Müəllimin
manifesti, yaxud həyatın acı həqiqətləri
Dünyanın
dahi klassikləri, şair və yazıçıları
öz yaradıcılıqlarında
mənsub olduqları xalqın, millətin halını,
güzəranını, düçar qaldığı
ictimai - siyasi və sosial haqsızlıqları, dini
xurafatın iyrənc fırıldaqlarını qələmə
alıb bu naqislikləri qamçılamış, vətəndaşlarını
savadlanmağa, maariflənməyə, mənəvi zənginləşməyə,
öz hüquqlarını qorumağa
çağırmış, monarxiyanı, müstəbid
dövlət quruluşu və onun yaltaq, bürokrat tiplərini
ədəbi janrın imkanları daxilində kəskin sarkazmla
tənqid atəşinə tutmuşlar. Azərbaycan
xalqının yaxın keçmişi tarixinə nəzər
salsaq bu missiyanı məharətlə, həm də
böyük cəsarətlə yerinə yetirən M.F.Axundzadəni,
Q.Zakiri, H.Zərdabini, S.Ə.Şirvanini, M.Ə.Sabiri, C.Məmmədquluzadəni,
H.Cavidi, Ü.Hacıbəylini və C.Cabarlı kimi görkəmli
ədib və şairlərimizi fəxrlə göstərə
bilərik.
Sosializm
inqilabının qalib gəldiyi SSRİ kimi geniş bir ərazidə
bu quruluşun törətdiyi qanlı repressiyalar və digər
ciddi əyintilərlə yanaşı geniş xalq kütlələrinin
savadlanması, milli mədəniyyətlərin pöhrələnib
inkişaf etməsi, ziyalı və mütəxəssislər
korpusunun yaranmasına gətirib çıxartdı. Bu mütərəqqi
prosesdə, yəni gənclərimizin savadlanmasında, elmi
dünya görüşünün yaranmasında, daxili aləmlərinin
zənginləşməsində milli müəllim
kadrlarının rolu əvəzedilməzdir.
Azərbaycanın
Qarabağ mahalının Ağcabədi rayonunda, Əfşar
kəndində dünyaya göz açmış balaca
Şöhlət öz müəllimlərinə hədsiz məhəbbət
bəsləmiş, onların öyrətdiyi fənlərə,
verdikləri bilik və tövsiyələrə diqqət kəsilmiş,
artıq orta məktəbi bitirərkən savadlı bir gənc
olmuşdur. Sonrakı ali təhsil illərində də onun
elmi biliklərə yiyələnməsində, mənəvi
aləminin zənginləşməsində ona mühazirələr
oxuyan alimlərin zəhmətini, ümumiyyətlə ona həyat
vəsiqəsi verən müəllimlərini heç vaxt
unutmayacaq.
Öz
ixtisası üzrə uzun illər sadə kənd adamları
arasında fəaliyyət göstərən Şöhlət
müəllimin təşkilatçılıq
bacarığını nəzərə alaraq onu daha məsul
vəzifəyə
irəli çəkmişlər.
Hələ
gəncliyindən təbiət vurğunu, insanlarla ülfət
bağlamaq kimi səmimi və saf hissləri ilə seçilən
Şöhlət öz daxili aləmini poeziyada
sınamış, lakin yazdığı bu şeirləri hələlik
mətbuata çıxarmağa həvəs göstərməmişdi.
Çünki tutduğu məsul dövlət vəzifələri
həm vaxtını çox alır, həm də o, ədəbi
aləmə atılmağın hələ yetişmədiyi
bir qənaətdə
idi. Lakin budur, o, artıq bu vəzifələrdən şəxsi
qərarı ilə uzaqlaşmış və jurnalistika fəaliyyətinə
başlamışdır.
Mənim
Şöhlət müəllimlə
tanışlığım, yaradıcılığına
maraq bəslədiyim yazıçı Seyram Səxavət ilə
görüşə gedərkən baş tutmuşdu.
