Yada düşür xatirələr

 

  Satirik oçerk

 

  İş yoldaşım yenə mənə sataşır:

   - Həmkarların gəlib.

   Qapını örtürəm ki, o gələn qəzetçiləri görməyim. Olmur, katibə qız - Əfsanə iki yazarı yanıma gətirir və müdirin sözlərini eşitdirir:

   - Müəllim dedi ki, bunlarla məşğul olsun.

   Qaranlıq məqam yoxdur. Rayon Təhsil Şöbəsinin müdiri cana döyub, başından eləyir bu qadınları

   Əyləşirlər. Biri dilavərdi:

   - "Dahi" qəzetindənik. Mən şöbə müdiri, bu xanım - yanındakını göstərir - zona müxbiridi.

   Hansı qəzetdi "Dahi"? ha fikirləşirəm, bir yana çıxa bilmirəm. Öz-özümə: Üzlərni mürdəşir yumuş bu qadınlar kimlərdi? Niyə müqəddəs bir peşənin adını bədnam eyləyirlər? Nəyə gəliblər? istəyirlər?

   - Təhsildə hansı problemlər sizi maraqlandırır? - Susurlar!

   - Qəzetiniz niyə "Dahi" adlanır? - Dinmirlər!

   - Neçə nömrəniz çıxıb? - Çiyinlərini çəkirlər!

   - Nədən yazmaq istəyirsiz? - Gülüşürlər!

   Mən müdirlə görüşürəm onları yola salırıq. Cavan, subay həmkarlarım da arxalarınca qaçırlar.

   Alnımı ovuşdururam: İlahi, jurnalistika kimi müqəddsə, ləyaqətli sənət günə düşüb! Zəmanə günahkardımı? Deyəsən, , elə dövran gəlib ki, ağız deyəni qulaq eşitmir, çəkməçi milyoner olub, ziyalı qoyunotaran, sürücü əczaçılıq eləyir, zootexnik taxta-şalban satır

   Düşüncələr məni ağuşuna alır. Kim olub publisistikanın, jurnalist sənətinin nüfuzunu, çəkisini müqəddəs bilən? H.B. Zərdabi, M.Cəlil, M.Ə. Sabir, A.Səhhət, Ü.Hacıbəyov, M.S.Ordubadi, Ə.Sadıq

   Qayıdıram 1966-cı ilə. Soyuq oktaybr ayı, yağışlar ara vermir. Bəzilərinin qul əməyi adlandırdığı pambıq yığımının sonlarıdı. Həftənin, səhv etmirəmsə, ikinci günüdü. Saat 12-ə az qalır. Katibə - Leyla xanım gəlir otağıma:

   - Sizi redaktor çağırır.

   Redaktorun - Həmdulla müəllimin yanında çox papiros çəkdiyindən tez-tez öskürən orta yaşlı bir kişi əyləşib.

   - Tanış olun - Həmdulla müəllim məni ona təqdim eləyir - məktublar şöbə müdiri, "Azərbaycan" kolxozuna, onun kəndlərinə yaxşı bələddir. Sonra o, qonaqla məni tanış edir: Seyfəddin Dağlı - "Kirpi"nin baş redaktoru; kolxoza getməkdə, sədrlə, pambıqçılarla görüşlərdə ona yardımçı ol.

   Əl verib görüşürük. Azacıq gülümsünür:

   - , cavan oğlan, yolçu yolda gərəkg Plaşımı geyinirəm. Seyfəddin müəllimin əlində "Kim irəlidədir?" gündəlik bulletenimizdi - "Məhsul"a əlavə çap olunur- kolxozların pambıq yığımında yarışını əkç etdirir. Qapıdan çıxanda, Həmdulla müəllim dil -ağız eləyir:

   Bağışlayın, Seyfəddin müəllim, "Moskviç"in motoru tökub, yoxsa qızırğanmazdım.

