HƏZİ HƏSƏNLİ CƏNNƏT FAKTLARINI BAKIYA "GƏTİRDİ"

 

Həzi Həsənlinin 2009-cu ildə çapdan çıxmış "Siz ey sevdiklərim" adlı şeirlər kitabını oxuduqdan sonra ona "Həziymiş demə" adlı bir şeir yazmışdım. İndi, "Dağlar Əlinin təbəssümü"nün ilk nüsxəsini könül dolusu, yəni gah gülə-gülə, gah kövrələ-kövrələ, sevinc, kədər, həyəcan, ilham, yüksək əhval-ruhiyyə qarışıq oxuyub qurtardıqdan sonra Həzi müəllimə həsr etdiyim həmin şeirin bax bu bəndi düşdü yadıma:

 

Oxudum birbəbir, sətirbəsətir,

Çiçək tək ətrafa səpirsən ətir

Cənnət Faxralını Bakıya "gətir",

Söz boxçan o kəndin duzuymuş, demə.

 

"Gətirdi". Bu kitabında da "Dağlar Əlinin təbəssümü" onu oxuyan hər kəsin dərhal könül kitabına çeriləcək. Bu kitabda ən çox işlənən sözlərdən biri elə "könül" sözüdür. Könül adamının könül adamına həsr etdiyi kitabda başqa nə cür olar ki...

Böyük şairimiz Bəxtiyar Vahabzadə "Dağda şəlalə kimi..." şeirində yazır:

 

...Qardaş, min duyğu

ötsün ürəyindən bir anda,

Sən qımışma güləndə,

inləmə ağlayanda.

Ağlasan, hönkür ağla,

gülsən qəhqəhə çək gül,

Gülsən də, ağlasan da

tamam doysun qoy könül.

 

...Bu kitabı - "Dağlar Əlinin təbəssümü"nü könül dolusu oxuyursan, doyunca - könlün doyunca gülürsən, həzin duyğuların üstünlük təşkil etdiyi yerlərdə, məqamlarda qəm, kədər könlünü bütünlüklə - doyunca sarır, haldan-hala düşürsən... Bu zarafat dolu, baməzə söhbətlərlə süslənmiş, şən yumor və dərin mənalı lətifələrlə bütünləşmiş, bütövləşmiş, keçmiş günlərin şirin və həzin xatirələri ilə dadı-tamı bir az da çoxalmış kitabda həyatın və ayrılıqda bir kamil insan həyatının tamam-dəstgah bir şəkli var! Dağlar Əlinin şəkli, Dağlar Əlinin könül dünyasının şəkli...

Əlbəttə, bu şəklin müəllifi - şair Həzi Həsənli onun üzərində bir rəssam istedadı ilə işləyib, sənətə yaxşı mənada həris bir rəssamın dərin bir tablodan tarcığını aldığı kimi ləzzət ala-ala işləyib.

Həzi Həsənlinin incə, zərif duyğularla, zərgər məharəti ilə düzüb-qoşub, incələyib-inciləyib bizə çatdırdığı bu toplu həm Dağlar Əliyə, onun ailəsinə, nəsil-nəcabətinə, qohum-əqrəbasına, həm Faxralı nümunəsində qədim Borçalı ellərinə, Borçalı "xalxına", həm də bizim hamımıza, bu kitabı oxuyan və oxuyacaq hər kəsə bir layiqli töhfədir, qiymətli hədiyyədir. Eyni zamanda, deməliyəm ki, Həzi müəllimin cəsarətlə qələmə aldığı bu əsər min illərdən bəri tarixin kələ-kötür daşlarının arasından böyük ustalıq və ölməzliklə süzülüb gələn milli mədəniyyətimizin şifahi xalq ədəbiyyatı qolunun da gözəl nümunələrinə yeni yazı nəfəsi, yazı həyatı verilməsi nümunəsidir. Dürlü-dürlü dastanlarımız, nazlı-nazlı oxşamalarımız, güllü-çiçəkli, nərmə-nazik bayatılarımız, haylı-küylü holavarlarımız elə beləcə yaranmayıbmı? Adı tarix səhifələrinin yaraşığı olan Ozanlarımız, Bəhlul Danəndələrimiz, Molla Nəsrəddinlərimiz... haqqında silinməz-pozulmaz əsərlər, əfsanələr, hekayətlər elə bu cür dünyəvi dəyər qazanmayıbmı?

