HƏR GÖRÜŞ BİR ÜMİDDİRSƏ...

 

   Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı ilə üz-üzə, göz-gözəyəm. Kitabın adı "Hər görüş bir ümiddi". Tənqidçi həmkarım, professor Nizami Cəfərov yaxşı bir ön söz yazıb. Deyir ki: "Onun yaradıcılığında həm özünəməxsusluq var, həm də bu özünəməxsusluqda bir xarakter var. Əbülfət özünəməxsusluğu tipologiyası olan, xarakteri olan özünəməxsusluqdu... Demək olar ki, onun elə bir şeirini təsəvvür etmək mümkün deyil ki, orada kifayət qədər dərin, zəngin bir ağrı ilə rastlaşmayasan, yəni onun şeirlərinin hamısında bu dərin ağrı bir ana xətt kimi gəlib-keçir. Hətta onun leksikonu da belədir. Yüzlərlə ağrı-acı ifadə edən sözlər, ifadələr, poetizmlər var onun şeirlərində".

   Çox doğru, dəqiq müşahidələrdən sonra mənə qalır Əbülfət Mədətoğlunun şeirlərinə öz münasibətim və həmin kitabdakı şeirlərdən aldığım təəssüratları ifadə eləmək.

   Ən əvvəl onu deyim ki, Əbülfətin lirik qəhrəmanı onun özüdür. Yəni öz şeirlərinin qəhrəmanıdır o. Amma o şeirlərdə biz özümüzü də görə bilirik, öz hiss və duyğularımızla Əbülfətin hiss və duyğuları arasında doğmalığı duyuruq.

 

   arxada günlər qaldı-

   ömrümdən qopan günlər.

   arxada günlər qaldı-

   ömrümə hopan günlər...

 

   mən zaman qanadında

   dağ aşdım, dərə keçdim.

   deyim, qalsın yadında-

   yolu bir kərə seçdim.

 

   təpki gördüm,

   qan gördüm,

   hərdənbir də təbəssüm.

   evimi viran gördüm-

   bərpasına tələsdim.

 

   əyilmədən, sınmadan

   budandım için-için...

   Allah heç nə ummadan

   Ömür verib mənimçün.

  

   Bu şeiri Əbülfətin mənəvi tərcümeyi-halı sanmaq olar. Şeirdə mənim xoşlamadığım "bərpa" sözü də yerinə düşür.

   Əbülfətin şeirlərində onun ŞAİR obrazı birinci plandadır. Bu günün şairinin obrazı. Yaşadığı ölkədə Qarabağ dərdi olan, qaçqın-köçkün-didərgin kimi dərdli sözlərin acı-ağrısına dözən Əbülfətin şeirlərində sıxıntılar, nisgillər olması təbiidir. Amma sızıltı, vay-şivən, ağlaşma yoxdu. Məncə, DƏRDİN şairi olmaq və dərdin poeziyasını yaratmaq hünərdir. Əbülfət deyir ki:

  

   mən min ildi tanıyıram

   üzümə üz tutan dərdi.

   əzizləyə-əzizləyə

   ömrümdən gün udan dərdi...

  

   gül sanıram, vaxtsız solan

   didə yeri şehlə dolan.

   gözümdə gah mələk olan,

   gah da aranqutan dərdi!

  

   vaxt şah edib üzsüz şoru

   çatlayır səbrimin goru.

   ay Əbülfət, çalış, qoru-

   alın yazın-butan dərdi!

  

   Sizi inandırmaq istəmirəm, buna ehtiyac yox! Mənim fikrimcə, bu, Əbülfətin o kitabda ən gözəl şeirldərinin bəlkə də birincisidir. Şeirdə Dərdin obrazı yaradılıb.

   Bir insanın və neçə bu taleli insanların Dərdi tüstülənir bu şeirdə. Həm də şeir öz mükəmməlliyilə diqqəti cəlb edir. "Didə yeri şehlə dolan"-gözəl misradır. Artıq dilimizdə çox az işlənən bir sözün misrada işlənməsi yerinə düşür. "Aranqutan" sözünü şeirdə işlətməzlər, amma burda o söz öz yerini tapıb. "Alın yazısı" ilə "buta" mənaca bir-birinə yaxın sözlərdir, bir yerdə işlənəndə isə iki sözün vəhdəti, doğmalığı yaranır. Əbülfətin dərdli şeirlərini sıralayıb oxuyunca o dərdlər sənə də sirayət edir, amma bunlar pessimizm doğuran, səni kədər burulğanına, qəm seylabına itələyən dərdlər deyil. Bu, sevimli dərddir, səninlə yaşayır, səninlə yol addımlayır, gecə səninlə yatır, gündüz səninlə oyanır.

    

   dərd adamı darda qoymur

   çəkib çıxarır özündən.

   yaxanı tanıt, ünvanı

   baxıb, oxusun üzündən.

  

   seçib ayırsın ikiyə

   göstərsin ağı, qaranı.

   kim sağaldıb bu günədək

   dərdin vurduğu yaranı?

 

   bir üzü var, bir sifəti,

   dərd olduğun

   danmır ki, dərd.

   hərdən sıxın Əbülfəti

   görün, ondan

   dammır ki, dərd.

