Oralarda kimlər var: MƏZAHİR ƏHMƏDOĞLU İDDİALI PUBLİSİST

 

Gözəl qələm sahibi, publisist (hər halında İradə Tuncay xanıməfəndi telefon söhbətimizdə, ki bir azdan xatırladacam "jurnalist" deyərək keçdi üstündən) Məzahir Əhmədoğlunun mənə çox böyük bir hörmətlə və simpatiya ilə yanaşmasının bu yazının yazılmasında heç bir dirənci yoxdur, amma tamam başqa bir nədən var ki, bu yazını yazıram. O da olsun o ki, Məzahir mənim özümü məndən yaxşı tanıyır və söhbətlərində elə şeylər danışır ki, mən vallah onları heç xatırlamıram. Mənim imzam qəzet səhifələrində (bu bir az müşkül işdi, çünki mən qəzetlərdə heç çalışmadım) görünəndə (belə qəbul edək) Məzahir gəncəcik bir oğlan olub. Bakının küçələrində o dövrün çox populyar tanınmış qələm sahibləri olan gənclərlə Vaqif Cəbrayılzadə ilə Ramiz Rövşənlə daha başqalarıyla oturub- durub nəinki oturub-durub, hətta çox yaxın olublar. Mən zarafatla deyəndə ki, Məzahir bəy bir halda ki, sən məni bu qədər izləmisən və nədən heç bir dəfəolsun yaxınlaşıb bir söz deməmisən. Məzahir çox ciddi: paho, o zaman Sizə yaxın durmaq olurdu ki... SİZƏ ha... Məncə belə dedi.

Məzahir bir qələm sahibi, gözəl bir publisist və bir çox qəzetlərdə əməkdaşlıq eləmiş və nəhayət mənim yaddaşımın bir ləngərli vaxtında gəlib düşmüş "ƏDALƏT" qəzetinə və bu qəzetdə daha da püxtələşərək orada özünə yaxşı qələm dostları tapmış və daha dəqiq desək, İradə Tuncay o qəzetə redaktor gələndən sonra daha da ürəklənən və daha da açıq, daha da şirin, səmimi (SƏMİMİ bu söz İradə Tuncaya məxsusdur sonra açıqlamalı olacayıq. Hər halda can qurtaran söz olsa da qəbul edək, baş redaktorumuzdur nə yapmaq olar) yazılarıyla önə çıxmağı bacarmış və bu bacarığı ilə hələ bir az xəstəliyi olmasa daha da canlı, daha da çox yazılar yazacağına inanıram. Amma yenə də bütün ağırlıqlara baxmayaraq, indiki vəziyyətdə Məzahir Əhmədoğlu qəzetin ən çarpıcı və ən aparıcı yazarlarından biri olaraq diqqəti çəkməkdədi. Məzahir Əhmədoğlu bəzən özünün istəmədiyi şeyləri də yazır: bu qaçınılmazdır. Yazı prosesində o oxucularını həmişə düşünür və oxuculardan qırağa, mən bilən bir zamanlar birlikdə olduqları, indi də hərdən görüşdükləri şair və yazarlar gəlir onun gözlərinin qabağına və düşünür ki, bilmək olmaz, bu qəzet təsadüfən keçər Vaqif Bayatlının əlinə və ya Ramiz Rövşənin əlinə, onlar oxuyarlar yazını təəssüflənərlər və ya başqa şeylər düşünərlər. Bu yüzdə yüz olmasa da, bəzən ola bilir.