   - Bizə elə köhnə "Volqa" veriblər. Təmirə qoymuşuq. Neyləyək, qəzetçinin taleyi, qisməti belədi

   Gəlirik avtovağzala. Cibimdə 25 manat pulum var. ürəkliyəm. Ona yol restoranını göstərirəm.

   - Müəllim, bağışlayın, bəlkə nahar eyləyək?

   - Yox, - gülür - Gəl bu gün oruc tutaq. Yemək-içmək qalsın axşamçağına. Sən maşın tap.

   Körpünün lap qulağında ikiqapılı "Qaz - 69" dayanıb. Yaxınlaşıram. Abbasəli Poladovdu, onu köhnədən tanıyıram. Məqsədimi bilib:

   - Etiraz etmirəm, bu günün planı 13 manatdı. Hara desəz "baş üstə" - deyir.

   "Azərbaycan" kolxozunun idarə binasında baş iqtiçsadçı Süleymanla görüşürük: sədri soruşuruq. "Deyəsən kəndyanı sahələrdədi" - cavabını alırıq. İqtisadçıyla danışaq, ondan ancaq briqadirlərin son göstəricilərini əks etdirən vərəqəni alıb baxırıq. 16 briqadirdən cəmi 2-i planı ödəyib. 35-48 faiz arası tapşırığı icra edənlərin adı qabağından Seyfəddin müəllim quş qoyur. Öyrənirik ki, hamısının tarlası kəndin ətrafındadır.

   Seyfəddin müəllim mənə işarə eyləyir:

   - Getdik tarlalara, özü də bax bu briqadalara. Baxıram, lap quyruqda sürünənlərdi.

   Sısqa yağış başlayır. "Qaz-69" Qulibinka kəndinin qırağındakı tarlaya çatır. Pa, dəhşətdi. Sahələrdə mal-qara, qoyun-quzu otlayır. İrəlidəki tarla düşərgəsində kim var? - Sualımıza qoyunotaran cavab verir: "Sədr Şalan Musayev ordadı".

   Maşın palçıq, zığ-zımrıq olduğundan çətin irəliləyir. Seyfəddin müəllim sürücüyə:

   - Saxla, saxla, piyada gedərik - deyirg Düşərgədən ətrafa dəbdə olan musiqi sədaları yayılır. Aşıq Şakir Hacıyev "Boylana-boylana" oxuyur. Manqalda yekəpər kişi kabab bişirir. S.Dağlı mənə işarə verir: Onu tanıyırsan? - "Hə, hə, tanıyıram, planı 36 faiz ödəyən Tomar Əmirovdu".

   İçəridə vur-çatlasındı. Biz sarmaşıqlı pəncərədən baxırıq. Hündür, cavan bir adamın əlləri havadadı, balaca, boy, kök kişi sanki ona züy tutur, oynaya bilməsə də, atılıb-düşür.

   Arıq, hündür -mən onu kiməsə oxşadıram - kişi hərdən oynayanlara qarışır, hərdən qıraqdakı stolun üstündən kabab tikəsini ağzına qoyub, stəkandakı arağı başına çəkir.

   Mən S.Dağlıya baxıram. Gülür, Noolub, görəsən? İşarə verirəm: Keçək içəri? Astaca pıçıldayır:

   - Kimdi onlar?

   - O çantaraq kolxoz sədri Şalan Musayevdi, o balaca, tısıx kassir Adil Əliyevdi. O birini hardasa görmüşəm.

   Astaca deyir:

   - Onu mən tanıyıram - "Azərbaycan kənd təsərrüfatı" qəzetinin müxbiri Yusif Əmirxanovdu...

   İçəri daxil oluruq. Bizi süfrəyə dəvət edirlər. Oynaya-oynaya sədr bayıra qışqırır:

   - Tomar, isti kabab! Adil araqları təzələ! - bizə tərəf səslənir:

   - Xoş gəlibsiz, Əziz qonaqlar! Yeyin-için, kef eləyin...

   Müxbirə baxıram. Deyəsən o Seyfəddin müəllimi tanıyıb: büzüşüb, rəngi qaçıb. Yol yoldaşım məmnundu, sifətində işıq var, hərdən qımışır, sanki axtardığını tapıb...

