KƏND MÜƏLLİMİNƏ
AÇIQ MƏKTUB
(Şamaxı rayonunda yaşayan Əvəz
Süleymanın "Dərd-yazanın dərdi" kitabı
barədə qeydlər)
Hörmətli
Əvəz müəllim, Sənin
"Yazıçı" nəşriyyatı tərəfindən
2010-cu ildə buraxılmış kitabını oxudum. O da
düzdür ki, indi camaat arasında "heç kim heç
kimin kitabını oxumur" - deyə bir ziyanlı fikir gəzir.
Allah
insaf versin, bu televizoru yaradana, interneti və digər informasiya
mənbələrini çıxardanlara, imkan verirlər ki,
çəkilib sakit bir yerə kitab vərəqləyəsən...
Bir
vaxtlar evlərdə kitabxana yaratmaq dəb idi. Evə yeni kitab
alanda arvad-uşaq sevinərdi, (indi evə qayıdanda kitab -
filan soruşan yoxdu, hamı əlindəki selafon torbaya
baxır ki, görəsən içində nə var, nə
yox...) kitabları oxumaq üçün kitabxanada növbəyə
durardılar, şəhər (kənd) kitabxanalarında
adlarını xüsusi qeyd dəftərçəsinə
yazdırıb kitab götürərdilər.
Ən nadir kitablar
əl-əl gəzərdi. Kitab sahibi
ilə "mən ölüm, sən öl"dən sonra arzuna çatmaq mümkün olardı.
O illərdən mən
rəhbər partiya aparatında çalışırdım
və Mərkəzi Komitənin binasındakı
kiçik kitab mağazasında işləyən
Emma Matveyyevna məni görəndə deyirdi:
- Ramiz Yaquboviç, yest interesnoe kniqa iz serii
vsemirnoy poezii.
Və indi evimizdəki dünya poeziyası silsiləsindən
olan kitablara görə hazırda
ABŞ-da yaşayan o yaraşıqlı yəhudi
gözəlinə minnətdaram.
Nə
isə, Əvəz kişi, hövsələmi basıb,
televizora çəpəgi bir nəzər salıb, sənin
kitabını vərəqləyib oxumağa girişdim.
Sən
demə, bu kitab sənin yeddinci kitabın imiş.
...
"Baxmaq Sizdən" əsərini povest
adlandırmısan, yaxşı
eləmisən. Sözüm onda deyil, sən
qarşıya qoyduğun problemi gücün çatan qədər
aça bilmisən. Varlı adamların hərisliyi,
qoluzorluğu səni narahat edir və Nazar Şirəliyevin
obrazında harınlamış vəzifəli şəxsin
iç üzünü, mənəvi şikəstliyini
aça bilibsən.
Saxta,
yalançı həyat tərzilə yaşayan, cəmiyyətin
zəlisinə çevrilmiş Nazarın bütün eybəcərliyini
(həm də onun mühitini) bacarıqla qələmə
almısan, çox dəqiq demisən: "300 manatlıq
qonaqlığa aldığı kommunist biletini camaatın
gözü qabağında yandırdı..."
"...
Cəbhə hakimiyyətə gələn kimi oldu idarə rəisi,
az işlədi idarə rəisi, oldu nazir müavini,
üç aydan sonra al gəldi, bu da nazir..."
Həmən
bu Nazar adlı kəs dağlarda, səfalı yerlərdə
villa tikdirmək istəyi ilə kənd camaatının əkin-biçin
torpağını, örüş yerlərini rüşvət
verib qamarlayır. "Çiyələkli" tala əldən
çıxır. Pay torpağının sahibi Toğrul
kişiyə daşlı-kəsəkli, kol-koslu yer təklif
edirlər. Əsərin sonu faciə ilə bitir. Meşələr
qoynunda qudurmuş Nazar ayı balasını
öldürdüyünə görə ana ayı onu
parçalayır, arvadının başına hava gəlir və
s.
Əvəz
kişi, sən sujet qura bilibsən, günümüzün
aktual məsələsinə toxunmusan, povestdə maraqlı
obrazlar yaratmağa çalışmısan.
Əsərdəki
bir cümlə xoşuma gəldi, mənə bir az orijinal
göründü:
"Bakı
küləkləri isə avqust istisini şəhərdən
süpürüb dənizə tökürdü" - deyirsən,
düz də deyirsən.
İndi
ulu dağlarımızın, min rəngə çalan çəmənlərimizin,
otlaq yerlərimizin, çayın, bulağın sahibi var.
Yaylaqlar, dəniz kənarları çəpərlənib,
qoruqlanıb, zəbt edilib...
Uzun
müddət Şamaxı, Qobustan rayonlarında və dövlət
orqanlarında rəhbər vəzifələrdə
çalışmış, şəxsiyyətinə və səmimiyyətinə
inandığım Gülabbas Qəhrəmanov ötən ilin
yay günlərinin birində uşaqlıq, gənclik illərindən
ona doğma olan Pirqulu yaylağına gedir.
