"AZƏRBAYCAN
XALÇALARI QARABAĞ QRUPU"
Son
illər Azərbaycan mədəniyyətinə, incəsənətinə
diqqətin artırılması, bu sahədə yeni ədəbi
nümunələrin, xüsusilə beynəlxalq aləmə
təqdim etmək üçün ingilis, rus, fransız və
digər dillərdə nəşr edilən kitablar, ilustrasiyalı
ədəbi nümunələr xeyli artıb. Bu sahədə
Heydər Əliyev Fondunun, xüsusilə ölkənin birinci
xanımı, millət vəkili, YUNESKO-nun, İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın
qayğısı ilə Qarabağ xanəndələrinin,
xüsusilə muğam ifaçılarının disklərinin
geniş təbliği, xarici ölkələrdə sərgilərimizin
təşkili, bir sözlə, mədəniyyətlə, incəsənətlə
bağlı atılan hər bir addım böyük hadisə
kimi diqqəti çəkir.
Təbii
ki, görülən bu işlər həm müstəqil Azərbaycanın
və həm də bütövlükdə Azərbaycan
xalqının zəngin tarixinin, onun böyük bir elmi, mədəni
varislik hüququna malik olmasını dünyaya nümayiş
etdirir. Əleyhdarlarımızın əks təbliğatına
baxmayaraq, Azərbaycan mədəniyyəti, incəsənəti
və bütövlükdə Azərbaycan varlığı
öz sözünü böyük dünyaya deyir.
Ötən
ilin sonlarında Azərbaycanın tanınmış
xalça mütəxəssislərindən biri olan "Azər-İlmə"
Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi,
"Sehirli qalereyası" təşkilatlarından biri olan
Vidadi Aydın oğlu Muradovun zəhməti sayəsində
işıq üzü görmüş "Azərbaycan
xalçaları Qarabağ qrupu" kitabı nəşr
olunmuşdur. "Elm" nəşriyyatı tərəfindən
sənətşünaslıq doktoru Kübra Əliyevanın
elmi redaktorluğu ilə 272 səhifə halında çap
edilmiş, paralel olaraq ingilis dilində də bütün
materiallar təqdim edilməklə geniş oxucu
auditoriyasına təqdim edilən kitab bir neçə fəsildən
ibarətdir.
Bu
kitabda xalçaçılıq sənətin Qarabağ qrupu - Cəbrayıl,
Ağdam, Qubadlı, Xocalı, Füzuli, Xocavənd, Xankəndi,
Bərdə və digər rayonlar üzrə təqdim
edilmişdi. Özü də xalçaların da şəkili
təqdim edilən kitabda bütün ilmə-naxışlar
izahlı şəkildə dövrləri göstərilməklə
oxuculara çatdırılmışdı. Hətta bu kitabda
şəxsi evlərdən əldə edilmiş və yaxud
xalqımızın tanınmış şəxsiyyətlərinə
hədiyyə olunmuş xalçaların da
görüntüsü və ilmə-naxışları təqdim
olunmuşdu.
Düşünürük
ki, Vidadi Muradovun ikinci dəfə daha da geniş və nəfis
şəkildə təqdim etdiyi bu kitab təkcə Azərbaycan
xalçalarının sirlərini öyrənmək, onun
tarixinə baş vurmaq üçün yox, həm də
Qarabağın Azərbaycana məxsusluğunu birmənalı
şəkildə sübut etmək baxımından da çox
dəyərli bir işdi. Buradakı Şuşanın,
Ağdamın, Xocalının və digər Qarabağ şəhərlərinin,
kəndlərinin, rayon mərkəzlərinin
xalçaçı qız-gəlinlərinin əl işləri
əsrləri keçməklə gəldiyi bu uzun yolda öz
sənət keyfiyyətini, sənətkarlıq mahiyyətini
itirməmiş, əksinə, kamilliyini sübut etmişdi.
Son
olaraq onu da xatırladaq ki, bu cür kitabların mədəniyyətimizin
digər sahələri ilə bağlı da işıq
üzü görməsi, özü də onların beynəlxalq
aləm üçün nəzərdə tutulması bizim həm
siyasi, həm də ictimai fikir tariximizə, onun təntənəsinə
töhfə ola bilər. O ki, qaldı Vidadi Muradovun işinə,
bu sadəcə xalq qarşısında təşəkkürə
layiq bir xidmətdir.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 30 aprel.- S. 18.