NƏJDƏT QOÇAQ

 

 "Məni tədric ilə kəm tutmanız, yaqut olan daşdan

 

 Boyandıqca cigər qanilə, qədrü qiymətim artar.

     

  Məhəmməd Füzuli

  

   İraq, 1991-ci ildən bəri dünyanın gündəmindəki yerini qoruyur; ancaq İraqın biz türklər üçün ayrı bir önəmi vardır. Bura, 1055-ci ildən 1918-ci ilə kimi hakimiyyətimiz altında qalmış 863 illik bir diyardır, müqəddəs vətəndir.

  

   İraqda bugün yaranan bütün qırğınlara, işgəncələrə, sürgünlərə baxmayaraq üç milyondan artıq Türkmən əhali yaşayır. Buradakı türklüyün ürəyi də Kərkük şəhəridir. Ümumiyyətlə, bölgədə, yəni Kərkük, Mosul, Süleymaniyə, Ərbil, Tələfar, Hanikiyn və digər yerlərdə yaşayan bacı-qardaşlarımız "Kərkük türkmənləri" kimi tanınır. Burada yaşayan türklər, həm irqpərəst ərəblərin, həm burada yaşayan və bəzən qərbli imperialistlərin, bəzən də rusların maşalığını pulsuz-pənəsiz boynuna götürən kürdləri dəstəkləyən imperialist ölkələrin qarabasması olub və bu səbəblə də köklərinin kəsilməsi üçün nə mümkündürsə o həyata keçirilibdir. Osmanlı İmperatorluğunun, Birinci Dünya Müharibəsi əsnasında tənəzzülə uğraması və ingilislərin bölgəni işğalından sonra Kərkük Türklüyünün də taleyi tərsinə dönməyə başlayıb. Bu bölgədə, yəni bölgənin neft və qazına ağızlarının heliyi axanlar, Kərkük Türklüyünü nə bahasına olarsa-olsun aradan götürməyi, bunu edə bilmirsə də bölgənin demoqrafik qurğusunu türklüyün əleyhinə pozmaq üçün var qüvvəsilə işləyibdir. 1920-ci ildən başlayaraq qərbli ölkələrin yetişdirib 1979-cu ildə hakimiyyətə gətirdiyi və işləri qurtardıqda da yağlı ipi boynuna keçirdikləri Səddamın taxtından salınmasına kimi Kərkük Türklüyü daimi olaraq qətliamlarla üzləşibdir.

   Vaxt-vaxt Kərkük türkmənlərinin başına gələnləri yazacağam; ancaq bu məqalədə xalqının ziyalanması uğrunda canını verən mərhum şəhidimiz Nəjdət Qoçaqla bağlı fikirlərimi və həqiqətləri, biraz da onu tanıyanların diliylə çatdırmaq istəyirəm.

  

   Böyük bacısı Nəzahat Qoçaq, şəhid Nəjdətlə bağlı bunları deyib:

   "Qardaşım Nəjdət, 1939-cu ilin nisan ayının 7-ci günü Kərkükün Ovçu məhəlləsində dünyaya gəldi. O olanda evimizdə bayram küləkləri əsməyə başladı; çünkü atamız Birinci Dünya Müharibəsində ingilislər tərəfindən əsir götürülüb və İraqda yaranan İngilis müstəmləkəsi tərəfindən sürgün edilmiş, bu səbəblə də gec evlənmişdi. Nəjdət, ocağımızın iki qızdan sonra dünyaya gələn ilk oğlan uşağı idi. Evimizin yeganə oğlu olduğuna görə də atam xaric hamı ona xüsusi qayğı göstərir və ərköyün böyüdürdü. Bu ərköyünlüyünə görə də hər arzusu o saat yerinə yetirilirdi. Atamız məktəb direktoru idi. Hələ məktəb çağı gəlməmiş Nəjdət atamla birgə məktəbə gedib gəlməyə, sonra iptidai təhsilə başladı, bunu bitirən kimi orta məktəbdə təhsilini davam etdirməyə başladı. Onun orta məktəbdə oxuduğu illərdə xarici əllərin İraqa daxil olmasıyla birgə başını kürdlərin və assurilərin çəkdiyi ayrılıqçı fikirlər xortdamağa başladı. Nəjdət, orta məktəbi və liseyi qurtarıb üzünü Ankaraya tutdu və Ankara Universitetinin Ziraət fakültəsinə daxil oldu".

   Bacısı Nəzahat xanım onun barəsində bunları deyir. Kərkük türklüyünün Türkiyədə ən tanınmış siması mərhum İhsan Doğramaçının dediyinə görə Nəjdət lider yaradılışlı bir igid imiş. Ondakı liderlik vəsfini 1959-cu ildə yaranan qırğında şəhid edilən və Kərkük Türkmənlərinin o vaxtkı lideri mərhum Ata Xeyrulla kəşf eləyib. Ankara Universiteti Ziraət fakültəsinin Maşınqayırma bölməsində oxumasına baxmayaraq iqtisadiyyat, siyasət, ictimai elmlər və uluslar arası əlaqələr barəsində də özünü bir mütəxəssis kimi yetişdirib.

