Qəbələdən
keçən "Karvan"
Ənənəvi
beynəlxalq musiqi bayramına söz ardı
Ötən həftə Qəbələ III Beynəlxalq Musiqi Festivalı öz işini yekunlaşdırdı. Adından söz etdirən və ölkənin mədəni həyatına xüsusi çalar qatan bu musiqi bayramı maraqlı cəhətləri ilə yadda qaldı. Heydər Əliyev Fondunun yüksək səviyyədə təşkil etdiyi tədbir həm də Azərbaycanın təbliği yönündə növbəti mühüm addım oldu.
Yeni ənənəyə ənənəvi
yanaşma...
Adından bəlli
olduğu kimi Qəbələdə təşkil olunan musiqi
festivalı beynəlxalq status daşıyır. Təbiəti
ilə hamını heyran qoyan bu rayona dünyanın müxtəlif
ölkələrindən tanınmış musiqiçilər,
böyük səhnələri fəth edən
ifaçılar toplaşır.
Təbii ki, Qəbələ Beynəlxalq
Musiqi Festivalı ilk dəfə keçirilməyə
başlayanda tədbirə münasibət heç də birmənalı
deyildi. Bəziləri paytaxtdan kənarda
təşkil olunmağa başlayan klassik musiqi
festivalının uğuruna və perspektivinə
inanmırdılar. Lakin zaman təşkilatçıların
haqlı olduğunu bir daha sübut etdi.
Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Qəbələyə gələn tanınmış musiqiçilər, nüfuzlu ifaçılar xalqımızın sənətə necə böyük dəyər verdiyinin şahidi oldular. Qonaqlar gördü ki, dünya mədəniyyətinə istedadlı bəstəkarlar və musiqiçilər bəxş edən Azərbaycan bu gün də geniş potensiala malikdir. Odlar yurdu gələcəkdə də klassik musiqi sahəsində yeni parlaq imzalar yetirmək gücündədir. Bu işdə artıq ənənəvi keçirilməyə başlayan Qəbələ Beynəlxalq Musiqi Festivalının da özünəməxsus əməyi olacaq. Deməli, Qəbələ Beynəlxalq Musiqi Festivalının davamlı keçirilməsinə böyük ehtiyac var.
Qəbələdə qələbə
qazananlar və ifası eşidilənlər
Festival çərçivəsində
əvvəlcə pianoçuların növbəti beynəlxalq
müsabiqəsi keçirildi. 9 ölkədən 15
musiqiçinin qatıldığı sənət
yarışmasında Rusiya təmsilçisi Andrey
Yaroşinski birinci oldu. Nüfuzlu sənətkarlardan ibarət
münsiflər heyəti Nərgiz Kəngərlinin də
çıxışını müsbət qiymətləndirdi.
Azərbaycanlı pianoçu müsabiqənin həvəsləndirici
mükafatına layiq görüldü.
Sonrakı günlər ərzində
bu böyük musiqi bayramında müxtəlif konsertlər
oldu. ABŞ-dan, Böyük
Britaniyadan, İtaliyadan,
Fransadan, Almaniyadan, Norveçdən, Rusiyadan dəvət olunan
nüfuzlu orkestrlər və tanınmış musiqiçilər
çıxış etdilər. Dünya səhnələrini
fəth edən dirijor Yuri Başmet, Dmitri Yablonski
(violonçel), bariton Sergey Leyferkus və başqaları bu dəfə
Qəbələdə tamaşaçılar
qarşısında məharətlərini göstərdilər.
"Qafqaz Resort" otelinin səhnəsində, eləcə də
açıq havada təşkil olunan konsertlər böyük
uğurla və tamaşaçıların alqışı
altında keçirildi.
Tamaşaçılar dünya
şöhrətli rus bəstəkarı Sergey Raxmaninovun
"Yalvarıram getmə", "Tale", "Qəm etmə",
"Gecə qəmlidir", "Vaxtdır", "Məsihin
zühuru", "Mən Peyğəmbər deyiləm" və
s. əsərlərini dinləmək imkanı qazandılar. Əsrlər
boyu dünyanı heyran edən Şopenin, Motsartın,
Çaykovskinin həmişəyaşar musiqisi bir neçə
gün ərzində dəfələrlə Qəbələdə
səsləndi.
Azərbaycanlı musiqiçilərin çıxışları Qəbələ festivalına xüsusi rəng qatdı. Festivalın bədii rəhbəri professor Fərhad Bədəlbəyli, pianoçular Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Səidə Tağızadə, ABŞ-da yaşayan soydaşımız Validə Rəsulova, vokalçılar Azər Rzazadə, Səbinə Əsədova, Cavid Səmədov, dirijorlar Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əyyub Quliyev və başqaları alqışlarla qarşılandılar. Musiqiçilərimiz Üzeyir Hacıbəylinin, Qara Qarayevin dünya musiqi xəzinəsinə daxil olan əsərlərini səsləndirdilər. Hər çıxışdan sonra Qəbələni alqış sədaları bürüdü. Bir daha sübut olundu ki, sənətçilərimiz dünyanın ən böyük salonlarında, nüfuzlu festivallarında çıxış etməyə layiqdirlər.