Yazıçının "Nekroloq" romanını
oxuduqdan sonra mənim belə realist və cəsarətli
yaradıcı insanı yaxından tanımaq həvəsi
baş qaldırmışdı. Və bu istəyimi qohumum olan
xalq artisti, gözəl insan İlham Əskər
reallaşdırdı. Bir gün mənə zəng edib Seyran
Səxavətlə məni görüşdürmək
üçün metronun Nərimanov
stansiyasına gəlməyimi tapşırdı. O, məni gəldiyi
avtomobilə minməyə çağırdı. Hava
qaralmışdı, qış günlərindən biri idi.
İlham müəllim məni avtomobilin sükanında oturan
şəxslə tanış etdi. Bu, indi onun bir müqtədir
şair olduğuna tam inamım olduğu Şöhlət Əfşar
idi.
Biz Mərdəkana
gedirdik, çünki Seyran müəllim orada yerləşən
müharibə və əmək veteranları sanatoriyasında
dincəlir və yaradıcılıq
fəaliyyətini burada, şəhərdən uzaqda, sakit bir
guşədə davam etdirirdi. Yol gedərkən avtomobildəki
radio - musiqisəsləndirici cihazı ilə eşitdiyim
musiqi, İlham müəllimin könülləri riqqətə
gətirən ecazkar səsi ilə qulaq asdığım
şeirlər, əməkdar artist, xalqımızın sevimli
xanəndəsi Könül xanım Xasiyevanın o gözəl
avazla oxuduğu muğam parçaları, xalq artisti, tarzən
Möhlət Müslimovun barmaqları altından
çıxan musiqi təranələri məni bihuş
etmişdi. İlahi, necə gözəl və cazibədar bir
sintez, bu sözlər, bu şeir parçaları, oradakı hər
bir sözün poetik dəyəri məni başqa bir aləmə
aparmışdı. Nə vaxtı Mərdəkana
çatmağımızı bilmədim, inanın, bu poeziya və
musiqi aləmindən ayrılmaq mənə necə çətin
gəldi, amma nə etməli, biz avtomobildən
düşüb görüşə getməli idik. Hər bir
muğam parçasında Könül xanımın səsləndirdiyi
şeirin axırıncı beyitlərində "Şöhlət"
adının çəkilməsi ilə mənə aydın
oldu ki, bu diskə yazılmış şeirlərin müəllifi
rul arxasında oturan orta yaşlı, gözəl simalı,
gur saçlı, qəlbi poeziya aləminə məhrəm
olan şair Şöhlət Əfşardır.
Bu yaradıcı
insanların əhatəsində olub onların söhbətlərini
eşitmək məndə çox yaxşı bir ovqat və təəssürat
yaratdı. Seyran müəllim orada, mənə son vaxtlardan nəşr
etdirdiyi iki romanını - "Bəhanə" və "Yəhudi
əlifbası" kitablarını müəllif avtoqrafı
ilə hədiyyə etdi. Sonralar mən "Yəhudinin əlifbası"
başlıqlı publisist yazımı "525-ci qəzet"də
dərc etdirdim. Çox dəyərli, realist, alleqorik formada
yazılmış bir roman idi.
