Evləri var xana-xana...

 

   Nəfəs kəsən, adamı yandırıb-yaxan istilər yenidən başlayıb. Aranın isə istisinə dözmək elə də asan deyil. Günəşin altında 10-15 dəqiqə qalmaq kifayətdir ki, gözünü açıb özünü xəstəxanada görəsən.

   Arxada qoyduğumuz ildə Kür çayının daşması nəticəsində bir sıra rayonlarımızla bərabər Hacıqabul da sel daşqınlarının qurbanı oldu. 2010-cu ilin 7 may tarixində Sabirabad rayonunun ərazisində bu dəli çay öz məcrasından çıxandan xeyli sonra, 23 mayda Hacıqabulun Meynəman kəndi də sulara qərq oldu.

   İnsanların gecə-gündüz Kürlə mübarizə aparmalarına baxmayaraq son anda son sözü yatağına sığmayan Kür dedi.

   Bütün kəndlərə, eləcə də rayondan 23 kilometrlik məsafədə yerləşən Meynəman kəndinə ictimai nəqliyyat Hacıqabul bazarının yaxınlığından çıxır. Bazar günortaya qədər fəaliyyət göstərir, ona görə də kəndlərdən rayon mərkəzinə, bu məkana çox az halda minik maşını gəlir. Kəndlilər də kölgə gödəlməmiş şəhər qayğılarını, alış-verişini qurtarmalıdır ki, təsərrüfat işlərinə vaxtları qalsın. Bu həmişə belə olub və yəqin ki, belə də olacaq.

   İsti düşməmiş evlərinə tələsən kənd sakinləri sürücünü dilə tutub birtəhər maşını işə saldırırlar. Maşındakı qadınların səs-küyləri bir andaca eşidilməz olur. Hərə öz ürəyində öz qayğıları, problemləri, arzuları ilədir...

  

   Meynəman kəndi

  

   Kürün sahilində yerləşən Meynəman kəndi bir-birinə bitişik olmaqla 2 hissədən ibarətdir. Birinci Meynəman və İkinci Meynəman kəndləri. Əkinçilik və maldarlıqla məşğul olan Meynəman Hacıqabulun ən böyük kəndlərindəndir. Elə indi də bu kənd rayonda sayılıb-seçilən kənd olmaqla bərabər təsərrüfatını bir qədər böyütmüşdür.

   Sel daşqınlarına daha çox məruz qalan, o ağrıları daha çox yaşayan Birinci Meynəman kənd sakinləri olmuşdur.

   Kəndin 3000 hektar torpaq sahəsi ilə bərabər onlarla evi sel sularının qurbanı olmuşdur. Bütün rayonun, ətrafdan gələn köməyin, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının çox ciddi səylərinə baxmayaraq, 23 may 2010-cu ildə Kür bir göz qırpımında Meynəmanı "fəth" etmişdir.

   İkinci Meynəman kəndində sel daşqınları evlərə ziyan vurmasa da, sakinlərin pay torpaqlarına, əkin sahələrinə, bağ-bağatlarına, mal-heyvanlarına çox ciddi ziyan vurmuşdur. Gərgin psixoloji anlar yaşayan hər iki Meynəman kəndi indi-indi özünə gəlməkdədir. Ancaq çox güman ki, o faciəli günlər uzun müddət xatirələrdən silinməyəcək.

  

   Haqqını halal elə, Qara müəllim!

  

   Kəndə az-çox bələd olduğum üçün yazını ərsəyə gətirəcəyimdən qətiyyən narahat deyildim. Kəndin icra nümayəndəsi də, bələdiyyəsi də rayon mərkəzindəki toplantıya qatıldığından rəsmi rəqəmlərə, sənədlərə əlim çatmasa da rəncidə olmadım. Bir də əslində buna ehtiyac da yox idi, görünən dağa nə bələdçi?

   Ancaq necə olsa adam qərib yerdə bir simsar axtarır. Beləliklə, bu kənddə yaşayan, gözəl ziyalı, dadlı-duzlu qələmi olan Qara Əhmədovla tapışırıq.

   20 il əvvəl "Hacıqabul" qəzetində birgə çalışdığımız vaxt qurulan münasibət sonra dostluğa çevrildi. Qara müəllim məqsədimi bilib gülümsədi

   - Hə, deməli bugünkü işimiz evləri gəzmək olacaq. Lap düz gəlmisən, Kür daşqınlarından sonra inşa edilən evlər bax bunlardır. Ölkə Prezidenti, cənab İlham Əliyevin yeni mənzillərin açarlarını da sakinlərə paylamasını xatırlayırsan.

   Əvvəlcə onu deyim ki, burdakı mənzillər 2 mərhələylə tikilib. 1-ci mərhələdə 22, 2-ci mərhələdə də elə bir o qədər mənzil inşa edildi. 2010-cu ilin 23 mayında, saat 16-17 radələrində bu kənd - Birinci Meynəman kəndi ən ağır tarix yaşadı. Kəndin böyük bir hissəsi bir aya qədər suyun içində qaldı.

   Ancaq vəziyyətin çox ciddi olduğunu bilirdik. Gücümüz ona çatdı ki, Bakıya su verən Talış kəndindəki Su Kəmərləri İdarəsini qoruyaq. Fövqəladə Hallar Nazirliyinin, rayon rəhbərliyinin, xüsusən Hacıqabul Suvarma Sistemləri İdarəsinin müdiri İbrahim İbrahimovun, Polis şöbəsinin rəisi Ramazan Kərimovun evi o vaxtlar elə Kürün üstü olub.

   Bunu hər kəs təsdiq edə bilər. Ancaq Kürlə bacara bilmədik, evlərimizi, həyət-bacamızı su yuyub apardı...

   Bütün gününü mənə həsr eləmiş, qayğıma qalmış, yazını qələmə almaqda yardımçım olan Qara müəllim, haqqını halal elə! Çünki aranın o istisində kəndi addım-addım gəzib müxtəlif ünvanlara üz tutmaq elə də asan deyildi...

  

 

  (ardı gələn sayımızda)

 

  Səxavət Məmmədli

 

  Ədalət.- 2011.- 18 avqust.- S. 3.