Nəsib Nəsibli:
"1918-1920-ci illər milli tariximizin şanlı dövrüdür"
Tarix elmləri doktoru,
professor Nəsib Nəsiblinin APA-ya müsahibəsi
- Nəsib bəy, bir tədqiqatçı
olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin
1918-1920-ci illər ərzində
yürütdüyü xarici
siyasətə baxışınızı
bilmək istərdik. Tarixdə 23
ay mövcud olmuş cümhuriyyətin xarici siyasətini necə qiymətləndirmək olar?
-
1918-1920-ci illər milli
tariximizin şanlı
dövrüdür. Çünki tarixdə ilk dəfə olaraq milli demoktratik
dövlətin əsası
qoyulmuşdu. Çətin və keşməkeşli
bir dövrdə cümhuriyyət öz müstəqilliyini dünyaya
tanıtmaq istiqamətində
kifayət qədər
ciddi mübarizə apardı. Çox təəssüf ki, bu dövlətin
ömrü 23 ay çəkdi
və bu müddətin böyük
hissəsi Azərbaycanın
yad qüvvələrdən
təmizlənməsinə sərf olundu. Azərbaycan türkü 1918-1920-ci ildəki
fəaliyyəti, dövlət
quruculuğu sahəsindəki
işləri ilə müstəqilliyə layiq
olduğunu göstərdi.
Bundan sonra 70 illik sovet dövrü başladı. Bu dövrdə 23 ayın üstündən qara xətt çəkmək,
xalqın yaddaşından
silmək cəhdləri
oldu. Amma yenə izlər
itmədi.
Demokratik
cümhuriyyətin xarici
siyasətinin 3 əsas
istiqamətini göstərmək
olar: Elan olunmuş müstəqilliyin
dünyaya tanıdılması
və qəbul etdirilməsi; Qonşu ölkələrlə normal mehriban
qonşuluq münasibətləri
qurmaq cəhdləri; Azərbaycanın gələcək
inkişafını təmin
edən xarici siyasətin şərtlərinin
təmin olunması.
- Azərbaycan
Demokratik Cümhuriyyətinin
I Dünya müharibəsindən
yeni çıxmış
və siyasi dəyişikliklərin mövcud
olduğu qonşu ölkələrlə münasibətləri
necə qurulmuşdu?
- Azərbaycan az
vaxt ərzində bir neçə ölkə ilə normal münasibətlər qurmağa
nail oldu. Hansı ki, bu dövlətlərlə Azərbaycanın
geopolitik maraqları da uyğun gəlirdi.
Bunların başında Osmanlı
dövləti dayanırdı.
Osmanlı dövlətinin cümhuriyyətin
qurulmasında, Azərbaycan
türklərinin varlığında
danılmaz və böyük rolu olub. Gürcüstanla da normal münasibətlər
qurulmuşdu. İranla münasibətlərin
qurulması çətin
başlasa da, normal inkişaf yolunda davam etdi. Ermənistanla münasibətlər isə müharibə şəraitində keçdi
və demək olar ki, qurulmadı.
Rusiya ilə də münasibət qurula bilmədi. Çünki Rusiya keçmiş
çar Rusiyasının
varisi olduğunu sübut elədi və bu, Azərbaycanın
işğalı ilə
nəticələndi.
- Azərbaycan cümhuriyyətinin müstəqilliyini
elan etdikdən bir neçə gün sonra ilk imzaladığı sənəd
Osmanlı dövləti
ilə Batum müqaviləsi oldu. Bu müqavilə barədə
nə deyə bilərsiniz?
- Bununla bağlı çox yazılıb. Əsası
o idi ki, bu müqavilə yeni elan olunmuş
Azərbaycanın varlığını
qorumaq üçün
imzalanırdı. Osmanlı dövləti
də çətin vəziyyətinə baxmayaraq,
Azərbaycandan öz yardımını əsirgəmədi.
Bundan sonra Azərbaycanın müdafiəsi, Bakının
işğaldan azad olunması üçün
hərbi qüvvə göndərildi. Borclar verildi,
kadrların hazırlanması
üçün müəllimlər
göndərildi və
digər ehtiyacların
qarşılanmasında yardımlar
oldu.
- O dövrdə İranla münasibətlərin
çox çətin
qurulduğunu söylədiniz.
Bu nədən irəli gəlirdi?
- Qacar xanədanı Arazın şimalında Azərbaycan adlı dövlətin yaranmasından
ehtiyatlanır, narahat olurdu. Ehtiyat ondan ibarət
idi ki, qacarlar
Azərbaycanın İranın
tabeliyində olan Azərbaycanla birləşəcəyindən
ehtiyatlanırdı. Amma sonda
Bakı İranı inandıra bildi ki, münasibətlərin
qurulması Azərbaycanın
müstəqilliyinin gücləndirilməsinə
yönəlib. Bundan sonra
İran tərəfinin
mövqeyində yumşalma
oldu və hətta bəzi əməkdaşlıq planları
da ortaya çıxdı. Qacarlar Arazın
şimalında müstəqil
bir dövlətin olmasını strateji baxımdan öz maraqlarına uyğun gördü. Hətta İran
siyasi rəhbərliyinin
Azərbaycanla konfederativ
birləşməyə dair
arzu və istəkləri də vardı. Bundan sonra münasibətlərin
normal inkişafı başladı.
- Əlimərdan
bəy Topçubaşovun
rəhbərlik etdiyi nümayəndə heyətinin
Paris Sülh Konfransına
qatılması dövrün
mühüm diplomatik hadisəsi idi. Bir az
da bu məsələ
üzərində dayanmanızı
istərdik.