Maşınını bir çəmənlikdə saxlayıb
dağları, dərələri, meşələri
heyranlıqla seyr edir. Özü deyir ki, bir də
gördüm "Niva" maşını yanımda
dayandı, maşından hündürboy cavan bir adam
düşüb məni çağırdı:
- A
yoldaş, siz kimsiniz və mənim bu torpağımda nə
işiniz var?!
-
Heç bir işim yoxdur, a qardaş, Bakının istisindən
baş götürüb qaçmışam bu dağlara, bir
az havamı dəyişim, - rahat nəfəs ala bilim - dedim.
Qayıtdı
ki, buraları mən almışam. Heç kəsin
ixtiyarı yoxdur ki, gəlib bu yerdə hava udsun -
sözünü kəsdim, hardan olduğunu soruşdum
(işğal olunmuş rayonların birinin adını çəkdi)
sonra özümü təqdim etdim, maşına əyləşib
kor-peşiman üz tutdum Bakıya sarı...
Belə-belə
işlər, Əvəz kişi. Sənin "Dərdsiz
ana" hekayəndə kənddən Bakıda yaşayan
oğluna dəyməyə gəlmiş Məsmə ananın
həyat tərzindən söhbət açılır. Məsmə
ana şəhərli gəlininə evə, ailəyə,
uşağa baxmaq qaydalarını öyrədir, onu kəndə
dəvət edir, evdə xoş bir ab-hava yaradır.
Uşağa ana südünün necə vacib olduğunu
dönə-dönə bildirən Məsmə ana
üzünü oğluna, gəlininə tutub deyir:
"Uşağa
ana gözlərindən düşən işığı
heç bir Günəş işığı verə bilməz.
Ana qucağının istiliyini heç bir istilik əvəz
edə bilməz, oğul. Ana nəfəsindən uşağa
dəyən həzin, mülayim ətrin əvəzini
heç bir ətir əvəz edə bilməz. Torpağı
torpaq eyləyən, onu məhsula həvəsləndirən
gecənin səhər mehi və səhər şehidir. Anam
deyərdi ki, əgər gecədən gələn səhər
mehi və səhər şehi olmasa, səhərin ovsunu
Günəşi özünə o tezliyində
çağıra bilməz".
Cəmi
on gün Bakıda qala bilmiş Məsmə ana kəndi
üçün darıxır. Sonrakı günlərdə gəlini
balalarını götürüb kəndə gəlir və
Məsmə ana özünü dünyanın ən bəxtəvər
anası hesab edir.
Sən
kənd həyatını, məişətini, adət və ənənələrini
əla bilirsən, Əvəz müəllim. Atın yəhərlənməsi
qaydasını elə təsvir etmisən ki, oxuyub heyran oldum,
öyrəndim və şübhəsiz ki, bu qaydanı bilməyənlər
də sənin kitabından öyrənəcəklər.
"Şəhid tatarısı" hekayəsində ata qulluq
etməyi, onu səfərə hazırlamağı demək
olar ki, ustalıqla təsvir etmisən:
"Dostu
kimi baxardı ata. Bəlkə atın bir çamadan təmizlik
əşyaları vardı: iri dişli, xırda dişli
qoşob, parçadan cod əski, təzə süpürgə,
işlənmiş süpürgə, nə bilim, çox idi.
Atı zövqlə yəhərləyərdi. Atın belini
silib, təmiz ağı birinci sərərdi atın belinə,
onun üstündən keçə salardı, sonra yəhər
qoyardı. Bu işləri qurtarıb darayardı atın
yalını, bir parça ayırıb cığa kimi
tökərdi gözlərinin üstünə, atın
quyruğunu zövqlə düyünləyərdi,
bulaşmasın - deyə".
Əvəz
kişi, hekayələrində avtobioqrafik məlumatlara
üstünlük verərək, özün haqqında, orta məktəb,
ali məktəb illəri barədə, işlə
bağlı xatirələrindən danışırsan. Və
sən elə söhbətlər açırsan ki, oxucu sənin
yazdıqlarına şübhə ilə baxmır, sənə
inanır.
"İlk
məhəbbət" hekayəsində elə fikirlər
işlətmisən ki, oxuyanı düşündürür,
və aşağıdakı cümlələrin obrazlı
ifadəsi səni həyəcanlandırır:
"Ayrıldım ondan. Özümlə bir yığın
göz yaşı apardım. Onu saxlamağıma söz
verdim. Onu da söz verdim ki, bu göz yaşlarını
Nadirovun toyunda onun üst-başına səpəcəm"...
"Dərd-yazanın
dərdidi" kiçik bir hekayədir. Amma bu 4-5 vərəqlik
hekayədə dövrümüzün çox aktual problemlərinə
toxunmusan, Əvəz Süleyman.