   Y.Əmirxanov Ş.Musayevi kənara çəkib, nəsə danışır, başı dumanlanan, Araz aşığından, kür topuğundan olan sədrin heç vecinə deyil. Çırtıq çalır:

   - Hə, noolsun, "Kirpi"dəndi qonaq, xoş gəlib, səfa gətirib, yola salmaq bizdən. Qışqırır:

   - Adil!

   Kassir ayaqlarını cütlüyüb, əlini əskərsayağı qulağı bərabərinə qaldırır.

   - Eşidirəm, yoldaş Musayev!

   - Yaxın gəl!

   Pıçıldaşırlar, kassir S.Dağlının üzünə baxır, qırımından hiss edir ki, yox, bu, deyəsən həmişə görüşüb, cibinə pul dürtdüyü qəzetçiyə oxşamır. Nə fikirləşirsə, məni kənara çəkir:

   - Qardaşoğlu, qonaq bizimdi də, sənə pul verim, ona çatdır - iki 25-lik uzadır mənə. Çiyinlərimi çəkirəm, sonra:

   - Özünə ver - deyirəm. Seyfəddin müəllim sədrlə bəzi söhbətlər eləyir, bloknotunda qeydlər aparır. Kassir geriyə qayıdır, sədrlə, müxbirlə nə danışırsa, qoyun cibindən pul çıxarıb maşina minən Seyfəddin müəllimə yanaşır və pulu soxur onun cibinə. Kişi əsəbiləşir, maşından düşüb, qolu tutduqca pulu pambıq sahəsinə, zığın-zımrığın içinə səpələyir:

   - Əclaflar! Vicdansızlar!

   Hirslə mənə:

   - Min maşına!

   Rayon mərkəzinə çatırıq. Sürücünün 13 manatını vermək istəyirəm və məlum olur ki, Seyfəddin müəllim kənddən gələndə onun haqqını ödəyib.

   Yol restoranında çörək yeyirik. O şad-xürrəmdi, əli çalır, ayağı oynayır. Hərəmiz 100 qram konyak içirik. Qolumu boynuna salıb üzündən öpürəm:

   - Qoy yeməyin pulunu mən verim. Etiraz etmir. Zarafatla Xaçmazda gecə qonaq otağında başına gələn məzəli bir hadisə söyləyir. Mən o söhbəti dilə gətirmək istəmirəm.

  

   ***

  

   Üç gündən sonra rayonda elə bil bomba partlayır. Şənbə günü "Kommunist" qəzetinin 4-cü səhifəsində Seyfəddin Dağlının "Meyxoş, Tomar, Şalan və dolmayan plan" satirik oçerki dərc olunub. Hamı kimi mən də oxuyuram. Publisistikanın gözəl nümunəsi: faktlar, rəqəmlər, bədii təsvir, tarla düşərgəsində baş verənlər yerli-yataqlıdı, nə şər var, nə böhtan. Adı çəkilən insanların heç birinin şərəfinə, ləyaqətinə zərrə qədər toxunulmur.

  

   Bax, budu əsl jurnalistika!

   Bax, budu peşəkarlıq!

  

   P.S. 1971-ci il sentyabr ayının 21-də Sabit Rəhmanın anım günü Azərbaycan Dövlət Milli Dram Teatrında keçirilir. Fasilə zamanı ikinci mərtəbəyə qalxıram, istəyirəm bir fincan kofe içim. Ayaqüstü stol arxasında S.Dağlı şair Ə.Kürçaylı ilə dayanmışdır. Seyfəddin müəllim mənə zənnlə baxır, yaxın gedib görüşürəm.

   - Mənə tanış gəlirsiz - deyir. "Satirik oçerki" yada salıram.

     

 

Əlibala Rəhimov,

 Biləsuvar Rayon Təhsil

Şöbəsinin metodisti

 

Ədalət.- 2011.- 6 avqust.- S. 9.