Biri var idi, biri yox idi...

 

   "Yox, elə hamısı var idi. Atası, anası, 3 bacısı, 3 qardaşı"...

 

   "39 yaşı olan həmin gəncin bəxtəvər olan bu dünyası cəmi-cümlətanı 10 il çəkdi. 1982-ci ilin mayında atası qəflətən xəstələndi, elə həmin ilin 27 iyulunda dünyasını dəyişdi. O gün atası dünyasını dəyişən uşağın uşaqlıq dünyası da dəyişdi.

  

   Ucqar rayonun kəndində yaşayan bu ailənin dolanışıq problemləri başlandı. Gəncin isə qara günləri...

   Qoyun-quzu, inək saxlayırdılar. Uşaqlıqdan oxumağa meylli olan gənc kitab-dəftərini yığıb hər gün heyvan otarmağa gedirdi. Ancaq yalnız heyvandarlıqla ailə dolandırmaq mümkün deyildi. Elə düşünürdü ki, böyüyəndə yaşadığı problemləri həll etmək üçün gücü olacaq ailəsini bu ağır günlərdən çıxara biləcək. Hardan biləydi ki, övlad böyüyəndə onun problemləri böyüyür.

   1989-cu ildə orta məktəbi bitirdi. Ondan daha zəif oxuyan sinif yoldaşları institutlara "qəbul" oldular, o ilk qəbuldan daha da sınmış qayıtdı"...

  

    

   Bir vaxtlar bunu yazan insan isə artıq özü yoxdur

     

   7 il haqsızlıqlar üzündən ali məktəbə daxil ola bilməmişdi. Zarafatlarından heç vaxt qalmayan bu insan uşaqla uşaq kimi, böyüklə isə böyük kimi danışardı. Universitetə daxil ola bilməməyindən danışanda deyərdi: "İlk imtahanım ədəbiyyatdan inşa oldu. Yaxşı yazmışdım. Amma kəsdilər məni. Apellyasiyaya verdim. Rüşvətxorlara hər şeyi sübut etsəm , nəticə dəyişmədi. Çıxanda sənədlərimi verən kişi dedi ki, hansı rayondansan? Dedim Tovuzdan. Dedi, Aşağı Ayıblı kəndinin adını dəyişin, bəlkə onda qəbul ola bilərsən. Dedim, qağa, elə o deyilən yer sən sənin burdakı həmkarlarındır... Mən 2-yə inşa yazdığımı düşünmürəm... Kişi bilmədi etsin, papkanı stolun üstünə qoydu qaçdı..."

   2010-cu ilin dekabrı idi. "Həftə içi" qəzetində təhsillə bağlı bir yazım çıxdı. Redaktor Vüqar müəllim yazımı təriflədi... Bundan sonra əməkdaşlığım getdikcə genişlənməyə başladı. Elə həmin ay qəzetə başqa bir redaktor da təyin olundu. Yaxşı xatırlayıram, qəzetin müxbiri Pərvin məni təzə redaktorla tanış etdi. Sonradan həmin qəzetdə yazılarım tez-tez çap olunmağa başladı. Redaktorumuzla sosial şəbəkələrdə dost olduq. Beləcə, münasibətimiz genişləndi. Mənə çoxlu məsləhətlər verməyə başladı. Bir sözlə, tanışlığımızın bir həftəsi tamam olmamış bir-birimizin ürəyinə yol açdıq... Elə o vaxtdan ona abi deməyə başladım...

   Tez-tez görüşürdük, ya kafedə, ya ofisdə. Hər gün sms yazardım ona. Hətta bir dəfə mənə demişdi ki, a qağa, xanımım deyir ki, heç mən səninlə nişanlı olanda sənə bu qədər sms yazmamışam.

   Hər zaman çalışırdı ki, məni zərərli insanlardan qorusun. Ağıllı olmağımı istəyirdi.

   Yaşadığım ev elə onun işlədiyi qəzetin redaksiyasının yaxınlığında yerləşirdi. Bu da onunla tez-tez görüşməyimə imkan verirdi.

   Bəlkə bu günə kimi heç atamla belə danışmadığım mövzuları onunla müzakirə edə bilirdim. Ürəyimdə vardısa, hamısını bilirdi. Sirlərimi, arzularımı... Böyüyəndə nələr edəcəm, birlikdə işlər görəcəyik, onunla haralara gedəcəyik. Hər zaman mənə dəstək olardı. Problemim olanda onun yanına qaçırdım. Məsləhətlərini dinləyirdim...

   İyulun 10-da qəbul imtahanım idi. İmtahandan uğursuz nəticə göstərmişdim. Bu xəbəri ona deyəndə çox pis olmuşdu. Elə hey çıxış yolu axtarırdı ki, mənə dəstək olsun. İmtahandan çıxandan sonra o qədər fikirli idim ki, gedib dirəyə dəymişdim. Bu xəbəri görüşüb onunla danışanda gülməkdən uğunmuşdu...

