TİKDİM Kİ, İZİM QALA...

 

 Bu gün Gəncənin hər bir küçəsində, hər bir döngəsində böyük tikinti-quruculuq işləri görülür

 

 Elmar Vəliyevin Gəncə İcra Hakimiyyətinə başçı təyin olunandan sonra şəhəri söküb-dağıtması barədə bəzi qəzetlərdə yazılar dərc olunmağa başladı. Təbii ki, bir gəncəli kimi məni bu narahat edirdi. Odur ki, yay mövsümündən istifadə edib uzun müddət olmadığım doğma yurda baş çəkdim. Gördüklərim məni heyrətə gətirdi. Sözün həqiqi mənasında Gəncə sanki yenidən qurulur. Əvvəlcədən bir şeyi diqqətə çatdırmaq istəyirəm ki, dövrü mətbuatda uzun müddətdir, fasilələrlə də olsa, müxtəlif yazılarla çıxış edirəm. Yazılarımın əksəriyyəti də tənqidi və satirik ruhda olur. məni tanıyanlar da bilir ki, mən heç vaxt obyektivliyimi itirməmişəm. Bu baxımdan Gəncədə gördüklərimi də məhz obyektivliyimin nəticəsi olaraq yazıya köçürmək qərarına gəldim.

  

   Bəli, bu gün Gəncənin hər bir küçəsində, hər bir döngəsində böyük tikinti-quruculuq işləri görülür. Gəncə doğrudan da abadlaşır. Şəhər ilk növbədə mənə böyük bir tikinti meydançasını xatırlatdı.

    Gəncənin bütün küçə və meydanlarında əsaslı təmir-tikinti işləri getdiyini, avtomobil yollarının yeniləndiyini, piyadaların sərbəst gediş-gəlişi, onlara rahat şəraitin yaradılmasının şahidi oldum.

   Bütün bunları görmək, şəhərin yerüstü və yeraltı təsərrüfatını bilən bir gəncəli kimi mənə xoş idi.

   Yeri gəlmişkən, bir məqamı diqqətə çatdırmaq istəyirəm. Əvvəllər küçələrə asfalt çəkilərkən sakinlərlə heç bir söhbətləşmə, məsləhətləşmə aparılmırdı. Ona görə də təzə çəkilən asfalt kiminsə köhnəlmiş, çürümüş suya kanalizasiya xəttinin dəyişdirilməsi nəticəsində qazılırdı. Nəticədə bir müddətdən sonra yeni çəkilmiş asfaltdan əsər-əlamət qalmırdı. İndi isə belə deyil. Hər hansı küçəyə asfalt çəkilməmişdən qabaq həmin küçənin sakinlərinə təklif edirlər ki, köhnəlmiş sukanalizasiya xətlərini dəyişdirməsi vacibdir. Bu isə şəhər icra hakimiyyətinin hesabına həyata keçirilir. Bunun nəyi pisdir? Sakinlərin sukanalizasiya boruları indi plastmas borularla əvəzlənir.

   Görülən işlər barədə bir çox sakinlərlə söhbət etdim. Bu insanların sevincini görmək üçün yanlız bizim kimi onlarla üzbəsurət olmaq lazım idi. Hamısı belə bir işdən razı qaldıqlarını dönə-dönə bildirdilər.

   Maraqlı bir məsələni də qeyd edim ki, şəhərin Böyük Bağman sayılan hissəsindən gəlib Xan arxının yanından "Yeni Gəncə" sayılan böyük yaşayış massivinə maşınların dönən hissəsinin eni demək olar ki, 6-7 metr olardı. Neçə illərdir ki, həmin yoldan gedənlər çox əziyyət çəkir, həm də bu yola kəsişən baş yolda böyük tıxaclar yaranırdı. Bunun da səbəbi o imiş ki, balaca, yöndəmsiz bir "budka" bu yolu kəsibmiş. Qarşılıqlı razılıq əsasında həmin "budka" o yoldan götürüldüuzun illərdir insanlara əziyyət verən bu problemaradan qaldırıldı. Hal-hazırda yolun həmin hissəsində əməlli-başlı rahatlıq yaranıb və yolu iki hissəyə ayıran möhtəşəm çinar ağacı da rahat nəfəs alır.

   Axı belə işi alqışlamamaq olarmı? Maraq üçün həmin yolda dayanıb, bir neçə sürücünü söhbətə tutduq ki, görək, fikirləri nədir? Söhbət etdiyim hər bir sürücü görülən işdən ağız dolusu razılıq etdilər ki, indi bu yoldan, heç bir tıxac olmadan rahatca istifadə edirlər.