Biz bu gözəl
tanışlıq görüşündən qayıdandan
sonra mən Şöhlət müəllimə telefon bağlantısı
edib ondan xahiş etdim ki, əgər mümkünsə o DVD diskindən
bir ədəd mənə hədiyyə etsin. O, mənə məmnuniyyətlə
bu xahişimi yerinə yetirəcəyini bildirdi. Lakin mənim
ictimai işlərimlə əlaqədar onun yanına iş
yerinə getməyim uzun müddət baş
tutmamışdı. Bu vaxtı həm də mən anadan
olmağımın 80 illiyi ilə əlaqədar
dostlarımın təkidi ilə öz həyat hekayətimi
yazıb indiyə kimi müxtəlif qəzet, jurnal və
kitablarda dərc olunan yazılarımı toplayıb bir kitab
halında nəşr etməyim xeyli vaxtımı aldı. Nəhayət,
bu yaxınlarda mənim Şöhlət müəllimlə
görüşüm, onun işlədiyi qəzet
redaksiyasında (Azərbaycan nəşriyyatı binasında)
baş tutdu. Onun səliqəli otağında bir nəfər
orta yaşlı dostu da vardı. Şöhlət müəllim
bizi tanış etdi. Həmyerlisi olan Məmməd müəllim
uzun müddət təsərrüfat rəhbərliyində fəaliyyət
göstərməsinə baxmayaraq klassikləri mütailə
etməyi unutmamışdı. Odur ki, çox maraqlı
söhbətlərimiz oldu. Mən Şöhlət müəllimə
yeni nəşr etdirdiyim "Ömrün fəsilləri"
kitabımı avtoqrafik yazımla töhvə etdim, o, da mənə
çapdan yeni çıxmış (bu onun nəşr
etdirdiyi 4-cü kitabıdır) "Həyat sən öyrədən
deyil, müəllim" kitabını müəllif
avtoqrafiyası ilə hədiyyə etdi, eyni zamanda şeirlərinə
yazılmış 2 ədəd DVD diskini (1-ci və 2-ci
bölmələr) bağışladı. Şöhlət
müəllim poeması yazılmış həmin kitabdan
birini də mənə verib dedi ki, bunu da verərsən
poeziyanı qiymətləndirən bir dostuna. Mən elə
buradaca xahiş etdim ki, avtoqrafla yazın bizim Diabet Cəmiyyətinin
sədri Mömünat xanım Ömərovaya. O, belə də
etdi. Mən işə qayıtdıqda bu kitabı
Mömünat xanıma verdim o, elə kitabın səhifələrini
aralayıb "Dəstəmaz edin" başlıqlı
poemaya giriş kimi yazılmış parçanı oxuduqda məndən
xahiş etdi ki , Şöhlət müəllimin nömrəsini
yığım. Mömünat xanım bu gözəl və dəyərli
kitaba görə Şöhlət müəllimə dərin
təşəkkürünü bildirdi. Mömünat
xanım BDU-nun dosenti, filologiya elmləri namizədi, həm də
namaz qılan bir xanımdır. Oxucu təşəkküründən
qiymətli şair üçün nə ola bilər?
İşdən
evə qayıdıb bu poemanı bir nəfəsə oxudum, artıq
mənə tam aydın oldu ki, şair olmaq, o gözəl
poetik rübabları düzmək, hər sözü öz
yerində işlətmək, həm də necə söz - bax
bütün bunların ilahi vergisi olduğunu yəqin etdim.
İndi gəlin
bu poemanın məziyyətlərindən söz açaq.
Doğrusu, poemaya "Vətən dərdi - millət
yanğısı" kimi adla ön sözü yazmış
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, Azərbaycan Respublikasının
Dövlət Mükafatı Laureatı, filologiya elmləri
doktoru, professor Nizaməddin Şəmsizadənin çox dəyərli
və samballı təhlilindən sonra poema haqqında ixtisasca
ədəbiyyatçı olmayan mühəndis bir babanın
söz deməsi yəqin ki, yerinə düşməzdi, miskin
və sönük görünərdi. Bu şübhəsiz
ki, belə də olacaq.
Ancaq, elə
müəllif kimi, ondan da xeyli böyük yaşda olub sovet dövründə
müəllim olmuş atamın, orta məktəb illərində
mənə dərs demiş aqil müəllimlərin, ali təhsil
ocağında mühazirələrini dinlədiyim pedaqoq və
alimlərin dərin əxlaqi və zəngin mənəviyyat
toxumları ilə kök atmış söhbətləri, etik,
bəzən də nəsihət xarakterli tövsiyələri
ilə tərbiyə almış o dövrün gəncləri
kimi mən də, indi yaşadığımız müasir dövrdə,
Vətənimizin, ölkəmizin müstəqillik kimi əvvəllər
xəyalımızda olan, ancaq hazırda reallaşmış bir
dövlət quruculuğu vaxtında hər addımbaşı
rast gəldiyimiz naqislikləri gördükdə bəzən
özümüzü itirir, çaşır, lakin bir qədər
özümüzə gəldikdə ikrah hissi keçirir, bu bəlaları
törədən şəxsləri, yaranan mühiti lənətləyirik.