- Bu, milli tariximizin fəxr edə biləcəyimiz hadisələrindəndir.
Nümayəndə heyəti çox
hazırlıqlı şəxslərdən
ibarət idi və başında da Əlimərdan bəy Topçubaşov dayanırdı. Topçubaşov milli hərəkatın lideri və ideoloqlarından biri idi. Kiçik nümayəndə heyətimiz Azərbaycanın
tanıdılması istiqamətində
çox fədakar fəaliyyət göstərdi.
Az bir
vaxtda kiçik həcmli olsa da 20-yə yaxın müxtəlif dillərdə
kitablar nəşr olunaraq yayıldı. Həmçinin Parisdə ABŞ prezidenti, Avropanın o dövrkü dövlət
xadimləri, digər ölkələrin nümayəndə
heyətləri ilə
görüşlər oldu.
Onların işləri
nəticəsində cümhuriyyətin
tanıdılması qərarına
nail olundu.
- Gürcüstanla
münasibətlərdən danışdınız. Azərbaycan Türkiyədən
sonra Gürcüstanla
hərbi-strateji pakt imzaladı. Azərbaycanın bu qonşu ölkə ilə sonadək diplomatik münasibətlərinin davam
etdiyini görürük.
- Dövlətlər arasında
imzalanmış müqaviləyə
əsasən Azərbaycan
Gürcüstana iqtisadi
sahədə yardımlar
elədi. Gürcü
hökuməti də çar ordusundan qalmış silah və döyüş sursatlarını, hərbi
ləvazimatları Azərbaycana
verdi. Üstəlik gürcü zabitləri Azərbaycan ordusunda işə götürüldü.
Ölkələr arasında ərazi
və sərhəd məsələlərinin, o cümlədən
Borçalı ilə
bağlı mübahisənin
qalmasına baxmayaraq, münasibətlər normal inkişaf
edirdi. Onu da deyim ki, Gürcüstanın diplomatları o zaman tək Gürcüstanın
müstəqilliyi üçün
çalışmırdılar. Sovet liderləri ilə görüşlərdə Cənubi
Qafqazın müstəqillik
məsələlərini müzakirə
edir, bolşeviklərlə
danışıqlarda həm
də Azərbaycanın
məsələsini qoyurdular.
- O vaxt Borçalı, Dağıstanın
Qasımkənd ərazisi
və s. kimi problemli
ərazilərin mövcudluğu
bölgədə gərginliyi
saxlayırdı demək
olarmı?
- Bu mübahisələrin olması
təbii idi. Bölgədə milli dövlətlər
yeni yaranmışdı
və sərhədlər
əvvəllər olmamışdı.
Ona görə də sərhəd məsələsi
qonşular arasında
mübahisəyə səbəb
olmalı idi.
- Azərbaycanın
bolşeviklər tərəfindən
işğalına dünya
dövlətlərinin göz
yummasını necə
xarakterizə etmək
olar? Belə demək olarmı ki, Azərbaycan bu işğalı dünya birliyinə o dövrdə də anlada bilməyib?
- O dövrdə
Avropa müharibədən
yeni çıxmışdı.
Müstəqil dövlətlərin yaranması ilə bağlı siyasi fikir fərqli idi. Müstəqil dövlətlər coğrafiyasının genişləndirilməsi
fikirləri
yox idi. Avropada bu məsələyə sovetlərlə münasibətlər
kontekstində baxılırdı.
Məsələn, onlar sovetləri
müvəqqəti rejim
kimi görürdülər.
Düşünürdülər ki, neftlə
bağlı məsələdə
sovetlərlə razılığa
gələ bilsələr,
bu məsələlərdə
israr etmək lazım olmaz.
- Bəzi tarixçilər Azərbaycanın
işğalını o dövrdə
xarici siyasətdə,
xüsusilə də Rusiya ilə münasibətlərdə yol
verilmiş səhvlərlə
əlaqələndirirlər. Məsələn, iddia olunur ki, bolşeviklər
Bakıya müraciət
edərək Denikinə
qarşı birgə mübarizə aparmağı
təklif edib. Amma Azərbaycan buna nəinki razılıq verməyib, hətta əks-inqlabçıları dəstəkləyib.
Bu da Azərbaycanın
işğalı üçün
Rusiyanın əlində
bir arqument olub.
- Bu, arqument yox, bəhanə
idi. İşğal üçün Rusiya müxtəlif bəhanələr axtarırdı.
Ən böyük bəhanə isə fəhlə-kəndli
sinfinin Azərbaycan hökumətini "sevməməsi",
inqilab eləməsi oldu. Azərbaycan hökuməti Denikinlə
bağlı məsələdə
açıq şəkildə
bəyan etdi ki, biz müstəqilik və başqa ölkələrin işlərinə
qarışmırıq, Rusiya
öz problemini özü həll eləsin.
- Cümhuriyyətin
süqutundan sonra mühacir Azərbaycan diplomatları fəaliyyətlərini
davam etdirdilər. Mühacirət diplomatiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mühacir diplomatların başında Azərbaycanın
Paris konfransında iştirak
edən rəsmi nümayəndə heyəti
dayanırdı. Mühacirət Azərbaycan siyasi fikrinin inkişafı sahəsində fövqəladə
böyük işlər
gördü. Mühacir diplomatlarımız
Azərbaycan məsələsinin
dünyaya tanıdılmasında
böyük işlər
gördülər. Milli tariximizin
fəxr olunası işlərindən biri də məhz mühacirət diplomatiyamız oldu.
Ədalət.- 2011.- 28 aprel.- S. 6.