Amma Məzahir əslində son illərdə modda olan və bir çoxlarının elə-belə baxdıqları tər-təmiz "Köşə yazarı" kimi püxtələşmiş bir yazar olduğundan o, qəzetin başqa işlərində çalışırkən, o günləri və ya yazıları siz deyən heç də məhsuldar və maraqlı günlər hesab eləmir. Onu qınamaq da olmaz. Köşə yazarı kimi özünü təsdiqlədiyindən və burdan o yana bədii əsərlər yazmaq silqətini özündə saxlayan bir qələm sahibinin bu narahatlığını mən yaxşı başa düşürəm və bizim indiki media ortamında artıq Köşə yazarlığı o qədər diqqəti çəkir ki, Məzahirin də həqiqətən başqa səpgidə yazılar yazması ona bir az da çöçün gəlir, çətin yox, məhz çöçün gəlir. Bu da şəxsən bizim media cəmiyyətimizdə özünə yer tapan əskikliklərdən biridir ki, köşə yazarı xəbər yazmaz, məlumat yazmaz. Halbuki, əsl jurnalistikada bunları bacarmaq özü də çox maraqlı bir gedişatdır. Belə ki, Məzahir Əhmədoğlu indiki məqamda çox az Bakıda olur və əslində mən onu rayon bölmələrindən birinin sahibi kimi bilirdim. Amma məlum oldu ki, o da redaktor müavinlərindən biridir. Söhbətlərin birində söz arası bunu dedi və mən də doğrusu utandığımdan üstünü vurmadım. Bunu bəziləri əhəmiyyətsiz şey kimi düşünə bilərlər. İndi Göyçayda oturub hər gün qəzetə yazı yaza da bilərsən. Çağdaş texnikanın bütün özəlliklərini bilən bir qələm sahibi kimi Məzahir də orda yazıb burda çap olunmaq hüququnu qazandığından bu çətin iş deyil. O bunu necə çatdırır. 30 günün 25-də onun imzasını qəzetdə görmək mümkündü və hər zaman da onun yazılarında mütləq bir işıqlı fikir, düşüncə və informasiya olur. Təbii ki, bir yazar haqqında danışanda və onun yaradıcılığını tərifləyəndə mütləq misallar gətirmək tələb olunur. Bunu da mən heç zaman qənaətbəxş hesab etmirəm və bir də məncə bu az-çox tənqidçilərin və tənqidbazların işidir. Ancaq bir halda ki, biz özəl qələmi olan bir publisist haqqında danışırıq, o zaman ən azından ondan kiçik bir misal də gətirmək məqamını ələ keçirməlisən. Bu həm sənin yazının işarələrin artıracaq, həm də lazımdısa deməli lazımdı. Amma kiçik bir haşiyə vermək istəyirəm, örnəkdən əvvəl. Bu da olsun ondan ibarət ki, mən Məzahiri bir vaqiədə qısqanmışam və heç də boşuna qısqanmamışam. Qayıdıram, yazımın əvvəlinə.

