"BEYLƏQAN"LA
BEYLƏQANA SƏYAHƏT
Tarixi
yazmaq - tarixi yaratmaq qədər mühümdür. Əgər
yazan yaradana sadiq qalmasa yazılan tarix insanları
çaşdıracaq mahiyyət alır.
MUSTAFA KAMAL ATATÜRK
Yaradıcılığına
dərin hörmət və ehtiram bəslədiyim Vəsimə
İsmayılqızının "Beyləqan" adlı
ensiklopedik toplusunun çapdan çıxması məni hədsiz
dərəcədə sevindirdi. Onun
yaradıcılığının təəssübkeşi və
pərəstişkarı kimi kitabı çox maraqla oxudum,
mütaliə etdim və bəhrələndim.
Kitab
nəfis tərtibatla, yüksək zövq ilə, orijinal
üslubda, kütləvi tirajla nəşr olunmuşdur. Əsər
Vəsimə İsmayılqızının özünə məxsus
yazı üslubuna sədaqət ruhunda ərsəyə gəlmişdir.
Bundan əvvəl müəllifin Ümummilli Liderimiz Heydər
Əliyevin Goranboy rayonuna tarixi səfərlərini əks
etdirən "Goranboyda izim qaldı" kitabının hər
iki nəşrinin, "Goranboy" ensiklopedik toplusunun, "Azərbaycan
olduğu kimi" və digər kitablarının ilk
oxucularından olmuşam. Və... hər üç kitab mənim
demək olar ki, hər gün müraciət etdiyim
masaüstü kitablarım hesab olunur.
Vəsimə
İsmayılqızı həmişə öz
yaradıcılıq ənənələrinə sadiq qalan,
öz yazı üslubu ilə seçilən müəlliflərdəndir.
Onun qələmi həmişə bədiilik, elmilik,
maarifçilik, fəlsəfə və məntiq notları
üzərində köklənmiş olur. O, nəyin, nə
zaman, harada, necə yazılması məqamına riayət edən
yazıçıdır, publisistdir, şairdir, filosofdur,
alimdir. Bu xüsusiyyətlər onun hər bir kitabının,
hər bir səhifəsinin, hər bir sətrinin, hər bir kəlməsinin,
hər bir sözünün ruhuna hopmuşdur. O, sənəti
elm, elmi sənət səviyyəsində təqdim edən
yazardır. Onun üçün fakt, həqiqət, ədalət,
inam hər şeydən önəmlidir. Onun yuxarıda
adlarını çəkdiyimiz əsərləri oxucunu
faktların doğruluğu, dəqiqliyi,
inandırıcılığı ilə heyrətdə qoyur.
Kitablarında (əsərlərində) istifadə etdiyi
faktların, rəqəmlərin, fotoların çoxusu ən
diqqətli oxucuların da ilk dəfə rastına
çıxır və hətta öz sahəsinin mütəxəssisləri
və alimləri üçün də yeni, orijinal hesab
olunur. İstifadə etdiyi materiallardan xeyli hissəsi əlçatmaz
mənbələrdən götürülmüş nadir
eksponat nüsxələridir.
Məşhur
yunan filosofu Aristotel hələ eramızdan dörd əsr əvvəl
söyləmişdir: "Kitab o zaman yaxşıdır ki,
onun müəllifi yazmalı olduğunun hamısını
yazsın, nə lazımdırsa yalnız onu yazsın, necə
lazımdırsa, yalnız elə yazsın". Bu sözlər
sanki Vəsimə İsmayılqızı üçün
deyilmişdır.
"Beyləqan"
əsəri müasir dünya standartlarının tələbləri
səviyyəsində, yüksək çap mədəniyyətinə
uyğun şəkildə nəşr olunmuşdur. Kitab 11
bölmədən ibarətdir. Hər bir bölmə də
öz növbəsində öz mövzusunun ruhuna uyğun məqalə,
şəkil, xəritə, sxem və cədvəllərlə
dolğunlaşdırılmış, bəzədilmiş, zənginləşdirilmişdir.