   Çox maraqlıdır ki, indiyə qədər Gəncə kimi böyük bir şəhərdə yaraşıqlı, gözoxşayan mədəniyyət ocağı yox idi. Bu barədə də məlumat aldıq ki, 20-25 ildən çoxdur damı uçmuş, bərbad vəziyyətdə olan "Bakı" kinoteatrı sökülüb, onun yerində müasir tipli böyük Filarmoniya inşa olunacaqdır.

   Bundan başqa bir çox yeni mədəniyyət ocaqlarının tikintisi, köhnələrinin isə əsaslı təmiri nəzərdə tutulmuşdur. Bu da özlüyündə Gəncənin sakinlərinə hörmət və ehtiramın nümunəsidir.

    Bu günlərdə bəzi qəzetlərdə getmiş bir məqama da aydınlıq gətirmək istəyirik. Belə ki, bəzi mətbuat orqanlarında yazılmışdır ki, Gəncə çayının ərazisində tikilmiş bir restoranın qeyri-qanuni olaraq sökülməsi restoran sahibinin infarkt olması ilə nəticələnib və o xəstəxanaya düşüb. Məsələni yerində araşdırmaq üçün həmin ünvanda olduq və bəzi həmkarlarımızın obyektivlikdən kənar yazılarına təəssüf etdik. Əslində isə məsələ belədir.

   Həmin restoran ərazidən keçən maşınların sərbəst gediş-gəlişinə mane olurmuş. Restoran sahibi ilə qarşılıqlı razılaşma əsasında həmin ərazidən təxminən 100 metr aralıda yeni və əvvəlkindən də yaraşıqlı restoranın bünövrəsi artıq qoyulub. Bundan restoran sahibi də razıdır və heç bir infarkt-zad keçirməyib, heç kim də xəstəxanaya düşməyib.

   Onu da nəzərinizə çatdıraq ki, aparılan əsaslı təmir-tikinti işləri görüntü xatirinə tək şəhərin mərkəzində yox, neçə illərdir yaddan çıxmış, şəhərin kənar küçələrində də görülür.

   Ümumiyyətlə, şəhərlə qısa tanışlıqdan sonra çox razı qaldıq. Görülən işlər isə həddindən artıq çoxdur.

   Gəncəyə yeni icra başçısı təyin edilmiş Elmar Vəliyevin həyata keçirdiyi işlərlə tanış olandan, əhali ilə söhbətləşəndən sonra bu qənaətə gəldik ki, doğrudan da şəhərin gözəl gələcəyi üçün görülən işləri gəncəlilər uzun illərdir gözləyirmiş.

    Ancaq çox təəssüf edirik ki, bəzi həmkarlarımız eşitdikləri şaiyələri həqiqət kimi qələmə verib, oxucuları çaşdırırlar. Qəzetçilik üçün belə üsul yolverilməzdir. Jurnalist gərək həmişə gördüklərini yazsın. Bunun üçün isə Gəncə çox uzaqda deyil.

   Bəli, bu gün Gəncədə aparılan təmir-tikinti, abadlıq işləri avtomobillərin hərəkəti üçün müəyyən çətinliklər yaradır. Ancaq hamı bilir ki, bugünkü çətinlik müvəqqətidir və sabahın rahatlığı üçündür.

   Bütün bu gördüklərimizdən sonra istədik Gəncə şəhər icra hakimiyyətinin başçısı, yeni Gəncənin memarı Elmar Vəliyevlə görüşüb, bundan sonra görülən və görüləcək işlər barədə daha ətraflı məlumat alaq. Lakin şəhərdə gördüyüm bu qədər nəhəng işlər özlüyündə bizə hər şeyi deyirdi. Odur ki, işin bu qızmar vaxtında icra başçısını narahat etmək istəmədik. El dilində belə bir bayatı var:

  

   Əzizim bizim qala,

   Bu qala bizim qala.

   Tikmədim özüm qala,

   Tikdim ki, izim qala.

  

   İndi Elmar Vəliyevin gördüyü bu qədər tikinti-quruculuq işləri ilə Gəncədə ömürlük izinin qalacağı şübhəsizdir. Bütün gəncəlilər həmişə Elmar müəllimi şəhərin qurucusu kimi xatırlayacaqlar. Ona görə də Elmar Vəliyevə gələcək işində böyük uğurlar diləyir və Gəncə üçün gördüyü bu qədər tarixi işlərə görə bütün gəncəlilər adından minnətdarlığımızı bildiririk.

    Sonda qeyd edək ki, Gəncədə aparılan böyük tikinti-quruculuq işləri başa çatandan sonra, abad və gözəl şəhərdən daha bir yazı ilə görüşünüzə gələcəyik.

 

 

    Eldar Əzizli

 

    Ədalət.- 2011.- 11-12 avqust.- S.3.