Qəbələdə bişər,
Ağdaşa da düşər
Ətraf
rayonlarda yaşayan musiqisevərlərə də bu möhtəşəm
sənət bayramından pay düşdü. III beynəlxalq
musiqi festivalının iştirakçıları
Ağdaşda və Şəkidə səyyar konsertlər
verdilər.
Ağdaşdakı tədbir Habil Əliyev
adına Musiqi Məktəbində keçirildi. Klassik musiqinin ardından
muğamlarımız, xalq mahnıları
tamaşaçılara təqdim edildi.
Şəki camaatı isə
festival iştirakçılarını qədim Xan
Sarayının həyətində qarşıladı. Bu
tarixi məkanda da həm milli, həm də Qərb musiqisinin
incilərindən nümunələr ifa olundu.
Tamaşaçılar Heydər Əliyev
Fondunun festivalın təşkili ilə bağlı təşəbbüslərini
dəstəklədiklərini bildirdilər.
Beynəlxalq
"Karvan"
III Beynəlxalq
Musiqi Festivalında iştirak edənlər arasında
"Yeni Rusiya" Dövlət Simfonik Orkestri də var idi.
Nüfuzlu musiqi kollektivinin bədii rəhbəri və baş
dirijoru Yuru Başmetdi. Yuru Başmetin rəhbərliyi
altında dünyanın ən böyük konsert
salonlarında böyük uğurlara imza atan "Yeni
Rusiya"nın Qəbələ festivalına qatılması
sırada bir hadisə deyil.
III Qəbələ Beynəlxalq
Musiqi Festivalını televiziyadan və mətbuatdan izləyərkən
bir hadisə diqqətimi çəkdi. Dünya
şöhrətli "Yeni Rusiya" Dövlət Simfonik Orkestri Qəbələdəki
repertuarına Azərbaycan bəstəkarlarının da əsərlərini
daxil etmişdi. Yuri Başmetin musiqiçilərinin
ifasında Soltan Hacıbəyovun ölməz "Karvan"
simfonik əsərini dinləmək məncə hər bir
tamaşaçıda xoş duyğular oyatdı.
"Karvan" təkcə müəllifinin
deyil, Azərbaycan musiqisinin həmişəyaşar əsərlərindən
sayılır. Dövlət mükafatları laureatı professor Soltan Hacıbəyov bu simfonik əsəri
1945-ci ildə bəstələyib. Həmin ərəfədə
"Kəminə və Qazı" operasını yazmaq
üçün Türkmənistana dəvət alan
istedadlı bəstəkar bu ölkənin ucsuz-bucaqsız səhralarını
gəzərkən keçirdiyi duyğuları nota
köçürüb. Musiqi xəzinəmizin qiymətli incilərindən
sayılan "Karvan" ilk dəfə 1948-ci ildə səsləndirilib
və elə ilk gündən müəllifi Soltan Hacıbəyova
böyük şöhrət gətirib.
Daha bir maraqlı cəhət o oldu ki, "Yeni Rusiya" Dövlət Simfonik Orkestri "Karvan"ı ifa edərkən dirijor pultu arxasında azərbaycanlı Rauf Abdullayev dayanmışdı. İstedadlı dirijor tanınmış Azərbaycan bəstəkarı Azər Rzayevin orkestr üçün konserti ifa olunanda da "Yeni Rusiya"ya rəhbərlik etdi. Xalq artistinin dünya şöhrətli orkestrlə birgə işi uğurlu alındı. Bunu tamaşaçıların alqışından da başa düşmək olurdu.
Bitməyən akkordlar
III Qəbələ Beynəlxalq
Musiqi Festivalı başa çatsa da sənət
bayramının əks-sədası hələ də
eşidilməkdədir. Festivalda iştirak edən görkəmli
musiqiçilər ölkə və xarici mətbuat səhifələrində
Qəbələ festivalının uğurundan
danışır, təəssüratlarını
bölüşürlər.
Bu bir daha sübut edir ki, dünya
musiqisində öz imzası olan Azərbaycanda belə tədbirlərin
keçirilməsi lazımlı addımdı.
Qoy Qəbələdə növbəti
dəfə klassik musiqinin sədaları eşidilsin!
Etibar CƏBRAYILOĞLU
Ədalət.-
2011.- 13 avqust.- S. 5.