Göz yaşlarına
inanmayan Moskva...
Azərbaycanlı rəssam Qəyyur
Yunusun istedadına bir daha inandı
Azərbaycan
rəssamlarının ölkənin hüdudlarından kənarda
uğur qazanmasında qeyri-adi heç nə yoxdu. İstər
klassik rəssamlarımız, istərsə də müasirlərimiz
olan fırça ustaları dünyanın müxtəlif
ölkələrində yetərincə uğur qazanıblar. Əməkdar
rəssam Qəyyur Yunus da istedadı ilə sərhədləri
çoxdan aşan, əsərləri ilə xaricdə ölkəmizi
layiqincə təmsil etməyi bacaran sənətkarlardandı.
Ötən
həftə rəssam daha bir uğura imza atdı. Rusiyanın
paytaxtı Moskvada Şərq Xalqları İncəsənəti
Muzeyində fərdi sərgisi açıldı.
Səttar Bəhlulzadədən və
həyatdan öyrəndikləri
Qəyyur
Yunus 1948-ci il, martın 26-da Bakının Əmircan kəndində
dünyaya göz açıb. Görkəmli fırça
ustası Səttar Bəhlulzadə ilə qohum olan gənc Qəyyur
canlı klassiklə ünsiyyətdən çox şey
öyrənib. Orta məktəbi bitirən kimi sənədlərini
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə
verib, məktəbin "rəngkarlıq" şöbəsini
bitirdikdən sonra, 1971-ci ildə Tiflisdə Rəssamlıq
Akademiyasına daxil olub. Səttar Bəhlulzadədən
aldığı həyat və sənət dərslərinə
altı il akademiyada öyrəndikləri də əlavə
olunub. İstedadlı rəssam tələbəlik illərindən
başlayaraq müxtəlif sərgilərdə uğurla
çıxış edib. 1980-ci ildə SSRİ Rəssamlar
İttifaqının üzvlüyünə qəbul olunub. Azərbaycanın
tanınmış rəssamının əsərləri yerli
və bir çox xarici ölkələrin muzey, qalereya və
şəxsi kolleksiyalarını bəzəməkdədir. Hacı
Qəyyur Yunus 1995-ci ildə "Humay" mükafatına
layiq görülüb, 2002-ci ildə isə əməkdar rəssam
fəxri adını alıb. Azərbaycanda və müxtəlif
xarici ölkələrdə 10 fərdi sərgi keçirib.
Moskvadakı Şərq Xalqlaları İncəsənəti
Muzeyində təşkil olunan sərgi tanınmış rəssamın
sayca 11-ci fərdi sərgisidi.
"Allah nuruna boyanmış real obrazlar"
Əməkdar
rəssam Qəyyur Yunus həqiqətən də maraqlı
yaradıcılıq üslubuna sahib incəsənət xadimlərimizdəndir.
Onun dini-fəlsəfi baxışları, gözəllik
sevgisi çəkdiyi rəngkarlıq əsərlərində
aşkar surətdə görünür. Sənətşünas-rəssam
Nigar Yunus tanınmış fırça ustasının
yaradıcılığını belə xarakterizə edir:
"Yaradıcılığının kulminasiyası
sayılan qadın surətləri isə rəssamın
fırçası altından çıxmış nurani
gözəlliyə malikdirlər. Bu nurani gözəlliklərin
arxasında şübhəsiz ki, uca Allaha olan sevgi və iman
dayanır. Azərbaycan qadını obrazının zəriflik
və nəcibliyi ilə təsvir edilməsinin səbəblərindən
biri kimi isə müəllif - "Allah gözəldir və
gözəlliyi sevir" prinsipi ilə açıqlayır.
Qeyd
etdiyimiz kimi, təsviri incəsənətin rəngkarlıq və
qrafika növlərində əsərlər yaradan rəssam
daha çox qadın personajlarına üstünlük verir. Yaratdığı
zərif gözəllikli qadınlar nurlu çöhrələrində
və sadə milli geyimlərində əks olunur. Müəllif
çəkdiyi qadın surətlərinin məhz azərbaycanlı
və müsəlman qadını olduqlarını xüsusilə
vurğulayır.