... Haqqında danışdığımız bu kitabın əsas qəhrəmanı, Borçalı ağsaqqallarından biri, Faxralı elinin sevimlisi olan Dağlar Əli obrazı artıq ədəbiyyatımızda əbədi yaşamaq hüququ qazanmış obraz, onun "...təbəssümü" isə ədəbiyyat dünyasında daimi yaşayış yeri, daimi qeydiyyatı, vətəndaşlığı olduğunu sübut edən pasportudur. Bu pasportu "verən orqan", vəzifə sahibi, daha doğrusu, qələm sahibi, imza sahibi isə şair Həzi Həsənlidir. Mən isə həm də ona görə sevinirəm ki, "Dağlar Əlinin təbəssümü" kitabının əsas qəhrəmanı ilə, bəli, məhz Dağlar Əlinin şəxsən özü ilə üzbəüz oturub dərdləşmək, söhbətləşmək, bir tikə çörək kəsib, bir fincan çay içmək nə zamansa qismətim olub. "Könlündən gözünə düşən işıqdan" mənə də pay düşüb.

Təbrik və mübarəkdarlıq hamıya, müəllifə də, qəhrəmanlara da, oxuculara da... bərabər düşür. Çünki bu kitab həcmcə kiçik olduğu qədər də, qiymətcə, mənaca çox böyükdür. Görünür babalarımız "vəzndən yüngül, qiymətdən ağır" deyərkən həm də belə şeyləri nəzərdə tutublar. Axı bu kitabdan insanın özünü, həyatını, ömrünü, keçmişini, gələcəyini, yaşayışını, varlığını mənalı, dəyərli, qiymətli, ölməz edən hər şey haqqında nə isə var: Vətən sevgisi, valideyn və övlad məhəbbəti, dost-qardaş sədaqəti, ana təbiətə, doğma el-obaya vurğunluq, yurdun qədir-qiymətini bilmək, saza, sözə, sənətə səcdə, insan xeyirxahlığı, insanlığa, xalqa, elə, qohuma, dosta, ailəyə, balaya təmənnasız xidmət, insanın qəlbini çürüdən kin-küdurəti, paxıllığı, nəfsi yaxın qoymayaraq qəlbini, könlünü, ruhunu, bütün varlığını yalnız sevginin, insanlığın, xeyirxahlığın ixtiyarına vermək!!

Və bunu insanların gözünə soxmadan, özünü dartmadan, yersiz hay-küy salmadan, yalnız incə yumor və şən, yüngül zarafatla ətrafdakılara çatdırmaq! Bax, Dağlar Əlinin xoşbəxtliyi və bu xoşbəxtliyin dastanını yazmaqla da Həzi Həsənlinin uğuru budur!

"...Bayaqdan bəri başını duman, çən almış dağlar əmini görən kimi, səsimi eşidən kimi qaş-qabağı açıldı!" - hətta klassik ədəbiyyatımızda dağlar haqqında deyilmiş, yazılmış sözlər qədər qiyməti olan bu ifadənin müəllifi Moskvadan yüksək nailiyyətlər əldə etmiş övladlarına üz tutub belə deyə bilərdi:

 

Kaş ki, yenə o dağlara

Mən çiskində, çəndə gedim.

Balalarım, inciməyin,

Qoyun çıxım, kəndə gedim.

 

Görünür elə buna görə də Həzi Həsənli "hərdən mənə elə gəlir ki, dağları Dağlar Əli qədər sevən ikinci bir adam tapılmaz", - deyir. Bəli, ölməz V.Vıstoskidə olduğu kimi: "Dağlardan gözəl yalnız dağlar ola bilər..."

Həzi müəllimin bu "...təbəssüm" kitabı özünün Qazi Bürhanəddindən gətirdiyi örnəkdə deyildiyi kimi onun yaxşı, xeyirxah əməllərinə də bir nümunədir, yaxşı və xeyirxah qələm sahiblərini də bu cür bağ salıb, bağça becərməyə də sövq edəcək.

Mən buna inanıram.

  

  

Kərim KƏRİMLİ

 

Ədalət.- 2011.- 29 aprel.- S. 6.