Həyata səsləyən
poeziya
Poeziya
bizi ruhların əbədi varlığına inandıran
poetik təfəkkürün işığıdır. Amma
şairlər də tamam özgə bir işıqdır. O
işıq ki, onun haləsində insan ruhu məhz poeziya
qovşağında, poetik rənglərin yaratdığı
mənzərədə düşüncədə əbədiləşir.
Azərbaycan poeziyası olduqca zəngin və əlvandır.
Şübhəsiz, hər bir şair bizim möhtəşəm
poeziya xəritəmizə özünün bədii
düşüncəsi, bədii zövqü, poetik qavrama
qüdrəti bədii sənətkarlığı ilə bir
naxış salıb, insanı valeh edən bir mənzərə
gətirib. Poetik səlnaməmizin, poetik dünyamızın
dolğunlaşmasında ədəbi fəaliyyəti,
uğurlu yaradıcılığı olan şairlərdən
biri də Nailə Nuşirəvan qızı
İbrahimovadır. O, Bakı şəhəri 63 saylı orta
məktəbi və Azərbaycan dövlət Tibb universitetini
bitirib. Nailə xanımın doğulduğu mühit, məkan
poeziyanın özü qədər qüdrətli və
füsünkardır. Qafan dağları, Qafan meşələri,
oradakı sıldırım yamaclar, kükrəyib axan
çaylar, sal qayaların bağrını çatladıb səmaya
doğru ucalan palıd, fıstıq, cökə,
ağcaqayın ağacları, bütün bunlar yəqin
şairin ilkin yaddaşına poetik düşüncələr
toxumu səpib. Çoxları deyə bilər ki, harada
doğulmağın şairlik istedadı üçün
heç bir fərqi yoxdur. Bəlkə də bu fikirdə bir qədər
həqiqət var, danmaq olmaz, ancaq onu da danmaq olmaz ki, aran təbiəti
ilə dağ təbiəti arasında kəskin fərqlər olduğu kimi, aranlı, dağlı
adamların da təbiətində belə fərqlər var.
Demək istəyirəm ki, Nailə xanımın şeirlərindəki,
poeziyasındakı ovqatın ilkin mayası yuxarıda
adlarını çəkdiyimiz təbiət mənzərələrindən
qidalanıbdı:
Yağır yağış...
Ürəyimə axır
yağış.
Narın-narın səpələnir
Ürəyimə şeh ələnir.
Nailə
xanımın şeirlərindəki poetik yol ilk növbədə
insanı səsləyir. Təbiətində sevgi, məhəbbət,
humanizm olan insana üz tutur. Başqaları ilə onun işi
yoxdur. O deməkdir ki, şair şeirlərinin əksəriyyətini məhəbbət
dolu hisslərlə yazır. Əslində bu şeirlərin
ruhu insan təbiətindən, onu yaşadan məhəbbətdən
yoğrulubdu. Şair sinəsi məhəbbətlə dolu
baharı tərənnüm edir. Axı bütün bahar
çiçəkləri məhəbbətin rəmzidir, məhəbbətin
özüdür və daha doğrusu elə bu çiçəklər
məhəbbətdən açıblar, eşqdən, həvəsdən
doğulublar. Hələ bu eşq, bu məhəbbət təkcə
açılmış çiçəklə bitmir, hələ
baharın barı-bəhrəsi çiçəkdən sonra
gəlir. Nailə xanım əbəs yerə demir:
...Çox sevirəm baharı,
Baharla yaşayıram.
Bahar ötüb-keçəndə,
Deməyin tək qalıram
Qışda, yayda, payızda
Bahar köçür qəlbimə,
Bahar köçüb ruhuma...
Şairin
məramı bu sətirlərdə üzə
çıxır. Şair təkcə baharda baharla nəfəs
almır, şair payızda da, qışda da baharla
yaşayır. Bax bu şair ürəyidir, bax bu gözəllikdir,
bax bu gözəlliyi duymaqdır. Son nəticədə insan
ürəyinin, insan qəlbinin böyüklüyü və əlçatmazlığıdır.
Şair həmişə acanda da, susayanda da, yıxılanda
da, duranda da, ən ağır dərdə düçar olanda
da, ən böyük sevincini yaşayanda da özünün əlçatmaz
mənəvi mərtəbəsində olmalıdır. Orada qərar
tutmalıdır. Əgər çətinliyə düşəndə
şair öz mərtəbəsindən aşağı enirsə
o, özünün ürəyinə arxalanmır. Hisslərinin
əsiri olur. Amma biz bilirik ki, şair həm də hisslərinin
ağası olmalıdır.
Fikrin,
düşüncənin ağası olduğu kimi.
Nailə
xanımın yaradıcılığında diqqəti
çəkən, maraq doğuran poetik səhnələr də
az deyil. Onun haqqında uğurlu söz yazan müəlliflərdən
biri fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov
yazır: "Nailə xanımın şeirlərində insan
amili, mürəkkəb dünyamızda onun yeri və önəmi
xüsusilə mühüm məna kəsb edir. Əslində
hiss edirsən ki, təbiətdən də, sevgidən də,
şeir və sənətdən də yazanda onu hər zaman
insan amili, şəxsiyyət amili, xalqına, millətinə
mənfəətli olan yaradıcı və mükəmməl
insan idealı düşündürür..."
