ÜRƏYİMİN BAŞI DEDİ ANAM MƏNƏ

 

Sağlığında bizim üçün çox çalışdı,

Hər əzaba, əziyyətə hey alışdı,

Fələk qəlbin paraladı, o barışdı,

Qayğımızı, yükümüzü çəkə-çəkə,

Ürəyimin başı dedi anam mənə.

 

Etdiyini heç vaxt dilə gətirmədi,

Mənliyini ömrü boyu itirmədi,

Vəsiyyətin bədbinliklə bitirmədi,

Öz canını qurban etdi dönə-dönə,

Ürəyimin başı dedi anam mənə.

 

Bu sirrdir, hikmətdir, bilinmir,

Ana dağı yaddaşımdan silinmir,

Qəhərimdən heç bir tərəf görünmür,

De hardasan, imdadıma çat yenə,

Ürəyimin başı dedi anam mənə.

 

Köçüb getdin söndü ata çırağımız,

Buza döndü çal-çağırlı ocağımız,

Qüssə-kədər oldu artıq qonağımız,

Etibar yox bu dövranın gərdişinə,

Ürəyimin başı dedi anam mənə.

 

Günəş boyda bir tacımı itirdim,

Gəncliyimi məzarınla bitirdim,

Son günümü nəzərimə gətirdin,

Ayrılığı bəxş etdirdin sən mənə,

Ürəyimin başı dedi anam mənə.

 

Taleyimlə barışmağa dözüm yox,

Bu yazıya, bu pozuya çözüm yox,

Dünya fani, heç nəyində gözüm yox,

Yoxluğunla dağ çəkirsən qəlbimə,

Ürəyimin başı dedi anam mənə.

  

  

Yaqub SƏMƏDOV

 

Ədalət.- 2011.- 30 aprel.- S. 18.