   Mərhum Nəjdət, universiteti bitirəndən sonra magistratura və doktorantura təhsilini də burda başa vurub və o vaxtlar hər üzləşdiyi Türkiyəli ziyalıya, iştirak etdiyi hər yığıncaqda Kərkük türklüyünün problemlərini, üzləşdikləri qırğınları, sürgünləri, işgəncələri nəql edib, onlara xalqının dərdlərini çatdırıb. Dostu olan İzzəddin Kərkük, onun elmə olan vurğunluğu barədə deyir: "Həddən artıq düz, təvazökar və o miqyasda da məlumatlı idi. Təlimə və biliyə önəmlə yanaşır, ətrafındakıları daim bu yola dəvət edirdi".

   Yenə Kərküklü alim və halhazırda Mərmərə Universitetində işləyən Dr. Suphi Saatçı da Nəjdət Qoçaqla tanışlığı barədə bunları deyib: "İlk görüşümüzdə müşahidə etdim ki, o qarşısındakına ciddiyyətlə qulaq asarkən belə onu öz məhək daşına çəkən və çəkisini öyrənən bir xarakterə malikdir. Millətçilərin işgüzar, dissiplinli, fədakar olmasının vacibatını və hər şeydən qabaq çevrəsindəkilər tərəfindən sevilməsinin labüd olduğunu, bunun yeganə yolunun da hamını sevmək olduğunu dilə gətirdi".

   Bəli, xalqının dərdlərini öz dərdinə döndərən Nəjdət belə bir insandı. O elinə, ocağına, milliyyətinə, dilinə aşıqdı. Ulu babamız Füzuli "Ya Rəbb, hər dəm bəlayı eşq ilə qıl aşina məni" deyərkən, aşiq olmağın bəxtiyarlığını, aşiqlərin ululuğunu vurğulamayıb? Nəjdət Qoçaq isə öz kökünə, milli mənsubiyyətinə, xalqına, dilinə, mədəniyyətinə aşıqdı. O, Kərkük Türkmənlərinin məcnunu idi, eynilə Azərbaycanın ölməz şairləri Əhməd Cavad, Hüseyn Cavid, Almaz İldırım kimi.

   Sevimli şairimiz Yavuz Bülənd Bakilər də mərhum Nəjdət Qoçağı tələbəlik illərindən tanıyan, onunla qardaşlaşmış, dostlaşmış biridir. Yavuz Bəy xatirələrində mərhumla bağlı bunları dilə gətirib; "Nəjdət, sözün əsl mənasında ulu tariximizin tələb etdiyi şüura malik, dilin, dinin, ədəbiyyatın millət həyatındakı önəmini başa düşən bir könül adamı idi. Bir gün Ankarada Maltəpə camesində günorta namazını birlikdə qılmış və eşiyə çıxmışdıq. Mənə, Kərkükə getməyə hazırlaşdığını dedi. O anda ürəyimdə bir telin qopduğunu hiss etdim.

   -Olmaya-bilməyə gedəsən ha, bu Bəəsçilər, Türk düşmənçiliyini bir din halına gətirdilər, sənə zülm edərlər, əsla getmə..! Bu Səddamın nə edəcəyi bilinməz, onun dalına-qabağına keçmək olmaz!

   Mənə cavabla; -Olarmı ağabəy! İraqdakı bacı-qardaşlarımızı nə cür yiyəsiz-sahibsiz buraxa bilərik? Mən getmək məcburiyyətindəyəm. Təhsilim qurtardığına görə də doğulduğum torpaqlara dönməliyəm-dedi".

   Türk milləti tarix boyu böyük qəhrəmanlar yetirmiş və dünya tarixində özünəməxsus bir iz salmışdır; ancaq iztirablar da onun yaxasından əl çəkməmişdir, hələ də çəkməyib. Mərhum Nəjdət Türkiyəli Aytən xanımla evli idi. Həyat yoldaşını götürüb birlikdə İraqa, Bağdada gedirlər. Elmə olan vurğunluğundan və yetişmiş kadr olduğundan Bağdad Universitetinə daxil olur və müəllim kimi işləməyə başlayır. Yetişdirdiyi tələbələrə maarifçiliyi, elmi, el məhəbbətini aşılayır, xüsusilə Türkmən xalqının gənc nəslini bu yola vadar edir; ancaq Səddamın xüsusi xidmət orqanları eynilə rusların ÇEKA-sı kimi onu gizlincə təqibə başlayır. Bir gün qapısı döyülür və "Sən Bağdad Universitetində Türkcə danışırsan" deyə tutub aparırlar. Aylarla kamerada dəhşətli işgəncələr edirlər, hətta onun namaz qılmasına belə icazə vermirlər. Onu bu bəladan xilas etmək üçün hərə bir yol təklif edir. Həyat yoldaşı Aytən xanıma deyirlər ki, get bir yolunu tap və məsələni dövlət rəhbəri Səddam Hüseynə danış, bəlkə bir təsiri olar. O da min bir əziyyətlə bütün maneələri ötə-ötə Səddamın hüzuruna çıxır və məsələni danışır. Səddam da ona; "İnşallah bir şey yoxdur, narahat olma, get evinə." deyib onu yollayır. Aytən xanım sevincək evinə qayıdır və gecə gözünə bir çimir də yuxu girmir. O gecə xəyalından nələr-nələr keçir.-Nəjdət çıxsın daha burada yaşaya bilmərik, gedərik Türkiyəyə, Ankarada məskunlaşıb xalqımıza orda xidmət edərik..!" deyə öz-özünə xəyallara dalır. Səhər ertədən qapıları döyülür və məxfi təşkilatın adamları, "Buyurun gəlin Nəjdəti alıb gətirin" deyir. O da həyat yoldaşına qovuşmanın sevinciylə evdən çıxır və Əbu Qureyb həbsxanasının yolunu tutur, həbsxanaya çatdıqda ona Nəjdətin hələ soyumamış cəsədini təhvil verirlər, "al yoldaşını götür get..!" deyirlər.

