QISA ÖMRÜN ƏBƏDİLİYİ
Faiq
şəhidliyi ilə bunu qazandı
Onu rəfiqələrindən
fərqləndirən cəhətlərindən biri də
gözlərinin dibində gizlənmiş kədərdir. Az
qala doğulduğu gündən onunla yol yoldaşı olan bu
kədər, bu niskil Səmira xanımın atasız
böyüməyin, şəhid qızı olmağın məsuliyyətini
də ona unutmaq imkanı vermir. Danışıb, güləndə,
toyda qol qaldırıb oynayanda, rəfiqələrinə
qoşulanda sanki birdən diksinir, gözlərinin önündə
gəlib dayanan atası ilə pıçıldaşır,
gah onu qınayır, gah ondan küsür, gah onunla fəxr
edir. Elə bil ata ilə ki, onun adı vətən
torpağının yaddaşına, Azərbaycan
xalqının tarixinə yazılıbdır...
Bu gün Mehdiabadda
bir ailə yaşayır. Zəngilandan pənah gətirib bu ailə Mehdiabada.
Artıq
mehdiabadlılar da bilir ki, bu
evin oğlu, bu ailənin qürur yeri, Faiq Əvəz oğlu Rzayev vətən torpağı
yolunda canından, qanından keçir.
Düşmən gülləsindən gizlənmədən, düşmən
mərmisindən yayınmadan
qanını, canını
torpağa bağışlayır.
İstəyir ki, tökülən
qanı ilə, döyünən ürəyi
ilə sipər olsun torpağa. Düşmən qarşısını kəssin, onların irəliləməsinin, işğalçılığının
qarşısını alsın,
amma şəhidlik zirvəsinə yüksələn
Faiq və onun kimi minlərlə
şəhidimizin qanı
hələ ki, yerdə qalır. Biz onların qisasını hələ
ki, ala bilməmişik,
amma...
İş otağıma Rəsul adlı bir oğlan gəlmişdi.
Tanış olduq. Söhbət əsnasında
Zəngilandan olduğunu bildirdi və sözarası
vurğuladı ki, avqustun 25-də gənclik dostum, iş
yoldaşım, mənim həyatımda özünəməxsus
yeri olan Faiqin şəhid olduğu gündür... sözləri
deyib bir az dayandı. Hiss etdim ki, bu xatırlatma onu uzaqlara
çəkib apardı. Elə onunla birlikdə mən də
Zəngilana qayıtdım, Çinar meşəsini, Oxçu
çayını, Seyidlər kəndini və digər yerləri
xatırladım. Qarabağ savaşı başlanan gündən
işğala qədər gəzib gördüyüm Zəngilan
torpağının hər qarışı vərəqləndi
qarşımda. Dəfələrlə
iştirakçısı, şahidi olduğum, barəsində
eşitdiyim döyüş səhnələri
yaddaşımda təzələndi və Rəsulun
adını çəkdiyim Faiq Əvəz oğlu Rzayevi də
xatırladım. Onun Zəngilan polisində xidmət etdiyini, cəsur
bir zabit kimi paqon yoldaşlarına nümunə olduğunu
gözümün önünə gətirdim. Elə bu
xatırlamalar əsnasında Rəsul bildirdi ki, ölümdən
qorxmayan Faiq onun ilk gəncliyinin ən doğma insanlarından
biri olub. Öncə komsomol təşkilatında birlikdə
işləyiblər. Sonra hər ikisi daxili işlər
şöbəsində müxtəlif vəzifələri
tutublar. Demək olar ki, işğalın
başladığı ilk gündən elə bir an olmayıb
ki, onlar bir-birindən ayrı düşsünlər. Səngərdə də birlikdə olublar, süfrə
arxasında da, xeyirdə, şərdə də. İndi Faiqin
ömür-gün yoldaşı Sona xanım, anası Gülşən
xala oğlunun şəhidlik zirvəsindən qürur duyur,
amma niskilini sonacan yaşaya bilməyən mərhum Əvəz
müəllim Rəsul üçün doğma olduqları qədər
də həm də bir təsəlli yeridi.
Çünki istər Faiqin qızı Səmranın, istər
həyat yoldaşının, istər anasının
varlığı, onların el-oba içində alnı
açıq, üzü ağ gəzməsi, igid
oğulları ilə qürur duyması həm özləri
üçün, həm də Faiqi tanıyıb, onunla
qürur duyanlar üçün həyatın ən böyük mükafatıdır.
İndi
Zəngilanın bu ağır günlərinin şahidi olan hər
kəs, xüsusi ilə Faiqi tanıyanlar onun barəsində
söhbət düşəndə üreklə
danışıb, qürurlarını, fəxarət hisslərini
gizlətmirlər. Çünki
Faiq Zəngilana şərəf gətirən,
onun uca adını bir az ucaldan oğullardan biri kimi ürəklərə,
könüllərə köçübdü. Deyirlər ki,
şəhidlər ölmür. Onlar ruha çevrilsələr
də həm doğmalarının, həm də vətənin
başı üzərində dövrə vurur, öz qəhrəmanlıq
səlnamələri ilə əbədiyaşarlıq
qazanırlar. Faiqin, o cümlədən
bütün şəhidlərimizin simasında biz bunun bir daha
şahidi oluruq. Əgər səni siravi bir dost, adi bir vətəndaş
anırsa, səninlə qürur duyursa, sənin şəhid
olduğu günü yaddaşında yaşadırsa artıq
bu ölməzliyin bariz nümunəsi, təşkilidir!..
25 avqust tarixi 1993-cü il... Bu Faiq Əvəz
oğlu Rzayevin qısa ömrünün şəhidlik zirvəsinə
üz tutduğu tarixdi. Həmin gün o təkcə evdən
deyil, həm də eldən əbədiyaşarlığa,
yolçuluğa başladı. Onu doğulduğu eli,
obanın bütün insanları, çiyindaşları, səngər
yoldaşları son mənzilə yola saldılar. Ancaq cismini.
Ruhu isə bu gün də hamımızın
yanındadır. Ruhun şad olsun Faiq!
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 19 avqust.- S. 2.