Yazımının əvvəlində mən belə bir not işlətmişdim: "Gözəl qələm sahibi publisist (hər halında İradə Tuncay xanıməfəndi telefon söhbətimizdə ki, bir azdan xatırladacam, o jurnalist deyərək keçdi üstündən) Məzahir Əhmədoğlunun mənə çox böyük bir hörmətlə və simpatiya ilə yanaşmasının bu yazının yazılmasında heç bir dirənci yoxdur, amma tamam başqa bir nədən var ki, bu yazını yazıram. İradə xanımla telefon söhbətimizdə nə olmuşdu? Mən həmişə bir imkan axtarırdım ki, İradə xanımdan soruşum. Soruşum ki, Xanıməfəndi necə oldu ki, Siz ilk kitabınız olan "SARI ODALAR" üçün ön söz müəllifi məhz Məzahir Əhmədoğlunu seçdiniz? İradə xanım gərək ki, mənim də könlümü almaq üçün, dedi: Bilirsən, abi mən üç adam haqqında düşünmüşdüm ön söz yazmağa - səni, Məzahir Əhmədoğlunu və bir də Göyçaydan bir müəllim var onu. Amma sənlə hər zaman mətbuatda bu və ya başqa səpgidə atışmalarımız və bir-birimizə lətif sözlərimiz olub. Düşündüm ki, Məzahirin yazısını "Ön söz" olaraq alım kitaba. Və bir də bax, əsas odu ki, MƏZAHİR ÇOX SƏMİMİ QƏLƏM sahibidi, çox səmimi jurnalistdi. Əllərimi qaldırıram və təslim oluram. Bir öncə demişdim: mənim səmimiyyət sözündən bir o qədər də xoşum gəlməz, amma düşünün ki, bunu İradə Tuncay xanım əfəndi deyir.Və üstəlik də öz əməkdaşı haqqında deyir. Yəni, əməkdaş bundan sonra hop eləyib düşmə ortalığa!!!!!!!!!!!! Bu bir danılmaz həqiqət idi. Məzahir İradə xanım haqqında yazır: "Onun haqqında bir qədər geniş danışacağam. ( bəlkə yazacam? T.A.). Bunun da əsas səbəbi çoxlarının onu yaxından tanıya bilməməsi, ya da indi-indi tanıyaraq yaradıcılığı ətrafında qeyri-müəyyənlik göstərməsidir.Onun liderliyi,həmişə ön sırada olması bütün yazılarından boylanır. Bu xanım yazar haqqında yazmaq, danışmaq zərurəti çoxdan yaranıb. Mənimlə həmfikir olanlara təşəkkür edərək söhbətimə davam edirəm (bəlkə yazıma? T.A.) Qaldı ki, mənim təşəkkür etmək imtiyazımla maraqlanan varsa, bildirirəm: səbəb İradə Tuncayın həmkarım, dostum, başlıcası müasir mətbuatımızın orijinal bir publisisti olmasıdır. Bütün ənənələri ən yüksək səviyyədə qoruyub inkişaf etdirən, publisistikanın ən cazibədar və modern sistemini (bəli, məhz sistemini, parantez içi qeyd də Məzahir bəyindir, elə bilir ki,biz eşitmədik onu) yaradan və quran İradə Tuncay yaradıcılığı haqqında danışmaq çox çətin söhbətdir. Hətta ağır söhbətdir... Ağıl, zəka və gerçəklərin söhbətidir." Daha sonra yazır Məzahir bəy: "İradə Tuncay çevik jurnalistdir... İradə Tuncayın bir çox yazılarında mən onun öz obrazını da görürəm. "Canavar vaxtı..." İradə xanımın yazısıdır. Fantastik üslub, fantastik təhlil! Məzahir Əhmədoğlunun yanaşmasıdır. "...İradə Tuncayın köşələrində və köşə kimi təqdim olunub da, bu çərçivələrə sığmayan yazılarında ( "Yüz cavan oğlan", "Vis sextus", "Sevrdən Sürixədək gələn yol", "Türk məsələsi" ) inadkarlıqdan və mənəmlikdən uzaq mərhəm bir eristika mədəniyyəti duyulur". Bu da Məzahir Əhmədoğlunun gəldiyi nəticədir. Yazarlığda mənim də baş açmadığım qərib bir üslubmu yoxsa, yazı manerası var ki, bəlkə də mənim haqsızlığımdı ki, bunu mən bir türlü başa çıxa bilmədim. Bu da odur ki, sətiraltı və gizlinlər deyə bir yazı yönü. Yəni "qızım sənə deyirəm gəlinim