Dünya
dəyişib, özün demişkən yazarlar
çoxalıb. İndi kitab nəşri çox
asanlaşıb, "pulunu ver, kitabını al" - istəyirsən
özün sat (metrodakı Bəşir Kəsərli kimi) istəyirsən
dosta-tanışa payla, istəyirsən lap od vurub külə döndər,
öz işindir. Bir qayda olaraq kitabın son səhifəsində
redaktorun adı, soyadı göstərilir və təəssüf
ki, həmin o redaktor kitabı əməlli-başlı oxumur.
Korrektorluq yaddan çıxıb. Əgər kitab oxunubsa bu qədər
qrammatik səhvlər, pinti, kobud, tilişkənli sözlər,
fikirlər hardandı belə. Bir sıra müəlliflər
də kitabları necə deyərlər, qoltuğuna vurub
düşürlər rayonların canına.... Rayon icra
hakimiyyətində yazıçı Ağabəy
Daşyonana köhnə tanışlarından biri deyir ki,
müəllim, bu yazarların əlindən idarələrdə
oturmaq olmur, hər gün üçü-dördü gəlir.
Biri yazaram deyir, bir kitabını təqdim edir...
Hamısında da gərək əlini cibinə salasan...
Ağır sözlərdir bu sözlər. Əslində kitab
oxuyanlardan çox kitab yazanlar ordusu yaranıb və beləliklə
milli ədəbiyyatımıza dəxli olmayan kitab bazarı
adamlarımızın zövqünü korlayır, söz, sənət
hörmətdən düşür...
Hələ
qəzetlərin dilini demirəm. Oyun açırlar dilimizin
başına. Səhv eləmirəmsə 24 millətin dili
türk dilləri ailəsinə daxildir. Və şübhəsiz
ki, dillərin qarşılıqlı faydalanması prosesi
getdikcə artır.
Azərbaycan
dilindən Türkiyə türkcəsinə xeyli sayda söz
keçməsinə və yaxud Türkiyə türkcəsindən
dilimizin lüğət fonduna söz daxil olmasına (və həm
də bu sözlərin geniş şəkildə işlədilməsinə!)
təbii baxıram. Bununla belə bir sıra qəzetlərdə
"tutuldu", "həbs edildi" ifadələrin əvəzinə
"tutuqlandı" sözünü oxuyanda üzr istəyirəm,
adamın qıdığı gəlir... Hətta elə
yazı-pozu adamları var ki, "bəli", "xeyir"
sözlərinin yerinə "hə", "yox" sözlərini
işlətməyi təklif edir. Belələrinə nə deyəsən...
Mətləbdən yayındım deyəsən...
"Özgə
qazancı" hekayəsində savadsız, əfəl, yekəxana,
əliəyri professor Ağaqulubəyin həyatı, əxlaqı,
amalı real cizgilərlə təsvir edilmişdir.
"Şir
Qafar" hekayəsindəki adamların ləqəbi xasiyyətlərinə,
davranışına uyğun seçilib və kənddə
kiminsə adına qoşulmuş ləqəbə heç kəs
etiraz etmir. "Lök Əli", "Dolmasayan Şəmil"
"Çörək Baba" və bu kimi ləqəblilərin
obrazını ustalıqla aça bilibsən, Əvəz
kişi.
"Lök
Əli" dəvə kimi yeriyərmiş, "Çörək
Baba" cibində həmişə çörək gəzdirərmiş,
"Dolmasayan Şəmilin bir az qəribə xüsusiyyəti
olub. Yastı yerişi, gödək paça, yerə baxa-baxa
yeriyən insan olub. Kənddə mal kəsiləndə həmişə
yumşaq ət alardı. Sümüklü ət verəndə
küsərdi. Odur ki, o kişiyə həmişə
yumşaq ət verərdilər. O da ətdən dolma bişirərdi,
xırda sümüyündən də bozbaş. Bozbaşa
israfçılıq olmasın deyə noxudu sayıb tökərdi.
Dolmasını da qazana şəxsən özü sayıb
yığardı. Hər naharda özü və arvadı iki
dolma, uşaqlara da bir dolma verərdi ki, israfçılıq
olmasın..."
Sənin
digər hekayələrin barədə söhbət
açsam, bu yazını oxuyanları yora bilərəm, Əvəz
müəllim. Maraqlanan olsa, sənin əvəzinə mobil
telefonunun nömrəsini ərk edib, belə şəxslərə
bildirirəm: (055 799-92-49)
Sənin
uşaqlar üçün qələmə aldığın
hekayələr də oxunaqlıdır, maraqlı sujetlər
qura bilibsən. Amma yaxşı olar ki, balalar üçün
ayrıca bir kitab nəşr etdirəsən. Bilirəm, hər
kitab filan qədər xərc tələb edir, rayon yerində
müəllimlik eləməklə dolanmaq, kitab yazmaq asan məsələ
deyil.
Bununla
belə, səndə yaradıcılıq imkanları var, yaz,
yarat, kitabların çap pulunu Allah özü yetirər.
Hələlik bu qədər, Əvəz
kişi.
Qələmin sönməsin!
Çalış ki, qələmin
üzü
Səndən dönməsin...
Ramiz Məmmədzadə
Ədalət.- 2011.- 30 aprel.- S. 17.