Axı, müəllimlərimizin bizə təlqin etdikləri əxlaqi
normalarla mövcud həyatda rast gəldiyimiz düşüncə
tərzləri və ondan irəli gələrək edilən
hərəkətlər mənim kimi ağsaqqal, dünya
görmüş insanlara cox ciddi təsir edir. Bax məhz bundan
irəli gələrək mən də Şöhlət
müəllimin bu poemada kəskin sarkazmla, özünəməxsus
yumor tərzi ilə qələmə aldığı həyat
həqiqətlərinə bir dəstək vermək həvəsi
ilə bu yazıma başladım.
Yazdığı
gözəl, mənalı, poetik dəyəri ilə seçilən
şeirləri tez bir zaman kəsiyində onu respublikanın ədəbi
ictimaiyyətinə tanıtdırdı. Budur,
Yazıçılar Birliyinin Natəvan adına klubuna
yığılmış görkəmli ədəbiyyat
biliciləri Şöhlət müəllimin poeziya inciləri
barədə söhbət açırlar. Tədbirdə
professor N.Şəmsizadə dahi Nizaminin çox böyük
qüdrətlə yazdığı hər bir poemasını
Böyük Yaradana, onun Peyğəmbərinə müraciətlə
başlayıb ona bu çətin işdə
yardımçı olmağa, dəyərli söz xəzinəsindən
ona pay göndərməyi rica etdiyi kimi Şöhlət
müəllimin də qələmə aldığı əsərlərini
belə gözəl girişlə başlamasını muasir
poeziyada bir yenilik kimi dəyərləndirdi.
Əl götürüb dərgahına,
Yalvardım Əl-Rəhmana.
Həmd edib şanlı "Quran"a,
Sığındım Haqq pənahına.
Qüdrətindən qüdrət
versin,
Hikmətindən hikmət versin.
Mən aşiqi yada salsın,
Tanrım Özü kömək
olsun.
Öz
müəllimlərini hədsiz məhəbbətlə yada
salan şair yazır :
Müəllim! Bu adı zikr edib hər
an,
Qəlbimdə yaşatmaq bir fəxarətdir!
Əməlilə cənnət olur bu
cahan,
Bu adın hikməti qəlbə ziynətdir.
Lakin illər
ötür, dövran dəyişir, yeni ictimai - siyasi
quruluş və onun yaratdığı "bazar
iqtisadiyyatı" və fürsətdən istifadə edib
tez bir zamanda bu "bazar" dan özünə yağlı
tikələri götürməyi bacaran insanlar cəmiyyəti
öz istədikləri kimi idarə etməyə can
atırlar. Mənəviyyatı cılızlaşdırır,
öz nəfsləri xatirinə sadə adamları,
yazıçı Seyran Səxavətin təbirincə desək
"söküb təzədən yığırlar". Və
şair bunları addımbaşı gördükcə,
şahidi olduqca bu dərdlər, bu yanğı ona çox təsir
edir, Vətəninin, millətinin düşdüyü bu bəlalar
qəlbində qövr edir, onu sızıldadır, məyus
edir, düşündürür. Şöhlət müəllim
hər gün, hər saat rast gəldiyi yeni-yeni naqislikləri
gördükcə bu dərdlərə, bəlalara öz
münasibətini bildirir. Ən əvvəl o, müəllim
kimi müqqəddəs bir peşənin adı ilə
işbazlara belə müraciət edilməsinə üsyan
edir:
Bir dərd var ki, məni
yaxıb-yandırır,
Müəllim deyirlər pullanan kəsə.
Bu, necə bazardır, ey çərxi-fələk,
Bir fərq qoyulmayır qumaşla bezə?!
Taciri, qəssabı, hər cür
"işbaz"ı,
"Müəllim"
çağırıb yaltaqlanırlar.
"Müəllim" dedikcə belələrinə,
Enlənib, özlərin bir zad
sanırlar.
Sonra
şair "Ana dilinə" yad sözlərin, lüzumsuz
elementlərin gətirilməsinə, dilimizin korlanmasına
etirazını bildirir:
Deyirdin, əziz tut ana dilini,
Öz dili olanın zilləti olmaz.
Qoru gözün kimi, qoy heykəlini,
Dili olmayanın milləti olmaz.
