Vaqif Əlixanlı ilə bəxt
haqqında
"Mənim "Əkmə qəm
ağacı" kinossenarim haqqında Moskvaya o qədər
şikayət etdilər ki..."
Ədəbiyyatda
imzasını çoxdan sübut edən Vaqif Əlixanlı
bu gün daha populyar ola bilərdi. Qəzetlərdə tez-tez
müsahibələr verər, telekanalların kameraları
qarşısında görünər, gündəmdəki məsələlərin
müzakirəsinə qoşulardı.
Lakin Vaqif Əlixanlı
Tanrının ona verdiyi ömrü hər cür hay-küydən,
reklamdan, dəbdəbədən uzaq yaşamaq, sözün təəssübünü
əsl peşəkara layiq şəkildə çəkmək
yolunu tutub. Həyatda halallığın,
dürüstlüyün, sənətdə peşəkarlığın
tərəfdarı olan Vaqif bəy 200-dən çox pyesin, bədii
filmin tərcüməçisidi. Beş kinossenarisi isə hələ
də rejissorunu gözləyir.
Təkcə
ədəbiyyata deyil, televiziya və radioya, mətbuata illərini
verən Vaqif bəylə bəxt haqqında
danışdıq.
- Bəxtinizə rəsmi vəzifədə
çalışmaq da düşüb. O zamankı Mədəniyyət
Nazirliyində idarə rəisi olmusuz. Son illər müxtəlif
telekanallarda çalışmısız. İş yerlərini
tez-tez dəyişmək daha azad yaradıcılıq
mühiti axtarmağınızla bağlıdı, yoxsa
başqa səbəblər var?
- Hər
ikisi var. Bəzən elə olub ki, şərait ordan getməyimi
tələb edib. Məsələn, telekanalda rəhbərlik dəyişib,
yeni kollektiv yığılıb. Amma onu da deyim ki, hələ
bu vaxta qədər mənimlə çalışmaq istəməyən
idarə rəhbəri olmayıb. Getmək barədə qərarı
həmişə özüm vermişəm.
Çalışdığım telekanalda və ya hansısa
bir yaradıcılıq təşkilatında nəsə məni
qane etməyəndə üzümü çevirib ordan
getmişəm. Qane olmadığım məsələlər
deyəndə işin maddi tərəfini nəzərdə
tutmuram. Çünki maddiyyat şərti şeydi. Maddiyyat
heç vaxt yaradıcı insanların, qələm
adamlarının tələblərini tam ödəyə bilməyib.
- Son illər bədii tərcümə,
dublyaj və jurnalistika sanki bir bəxtsizlik yaşayır. Hər
üç sahəni mükəmməl bildiyiniz
üçün bunun səbəblərini sizdən soruşmaq
istəyirəm..
- Bədii
tərcümədə, dublyajda, jurnalistikada və ümumiyyətlə
qələm işində həmişə yüksək
peşəkarlığın və istedadın tərəfdarı
olmuşam. Bilmirəm, bu mövqedə haqlıyam, ya
haqsızam, ancaq hər halda tutduğum mövqe budu.
Jurnalistikadan
başlayaq, sözün açığı, qəzet oxumaq tələbatımı
Rusiya mətbuatı ilə ödəyirəm. Bəlkə də
Azərbaycanda yeganə adamam ki, 1969-cu ildən bəri
"Literaturnaya qazeta"nın hər sayını alıb
oxuyuram. Bu qəzetin bütün yaradıcılıq mərhələləri
gözümün qabağındadı. Etiraf edək ki, rus
publisistikası çox güclüdü. Hətta Amerika mətbuatı
da rus publisistikasından bəhrələnir. Rus
jurnalistikasının belə güclü olmasının səbəbi
isə onun sözdən, ədəbiyyatdan
qidalanmasındadı. Rusiya telekanallarının baxımlı
olmasının da səbəbi budu. Bizim jurnalistika isə əvvəlki
dövrdən fərqli olaraq, daha ədəbiyyata, sözə,
təsvirə yox, yalnız quru fakta söykənir.
Telejurnalistikamızın durumu da göz qabağındadı.
İnsan amili, onun həyatı, psixologiyası
yavaş-yavaş arxa plana keçməkdə və getdikcə
də unudulmaqdadı. İndi şou televiziyada ön plana
keçib. Adını da qoyuruq ki, reytinq gətirir, reklam
qazandırır. Bunu fikirləşən yaman fikirləşib.
