpır. Rayon rəhbərliyi əhalinin rifaq halının daha da yaxşılaşdırılması yolunda Prezidentin göstərişlərini konkret tədbirlərlə yerinə yetirməyə çalışır. Yeni obyektlərin inşası sürətləndirilir. Fermer təsərrüfatlarına, sahibkarlara daha geniş imkanlar yaradılır. Bu məqsədlə dövlət yardımları ayrılır. Eləcə də turizmin inkişafı üçün geniş miqyaslı işlər görülür. Bu isə başqa söhbətimizin mövzusu olaraq bir müddət sonra davam edəcək.

  

  

MƏZAHİR ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 27 aprel.- S. 7.