DÜNYA ŞÖHRƏTLİ OFTOLMOLOQ ALİM DAŞKƏSƏNDƏ YAD EDİLMİŞDİR

 

Dünya şöhrətli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü münasibəti ilə Daşkəsəndə ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi və bir qrup rayon fəalları iştirak etmişlər.

Ümumrayon tədbirini giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışında qeyd etmişdir ki, klassik və müasir poeziyanı, şərq və dünya fəlsəfəsini, milli musiqini gözəl bilən Zərifə Əliyeva atası Əziz Əliyevin yolu ilə gedərək 1942-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə həmin ali məktəbi başa vurmuşdur. Bir müddət həkimlik praktikası ilə məşğul olmuşdur. Bu onun gələcək elmi fəaliyyətinin bünövrəsi olmuşdur. Həkimlik təcrübəsində daha tez rastlaşdığı professional göz xəstəlikləri üzərində 10 ildən artıq bir müddətdə apardığı tədqiqatlar 1959-cu ildə bu mövzüda namizədlik dissertasiyasının parlaq müdafiəsi ilə nəticələnmişdir. Bu sahədə uğurlarını artıran görkəmli alim Zərifə xanım oftolmalogiyanın başqa problemlərinin elmi araşdırılması ilə sistemli şəkildə məşğul olmağa başlamışdır.

Məşhur alimin doktorluq dissertasiyası ona elmi sevinclər və təqdirə layiq uğurlar bəxş edir. Azərbaycan Həkimlərin Təkmiləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının professoru seçilən Zərifə xanım Əliyeva sonradan həmin kafedranın müdiri təyin olunur. 1979-cu ildə məhz onun təklifi ilə AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunda görmə üzvünün patalogiyası problemi laboratoriyası yaradılır. Zərifə xanımın apardığı geniş tədqiqatlar nəticəsində burada çoxlu sayda elmi monoqrafiyalar, məqalələr dərc olunur.

Zərifə xanım Əliyeva böyük şəxslər sırasında özünə məxsus yer tutmuşdur. O, daim Azərbaycanda məhəbbətlə, hörmətlə xatırlanan, əsil ziyalı Azərbaycan xanımıdır. Ümumiyyətlə, Zərifə xanım haqqında daha çox danışmaq, saatlarla məruzələr oxumaq olar. Bu ad bizim üçün bir də ona görə əzizdir ki, Zərifə xanım Ulu öndərimiz Heydər Əliyevin həyat yoldaşı olmaqla yanaşı, həmçinin el aqsaqqalına, əbədi yaşar Ulu öndərimizə daim mənəvi psixiloji arxa olub. Azərbaycana möhtərəm Prezidentimiz, dünya şöhrətli İlham Əliyev kimi şəxsiyyət bəxş etmişdir.

Yaxşı xatırlayıram 1995-ci il aprel ayının 28-də Zərifə xanımın doğum günü ilə bağlı anım tədbirində Heydər Əliyev çox kövrək bir çıxışla qeyd edirdi: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o artıq elm ilə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bü günlərə çatması, övladlarımın tərbiyəsi üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar."

Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi M.Tağıyev, baş həkimin müavini Ş.Mehdiyeva, həkimlərdən A.Quliyeva, A.Vəliyev, Z.İsmayılova çıxış edərək böyük alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, elmi yeniliklərindən ürək dolusu danışmış, onu xoş xatirələr ilə yad etmişlər.

  

  

Sahib Əhmədov

 

Ədalət.- 2011.- 30 aprel.- S. 13.