Evləri var xana-xana...

 

   (əvvəli ötən sayımızda)

  

   "Bu evi mənə cehiz veriblər"

    

   Elə Qara müəllimin məhləsində çox gözəl zahiri görünüşü olan, hündür, qırmızı dam örtüklü mənzildən başladıq. Bəxtiyar Qasımovun 5 nəfərdən ibarət ailə üzvü üçün tikilmiş su çəni, mətbəxi, hamamı olan 2 otaqlı mənzil elə içəridən də gözəl idi. Evin xanımı Sara Qasımova Qara müəllimlə qonağını ərklə evə dəvət elədi. Üz-gözündən sevinc yağan Sara xanım kəndli sadəlövhlüyü ilə də ürəyini boşaltdı:

   - Qardaş, açığı bu keyfiyyətdə, bu gözəllikdə evi biz 15-20 ilə də tikə bilməzdik. Çiy kərpicdən bir komamız vardı, o da su görən kimi palçığa döndü. Bax bu mənzilin mebelləri, xalça-palazı, qab-qaşığı, çəngəl-bıçağı, plazma televizoru, soyuducusu, pərdələri, bir sözlə, imkanlı bir kişinin öz qızına verə bildiyi bir qurulu evi hökumət bizə bağışladı.

   Hərdən qonşulara deyirəm ki, dövlət adına layiq bu evi bir kəndçi qızına cehiz verib. Soruşursunuz, narazılığınız yoxdur ki? Bu mənzildən, mənzilin içindəki iynə-sapdan tutmuş su çəninə qədər rahatlığı, şəraiti olan isti ocaqdan, isti evdən narazı qalmaq Allahsızlıq olardı. Hələ bizə 1000, 1600 manat olmaqla 2 dəfə pul yardımı da edilib. Qara müəllim, qonağın yaxın adama oxşayır, qoy günortaya bir hazırlıq görüm.

   Sara xanımla xüdahafizləşirik, ancaq arxamızda hələ onun gümrah, mehriban səsi eşidilir.

  

   Haşiyə

     

   Bu kənddə olduğum bir gün ərzində Kür daşqınları ilə bağlı bir çox hadisələrin sakinlərə böyük təsir bağışladığını hiss etdim. Fövqəladə Hallar Nazirliyinin bir çox fədakarlığından danışdılar. Bir göz qırpımında ətrafı ağuşuna alan sel bir kənd sakinini elə sahədə yaxalayır. Bu cavan oğlan uşağı özünü itirməyib yaxınlıqdakı ağaca çıxmalı olur.

   Nazirliyin helikopterinin 16 yaşlı bir cavanı ağacdan götürmək üçün qədər havadan "asılı" qaldığını, əməkdaşın hansı əziyyəti çəkdiyini meynəmanlılar çətin ki, unudalar.

   

   Sözün düzünü zarafatla  deyirlər

  

   Digər mənzillər kimi 8 nəfər ailə üzvü olan Əliqulu Fətullayevin mənzili hündür, yaraşıqlı, könül oxşayandır. 4 otaqlı olan bu mənzil başqalarına nisbətən xeyli böyük olduğundan daha əzəmətli görünür. Həyət-bacaya həyatın yeni-yeni qayıtdığını desək, burada hər şey yenidir. Zarafatcıl olan ev sahibi Qara müəllimin atmacasını cavabsız qoymur:

   - Müəllim düz deyir, bu həyətdə hər şey yeni gözəldir. Ev, evin içi barədə ən müxalif fikirli adam belə isə tapıb deyə bilməz. Qara müəllimin "hər şey yenidir, təzədir, bir şeydən başqa" deməkdə məqsədini başa düşürəm. Evin xanımı xalam nəvəsidir, məni çox yola verib. Mən ona korluq verməmişəm, şükür Allaha, daha nəvələri çoxalıb, başını qatan var. Səhvlərimə daha bir səhv əlavə eləsəm, məni ayağımdan asmaz ki. Bizim dinimiz heç bunun əleyhinə deyil.

   Səmimi söhbət zarafatdan sonra Əliqulu kişiylə vidalaşırıq.

 

   Pis odur ki, yoxdur

     

   Yuxarıda qeyd etdiyim kimi, Kür daşqınlarına məruz qalmış Birinci Meynəman kəndində təbii fəlakət nəticəsində evlərini itirmiş sakinlərə inşa edilən evlər 2 mərhələylə həyata vəsiqə almışlar. İçimdə 2-ci mərhələdə tikilən evlərdən birinə baş çəkmək zərurəti yarandı.

   Həyətdə uçulub qalmış iri bir evin qalıqları hələ qalmaqdadır. Xarabalığı xatırladan uçulmuş evin tör-töküntüləri, diş kimi ağaran, həm sütüna bənzəyən divarları adamın gözünə girir. Həyət-bacada bir səliqəsizlik var.

   - Bu mənim evimdir, Südabə Əziz qızı İbrahimovanın. Gördüyünüz kimi əvvəlki mənzil kifayət qədər böyük idi. Ümumi sahəsi 143 kvadrat metr olan köhnə evdən ancaq quru divarlar, daş-kəsək qalıb. Həyəti tək özüm təmizlədiyimdən biz az vaxt tələb edir. Yəqin qışa qədər yoluna qoyaram.

   Bizim bu mənzillər 2-ci mərhələdə tikilənlərdəndir. Görünüşü, keyfiyyəti 1-ci mərhələdə inşa edilənlərdən fərqlənsə , lap yaxşı evdir. Döşəməsi, divarları, damı, qapı-pəncərələri öz yerində.

   Pis odur ki, yoxdur. Guya mən, tək qadın seldən sonra bu evi tikə biləcəkdim? Evin içinə heç qoyulmamışdı, əvvəlki evdən bəzi şeyləri xilas edə bilmişdik, qalanlarını da alıb düzəldəcəyik. Sel suları evimizi, onun əşyalarını aparıb, əl-qolumuzu da aparmayıb ki?

   Rayon rəhbərliyi , kənd rəsmiləri həmişə bizimlə maraqlanıblar. 2600 manat pul da veriblər ki, özümüzə təsərrüfat quraq, gərginlikdən çıxaq. Daha olmalıdır ki?

   Kənd qadınının bu nikbin, inamlı danışığı əslində çox şey demək idi. "Həyat mübarizədir!"

   Hacıqabulda, Kürün sahilində, Meynəman kəndində qırmızı kirəmitli, hündür, yaraşıqlı yeni evlər cərgələnib. Bu evlər zaman-zaman kənd sakinlərinə Kür daşqınlarını xatırladacaq.

 

 

   Səxavət Məmmədli

 

   Ədalət.- 2011.- 19 avqust.- S. 3.