sən eşit" kimi forma var ki, sevimli Məzahirin də yaradıcılığında bunu seçmək mümkündü və hətta publisistikada bunu eləmək çox çətin olsa da. Bir gün eşitdim ki, məni və ya imanımı itirməyim bəlkə də başqasını nəzərdə tutub bir yazı yazıb Məzahir bəy və mənə dedi ki, oxudunmu o yazını. Yazının adı beləydi: "SEZARIN QAYITMASI..." Yazı həqiqətən çox maraqlı və çox incə bir üslubda yazılmış bir çox məqamlarında həqiqətən də mənə aid yerləri olan yazı idi. Mən də sakitcə heç bir təmənnasız o yazını özüm haqqında yazı kimi qəbul etdim və indi də o yazını arada bir sevə-sevə oxuyuram. Görəsən məndən başqa daha kim bildi o yazının mənim haqqımda olmasını? Olur belə şeylər. Amansızlıq odur ki, bizim ədəbi camiəmizdə bədii publisistika hələ də öz haqqını almamış bir yazı yönüdür, yazıçı taleyidir ki, mən bunu da başa düşmürəm. Dərd odur ki, biz hər zaman xəbər yazanla bədii publisistika yazarını qarışdırırıq və nə qədər desək, yazsaq da bunu anlamaq və anlatmaq heç də asan deyil. Məzahir Əhmədoğlu bütün yaradıcılığı ilə ciddi bir publisistikanın vətəndaşı olmaqla hər zaman fəxr ediləsi yazardır. Qəribə bir təsadüf. Biz çox zaman dəstixət və üslub deyə bir şeyi həmişə xatırlamalı oluruq və buna ümumi olaraq "onun öz üslubu, öz dəstixətti" var deyirik. İnanın ki, mən bu sözləri Məzahir haqqında işarətlərin artımı olaraq demirəm. Bir örnək verim: mən Məzahirin bəzi keçmiş yazılarını oxumaq üçün "Ədalət" qəzetinin arxivinə baxdım. Arxiv, nə arxiv!!!!!!!!!!!!!! Bu barədə danışmayaq. İradə xanım bizi topa tutar. Amma Anar müəllim demişkən, yanlış da bir naxışdır. Mən bu arxivdə onun keçmiş yazılarının hələ adlarına baxanda hiss etdim ki, burada bir yanlışlıq var. Yazıların, xüsusilə də Köşə yazılarının adına baxanda, duydum ki, bax bu yazı başqa bir müəllifindi, bax bu yazı da başqa müəllifin. Həmin yazılara baxdıqda məlum oldu ki, onun adının altında olan "Yazarın arxivi" sözünün açılışında sevimli Oqtay Salamovun və eynən sevimli Faiq Qismətoğlunun da yazıları yerləşdirilib və mən bu yazıları adlarındanca o saat tanımışdım. Bax, üslub və dəstxətt üçün ən parlaq misal və hələ yazının başlığından özünü göstərən bir yazarın üslub və dəstixətti. Daha nə istəyirsiz. Yazı işində bu çox vacib bir şeydi. Unudulmaz gözəl şairimiz İsa İsmayılzadə həmişə mənə deyərdi: "Mən sənin yazılarını oxuyanda sənin səsini eşidirəm". Vallah özümü tərif üçün demirəm və hələ bilmirəm ki, bu tərifdi yoxsa tənqiddi, amma belə deyərdi.

Məzahirin bir neçə köşə yazısının adı: "Sadəcə..." (154 dəfə oxunub, qəzetin saytında), "Daha bir nostalji" (211 dəfə oxunub), "İntihar edənlər xahiş olunur ki..." (173 dəfə oxunub, burada bir parantez: yazını oxuyub onun özünə telefon açıram və "Üst mərtəbələr" şeirimi ona oxuyuram və deyirəm: məni diqqətlə oxu sayın yazar və oxucu), "Milyarderlər yuxu görmür" ( 500 dəfə oxunub). "Aldırma gönül...) və sairə və sairə. ...Bu yazını işləyə-işləyə "Ədalət" qəzetinin yeni nömrəsini gətirirlər və əlimi klavyedən götürüb səhifələri çevirirəm. Qəzetin böyük bir səhifəsi rəsm və yazı ilə dolu. İmzaya baxıram: Məzahir Əhmədoğlu.

 

"525-ci" qəzet

 

23 aprel

 

 

Tofiq Abdin

 

Ədalət.- 2011.- 29 aprel.- S. 6.