Müəllif
hər bir məqaləni bir elmi mənbə səviyyəsində
təqdim edir. Bu zaman çox dəqiq faktlar ön planda
verilir. Məqalələr kitabın tələbatına
uyğun olaraq yığcam, lakonik üslubda tərtib olunsa da özünün
məna dərinliyi, məzmun dolğunluğu, məntiq tutumu
ilə oxucu tələbatını tam ödəyir. Əgər
belə olmasaydı kitab bir neçə cilddən ibarət
ola bilərdi. Bu isə oxucunu yarar və bütün cildlərin
əldə olunması problemi yaradardı. Məlum olduğu
kimi Beyləqan Oğuz yurdunun qədim diyarlarından biridir. Bu
diyar özünün dahi sənətkarları, müdrikləri,
alimləri, aqilləri ilə fəxr etməyə layiqdir.
Bölgə zəngin tarixə, adət və ənənələrə
malikdir. Təsadüfi deyildir ki, Beyləqan rayon icra hakimiyyətinin
başçısı İrşad Əliyev "Günəşin
sığal çəkdiyi diyar" başlıqlı ön
sözdə diyar haqqında belə deyir: "...Beyləqan bu
gün ilk baxışdan Azərbaycan Respublikasının
sıravi rayonlarından biri təəssüratı oyatsa da, əslində
bu diyarda böyük bir tarix yaşanmışdır..."
Oxucu
diyar haqqında müəyyən bilgilərə malik olsa da Vəsimə
İsmayılqızı təqdimatında Beyləqan
haqqında bir-birindən yeni, əhəmiyyətli, zəngin və
maraqlı faktlara yiyələnir.
Kitabın
tərtibi zamanı diyarın qədimliyini biruzə verən əlamətlərdən
biri də bir sıra fotoşəkillərin, xəritələrin
və sxemlərin orijinalda olduğu kimi ağ-qara təsvirdə
verilməsidir.
Vəsimə
İsmayılqızı bu tipli kitablara qoyulan tələblərə
uyğun olaraq region haqqında ümumi məlumat verməklə
yanaşı onun təbiəti, iqlimi, relyefi, təbii sərvətləri,
flora və faunası əhalisi, infrastrukturu, mədəniyyət,
təhsil, səhiyyə şəbəkələri, təsərrüfatı,
tarixi, coğrafiyası, arxeologiyası və başqa maddi və
mənəvi sərvətləri haqqında yüksək
estetik zövqlə və elmi, bədii, publisistik üslubda bir
əsər yaratmağa müvəffəq olmuşdur. Əsərdə
bu günə qədər heç yerdə çap
olunmamış saysız-hesabsız elmi faktlar işıq
üzü görərək oxucu qəlbində qərarlaşmaq
hüququ qazanır.
Bununla belə hər bir fakt dönə-dönə
cilalandıqdan, doğru libasına büründükdən, həqiqət
çərçivəsindən keçdikdən, mütəxəssislər
tərəfindən xeyir-dua aldıqdan sonra səhifələrə
qonmaq hüququ qazanır. Bir çox hallarda müəllif
özü belə faktları aşkarlayan və tədqiq edən
tarixçi alim mövqeyindən çıxış edir.
Məlum
olduğu kimi bu tipli nəşrlər adətən çox
müxtəlif çeşidli ixtisaslara malik alimlərdən
ibarət redaksiya heyətinin birgə fəaliyyəti ilə ərsəyə
gəlir. Nəzərə alsaq ki, Vəsimə
İsmayılqızı bu sanballı əsəri təkbaşına
ortaya qoymuşdur, onun zəhməti və fədakarlığı
haqqında dolğun təsəvvür yaranar.
Beyləqan
keşməkeşli tarixə malik olan
diyarlarımızdandır. Müəllif bölgənin
tarixini, hətta peşəkar tarixçilərimizə məxsus
səriştə ilə təqdim edir. Əsərin hər məqaləsini
oxuduqda göz önündə Mil düzünün, Azərbaycanımızın,
Qədim Turan ellərinin zəngin təbiəti, iqlimi, maddi sərvətləri,
mənəvi dəyərləri, məğrur insanları
canlanır.