  

   Əbülfətin çoxlu sərbəst şeirləri var. Onların içində sərbəst şeirin yaxşı nümunələrinə rast gəlmək olar. Amma mən Əbülfətin hecalı şeirlərini daha çox xoşlayıram. Bu şeirlərdə Əbülfət öz fikir duyğularını, hiss həyəcanları daha poetik sanballı şəkildə ifadə edə bilir. Hətta elə gəraylısına təsadüf edirik ki, bizə ustadların gəraylılarını xatırladır. Bir nümunə:

  

   üz tutub biz, gedək hara,

   üzümüzə baxan olsun?

   əyrimiz dursun bir yana,

   düzümüzə baxan olsun.

 

   addımbaşı küy kələk

   görünüşdə huri-mələk.

   mənə gün verməyən fələk-

   bir əlin, bir yaxan olsun.

  

   gözüm gözünə göz vursun

   işığından tonqal qursun.

   duyğum bir yerdə dursun,

   səlləmi axan olsun.

   göyə bülənd ünüm-ahım

   bax halıma, gül, sabahım

   bu məhəbbət mənim şahım-

   qoy sənin ağan olsun.

  

   Mən N.Cəfərov kimi o fikirdəyəm ki, Əbülfət çox səmimi şairdir bəzən bu səmimiyyət sadəlövhlüyə qədər gedib çıxır. O, içindən keçirsə, hansı duyğularla yaşayırsa, onu oxucusundan gizlətmir.

   Əbülfətin bu kitabda çoxlu sevgi şeirləri var. Bu şeirlər öz səmimiyyətiynən seçilir. Sevgidə səmimi olmaq aşiqliyin ilkin şərtlərindəndir. Poeziyada isə sevgi ikiqat səmimiyyət tələb edir. Çünki sən təkcə sevdiyini yox, oxucunu da bu sevgiyə inandırmalısan.Həm sevgiyə layiq sözlərlə, yəni uğurlu təşbehlər, metaforalar, füzuliyanə deyim tərzi ilə. Sevgi haqqında sadəcə söhbət eləmək, nəyisə aydınlaşdırmaq olmaz, sevgidən qəlbin bütün titrəyişləri ilə söz açmalısan. İndi gəlin, bir sevginin izinə düşək:

 

   sən hardasan,

   ay bu odun sahibi,

   od qorranır,

   üstünüsə kül alır.

   ürək hər gün

   görüşünü uydurub

   xəyalında çiçək seçir,

   gül alır.

   nağılların,

   xəyalların qoynunda

   xoş sonluğa,

   çin yuxuya əsirəm.

   qollarını hiss etdikcə

   boynumda

   bu anlarçün

   öz ömrümdən kəsirəm.

  

   ürəyimi göndərməyə

   güc çatmır

   səni axı inandırım

   mən necə?

   ruhum, canım

   dincəlmir, yatmır,

   kirpiyimdən asılaram

   bu gecə.

  

   ... sən hardasan,

   ay bu odun sahibi,

   gəl, xışmala

   ürəyimin külünü,

   barmaqların arasından  

   qan damsın-

   düşündükcə,

   ürəyimin gününü.

  

   Çox təbiidir bu şeir yaşanılan hisslərin, duyğuların inikasıdır.

   Neçə il öncə Əbülfətin bəzi şeirlərində dil qüsurlarını özünə demişdim, indi görürəm ki, bunların sayı çox azalıb. O, təmiz, şəffaf dildə yazır, xalqdan gələn idiomatik ifadələri, deyimləri çox incəliklə şeirlərinə alır. Amma mənə ən çox xoş gələn odur ki, Ə.Mədətoğlu bədii təsvir vasitələri ilə işləyir, fikrinin bədii sanbalına nail olmaq üçün mübaliğə, təşbeh, metafora s. bədii təsvir vasitələrinə üz tutur. Onun şeirlərində səhərin yuxulu gözlərindən tökülən xəbər sanki soyuq su idi, onun yaddaşında bir-birinin qanına bulaşmış xatirələr çözülür. Görürəm ki, Xocalıdan qaçqın düşən yurddaşlarımızın hüznündə olduğu kimi toyunda da ortada havalı gəzir Xocalı adlı şəhər. Belə obrazlı ifadələr onun şeirlərində bir deyil, iki deyil. Elə şeir var ki, o şeir özü başdan-ayağa metaforik düşüncənin mücəssəməsinə çevrilir:

  

   əsəbi halda

   aşağıdan yuxarı

   doğradıqca budaqları

   ağacdan

   necə düşəcəyimi

   unutdum.

  

   "Əsəbi halda yazılan şeir" belə başlayır. ardınca o misralar gəlir ki, lirik qəhrəman əsəbi halda yuxarıdan aşağı sinəsinə çəkilən dağları o qızın dediyi sözlərin odunda, kirpiyinin ucunda parıldayan damlaları qurudur. Bəs sonra? Sonra əsəbi halda dostların yaddaşında yağa bilməyən bir parça bulud kimi dağa, daşa çırpılır ki, sıxıb özünü qurutsun.

   Mən Əbülfətin yeni şeirlər kitabını onun yaradıcılığında irəliyə doğru bir dönüş hesab edirəm. Belə düşünürəm ki, Ə.Mədətoğlu ömrünün əllisindən altmışına doğru gedən yolda ŞAİR adını həmişə uca tutacaq..

 

 

  Vaqif YUSİFLİ

 

  Ədalət.- 2011.- 6 avqust.- S. 10.