Sonra qoca
Avropanın bu sahədə də müdaxiləsindən sonra:
Alaqlar basıbdı ana dilimi,
Soyumdan, kökümdən
üzüb əlimi.
"İnteqrasiya" sözü
qırıb belimi,
Həyat sən öyrədən
deyil, müəllim!
Müəlliminin
elmə olan münasibətinə mövcud həyatdakı
reallıqları yada salan şair yazır:
Deyirdin, elm ilə insan ucalar,
Elmi olanlara qapı açılar.
Sən demə, nadanlar başbilən
olar,
Həyat sən öyrədən
deyil, müəllim!
Yetən köhnə arxın dibini
qazır,
Nəysə qurdalanır, hey
cızır, pozur.
Bu ondan, o bundan köçürüb
yazır,
Həyat sən öyrədən
deyil, müəllim!
Sanma ki, yazdığı qəpiyə
dəyir,
Elmi, məntiqi yox, özünü
öyür.
Ağacı atırsan "alim" ə
dəyir,
Həyat sən öyrədən
deyil, müəllim!
Sağ ikən aqilə qurarlar kələk,
Huylayıb başına salarlar ələk.
Dəyər almaq üçün,
öləsən gərək,
Həyat sən öyrədən
deyil, müəllim!
Ş.Əfşar
dinin, islamın pərdəsi altına girən hazırki
işbazların niyyətlərinin sarkazmla faş edərək
yazır:
Din-dinə qarışıb, məzhəb-məzhəbə,
Yaman faydalanır hibrid əshabə.
Saxta "hacı" lardan bezibdi Kəbə,
Həyat sən öyrədən
deyil, müəllim!
"Hacı" var, dinəndə
küfür söyləyir,
Pul görsə, canını oda bələyir.
Arxada şeytanla dostluq eyləyir,
Həyat sən öyrədən
deyil, müəllim!
Torpaq dərdi,
Qarabağ yanğısı, qaçqın və
köçkünlərin acı taleyi şairi bir an sakit buraxmır:
Şair var ki, ancaq yazır sevgidən,
Torpaq fəryadından çəkməz
bir zillət.
Qaçqın, köçkün dərdi
ruhuna yaddır,
Yoxdur mövzusunda Qarabağ, Millət.
Bir
çox mətbuat orqanlarının, başı bəla
müxbirlərin, televiziya kanallarının cəmiyyətin mənəviyyatını
korlamaqda göstərdikləri "fəaliyyət" də
şairin diqqətindən yayınmayıbdır:
Deyirdin, mətbuat xalqın
gözüdür,
Ədalət, həqiqət
sözün düzüdür.
Bəzi "qəzet" lər var,
arşın bezidir,
Həyat sən öyrədən
deyil, müəllim!
Ekranda hökm edir iyrənc
"şoular",
Böyüyün, kiçiyin
üzünü açır.
Efirdə təhqirlər baş
alıb gedir,
Ayağın altından bəzən
yer qaçır.
Dünyada
gedən siyasi oyunları diqqətlə izləyən şair
millətinin övladlarına, ziyalılarına
ayıq-sayıq olmağı, başımıza gələn
bədbəxtlikləri unutmamağı dönə-dönə
tövsiyə edir:
Erməni başladı səksən
səkkizdə,
Dediyin elədi işdə, əməldə.
Biz isə gurladıq boş-boş, hədəfsiz,
Bina möhkəm durar möhkəm təməldə.
Unutduq ibrətin beşinci ilin,
Unutduq on beşi, on səkkizi də.
Kor olar bilməyən tarixin, dilin,
Kompastsız qərq olar gəmi dənizdə.
Dünyada
demokratiyanı, təhlükəsizliyi, əməkdaşlığı
sözdə özünə əsas tutan, həqiqətdə
isə öz siyasi maraqlarını və dini təəssübkeşliklərini
qoruyan Avropanın mötəbər orqanlarının iç
üzünü açan şair yazır:
Böyüklük "ATƏT" ə,
"AŞPA" ya düşür,
Lotular arxada bizə
gülüşür.
Deyəsən, Qarabağ əldən
sürüşür,
Həyat sən öyrədən
deyil, müəllim!