Müəllif
sanki adamın əlindən tutaraq gah Çingizxan
dövrünə aparır, gah Mücirəddin Beyləqani ilə
görüşdürür, gah Örənqala
xarabalıqlarından güllü-çiçəkli Beyləqanı
göz önünə gətirir, gah da Həzrəti-Cərcis
peyğəmbərin ziyarətinə aparır, gah da, gah da...
bugünkü abad, azad, firəvan Beyləqana, onun mehriban
simalı, saf insanlarının yanına gətirir.
Vəsimə
İsmayılqızı "Müəllifdən"
başlıqlı ön sözündə yazır: "...
İndi isə bu toplunun yaranma zərurəti barədə.
Bunun özəl bir səbəbi var: anam Leyla xanım bu
diyarın qızıdır, yəni Beyləqan mənim ana
yurdumdur... Deməli, ona bir ehtiram borcum var".
Əziz
oxucum, nəzərə alsaq ki, Vəsimə xanım
tanınmış çağdaş Azərbaycan
yazıçısı İsmayıl Qarayevin
övladıdır, onda əsərin bu cür ustalıqla,
istedadla, zəngin zövqlə, sənətkarlıqla
yazılmasının sirrı sənə aydın olar. Belə
bir əsəri İsmayıl Qarayev ocağından nur
almış bir qələm sahibi yarada bilərdi. Daha
doğrusu, yurda məhəbbət və zəngin qələm
təcrübəsi olmadan belə sanballı əsər yarana
bilməzdi. Müəllif "Beyləqan"a,
"Goranboy"da, "Goranboyda izim qaldı", "Azərbaycan
olduğu kimi" sanballı əsərlərində püxtələşmiş
bir qələmlə qəldi və "Beyləqan"ı
Beyləqanın, Milin, Azərbaycanın Türk
dünyasının adına layiq bir səviyyədə diqqətimizə
təqdim etdi.
Yalnız
ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin
xeyir-duası ilə ruhlanan bir qələmin məhsulu belə
gözəl və əzəmətli ola bilərdi. Bu
xeyir-duanı Vəsimə İsmayılqızı hələ
"Goranboy" ensiklopedik toplusunu ərsəyə gətirərkən
qazanmışdı. Yeri gəlmişkən onu da qeyd etməyi
lazım bilirik ki, Azərbaycanda ilk konkret bölgə
haqqında ensiklopedik əsər müəllifi olmaq şərəfi
məhz Vəsimə İsmayılqızıya nəsib
olmuşdur. "Beyləqan" onun, ümumilikdə Azərbaycanın
ayrıca bir bölgəyə həsr olunmuş ikinci
ensiklopedik nəşridir.
Kitabın
qədim şəkilləri adamı ötən əsrə
aparır. Ümummilli lider Heydər Əliyevin Beyləqan
rayonuna tarixi səfərlərini əks etdirən fotolar və
məqalələr isə bugünkü Beyləqanın firəvan,
əzəmətli, abad, məğrur, yenilməz günlərinin
başlanğıcı kimi diqqət mərkəzinə gəlir.
Prezident
İlham Əliyevin Beyləqan səfərləri isə
regiona dövlət qayğısının rəhni kimi
böyük qürur hissi ilə qələmə
alınmışdır. Belə səfərlərdə
prezidentimiz "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət proqramının"
və digər Dövlət Proqramlarının həyata
keçirilməsi, regionun infrastrukturunun genişləndirilməsi
istiqamətində beyləqanlılara yaxın dövlət dəstəyinin
olduğunu dəfələrlə vurğulamışdır.
Kitabın
ən diqqət çəkən və maraqlı bölmələrindən
biri bə Beyləqanın mənəvi sərvəti olan
insanlarına ayrılmış "Şəxsiyyətlər"
adlanır. Bölmə öz əməlləri ilə yurda
şöhrət gətirmiş şəxslərin foto şəkillərindən
və onlara həsr olunmuş məqalələrdən ibarət
tarixi sənəd kimi çox əhəmiyyətlidir.