Qəyyur
Yunus elə bir Azərbaycan rəssamlarındandır ki, onun əsərlərinə
hətta uzaq məsafədən belə nəzər
saldıqda, tablonun kimə məxsus olduğu o dəqiqə
sezilir. Bu məziyyət ona yaxın qohumu və sənətdə
ilk müəllimi olmuş Səttar Bəhlulzadədən
miras qalıb. Kətan üzərində yağlı boya
texnikası ilə çəkilmiş nurani qadın portretlərində
biz arxa fonda müəyyən atributlar (armud, balıq, quş,
gül və s.) görürük ki, bu da rəssamın
öz şəxsi fantaziyasından və onların hər
birinə verdiyi ayrı-ayrı simvolik anlamdan irəli gəlir.
Belə səciyyələrin içərisində diqqəti ərəb
hərfləri ilə yazılmış xəttatlıq
nümunələri də cəlb edir. Həmin yazılar, əsasən
"Allah", "Bismillahir-Rəhmanir-Rəhim", "Əlif",
"Ləm", "Mim", "Haqq", "La İlahə
İlləllah" kimi dini kəlmələrdir. Rəssam hətta
əsəri bitirdikdən sonra öz imzasını latın
qrafikasıyla bərabər ərəb əlifbası ilə
də qoyur ki, bu da, təbii ki, İslam dininə mənsubluğu
bildirir. Zənnimcə, hər bir sənətkar, fərqi
yoxdur təsviri incəsənətin hansı növündə
çalışır, gərək ki, ərsəyə gətirdiyi
incəsənət əsərində bütün həyatını,
maddi-mənəvi aləmini göstərə bilsin. Həmçinin
də hansı millətə, hansı dini əqidəyə, nə
cür həyat və yaradıcılıq prinsiplərinə
sahib olduğunu da təzahür etdirməyi bacarmalıdır.
Çünki ən azından istənilən bədii əsər
müəllifin öz daxili güzgüsü rolunda
çıxış edir. Bu baxımdan, Qəyyur Yunusun hər
əsərində "Mən müsəlmanam!" sözləri
eşidilir və bu sözlər böyük fərəh
hissiylə, qürurla tamaşaçıya
çatdırılır".
Əməkdar
incəsənət xadimi, tanınmış sənətşünas
Ziyadxan Əliyev isə Qəyyur Yunusun sənətkarlığına
maraqlı qiymət verir: "Qəyyur Yunusun qəhrəmanları
kimlərdi? Bu ağlı-qaralı, daha çox günahlı
dünyamızda rəssam özünə kimləri həmdəm-
yaxın hesab edir? Əgər onları sıralamalı olsaq,
onda bu mənəviyyat daşıyıcıları
ensiklopediyasında Heyran xanımla yanaşı, Adam və Həvvanın,
Nəsrəddin Tusinin, Ağabəyim Ağa
Ağabacının, Cahan Şahın, Mümtaz Mahalın, Səttar
Bəhlulzadənin və digər neçə-neçə
işıqlı şəxsiyyətlərin adlarına rast gəlirik.
Əslində bu gün həyat tərzində imanlı
olduğunu sərgiləyən rəssamın təqdimatında
çöhrələri Allah nuruna bələnmiş real
obrazların ancaq xeyirxah əməl sahibi olduqlarına
heç kəsdə şübhə qalmır. Onun mövzu
baxımından kasad görünməyən
yaradıcılığında yaşadığımız
gerçəkliyin problemlərinə, tuş gəldiyimiz
ağrılı hadisələrə münasibətinə
rast gəlməsini də ilk növbədə vətən
daşı olmağının ifadəsi hesab etmək olar. Rəssamın
20 Yanvar faciəsindən bəhs edən "Bakı"
tablosu, Qarabağ dərdinə işıq salan
"Şuşa qalası haqqında əfsanə",
"Qarabağ göyərçinləri" lövhələrini
əski və yeni psixoloji yaşantılara obrazlı münasibət
hesab edilməlidir".
Tanınmış
rəssamın tələbkar Moskva sənətsevərləri
qarşısında fərdi sərgi ilə görünməsi
Azərbaycan incəsənətinin təbliği baxımdan da
önəmli hadisədi.
E.CƏBRAYILOĞLU
Ədalət.- 2011.- 29 aprel.- S. 7.