Reytinqi ölçən, müəyyənləşdirən
qurumların arxasında hansı qüvvələr dayanır,
onların məqsədi nədi? Məsələnin bu tərəfini
nədənsə düşünən yoxdu.
Bir
ara Rusiya telekanallarında da şou verilişlər daha
çox baxılırdı. Amma son vaxtlar
tamaşaçıların "Kultura" kanalına
marağı hədsiz artıb. Görünür Rusiyada sular
yavaş-yavaş durulmağa başlayıb. Gözləyək
görək bizdə necə olacaq. Qismət İlahidən...
Bədii
tərcümənin durumuna gəlincə, son vaxtlar xoşuma gələn
tərcümə görməmişəm. Vaxtilə
Çingiz Aytmatovun "Qismət" ("Plaxa")
romanını tərcümə eləyəndə bu işə
ürəyimin qanını verdim. Bu gün də hesab edirəm
ki, o sıradan bir tərcümə deyil. Ümumiyyətlə
isə 200-dən çox pyes, bədii film tərcümə
etmişəm.
Dublyaj
sahəsindəki duruma gəlincə, bu gün "Space"
telekanalında dublyaj redaksiyasında çalışıram.
Fikrimcə, bu gün elə ən salamat yer elə
dublyajdı. Düzdü, bu gün dublyajla bağlı xeyli tənqid
səslənir. Onların əksəriyyəti ilə
razıyam. Bu sahəni bütün ölkədə inkişaf
etdirmək üçün dövlət dəstəyinə
ciddi ehtiyac var. Onu da deyim ki, yeni müstəqillik əldə
edən ölkələrdə ana dilinin qorunması və
inkişafı üçün dublyajın əvəzsiz rolu
var. Pis dublyaj dili qorumur, əksinə ona ziyan vurur. Mənim
fikrimcə, bu sahənin inkişafı üçün
Türkiyə modelindən yararlana bilərik.
- Təxminən 20-25 il bundan qabaq
"Azərbaycan" jurnalında sizin "Əkmə qəm
ağacı" kinossenarinizi oxumuşdum. Həmin kinossenarinin
bəxti niyə gətirmədi?
-
Ömər Xəyyamın həyatından bəhs edən
"Əkmə qəm ağacı" Moskvanın
"Ekran" Yaradıcılıq Birliyinin sifarişi ilə
çoxserialı film kimi çəkilməli idi. Azərbaycanın
ilk çoxseriyalı filmi olacaqdı. Ssenarini Tacikistan tərəfi
yazmalı idi, lakin yazılmadı. Sonra bu iş Maqsud
İbrahimbəyova, Anara təklif olundu. Onlar da imtina etdilər.
Nəhayət bu məsuliyyətli işi öz üzərimə
götürdüm. Ssenari hazır olanda hamı təəccübləndi.
Görünür belə yüksək səviyyədə
alınacağını heç kim gözləmirmiş...
Üç
seriyalı filmin kinossenarisi rus dilinə tərcümə
olunduqdan sonra Moskvaya göndərildi. Moskvada kinossenari
böyük maraqla qarşılandı və bəyənildi.
Yaradıcılıq Birliyinin Vlasova soyadlı baş redaktoru
dedi ki, Lomonosov haqqında 10 seriyalı filmin ssenarisi də məndədi
və onu "Əkmə qəm ağacı"ilə paralel
oxuyuram. Mənim kinossenarimi tərifləyib göyə
qaldırdı. Bu münasibəti görəndən sonra elə
fikirləşirdim ki, bu gün-sabah filmin çəkilişləri
başlayacaq...
Yuliy
Qusman da kinossenarimi bəyəndi və dedi, sən elə
yazmısan ki, artıq rejissor ssenarisi də hazırdı.
Qusman filmi çəkmək istəyirdi. Lakin
"Ekran"ın baş direktoru Xessin filmi Qusmana vermədi.
Bu söhbət olub 1980-ci ildə. O zaman Xomeyni İranda
hakimiyyətə yenicə gəlmişdi. Baş direktor dedi
ki, mən də yəhudiyəm, Qusman da. Narazılıq
yaranmasın deyə, yaxşısı budur filmi başqa
rejissor çəksin. Gülbəniz Əzimzadə, Tofiq
İsmayılov filmi çəkmək istədilər. Yenə
alınmadı. Növbəti dəfə Moskvaya gedəndə
məlum oldu ki...
Mənə
Bakıdan göndərilən teleqramları göstərdilər.