Cəmiyyətdə
mövcud olan sosial ədalətsizlikləri, oliqarxların
harınlaşmasını, təbəqələşməni
şair qəlbağrısı ilə qələmə
alır:
Qalxır əməkhaqqı,
artır təqaüd,
Şeytanın ayağın hərdən
sındırır.
Öncə bahalaşır bazarda hər
şey,
Qiymət nəfəs kəsir, əli
yandırır.
Boğur insanları monopoliya,
"İşbaz"lar kimsəni vecə
almayır.
Məsəl var, deyiblər atalar
axı;
"Bu puldan Fatıya tuman
olmayır".
Cəmiyyət bölünüb təbəqələrə,
Qudurğan xam attək qırıb
tuşağı.
Xalqın dərisini soyan harınlar,
Millətə baxırlar üstən
aşağı.
Min rəhmət oxuyaq Mirzə Cəlilə,
Yazıb "Ölülər"i,
acdı sirləri.
İndi əməlimiz betərdən-betər
Ağlayan lazımdır biz diriləri.
Görün
necə də yerində deyilmiş bir həqiqət
"Ağlayan lazımdır biz diriləri".
Şöhlət
müəllim poemada daha neçə belə həyat həqiqətlərini,
mətləbləri açıb göstərir, onların cəmiyyətimiz
üçün ağır bəlalar gətirdiyini bəyan
edir.
Müəllif
poemanın axırında yenə sevimli müəlliminə
xitabən deyir:
Hər sözün müqəddəs,
mən də dinlədim,
Sənin tökdüyünü
bir-bir dənlədim.
Haqqı dedim, zərbələrdən
inlədim,
Həyat sən öyrədən
deyil, müəllim!
Sevimli
müəllimlərinin öz şagirdlərinə, tələbələrinə
manifesti, yəni savada, elmə, mədəniyyətə, mənəviyata,
doğruluğa, haqqa-ədalətə
çağrışları çox keçmədi ki, real həyatda
özünü doğrultmadı, əksinə, bu xeyir əməllər
yaltaqlıq, ikiüzlülük, xəbislik, hər bir işdə
maddi marağın üstün tutulması, nəfs,
rüşvətxorluq, karrupsiya, məmur
özbaşınalığı, harınlıq kimi acı həqiqətlərlə
əvəz edildi. Poemanın qəhrəmanı bu naqisliklərdən
şaşır, çaşıb qalır. Lakin onun intuisiyası sanki xəbər
verir: bu şər qüvvələr mütləq məğlub
olacaqlar, xeyir şərin üzərində qələbə
çalacaqdır.
Şair
bu tənqidi misralardan ariflərin, əsl alimlərin, saleh dindarların
qəti narahat olmayacaqlarını yəqin edərək, əksinə
saxtakarların, riyakarların özlərini görüb
vaxtsız xoruz kimi banlayacaqlarına gülür:
Təki banlasınlar vaxtsız
xoruzlar,
Yerini, yurdunu nişan verəcək.
Yırtılacaq qara, çirkin
maskalar,
Onların kimliyin xalqım görəcək.
Poema həcm
etibarilə elə də böyük deyil, kompozisiya
quruluşu, sujet xətti nisbətən sadə
görünür, lakin bu sadəlikdə müasir həyatın
ziddiyyətləri, onun yeni nizamı, "əyrilərə
bütün qapıların açılması", "gədanın
ağsaqqaldan qabaq durması" və poemanın lirik qəhrəmanın
həyatda rast gəldiyi digər çoxlu naqisliklər, onu
yaradan səbəblər bədii-fəlsəfi
baxımından çox güclü və təsirli verilməsi
onun dəyərini xeyli qaldırır.
Şair
Şöhlət Əfşarın "Həyat sən öyrədən
deyil, müəllim" poeması müasir Azərbaycan
poeziyasında yeni hadisədir desək, yəqin ki, səhv etmərik.
Bu əlbətdə mənim fikrimdir. Çox istərdim ki,
oxucular bu poema ilə yaxından tanış olub mənim gəldiyim
qənaətə öz rəylərini bildirsinlər.
Akif Muxtarov
Ədalət.- 2011.- 30 aprel.- S. 17.