Professor
doğru qeyd edir. Həyat mürəkkəbdir və bu mürəkkəb
həyatı yaşayan insanın özü də öz təbiətinə
görə təzadlıdır, ziddiyyətlidir. Nə
üçün insan işığın qədrini zülmətdə,
vətənin qədrini qürbətdə, xoş anın qədrini
zillətdə bilməlidir. Bu məsələlər hər
bir kəsdən özünəməxsus cavab istəyir.
Şairin özü də görünür insan
psixologiyasının qaranlıqlarında işıq gəzə-gəzə
varlığın mahiyyətini bu məqamda insanın mənəvi
mahiyyətini düşünür, axtarır. Mahiyyət isə
insanın düşünmək qabiliyyətində, anlamaq
anlamındadır. Ağrını duymaq, kədəri
yaşamaq, hisslərin əlvanlığını görmək,
duymaq yalnız insana xasdır.
Şairin
aşağıdakı misralarda dərdin, qəmin insanın
belini bükmək gücü dilə gətirilsə də
insan iradəsinə əzəmətinə hədsiz inamı
da başa düşülür.
Dərddən, qəmdən büzüşüb,
Gəl yumağa dönməyək.
Bu qəfil küləklərdən,
Titrəsək də sönməyək.
Poetik
düşüncənin şeirdəki ruhu insanı həyat
iztirablarından qorumağa, onun taleyini düşünməyə
yönəldilib. Sanki müəllif yanıb-sönmüş
ocağın külü içərisində gizlənmiş,
hələ də varlığını yaşadan qoru
axtarır. Ona görə axtarır ki, sönmüş
ocağın istisini yenidən özünə qaytarsın.
Alov, işıq həm də başqa bir mənada pərvanələr
üçündür. İşığa təşnə pərvanələr
qaranlıqda yox olar, məhv olar. Şair ona görə
"titrəsək də sönməyək" deyir ki, əslində
pərvanə sorağındadır. Bu pərvanələr isə
adına, ünvanına, eşqinə, həvəsinə, bir
sözlə, mənəvi mahiyyətinə görə
müxtəlifdir. Sözün pərvanəsi, odun pərvanəsi,
məhəbbətin pərvanəsi, məcnunluq, cünunluq,
ilahi eşqdən qovrulan divanəlik, bütün bunlar
hamısı odda yanan pərvanələrin
nağılından qalmış ifadələrdir, deyimlərdir.
...Ədəbiyyatımızda
tənqidin poeziyasını yaradan tanınmış tənqidçi
Vaqif Yusifli də şairin poetik ovqatını onun bədii
düşüncəsini və yazı üslubunu yaxşı
dəyərləndirir: "Bütün ömrü boyu insan qəlbini
tərk etməyən sevgi şeirlərində də, təbiətdən
bəhs edən nümunələrdə də, dünyadan, həyatdan,
gözəlliklərdən və bunun əksi olan mənfiliklərdən,
Qarabağ həsrətindən də söz açan
yazılarında Nailə xanım səmimidir, təbiidir. Ona
görə də mən arzulayıram ki, bu poetik hissiyyat həmişə
onun şeirləriniin bəzəyi olsun.
Mən
Nailə xanımın Qarabağ həsrəti ilə
bağlı şeirlərini də oxudum. O, bir ana və bu
yurdun bir vətəndaşı kimi işğal olunmuş
torpaqlarımızın həsrətiylə yaşayır, o
torpaqlarda bitən bənövşələrin belə dərdini
içindən keçirir. Bu da təbiidir. O, Zəngəzurun
Qafan şəhərində, Şəhərcik qəsəbəsində
dünyaya gəlib. Amma mən də içində bir ümid
yaşadan insan kimi inanıram ki, bir gün Zəngəzuru
yuxularda, röyalarda yox, həqiqətdə görəcəyik...".
Poeziya
insanın ölməyən ruhudur. Şair öz ruhunu
sözün, fikrin yaddaşına köçürməklə,
vətən, insanlıq və cəmiyyət
qarşısındakı vətəndaşlıq borcunu
ödəmiş olur. Əlbəttə ki, onun ruhunun
daşıyıcısı olan fikirlər sözün həqiqi
mənasında məhəbbətdən yoğrulmuş olsun.
Vətən qayalarını, vətən daşlarını,
doğma yurdun, ana təbiətin hər hansı bir mənzərəsini
poetikləşdirmək bədii yaddaş yaradır. Bu
yaddaş insanı torpağa bağlayan tellərdir. İnsana
onun doğulduğu torpağın qüdrətini gözəlliyini
xatırladır. Elə aşağıdakı misralardakı kimi:
Baxıram aşağı: çəmən,
çöl, çiçək,
Bir yanda qayalıq, pöhrə
görünür.
Xeyli aralıda bir dağ zirvəsi,
Ətəkdə çiskinli duman
sürünür.
Məmnuniyyətlə
bildirirəm ki, Nailə xanımın şeirlərində ruh
var. Bu
ruhun bir adı da poeziyadır. İnsanı yaşamağa, həyatı
dərk etməyə səsləyən poeziya.
Əbülfət Mədətoğlu,
əməkdar jurnalist
Ədalət.- 2011.- 4 may.- S. 7.