Lerikdən o yana ucadır dağlar

 

   (əvvəli ötən sayımızda)

  

  

    Xoş təsadüf

    

   Sahibi məşhur çoban Xanışın oğlu Miriş Şahıyev olan Zərinqala kəndindəki "Zuvand" istirahət mərkəzi 2008-ci ildə yaradılıb. İpək kimi yumşaq, buz kimi soyuq "Zərinqala" mineral suyu burdakı binanın 2 addımlığından axaraq aşağıdakı Misdan çayına tökülür. Əl-üzümə su vurub bulaqdan içirəm, bir sərinlik, bir rahatlıq dolur ruhuma, bədənimə.

   - Ədə, yol gəlibsən, "Zərinqala" suyu ilə əvvəlcə bir yuyun. Bu vaxtacan heç bulaq suyu ilə çimibsən? Heç bunu içməyə tapırsınız ki?

   16-17 il əvvəl tanış olduğum, söz-söhbətimiz tutan sahibkar Mirişin zarafatından bir qədər tutulsam da, bulaq suyu ilə yuyunmaq məcburiyyətindəyəm. Çünki bu istirahət mərkəzində başqa su yoxdur.

   Təsadüfən burda görüşdüyüm, Lerik ağsaqqallarından olan Babaəli Ağayev söhbətcil kişi imiş, yaşı xeyli olmasına baxmayaraq gümrahdır, yaddaşı da yerindədir.

   - Bu dağlara həmişə jurnalist gəlmir. Bəlkə mən dediklərimdən bəzi şeylər yazasan? Axı bu həm Lerikin tarixidir. 1930-cu ilə qədər Lerikin mərkəzi Zuvand olub. Bu yerlərin iqtisadi-sosial inkişafında akademik Həsən Əliyevin xidmətləri müstəsnadır. Dəmyə şəraitində 4 min hektar üzüm bağı saldıq, 16 min ton qənd kimi məhsul götürdük. 12 min baş iribuynuzlu, 100 min başdan çox xırdabuynuzlu maldarlıq təsərrüfatı yaratdıq. Bütün sahələrdə inkişafa nail olduq. Dövlətdən borc almadıq, ona kömək etdik. Həsən müəllimin tövsiyyəsi ilə saldığımız 5 hektar badam bağı burdan azca yuxarıdadır. Hələ mən ...  

   Əslində Babaəli müəllimin söylədikləri tarix olmaqla bərabər çox maraqlı idi, ancaq onların hamısını yazmaq mümkünmü?

  

   Bu yerlərin havası dağlarına bənzər

  

   Zərinqala kəndi 4 tərəfdən çox hündür, çılpaq dağlarla əhatə edilib. Qalaya oxşayan dağlar bu kəndi zaman-zaman düşmənlərdən qoruyub. "Zərinqala" toponimi beləcə yaranıb beləcə yaşayır.

   Çox yüngül, quru olan havası ürək, qan-damar, suyu mədə-bağırsaq bir sıra daxili xəstəliklərin dərmanıdır.

   Hava bürosunun məlumatları Lerik rayonu üçün bir, Zuvand üçün başqa cür yayılır.

   Daha doğrusu, Zuvandda qurulan xüsusi qurğu bura üçün ayrıca məlumat toplayır. Ətrafı dövrələyən dağlar ilin soyuq fəsillərində bura tələsən sərt hava axınının qarşısını alır.

   Ona görə ətrafı ağuşuna alan qar-yağışa burda çox nadir hallarda rast gəlmək olar. Sovetlər dönəmində buranı tədqiq edən Peterburq alimləri belə nəticəyə gəlmişlər ki, SSRİ miqyasında bu bənzərsiz təbii iqlim şəraiti Zuvandla bərabər cənubi Krımda Kislovodsk şəhərlərində var.

   Burdakı meyvə-tərəvəzin, ətin, hətta balın da dad-tamı, ətri başqa yerlərdəkindən fərqlənir. Ona görə vəzifəsindən, yaşından asılı olmayaraq qonaq gələn hər kəs mütləq Zuvanda ayaq basmalıdır.

    

   Bu da "Zuvand" istirahət mərkəzi

  

   "Zərinqala" bulağının zümzümə çaldığı "Zuvand" istirahət mərkəzi rayon mərkəzindən xeyli uzaqda yerləşdiyindən yeni yarandığından hələlik səyyari xidmət göstərir.

   Yəni gündüzlər adam əlindən tərpənmək olmasa da, gecələr burda bir neçə işçidən başqa heç kim olmur. Cəmi 15 nəfər işçi ilə gündə hərəsi bir dərədə oturan 100-150 qonağa xidmət edir.

   İstirahət mərkəzinin direktoru Miriş Şahıyev ətrafdakıları göstərib deyir:

   - Bütün lerikliləri tanıyıram, ancaq bunları birinci dəfədir görürəm, deməli qonaqdırlar. Uzun yol gəlib bu havanı udan, sudan içən çox güman ki, burda qalmaq da istəyər. Ancaq çox təəssüf ki, bu şəraiti biz hələ qura bilməmişik. Müsafirlərin gecələmələri, mədəni istirahət etmələri üçün kotteclər tikilməlidir. Bu məqsədlə biz kredit götürmək üçün hökumətə müraciət etmişik.

   Yəqin yaxın vaxtlarda müsbət cavab alacağıq. Hələ heç bir qonaq bizdən narazı getməyib. Buranın suyu, havası, sakitliyi nəyə desən dəyər.

   Qulluğu özün görürsən, qiymətlər başqalarına nisbətən çox ucuzdur. Bəzən heç öz mayamızı çıxara bilmirik. olar, təki bizdən, bizim dağlardan narazı getməsinlər.

  

   Gecələr, ay gecələr...

       

   Sahili görünməyən bir sakitlik içində uyuyan gecə burda gözəldir, İlahi! Ancaq şırıltısı eşidilən "Zərinqala" bulağı bu aylı-ulduzlu gecəni təkləyib, sanki ancaq ona nəğmə deyir. Gündüz utanıb deyə bilmədiyi eşqini, məhəbbətini gecə söyləyir. Duyğulara sığal çəkən bir sərinlik ruhu oxşayır. , hər şey arxada qalıb - günün istisində həll edə bilmədiyin qayğı da, üzünü bir daha görmək istəmədiyin məmur da, problemlər ...

   Heç gözləmədiyim halda Ələvsər Şəkilinin qara zurnasında "segah" pərdə-pərdə ətrafa yayılır. Afərin sənə, Miriş Xanışoğlu! Sonra Qulu Əsgərov, Rübabə Muradova, Səxavət Məmmədov aylı gecənin sakitliyində əbədi eşqdən danışırlar. Nəhayət, Fatma xanım Zuvand dağlarına bir eşq hekayəsi söyləyir...

     

   Qollarını sal boynuma Gecələr, ay gecələr...

  

 

   Səxavət Məmmədli

 

   Ədalət.- 2011.- 13 avqust.- S. 4.