Ümumiyyətlə, bölgənin tarixində, hətta
cüzi xidməti olmuş heç bir şəxs diqqətdən
kənarda qalmamışdır. Dövlət siyasətinin həyata
keçirilməsi üçün Çernobıl fəlakəti
zamanı sağlamlıqlarını itirmiş şəxslər,
İkinci Dünya Müharibəsində iştirak etmiş, həlak
olmuş, itkin düşmüş şəxslərin
siyahısı onun qələminin qüdrəti ilə tarixə
qovuşur.
Kitabında
oxucunun hisslərini məhşərə çəkən
bölmə isə "Birinci Qarabağ Müharibəsi Şəhidləri"
adlanır. Bölməyə Beyləqan şəhidlərinin
fotoşəkillərindən və onlara həsr olunmuş məqalələrdən
ibarət qəhrəmanlıq qalereyası kimi baxmaq olar.
Müəllif bölməyə daxil olan fotoları ağ-qara təsvirdə
verməklə onları bir məhəbbətin, bir həsrətin
sakinləri kimi təqdim edir. Qarabağ müharibəsinin əlilləri
və veteranları da həssas müəllifin diqqətindən
kənarda qalmır. Onların adları ayrıca cədvəldə
hamı tərəfindən qəbul olunmuş əlifba
sırası ilə verilmişdir. Ümumiyyətlə, müəllif
kitabin tərtibi zamanı beynəlxalq standartlara,
qarşıya qoyduğu reqlamentə və
yazılmamış insani hisslərə dərin hörməti
əsas götürmüş, öz məramından zərrə
qədər də olsa kənara çıxmamış,
yaradıcılıq manerasına sadiq qalmışdır.
Bütün bunlar həssas oxucu qəlbində müəllif
şəxsiyyətinə dərin hörmət və ehtiram
işığı çiləyir.
"Beyləqan
folkloru", "Beyləqan mətbəxi", "Beyləqanın
söz dünyası" bölmələrinin də kitaba
daxil edilməsi əsərin dəyərini və
oxucularının sayını, yaş və mövqe
çevrəsini genişləndirir.
Əziz
oxucularım, sizləri şair, publisist, filosof, alim Vəsimə
İsmayılqızının "Beyləqan" ensiklopedik
toplusunu əldə etməyə, oxumağa, mənimsəməyə
dəvət edirəm. (Bir Çin atalar sözündə
deyilir: "Eşitdiyimi unudacaq, gördüyümü
yadımda saxlayacaq, özüm elədiyimi anlayacaq, kəşf
etdiyimi istifadə edəcəyəm...") Bununla siz, Azərbaycanımızın,
Türk dünyasının, nəhayət dünyanın bir
parçası olan bir diyarına səyahət etmiş, onun zəngin
tarixi salnaməsi ilə yaxından tanış olmaq imkanı əldə
etmiş olarsınız.
Kitabın
xüsusi zövq, məhəbbət və səriştə
ilə yaradılması onun bütün səviyyədən
olan oxucuların - tamamilə bir-birindən fərqlənən
ayrı-ayrı peşə sahiblərinin maraq
dünyasını təmin edəcək, hər bir
tarixçinin, folklorşünasın, alimin, müəllimin,
şagirdin, tələbənin, hətta evdar qadının həmişə
müraciət etdiyi elmi mənbə, məxəz, dərs vəsaiti,
soraq kitabı və yaxın həmsöhbəti olacaqdır. Ən
əsası isə odur ki, Vəsimə
İsmayılqızı qələmindən nur almış, ərsəyə
gəlmiş, Beyləqana və beyləqanlılara
ünvanlanmış bu əsər Azərbaycanın elm, sənət,
təhsil, mədəniyyət və salnamə tarixində
özünəməxsus yer tutacaqdır.
Sonda
sözümü fransız filosofu və
riyaziyyatçısı Rene Dekartın bir fikri ilə
tamamlayıram: "Yaxşı kitabları oxumaq
keçmişin ən yaxşı adamları ilə söhbət
etmək deməkdir".
Zənnimcə
Vəsimə İsmayılqızı bu yolda sizin ən
yaxın köməkçiniz olacaqdır.
İSGƏNDƏR SƏKLİKOV,
əməkdar müəllim
Ədalət.- 2011.- 29 aprel.- S. 7.