   Nəhayət, ona şad xəbər verə bildim. Kipr respublikasının Doğu Akdeniz Universitetinə sənədlərimi verdim qəbul olundum. Həmin gün bu xəbəri valideynlərimdən qabaq ona dedim. Gözündə o sevinci görərdiniz... Bəlkə həmin gün ikimiz dünyanın ən xoşbəxt insanı idik. Ondan 2-3 dəfə kiçik olmağıma baxmayaraq dərdimiz sevincimiz bir idi. Onun sevinci mənim, mənim sevincim onun idi...

   "Abicim" deyə müraciət edərdim, amma ata məhəbbəti, ata sevgisi qədər ona sevgim vardı. O, özü bunu çox yaxşı bilirdi. Elə o da mənə deməsə , başqa yaxın dostlarıma məni öz balası qədər sevdiyini etiraf edərdi...

   Zəhra adında bir qızı var. Hər görüşəndə ondan söhbət açardı. Abi bax, Zəhra belə dedi. Zəhranın sözlərini danışıb o qədər gülərdik ki. Elə gün olmazdı ki, öz balasından ağız dolusu danışmasın...

   Hər axşam evə gələndə Zəhra atasının saqqızını gözləyərdi. Abimin işi çətin olduğu üçün axşamlar evə gec gedirdi... İş yeri Badamdarda, yaşadığı yer isə Mehdiabadda idi... Çox vaxt evə taksi ilə gedib çıxırdı. Sonra da deyərdi ki, ehh Cəfər, elə qazandığım taksilərə gedir...

   Son günə qədər bir yerdə idik. Axırıncı dəfə ayın 9-da qəzetin redaksiyasında görüşmüşdük.

   Səhəri bura gələndə isə, onun ölüm xəbərini eşitdim. Hətta qışqırdım , siz dəlisiniz, belə zarafat olar?! İnanmayıb, ürəyim döyünə-döyünə öz nömrəsinə zəng vurdum. Telefona cavab verdilər. İçim rahatladı. Amma olsun?! Kədərli başqa bir səs eşitdim... eləcə yerimdə donub qaldım. O hisləri artıq bura yaza bilmirəm. Heç istəsəm yaza bilmərəm...

   Bizi tək qoyub getdi. 4 yaşlı Zəhra balasını, Rəbiyyə bacısını, xanımı Təhminə xalanı, baldızı Elnarə bacını, verdiyi təcrübələrdən ömrünün axırına qədər faydalanacaq tələbəsi Cəfəri nəhayət Azərbaycan mətbuatını qoyub getdi...

   Həmişə söhbət edən deyərdi ki, kaş sənin uğurunu görə biləydim. Axır vaxtlar, məni mətbuatda yetişdirən digər ilk müəllimim olan Arzu Soltandan çox danışardı. Deyərdi ki, ondan bərk yapış. Səni ona əmanət edirəm deyərdi... Birdən mən ola bilmədim... Görünür elə o vaxtlar da, haqq dünyasına qovuşacağını hiss edirdi.

   Bu il 40 yaşı olacaqdı. Oktyabrın 7-də yubileyini qeyd etməyə hazırlaşmışdıq. O qədər bu haqda söhbət edirdik ki. Deyirdim ki, belə edəcəm, elə edəcəm...

   Haqqında danışdığım insan ayın 10-da haqq dünyasına qovuşdu. O, mənə çörək pulu qazanmağı öyrədən, hər zaman yanımda olan, dərdimi-sərimi bölüşdüyüm, məni Azərbaycan mətbuatında yetişdirən müəllimlərimdən biri Ceyhun Nağı idi... Amma indi o aramızda yoxdur. Kiçikdən-böyüyə heç kim onun ölüm xəbərinə inana bilmir.

   Son yazdığım yazıya belə bir şərh yazmışdı: "Dostlar, bu yazı son aylar Azərbaycan mətbuatında ən güclü araşdırmalardan biridr. həm sosial çəkisi olan yazı... Cəfər qaqaşım yazıb... Cəfəri mən ötən ilin dekabrından tanıyıram. Amma ilk görüşdə talantını gördüm. aylardır onu danlamaqla məşğulam. axır ki alındı. Mən bu Cəfəri görmək istəyirdim... yekə çıxmasın o mənim yetirməmdir... 7 ayda mən görmək istədiyim Cəfəri görə bildim. Onu da, özümü bu uğur münasibətilə təbrik edirəm. Bu uğur həm mənə, mənim peşəkarlığıma şübhə edənlərə tutarlı cavabdır... Cəfər, möhkəm ol, bizim qabaqda çox işimiz var... həp birlikdə..."

   Bunu oxuyub o qədər kədərlənmişdim ki... Hətta özünə demişdim ki, sizi itirməkdən qorxuram...

 

  Cəfər Mənsimi Lent.az

 

P.S: Bu yazını yazmaq o qədər çətin oldu ki, mənə. Göz yaşlarına bürünsəm özümə söz verdim ki, yazacağam. Sizə söz verirəm, Ceyhun abi! Çalışacağam ki, sizin mənə olan ümidlərinizi doğruldum, sizin adınıza layiq bir övlad olum. Mətbuatda Cəfər Mənsimi deyiləndə, siz yadda düşəsiniz!

 

Ədalət.- 2011.- 13 avqust.- S. 8.