  

   Şair Namik Kamal nə gözəl deyib:

  

   lürsəm görmədən milləttə ümit etdiyim feyzi

   Yazılsın səngi qəbrimdə vətən məhzun, mən məhzun..!"

  

   Əbu Qureyb həbsxanasında bir vaxtlar ingilislərlə əl-ələ verib bizi kürəyimizdən oxlayan iraqlılara, Amerikan və İngilis hərbçilərinin nələr etdiyini dünya mətbuat və nəşriyyat orqanlarında gördük, oxuduq, hələ çox şeylər görəcəyik...

   Mərhum Nəjdətin ürək dostlarından biri olan İsmət Hürmüzlü üzləşdiyi bir hadisəni belə nəql edir.

   "1998-ci ildə idi. Kərkükdə Müsəlla qəbiristanlığının ən dib küncünə sarı yeridim. Məzarın başında qaralar geyinmiş yaşlı bir qadın məzarın başında əyləşmiş sakitcə gözündən ələyirdi. Qəribə bir titrəmə ilə ürpəşdim məzara sarı yaxınlaşdım. Qadın mənə baxdı, baxdı, baxdı. Bir an sanki gözləri yol çəkmişdi. Üzündə kədərin iztirabın ən dəhşətli izləri hakimdi. İnildəyən kimi mənə müraciətlə; -Sən kimsən a kənar adam? Sənin bu dəhşətli yerdə işin var? Bu məzarı ziyarət etməyin, onun üçün yas tutub ağlamağın yasaq olduğunu bilmirsən? Dedi.

   -Bilirəm ana, mən onun uşaqlıq dostuyam. Onu şəhid edənlər ulu Peyğəmbərimizin nəvəsi Həzrət Hüseyni bura dəvət edib ona beyət edəcəklərini söyləyən, sonra da onu qətlə yetirən düşmənlərə dönənlərin nəvələri deyil? Həzrət Hüseyn, bədəninə sancılan 35 qılınc yarası, 34 oxla qanı sel kimi axarkən, hələ şəhid olub canını tapşırmamış başını göyə qaldırıb Ulu Tanrıya səslənərək; "Ya Rəbb, göydən onlara rəhmət endirmə, yer üzündəki bərəkəti də onlardan kənar elə. Qısa müddətli rifaha qovuşduqlarında onları parçala və hamısının yollarını bir-birindən ayır, hakimiyyət qurmalarına icazə vermə!.." -deyir.

   Bu sözləri deyəndən sonra ürəyimdə duyduğum iztirabla özümə gəldim, baxdım ki, nə o yaşlı qadın var, nə də özgəsi, məzarlıqda bir başımayam.

   Şəhid Nəjdət Qoçaqı yaxından tanıyanlardan bir neçəsinin dedikləri belədir; ancaq onun ruhu isə daim doğma xalqının səmalarında Kərkükün bir gün gəlib azadlığa qovuşacağını hayqırır.

  

   "Koçak dər ki,

   adım qalsın yadigar

   Üzülməyin mənə yoxsa

   bir məzar

   Bizə dastan yazılmasa

   nə çıxar

   Kərkük üstə gəzinən

   bir bayrağam

   əlbət bir gün azad olar

   torpağım

  

   Suphi Saatçı

    

   Dünən Tanrının yer üzündəki ordusu olan türkləri ingilisdən aldığı qızıllar üçün kürəyindən xəncərləyən Şərif Hüseynlər, Səddam hüseynlər Allahın qəzəbinə düçar oldular. Əlbəttə, bu qəzəblər səbəbsiz deyildir, Tanrının ilahi ədaləti heç vaxt yolundan yayınmayıb.

   Türk, tarix boyu Haqqa xidmət edib, axıra kimi edəcəkdir; çünkü xalqa xidmətin Tanrıya xidmət olduğunun şüurundadır. Tanrı bizi kafirlərin onların tərəfdarlarının şərindən qorusun.

 

 

   Ədalət.- 2011.- 13 avqust.- S. 13.