Ad çəkmək istəmirəm, bəziləri bu filmin
çəkilməsinə mane olmaq üçün Moskvaya
teleqramlar göndərirdi. Yazırdılar ki, guya müəllif
"Əkmə qəm ağacı"nda İslam dinini
müdafiə edir. Ssenaridə bəzi səhnələr var
idi, məsələn, uşaq yatanda başının
altına Quran qoyur, ev yananda odun içinə girib Quranı
xilas edir. Bizimkilər bu səhnələrin çəkilməsini
istəmirdilər. Bəzi "dostlar" film çəkilməsin
deyə çox "əziyyətlərə"
qatlaşdılar.
Sonra
elə oldu ki, ssenarinin üzərində işləmək
üçün Moskva tanınmış ssenarist, dövlət
mükafatı laureatı Odılşah Aqışevi
Bakıya göndərdi. Ssenari onun da xoşuna gəldi və
onunla dostlaşdıq. Belə məlum oldu ki, filmi Rasim Ocaqov
çəkəcək. Lakin son anda Rasim Ocaqova kim nə dedisə,
rəhmətlik də bu filmdən imtina elədi.
Bu yaxınlarda "Literaturnaya
qazeta"da maraqlı
bir xəbər oxudum. Odişev hansısa bir
kino şirkətində
Ömər Xəyyam haqqında 8 seriallı
film çəkir. Mən də tənbəllik etməyib onu axtarıb tapdım. Telefonda səsimi
eşidən kimi səsi titrədi. Başladı nala-mıxa vurmağa,
guya bu film tamam başqa ssenari ilə çəkilir. Amma bilirəm
ki, yalan deyir. Film hazır
olandan sonra baxacam. Sübut edəcəm ki,
ssenarim oğurlanıb.
Əlimdə fakt olandan sonra kim nə deyə bilər?
Şah
İsmayıl Xətai haqqında yazdığım
kinossenarinin də bəxti gətirmədi. Filmi Şeyx Əbdül
Mahmudbəyov çəkməli idi. Şah
İsmayılın uşaqlıq dövrünü Mövlud
Süleymanlı, Şahlıq dövrünü isə mən
yazırdım. Nəsə oldu, film çəkilmədi. "Oğlum,
qardaşım əcəl" kinossenarimi də
ekranlaşdırmadılar. Baxmayaraq ki, Mədəniyyət və
Turizm Nazirliyində 20 kinossenari arasında "Oğlum,
qardaşım əcəl"i bəyənilmişdi. Dedilər
ki, əla ssenaridi. Lakin onu çəkmək üçün
xüsusi rejissor tapmaq lazımdı. Digər bir ssenarim Şərq
detektivi ilə bağlı idi. Rejissorla hər bir məsələdə
anlaşmışdıq. Sonda fikirlərimiz üst-üstə
düşmədi. Nə isə, hələ ki, dözürəm.
Görək nə olur... Belə getsə "Çəkilməyən
kinossenarilər" adlı kitab çap etdirəcəm.
- Sizinlə söhbət əlamətdar
hadisə ərəfəsinə təsadüf etdi. Gənc
Tamaşaçılar Teatrında "Əcəl atı"
pyesinizin premyerası oldu. Arzu edək ki, tamaşanın bəxti
uğurlu olsun...
- Bu
pyesi bayaq xatırlatdığım "Oğlum,
qardaşım əcəl" kinossenarisi əsasında
yazmışam. Rejissor Ağalar İdrisoğlu tamaşaya
quruluş verib. Əsas söz
tamaşaçılarındı. Səsləndirdiyiniz arzuya mən
də qoşuluram. Hər bir müəllif istəyir ki, qələmə
aldığı əsərin bəxti uğurlu olsun.
- Vaqif Əlixanlı
özünü bəxti gətirən adam hesab edir?
- Əlbəttə.
Daxilən bədbin adamam. Amma Allahın lütfü ilə mənə
görməyə göz, yeriməyə ayaq, qələm
tutmağa əl verilibsə necə bəxtimdən şikayətlənə
bilərəm? 1998-ci ildə bütün müsəlmanların
müqəddəs məkanı olan Məkkə və Mədinəni
ziyarət etmək mənə nəsib oldu. Həcc ziyarətindən
əvvəl də, indi də İslam dininin qaydalarına əməl
edirəm. Fəxr edirəm ki, Məhəmməd ümmətiyəm.
Kimin nə deməsindən asılı olmayaraq, İslam
dünyada ən demokratik dindi.
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2011.- 30 aprel.- S. 12.